Anar Xələfov


XÜSUSİ ŞƏRAİT YARADILMADAN ÜMUMİ TƏHSİLƏ CƏLB OLUNMUŞ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ: SORĞU NƏTİCƏLƏRİNİN TƏHLİLİ

Annotasiya. Bu tədqiqat xüsusi şərait yaradılmadan ümumi təhsil müəssisələrində təhsil alan və sağlamlıq imkanlarının məhdudluğu səbəbindən təlimdə çətinlikləri olan şagirdlərin müəyyənləşdirilməsi məqsədilə aparılmışdır. Tədqiqatda kəmiyyət təsviri yanaşma (sorğu metodu) tətbiq edilmiş, öyrənmə çətinliklərinin effektiv şəkildə müəyyən edilməsi üçün yeni sorğu aləti və onun tətbiqinə dair xüsusi təlimat hazırlanmışdır. Məlumatlar 2024/2025-ci tədris ili ərzində 927 ümumi təhsil müəssisəsində təhsil alan 1,049,035 şagirdi əhatə edən genişmiqyaslı sorğu vasitəsilə toplanmışdır. Sorğu alətinin etibarlılığı və nəticələrin uyğunluğu 4, 6 və 9-cu siniflər üzrə mərkəzləşdirilmiş monitorinq göstəriciləri ilə müqayisəli təhlil əsasında qiymətləndirilmişdir. Nəticələr göstərir ki, ümumi təhsil müəssisələrində dizadaptasiya yaşayan şagirdlər iki kateqoriyada qruplaşdırıla bilər: əlavə psixoloji-pedaqoji dəstəyə ehtiyacı olan şagirdlər və sağlamlıq imkanları məhdud olan şagirdlər. Həmçinin əlavə dəstək mexanizmləri və uyğunlaşdırılmış təhsil şəraiti olmadan ümumi təhsil mühitinə inteqrasiya olunan bu şagirdlərin digər yaşıdları ilə müqayisədə daha aşağı akademik göstəricilər nümayiş etdirdiyi müəyyən edilmişdir. Bu nəticələr inklüziv təhsilin effektivliyinin sağlamlıq imkanları məhdud şagirdlərin yalnız fiziki olaraq ümumi təhsil müəssisələrinə inteqrasiyası ilə məhdudlaşmadığını, eyni zamanda onların sosial inkluziyası və keyfiyyətli təhsil almaları üçün xüsusi şəraitin yaradılmasının zəruri olduğunu göstərir.

Açar sözlər: sağlamlıq imkanları məhdud şagirdlər, inklüziv təhsil, öyrənmə çətinlikləri, xüsusi təhsil, ümumi təhsil.

Yüklə Öncəki səhifə