MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK MƏKTƏB YAŞ DÖVRÜNDƏ UŞAQLARIN CİNSİ ROL TƏRBİYƏSİNDƏ AZƏRBAYCAN DİLİ VƏ TƏSVİRİ İNCƏSƏNƏT FƏNLƏRİNİN ƏHƏMİYYƏTİ
Annotasiya. Məktəbəqədər yaş dövrü uşağın fəal sosiallaşması, mədəni vər dişlərin mənimsənilməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bu prosesin məhz məktəbəqədər dövrdə, daha sonra isə ibtidai siniflərdə məqsə dəuyğun şəkildə aparılmasının vacibliyi pedaqoqlar və psixoloqlar tərəfindən dəfələrlə qeyd edilmişdir. Məqalədə məhz bu yaş dövrlərində uşaqların mənəvi tərbiyəsində, oğlan və qızların hərtərəfli inkişafında, onların qadın və kişiyə məxsus psixoloji xüsusiyyətləri və sosial rolları mənimsəməsində cinsi tərbiyə vacib istiqamət kimi təhlil olunur. Məktəbəqədər və kiçik məktəb yaş dövründə uşaqlara cinslər arasında sosial bərabərliyin aşılanması prosesində şifahi xalq ədəbiyyatı nümunələri və təsviri incəsənət əsərləri zəngin mənbə rolunu oynayır. Xüsusilə nağıllar uşaq təxəyyülünün, nitqinin və hafizəsinin inkişafı ilə bərabər, həm də gender davranışlarının mənimsənilməsində sosial-pedaqoji əhəmiyyətə malikdir. Nağıllar, eyni zamanda onların nitqinin obrazlı, ardıcıl və ifadəli ol masına, söz ehtiyatının zənginləşməsinə də kömək edir. Məqalədə diqqətə çatdırılan məsələlərdən biri də, şifahi xalq ədəbiyyatı nümunələrini uşaqlara izah edən zaman tərbiyəçi-müəllimin cinslər arasında gender bərabərliyinin bərqərar olmasına maneə yaradan gender stereotiplərinin aradan qaldırılması işinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyidir.
Açar sözlər: məktəbəqədər və kiçik məktəb yaş dövrü, uşaq, cinsi rol tərbiyəsi, gender bərabərliyi, şifahi xalq ədəbiyyatı, rəssamlıq və heykəltaraşlıq, dizayn.