1914-cü il iyun ayının 30-da 12-ci nömrəsi çıxdıqdan sonra İrəvan quberniyasında ədəbi-mədəni, ictimai mühitin əsas hərəkətverici qüvvələrindən olan “Lək-lək” nəşrini dayandırdı. “Lək-lək”in nəşri dayandırılsa da, İrəvanda yaşayıb-yaradan azərbaycanlı ziyalılar ana dilində yerli mətbuat orqanının nəşri uğrunda mübarizəni dayandırmadılar. Təxminən iki ildən artıq çəkən fasilədən sonra 1917-ci il yanvar ayının 1-də böyük maarifpərvərlər Əli Məhzunun (Əli Hacı Zeynalabdin oğlu Rəhimov) redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə “Bürhani-həqiqət” adlı jurnalın ilk nömrəsi çapdan çıxdı. Həmin dövrdə ictimai-siyasi həyatda mövcud proseslərin gərgin şəkildə tüğyan etdiyi, bir-birinin ardınca mürəkkəb hadisələrinbaş verdiyi bir şəraitdə “Bürhani-həqiqət” juranlı meydanda göründü. Bu, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitində, həm də mətbuatı tarixində yeni bir əlamətdar hadisə idi. “Bürhani-həqiqət” Cənubi Qafqazda çıxan anadilli mətbuat orqanları və Əli Məhzunun əməl dostları tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Jurnalın 1-ci və 2-ci saylarında hissə-hissə dərc edilmiş “Həqiqət” adlı redaksiya məqaləsində “həqiqət” sözünün hansı anlayışları ifadə etməsi izah olunur və nə üçün bu mətbu orqana “Bürhani-həqiqət” adının verildiyi qeyd edilir. “Bürhani-həqiqət” həqiqətin dəlil və isbatı deməkdir. Buna görə də məcmuəmizə “Bürhani-həqiqət” namı verərək isminin müsəmma ilə mütabiq olub və həqq-həqqaniyyət tərəfdarı olmağına qeyrət edib, həqiqətən bürhani-həqiqət olacağını gələcək nömrələri möhtərəm qarelərimizə (oxucularımıza) isbat edəcəyinə ümidvarız. Filvaqe həqiqət hankı maddədə olacaqsa olsun, mənəviyyatda bir nurdur ki, ona yaxınlaşanları cəhalət və zillət zülmündən uzaqlaşdırıb şahrahi-nicata çatdırır”. Fəaliyyəti dövründə cəmi 9 nömrəsi işıq üzü görmüş jurnalın bütün nömrələrini ardıcıl izlədikdə həqiqətən də onun adı ilə əməlinin sıx bağlılığı aydın şəkildə yuxarıdakı fikirləri təsdiq edir. Jurnalın bütün nömrələri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “DM-341” şifrəsi altında Dövri mətbuat fondunda qorunub saxlanılır.
“Bürhani-həqiqət” “Lək-lək”dən fərqli olaraq ayda iki dəfə şəkilli çıxıb. O da “Lək-lək” kimi 8 səhifədən ibarət olmaqla İrəvandakı “Lyus” mətbəəsində çap olunmuşdur. Jurnal 6-cı nömrəsindən etibarən 12 səhifədən ibarət çıxmışdır. Mətbu orqanın İrəvanda və başqa şəhərlərdə illik abunə qiyməti 7 manat, altı aylığı 4 manat, bir nüsxəsinin qiyməti isə hər yerdə 15 qəpik olub. İllik abunə yazılanlara isə 3 cild kitab hədiyyə edilirdi. Jurnalın birinci səhifəsində dərc olunan elanın hər sətrinin qiyməti 20 qəpik, sonuncu səhifədə isə 15 qəpik idi. “Bürhani-həqiqət” 2-ci nömrəsindən etibarən elanlar bölməsində müəyyən dəyişiklik etmiş, jurnalın 2-ci səhifəsində hər sətrin qiyməti 6 qəpik, sonuncu səhifəsində isə 5 qəpik olduğunu bildirir. Jurnalın abunə şərtlərinə aid elanlar, məlumatlar həmişə ilk səhifəsində dərc olunmuşdur.
