UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİNİN MƏKTƏB YAŞLI UŞAQLARIN TƏHSİLİNDƏ ƏHƏMİYYƏTİ
Annotasiya: İnsan hüquqlarına hörmət qanuni hüquqların yaradılmasının əsasını təşkil edir. Məqalədə Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının, uşaqlar haqqında dövlət siyasətinin əsas prinsiplərinin, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrinin öyrənilməsində, məktəb yaşlı uşaqların təhsil hüquqlarının həyata keçirilməsində mövcud problemlərin araşdırılması kimi məsələlər prioritet məqsəd kimi qarşıya qoyulmuşdur. Nəzərə çatdırılan problemlərdən biri də odur ki, uşağın böyüdülməsində, cəmiyyətə layiqli vətəndaş kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir, bu məsələdə hər hansı iş bölgüsünün aparılması yolverilməzdir, ata və ana məsuliyyəti bərabər bölüşməlidirlər. Valideynlərlə yanaşı, bu məsuliyyət müəllimin də üzərinə düşür, çünki, uşaq vaxtının çox hissəsini məktəbdə keçirir. Bu aspektdə valideyn-müəllim-şagird tandeminin düzgün qurulması uşağın tərbiyə, təhsil prosesinin təmin edilməsi çox mühüm amil kimi çıxış edir. Məqalədə beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının qorunması, məktəb yaşlı uşaqların öz hüquqlarını bilməsi və bu istiqamətdə aparılan dövlət siyasəti ön plana çəkilmişdir.
Açar sözlər: beynəlxalq təcrübə, uşaq hüquqları, təhsil hüququ, uşaqların müdafiəsi, ibtidai təhsildə icbarilik.