İBTİDAİ SİNİFLƏRDƏ COĞRAFİ BİLİKLƏRİN İNTEQRATİV TƏDRİSİ
Annotasiya. Məqalədə ibtidai təhsil pilləsində şagirdlərin dünyagörüşünün formalaşmasında və onların koqnitiv inkişafında coğrafi biliklərin aşılanmasının xüsusi rolu nəzəri və təcrübi əsaslarla sistemli şəkildə tədqiq olunmuş, pedaqoji və psixoloji əsasları öyrənilmiş, mövcud ədəbiyyatların və metodik göstəricilərin analiz və sintezi həyata keçirilmişdir. Eyni zamanda ibtidai sinif şagirdlərinin hərtərəfli inkişafına, xüsusilə də emosional inkişafına, sosial və metakoqnitiv bacarıqlarının formalaşmasına inteqrativ tədrisin təsiri mövzusunda yerli və beynəlxalq səviyyədə bir sıra elmi araşdırmalar aparılmışdır. Məqalədə ibtidai siniflərdə fənlərin inteqrativ tədrisində fənlərarası dialoq mühitinin formalaşdı rılmasının mahiyyətindən, riyaziyyat və həyat bilgisi fənlərindən əldə edilən ilkin biliklərin coğrafi biliklərin sonrakı təhsil mərhələlərində mənimsənilməsinin əhəmiyyətindən bəhs edilir. Qeyd olunur ki, riyaziyyat fənnində tədris edilən müstəvi və fəza fiqurları, hesablamalar növbəti təhsil mərhələsində Yerin forma və ölçüləri, miqyas, vaxt fərqləri, coğrafi meridian və paralellərə görə hesablanma aparılması üçün ilkin biliklərdir, həyat bilgisi fənnində isə Günəş sistemi, təbiət haqqında ibtidai biliklər şagirdlərə ümumi orta və tam orta təhsil səviyyələri üçün baza rolunu oynayır. Məqalədə coğrafi biliklərin mənimsənilməsində bir sıra psixo-pedaqoji problemlərə nəzər salınmış, onların həlli yolları istiqamətində fikir və mülahizələr öz əksini tapmışdır.
Açar sözlər: ibtidai təhsil, kurikulum, şagird, inteqrativ tədris, coğrafi biliklər, riyaziyyat, ana dili, həyat bilgisi.