5 iyun 1917-ci il tarixli nömrəsinin sonuncu səhifəsində jurnal Daşkənddə həftədə iki dəfə çıxan milli, ictimai, siyasi “Turan” qəzeti, Səmərqənddə həftədə iki dəfə nəşr edilən siyasi, ədəbi, elmi “Hürriyyət” qəzetinin abunə şərtlərini dərc etmişdir. Həmin elanlar bir daha göstərir ki, “Bürhani-həqiqət” ədəbiyyatın, maarifin, mədəniyyətin təbliğatçısı olmaqla yanaşı, həm də geniş coğrafiyada yayılmış, Cənubi Qafqazın hüdudlarından çox-çox uzaqlarda olan mətbuat orqanları ilə də əlaqə saxlamış, öz səsini Orta Asiyayadək çatdıra bilmişdir.
İrəvanda Azərbaycan mətbuatının, ictiami-bədii fikrinin canlanmasında yeni bir səhifə açan jurnal və onun redaktoru Əli Məhzun bu mətbu orqanın olduqca məzmunlu çıxmasında, əhəmiyyətli yazılarla xalqın xidmətinə yaramasında dövrün həqiqətpərəst qələm sahiblərini, tərəqqipərvər ziyalıları – İrəvan ədəbi-mədəni, ictimai mühitinin əsas yaradıcı və aparıcı qüvvələrindən, görkəmli nümayəndələrindən olan, tanınmış mətbuat xadimi, şair, pedaqoq Cabbar Əsgərzadə, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi, müxtəlif dillərdə nəşr edilmiş bir sıra dərsliklərin müəllifi, böyük alim Mirzə Cabbar Məmmədzadə, tanınmış jurnalist, ictimai xadim Məmmədəli Nasir, İrəvanın maarifpərvərlərindən olan Türk dili (Azərbaycan dili) müəllimi Təhvil (Əli Məhzun), təbabət və təbiət elmləri mövzusunda maraqlı məqalələrlə çıxış edən fədakar maarifçi Rəhim Naci, Əli Səid, Məşədi Zeynalabdin İbrahimov, riyaziyyat müəllimləri Vahid Muğanlı və Məmmədağa Şeyxülislamov və başqa mütərəqqi ziyalıları cəm etmişdi. XX əsrin əvvəllərində İrəvanda yaşayıb-yaradan azərbaycanlı qadınların da səsi mətbuat səhifələrindən gəlməyə başladı. İrəvanın aparıcı maarifpərvərlərindən, mübariz qadınlarından, şairə xanımlardan Müfidə, Qızılbaşlardan ibarət Azərbaycan ordusuna başçılıq edən Cavanşir tayfasına mənsub olan Əlixanın nəvəsi, Cəmil bəyin qızı Səriyyə, Z.Şöhrət, Əbdülhəqq Mehrənnisə, Rəmziyyə, Fatimə və başqaları “Bürhani-həqiqət”də çeşidli mövzularla vaxtaşırı çıxış edirdilər. İrəvan ədəbi-mədəni mühitinin fəal nümayəndələri Məşədi Zeynalabdin İbrahimov, Əli Səid və başqaları da jurnalda təmsil olunmuş, mətbu orqanla əməkdaşlığı müntəzəm surətdə davam etdirmişlər.
Jurnalın əsas aparıcısı olan bu ziyalıları həm də ümumdemokratik meyllər birləşdirirdi. “Bürhani-həqiqət”in bu mötəbər heyətində təmsil olunan ziyalıların əksəriyyəti kifayət qədər püxtələşmiş qüdrətli qələm sahibləri idi. Onların qələmindən çıxan bədii nümunələr, müxtəlif səpgili yazılar jurnala rəngarənglik gətirməklə yanaşı, həm də oxucu marağını və rəğbətini artırırdı. Onlar “Bürhani-həqiqət”dəki yaradıcılıqları ilə ədəbiyyatımızın və mətbuatımızın tarixdə qalmış səhifələrini yaratmışlar. Beləcə, “Bürhani-həqiqət” jurnalı bu ədəbi şəxsiyyətlərin işığından nur almış, şöləsi bütün Cənubi Qafqaza, hətta ondan daha da uzaqlara yayılmışdı.
Araşdırmalardan aydın olur ki, jurnala daha çox abunə yazılanlar da elə məhz İrəvandakı təhsil ocaqlarının azərbaycanlı müəllim və tələbələri olmuşdur. İrəvan Müəllimlər Seminariyasının və İrəvan Oğlanlar Gimnaziyasının azərbaycanlı müəllim və tələbələri bu proseslərdə xüsusi fəallıq göstərmişlər. Çünki jurnalın geniş arealda yayılmasında dövrün ziyalıları daha çox maraqlı idi. Bu həm yaradıcı ziyalılar arasında ədəbi-mənəvi, həm də informasiya mübadiləsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, jurnalın geniş oxucu auditoriyasını formalaşdırmaq üçün təkcə İrəvanda, Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada abunə kampaniyası aparılırdı.
