AZƏRBAYCANDA MÖVCUD KURİKULUMUN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İMKANLARI: MÜTƏXƏSSİS RƏYİ ƏSASINDA KEYFİYYƏT TƏDQİQATI
Annotasiya. Bu tədqiqatın məqsədi Azərbaycanda tətbiq olunan mövcud kurikulumun effektivliyini, tətbiq prosesində qarşıya çıxan çətinlikləri və inkişaf perspektivlərini kurikulum üzrə mütəxəssislərin rəyləri əsasında təhlil etməkdir. Tədqiqat keyfiyyət metodologiyasına əsaslanmış, məlumatların toplanması üçün yarıstrukturlaşdırılmış açıq suallı sorğu alətindən istifadə edilmişdir. Toplanmış məlumatlar tematik analiz yolu ilə sistemləşdirilmiş və əsas kateqoriyalar müəyyənləşdirilmişdir. Nəticələr göstərir ki, mövcud kurikulum şagirdyönümlü və nəticəyönümlü yanaşma, interaktiv metodların tətbiqi və kompetensiya əsaslı təlim prinsipləri baxımından müsbət xüsusiyyətlərə malikdir. Bununla yanaşı, sistemsizlik, resurs çatışmazlığı, müəllimlərin metodiki hazırlıq səviyyəsində fərqlər və bəzi əsas kompetensiyaların (tənqidi düşünmə, yaradıcılıq, kommunikasiya) inkişafında boşluqlar müşahidə olunmuşdur. Tədqiqat kurikulumun məqsəd, məzmun və nəticə komponentləri arasında balansın gücləndirilməsini, qiymətləndirmə mexanizmlərinin yenilənməsini və praktik bacarıqlara yönəlmiş məzmunun artırılmasını zəruri hesab edir. Eyni zamanda beynəlxalq təcrübənin milli kontekstə uyğunlaşdırılaraq tətbiqi və müəllim hazırlığının gücləndirilməsi əsas inkişaf istiqamətləri kimi təklif olunur.
Açar sözlər: kurikulum islahatı, təhsil sistemi, keyfiyyət tədqiqatı, mütəxəssis rəyləri, şagirdyönümlü təhsil, kompetensiya əsaslı yanaşma, təhsil inkişafı.