“Bürhani-həqiqət”in ilk nömrəsində “Bürhani-həqiqət”in məsləki” adı ilə dərc olunan redaksiya yazısında jurnalın oxucular qarşısında öhdəliyi, bir növ proqramı açıqlanır. Jurnal birinci nömrəsinin ilk səhifəsindəcə öz ideya və məramını, tutduğu yolu aydın bəyan edərək yazırdı: “Haqq və həqqaniyyət tərəfdarı olaraq, həqiqətə bürhan olmaqdır. Qarelərinə (oxucularına) bacardıqca elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisadi və tibbi məlumat verərək ümum nafe (faydalı) məsələlərdən bəhs ediləcəkdir”. Məqalələnin başlanğıcından aydınca məlum olur ki, redaktor müxtəlif mövzulara əhəmiyyət verməklə, həm də həqiqətləri çatdırmağı əsas vəzifə kimi qarşıya qoyur. Demək lazımdır ki, “Bürhani-həqiqət” proqram xarakterli məqalədəki prinsiplərə axıradək əməl etmişdir.
Xalqımızın ictimai fikir və bədii şüur tarixinə milli düşüncənin ədəbi sənədi və abidəsi kimi daxil olmuş “Bürhani-həqiqət” “Molla Nəsrəddin”, “Lək-lək” jurnallarının ənənələrini davam etdirmiş, milli-mədəni problemlərimizlə bağlı materiallar dərc etməklə Azərbaycan mətbuatı və jurnalistikasını daha da zənginləşdirməyə, ədəbi arenada mövcud olan dəst-xətti qoruyub saxlamağa çalışmışdı.
Elə ilk nömrəsindən jurnalın redaktoru Əli Məhzun yeni tarixi şəraitdə “Bürhani-həqiqət”in səhifələrində milli səciyyəli tarixi əhəmiyyətli məsələləri qaldırır və onları milli mənafe baxımından işıqlandırırdı. Əli Məhzunun ictimai mövqeyi, vətəndaşlıq keyfiyyətləri bu gün də öz böyük tarixi əhəmiyyətini saxlamaqdadır. Vətənpərvər ziyalı, qəlbi xalqına xidmət amalı ilə döyünən Əli Məhzun xalqımızın tarixi, mənəvi taleyi üçün çox mühüm əhəmiyyət kəsb edən sosial-siyasi mətləblərə də toxunmuşdur. Bu baxımdan onun “Bürhani-həqiqət”in ilk nömrəsində İrəvandakı “Göy Məscid” barədə “Təhvil” imzası ilə dərc etdirdiyi məqalə xüsusi maraq doğurur. Bu tarixi-etnoqrafik məqalə böyük əhəmiyyət kəsb etmiş və demək olar ki, jurnalın ən yadda qalan yazılarından biri olmuşdur. Həmin məqalədə Göy məscidin şəkli də oxuculara təqdim olunur.
Məqalədə xalqımızın tarixini özündə əks etdirən qədim abidələrimizdən olan bu məscidin tikilmə tarixi barədə ətraflı məlumat verilir. Onun hicri tarixi ilə 1178-ci, miladi tarixi ilə isə 1756-cı ildə İrəvanda hakimlik edən Nəcəfqulu xanın oğlu Hüseynəli xan tərəfindən tikildiyi, el arasında “Hüseynəli xan məscidi” kimi adlandırıldığı nəzərə çatdırılır. Əli Məhzun nankor bir erməninin bu tarixi abidəyə məkrli münasibət bəslədiyinə diqqəti yönəltmiş, bir erməni rəssamın rus mətbuatında həmin məscidin şəklini çəkərək Sankt-Peterburqda rus dilində nəşr edilən “Солнце России” (1910-1917) jurnalında “Van məscidi” kimi təqdim etdiyini vurğulamışdır. Burada erməni rəssamın jurnalda məkrli məqsədi İrəvanın tarixi türk diyarı olmasını saxtalaşdırmaq və burada xalqımızın tarixini özündə əks etdirən qədim möhürlərin izini itirməkdən ibarət idi.“Солнце России” jurnalının hərbi müxbiri və fotoqrafı erməni Teryanın bu məkrli və uydurma əməlinə Əli Məhzun “Bürhani-həqiqət”in çap olunduğu ilk nömrəsindəcə “İrəvan məscidi” adı ilə dərc etdirdiyi məqalədə əsl vətənpərvər ziyalı kimi bütün kəskinliyi və ciddiliyi ilə öz ifşaedici etiraz səsini ucaldaraq yazırdı: “Həmin fövqdə basılmış məscid əski İrəvanda əski binalardan ədd olunan “Məscidi-came” “Göy məscid”in əksidir. Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. İrəvan şəhəri hənuz İran hökumətinin təht-idarəsində olduğu zaman 1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu xan Qacarın oğlu tərəfindən həmin məscid bina olunmuşdur. Lihaza bina etdirən şəxsin adı ilə “Hüseynəli xan məscidi” dəxi təsniyə olunur. Deməli ki, Rusiya hökuməti İrəvanı müsəxxəl etmədən 72 il müqəddəmhəmin məscid bina olunmuşdur. Hal-hazırda yaşayıb durmaqdadır. “Солнце России” jurnalının 279-cu nömrəsində həmin məcmuənin xüsusi müsəvviri Teryanın bədayeyi-sənayeyindən hesab olunaraq, həmin İrəvan məscidinin fövqdəki qərarı ilə əksi basılaraq “Van məscidi” adlanmışdır. “Солнце России” jurnalının həmin hərbi müxbir və müsəvviri Teryan qomşuun bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi məcmuənin mətnindəki nə qədər doğru olduğuna, qarelərinə (oxucularına) əksisuş teryanlardan alınmış ən “müvəssəq” xəbərlər oxutdurduğuna və idinnən alınmış həmin məscid kimi fotoqraf əksləri tamaşa etdirdiyinə şübhə buraxmıyor. Əcəba! Teryan qomşunun atkrıtkalar üzərində basılmış, bütün Qafqaz və Rusiyada nəşr olunmuş şu İrəvan məscidi fotoqrafını “Van məscidi” deyə “Solnçe Rossii”nin sütununda ənzari-ümüm tamaşasına qoyması ümum Rusiya əhalisini, daha doğrusu, Rusiya müsəlmanlarını kor hesab etmək deyil, bəs nədir? Zənnimcə, Teryan qomşu Vanı yuxusunda belə görməmiş ki, İrəvanın əvvəlki hecasını bəl edərək Van yazmışdır” (18). Teryan İrəvandakı Göy məscidi «Солнце России» jurnalında bilərəkdən, məqsədli şəkildə “Van məscidi” kimi dərc etdirdikdən sonra həmin məkrli və məqsədli səhvini 1917-ci ildə rus dilində nəşr edilən «Огонёк» jurnalının 12-ci nömrəsində yenidən təkrar etmişdir. Əli Məhzun bu məqaləsində xalqın maraq və mənafeyinə qarşı yönəldilən məkrli erməni siyasətini ifşa etməklə, həm də özünün bütöv məslək sahibi olduğunu sübut edir. Bu məqalə həm də jurnalın ideya istiqamətinin bədii-publisistik ruhunun demokratik, milli mahiyyətinin əsas göstəricilərindən biri kimi də olduqca əhəmiyyətlidir. Amma “Bürhani-həqiqət”in oxuculara təqdim olunan ilk sayındaca onun barəsində Bakıda nəşr edilən “Tuti” satirik jurnalının və Əli Razi Şəmçizadənin fərqli münasibəti aşkara çıxdı. “Tuti”nin 1917-ci il ikinci nömrəsində Əli Razi Şəmçizadənin “Bürhani-həqiqət”in və onun redaktoru Əli Məhzuna qarşı istehza dolu tənqidi bir məqaləsi dərc olunmuşdur. Həmin məqalədə onun ünvanına haqsız, əsassız iradlar və “Bürhani-həqiqət”in ilk nömrəsi haqqında tənqidi fikirlər vardır. “Tuti”nin “Bürhani-həqiqət” haqqında tənqidi qeydlərində göstərilir ki, “Dirilik” jurnalı rəhmətə gedəndən sonra çoxları ahu-zar edirdi ki, bizdə müqtədir qələm sahibləri ola-ola nə üçün bir ciddi məcmuəmiz olmasın. Ancaq “Bürhani-həqiqət”un ilk nömrəsini görüb çox sevindik. Üstündə “hələlik iki həftədə bir nəşr olunan siyasi, tarixi, elmi, fənni bir məcmuədir” sözlərini oxuyanda daha da xoşhal olduq. Sonra başdan “Bürhani-həqiqət”n məsləki” yazını oxumağa başladıq. Səkkiz sətir oxuyandan sonra gördük ki, altında “mabədi var” sözlərini oxuyub keçdim başqa bir vərəqə. Burada bir əhvalatın altından “Bitmədi” yazılmışdı. Xülasə nə qədər sağa-sola baxdımsa bitkin bir yazıya rast gəlməyib pərt oldum. “Bürhani-həqiqət” haqqındakı tənqidi qeydlərdə həm də jurnalın poliqrafik baxımından səliqəsiz buraxılması qeyd edilmişdir. Əslində “Tuti”nin qeydlərində böyük mübaliğə vardır. Jurnal İrəvandakı poliqrafiya imkanları daxilində kifayət qədər yüksək səviyyədə buraxılmış, ilk nömrədən ictimai, siyasi, elmi mövzularda maraqlı yazılar, ədəbiyyata, incəsənətə dair mülahizələr çap edilmişdir. Bu tənqidi qeydlərdən aydın olur ki, sanki “Tuti” çox böyük səbirsizliklə “Bürhani-həqiqət”in işıq üzü görməsini gözləyirmiş. Görünür, “Tuti” jurnal haqqında münasibətini bildirməyə tələsmişdir. Ən azından jurnalın bir neçə nömrəsinin çıxmasından sonra öz münasibətini bildirməsi daha obyektiv görünərdi. “Tuti”nin “Bürhani-həqiqət”in ilk nömrəsindəncə belə tənqidi münasibəti ədalətsiz idi. Görünür, “Tuti”nin öz səhifəsində belə bir yazını dərc etməkdə məqsədi vaxtilə Əli Məhzunla aralarında olan çoxdankı mübahisəni bu yolla çözmək istəmişdir. Onu da qeyd edək ki, “Tuti”də ən fəal iştirak edənlərdən biri Əli Məhzun olmuşdur. 1914-1916-cı ildə Əliabbas Müznibin redaktorluğu ilə Bakıda nəşr edilən “Dirilik” jurnalı bağlandıqdan sonra bu yöndə belə bir məcmuə buraxmaq zərurət idi və bunu da İrəvan ziyalıları, xüsusilə də Əli Məhzun nə qədər çətinliklə yaratmışdılar. “Tuti”nin “Bürhani-həqiqət”i elə ilk nömrəsindəncə məqsədli və yaxud başqasını gözdən salmağa, qara yaxmağa yönəlik cəhdi düzgün deyildi. Müxtəlif vaxtlarda “Tuti”nin “Bürhani-həqiqət”in redaktoru Əli Məhzuna qarşı bir neçə dəfə bu cür haqsız, qərəzli hücumları olmuşdur. Onun bu qərəzli münasibətinə İrəvan ziyalıları və ayrı-ayrı şəxslər müxtəlif mətbuat orqanlarında öz etirazlarını bildirmişlər. İrəvan Müəllimlər Seminariyasının müəllimi Mirzə Cabbar Məmmədzadənin “Yeni İqbal” qəzetində “Yazıçılarımızın hörməti” adlı məqaləsi dərc olunmuşdur. O, məqaləsində Əli Məhzunun tənqid edilməsinə cavab vermiş, onun illərdən bəri mətbuat səhifələrində, o cümlədən “Molla Nəsrəddin” jurnalında iştirak etdiyini və cəmiyyət işlərində də aktiv çalışdığını qeyd edərək “Tuti”nin haqsız olduğunu bildirmişdir.
Bu qərəzli böhtanlara baxmayaraq, “Bürhani-həqiqət” heç vaxt tutduğu yoldan, məsləkindən dönməmiş, öz fəaliyyətini inamla davam etdirmişdir. Qətiyyətlə demək olar ki, Əli Məhzun jurnalın təkcə redaktoru olaraq ona istiqamət verməklə kifayətlənməmiş, həm də ən məhsuldar müxbirlərindən biri olmuşdur. Onun yazılarında İrəvanın sosial-mədəni mühitində cərəyan edən mənəvi-psixoloji proseslər də xüsusi yer tuturdu. “Bürhani-həqiqət”də Əli Məhzunun publisistikasından maraqlı nümunələr vardır. Jurnalın 2, 3, 6 və 7-ci nömrələrində onun “Təhvil İrəvani” imzası ilə dərc olunmuş “Qan soranlar”, “Ümumi millətlərin düşmənləri” dini məqalələri elmi-publisistik səciyyəsi ilə seçilir. Əhalini elmi biliklərlə maarifləndirmək baxımından bunlar dövr üçün olduqca əhəmiyyətli idi.
“Bürhani-həqiqət”in nəşri bu yolda çox böyük əziyyət çəkmiş Əli Məhzunun tale payına düşmüş nailiyyəti idi. Şübhəsiz ki, “Molla Nəsrəddin” deyəndə Cəlil Məmmədquluzadə, “Lək-lək” deyəndə Cabbar Əsgərzadə nəzərə gəldiyi kimi, “Bürhani-həqiqət” adını çəkərkən də Əli Məhzun yada düşür. Əli Məhzun jurnalın bütün ağırlığını, maddi və mənəvi əziyyətini çəkərək qısa zaman ərzində onu İrəvan quberniyasında yaşayan soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni, fəlsəfi-estetik ruporuna çevirə bilmişdi.
XX əsrin əvvəllərində Azərbaycanda və müxtəlif şəhərlərdə nəşr olunan mətbuat orqanlarında “Sədayi-həqq” qəzetində “Ə.Məhzun”, “İqbal” qəzetində “Təhvil”, “Məlumat” qəzetində “Əli Rəhim”, “Yeni Gəncə” qəzetində “Y.C.”, “Yetim cücə”, “Molla Nəsrəddin” jurnalında “Yetim cücə”, “Yeni cücə”, “Yeniyetmə”, “Müridil-məşayix”, “Pəjmürdə”, “Həmişəki”, “Kəlniyyat” jurnalında “Yetim cücə”, “Lək-lək” jurnalında “Şeytan”, “Yetim cücə”, “Yeni kənd”, “İrşad”, “Yeni irşad” qəzetlərində “Yetim cücə”, “Bürhani-həqiqət” jurnalında “Təhvil”, “Təhvil İrəvani”, “Ə.H.zadə” və başqa imzalarla çıxış etmiş, dövrün ictimai, mədəni və siyasi həyatını əks etdirən onlarla maraqlı satirik şeirləri, ciddi məzmunlu lirik, publisistik və müxtəlif mövzulu yazıları dərc olunmuşdur. Azərbaycanda nəşr edilən müxtəlif mətbuat orqanlarında “Müsəlman qəbiristanlığı” imzası ilə bir çox yazılar dərc olunmuşdur ki, həmin imzalı yazılar İrəvandan göndərildiyi üçün, yazıların üslubuna və satirik keyfiyyətlərinə görə Əli Məhzuna məxsus olduğunu demək olar. Onun bu gün də ədəbi ictimaiyyətə məlum olmayan bir çox poetik, publisistik əsərləri, gizli imzaları üzə çıxarılıb öyrənilməmişdir. Gizli imzaların tədqiq edilib öyrənilməsi ədəbiyyatşünaslıq elminin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi bu gün də aktualdır. İrəvanda onun redaktorluğu ilə nəşr edilən “Bürhani-həqiqət”ə kimi artıq onun imzası nəinki Cənubi Qafqazda, onun hüdudlarından kənarda da tanınırdı. Sankt-Peterburqda rus dilində nəşr edilən “Мусульманская газета”nın İrəvan üzrə müvəkkili olmuşdur. Ümumiyyətlə, Əli Məhzunun həyatında jurnalistika mühüm yer tuturdu.
Xalqımızın görkəmli ziyalısı Əli Məhzun yorulmadan, usanmadan bütün ömrünü xalqının maariflənməsi, cəhalət girdabından xilas olması və dünyanın inkişaf etmiş xalqları ilə ayaqlaşa bilməsi yolunda xərcləmişdir. Əli Məhzun böyük bir Molla Nəsrəddinçilər nəslinin nümayəndəsi idi. İlk dəfə “Molla Nəsrəddin” jurnalında jurnalistlik fəaliyyətinə başlayan Əli Məhzun çox keçmədən onun ən sadiq dostlarından birinə çevrilir, onun yaradıcılığında yeni üfüqlər açılır. Müxtəlif vaxtlarda bir sıra ədəbiyyatşünaslar da onun bu sahədəki xidmətlərini vurğulamışlar. Azərbaycan ədəbiyyatşünaslığında müstəsna xidmətləri olan böyük alimlər, filologiya elmləri doktorları, professorlar Mir Cəlal və Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” adlı dərsliyində “Yetim cücə” imzası ilə yazan Əli Məhzunun adının “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edən müəlliflər sırasında çəkilməsi təsadüfi deyil. Böyük ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli isə mollanəsrəddinçi ədəbi cəbhəni daha da genişləndirərək Bayraməli Abbaszadə, Məmməd Səid Ordubadi, Salman Mümtaz, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Əli Razi Şəmçizadə, Əli Nəzmi, Cabbar Əsgərzadə və başqaları ilə bir sırada Əli Məhzunun da fəaliyyətini dəyərləndirmişdir.
Əli Məhzun həm mətbuat, həm satirik poeziya, həm dramaturgiya, həm də tərcüməçilik sahəsində səmərəli fəaliyyət göstərmişdir.
“Bürhani-həqiqət” İrəvanda yaşayıb-yaradan azərbaycanlı şairlərin, ədəbiyyat həvəskarlarının şeirlərinə öz səhifələrində vaxtaşırı yer ayırmışdı. İrəvan ədəbi mühitinin tanınmış görkəmli nümayəndələri “Bürhani-həqiqət” jurnalında fəal şəkildə təmsil olunmuş, bu mətbu orqanla əməkdaşlığı müntəzəm surətdə davam etdirmişlər. Ədəbi-bədii sözün gənc nümayəndələri Z.Şöhrət, Səriyyə, Fatma Müfidə, Əbdülhəqq Mehrənnisə, Rəmziyyə, Fəridə kimi xanım şairələrin bu sahədəki fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ədəbiyyat yollarında məşhur İrəvanlı molla nəsrəddinçilərlə çiyin-çiyinə çalışan, ədəbi mühitin təmsilçilərindən olan Səriyyə xanım qələmə aldığı “Mənzumə” adlı şeirini “Bürhani-həqiqət”də çap etdirməsi, görünür, heç də təsadüfi deyil.
Fəraqət istəməm, canı cahandan xəsmi-canandır,
Nə bilsin mehribanlıq rəsmin, ol kim, əsli nadandır?
Fələk dilxahın üzrə dönmədi, bərgəştə dövrandır,
Nəhali-nazənindən cüda, halım pərişandır.
Mənim könlüm qızılgül qönçəsivəş dopdolu qandır,
Açılmaq ixtiyar etməz, əgər yüz min bahar olsa.
Şairin bu şeirini yeni erməni fitnəkarlığının və qanlı hadisələrin təkrarlanacağına işarə etməsi, azərbaycanlıları ayıq olmağa çağırışı kimi də mənaladırmaq olar.
Gənc şair Əli Səid “Təhəssüratı-qəlbdən bir nümunə” başlığı ilə verilmiş şeirində o, təbiətdən aldığı ilhamı estetik duyumun təsiri ilə öz poetik istedadını bacarıqla birləşdirir ki, bunun nəticəsində oxucuda güclü emosional əhval və ovqat yarada bilir:
Çəkil, ey pərdeyi-zülmət, günəş qoy tamam açsın,
Cahan müştərək ənvər olub, həp feyziyab olsun.
Üfüqlər oxşasın ümidi, dağlar laləzar olsun,
Zəmiri-qəruzədən şad olmağa üzdən hicab açsın.
Jurnalın səhifələrində təbiətin təsviri, baharın vəsfi ilə yanaşı siyasi motivli şeirlər də az deyildir. Təəssüf ki, jurnalın “Ədəbiyyat” və “Müntəxəbat” bölmələrində dərc edilmiş silsilə şeirlər ədəbiyyatşünaslarımız tərəfindən tədqiq və təhlilə cəlb edilməmiş, gizli imzalarla dərc olunmuş şeirlərin müəlliflərinin kimliyi dəqiqləşdirilməmiş, onların şəxsiyyəti və yaradıcılığı fundamental tədqiqatlar əsasında kifayət qədər dəqiq-düzgün araşdırılmamışdır.
Xalq həyatından seçilmiş bir çox lövhələr və uyğun mövzular, o cümlədən müsəlman xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə dair məqamlar “Bürhani-həqiqət” jurnalının ideya ruhunu müfəssəl əks etdirməklə yanaşı bu ovqata köklənmiş yazılar dərin ictimai məzmunu ilə fərqlənirdi. “Bürhani-həqiqət” jurnalının 1 yanvar 1917-ci il tarixli sayında “İrəvan müsəlman Cəmiyyəti-xeyriyyəsi” tərəfindən 1916-cı ilin sentyabr ayının 25-də “Qardaş köməyi” adı ilə keçirilən xeyriyyə aksiyasında toplanan ianələrin (yardımların) hesabatı dərc edilmişdir. Həmin hesabatdan aydın olur ki, xeyriyyəçilik məqsədi ilə keçirilən aksiyada cəmiyyətin sədri Həsən Əliyevin adına göndərilən ianələr 204 manat, ümumi toplanan ianələrin miqdarı isə 2477 manat 44 qəpik olmuşdur. Xeyriyyə aksiyasında iştirak edənlərin siyahısında adlı-sanlı nəsillərin nümayəndələrindən olan Abbasəli Hacı Kərimzadə, Tağı Axundov, Məşədi Yunis Süleymanov, Nəcibə xanım Məmmədova, Abbas Ramazanov, Əkbər Əmircanov, Həsən və Rza Fərəcov, Həsənağa Şeyxülislamov, Asəf Şəfibəyov, Kərim bəy Qazıyev, Rüxsarə və Xanım Qulaməliyeva, Abbas Tağıbəyzadə, Məşədi Kərim Qulaməliyev, Məmmədbağır Allahverdiyev, İsmayıl Fərəcov, Miribrahim, Mirhüseyn və Mirağa Mirfətullayevlər, Rəşid bəy Topçubaşov, Arif Hacıbəylinski, Məşədi Rəsul Dalqılıcov və başqalarının adına rast gəlirik. Əli Məhzun və Cabbar Əsgərzadə də cəmiyyətin fəal təəssübkeşləri arasında xüsusilə fərqlənirdilər.
Cəmiyyət topladığı ianələr hesabına kitabxanalar, pulsuz və azad satış üçün kitab mağazaları açır, kasıb uşaqların orta və ali təhsil müəssisələrinə qəbul olunub orada oxumalarına himayədarlıq edir, yetim və kasıb uşaqların ibtidai təhsil almalarını təşkil edirdi.
Yenə jurnalın 5 mart 1917-ci il tarixli sayından məlum olur ki, “İrəvan müsəlman cəmiyyəti-xeyriyyəsi” Novruz bayramı ilə əlaqədar İrəvandakı “Məscidi-came”də müsəlman “Kimsəsiz uşaqlar evi”nə yardım aksiyası keçirmişlər. Xeyriyyə aksiyasında 409 manat 50 qəpik vəsait toplanmışdır ki, bu da Novruz bayramı ərəfəsində kimsəsiz uşaqlara və ehtiyacı olanlara xərclənmişdir. İanə toplantısında yardım edən hər bir kəsin adı və verdiyi yardımın miqdarı jurnalda dərc edilmişdir.
Jurnalda “Tərbiyə”, “Hükəmanın məişət barəsində fikirləri” başlıqları adı altında materiallar dərc olunmuşdur. “Hükəmanın məişət barəsində fikirləri” başlığı altında dərc olunan bu yazılar “Müəllim” imzası ilə verilmişdir.
Jurnalın bütün saylarında “Tərbiyə” başlığı altında dərc olunmuş məqalələrin müəllifi görkəmli ziyalı, fədakar maarif xadimi, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Mirzə Cabbar Məmmədzadədir. Bütün ömrünü uşaqların tərbiyəsinə, maariflənməsinə, gənc nəslin elmə, təhsilə yiyələnməsinə həsr edən Mirzə Cabbar jurnalda tərbiyə mövzusuna dair məsləhətlərlə dolu məqalələr dərc edir, cəhalət və nadanlıq mənbəyi olan xurafata qarşı cəsarətlə çıxış edərək uşaqlara qayğını, xidməti hər cür ilahiyyətdən üstün tutmuşdur.
Əsasən, bədii-publisistik, tarixi materialların təqdim olunduğu jurnalda çıxış edən müəlliflərin əksəriyyəti İrəvanın tanınmış ziyalıları idi. “Bürhani-həqiqət” dövrün qabaqcıl adamlarını düşündürən, mövcud dövrün tələbi olan ən vacib məsələləri oxucularına çatdırmaq istəyirdi.
“Bürhani-həqiqət”in daha böyük məqsədləri, amalı var idi və geniş fəaliyyət dairəsi nəzərdə tutmuşdu. Bununla bağlı jurnalın redaktoru Əli Məhzun, naşiri Həsən Mirzəzadə Əliyev jurnalı 16 səhifəlik çıxarmağa çalışsalar da buna nail ola bilmədilər. Jurnalın nəşr olunduğu altı ay ərzində cəmi 9 nömrəsi çıxmış və mətbuat tariximizdə silinməz iz qoymuşdur. Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri və rolu olan “Bürhani-həqiqət” XX əsr bədii, mənəvi sərvətimizin zəngin xəzinəsidir.