MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN SAVADLILIQ VƏ RƏQƏMSAL KOMPETENSİYALARININ İNKİŞAFINDA PLANŞET ƏSASLI TAPŞIRIQLARIN EFFEKTİVLİYİ
Annotasiya. Tədqiqat məktəbəqədər yaşlı uşaqlarda savadlılıq və rəqəmsal kompetensiyaların inkişafında planşet əsaslı tapşırıqların rolunu araşdırır. Rəqəmsal texnologiyaların erkən yaş dövründə öyrənməni stimullaşdıran mühüm vasitələrdən birinə çevrilməsi, planşetlərin interaktiv və vizual öyrənməni təmin etməklə uşaqlarda motivasiyanı yüksəltməsi, mobil tətbiqlər vasitəsilə uşaqlarda hərfləri tanıma, səslərlə uyğunlaşdırma və mətn anlamada əhəmiyyətli inkişafın müşahidə olunması tədqiqatın əsas müzakirə obyektidir. Aparılan təhlillər göstərir ki, planşetdən məqsədyönlü istifadə uşaqlarda savadlılıq göstəricilərinin yüksəlməsi, rəqəmsal bacarıqların inkişaf etməsi, eyni zamanda səbəb-nəticə əlaqəsinin qurulması, diqqətin cəmlənməsi və yaddaşın güclənməsi baxımından faydalıdır, lakin bu, tərbiyəçi-müəllimin nəzarəti altında və pedaqoji məqsədlər üçün həyata keçirilməlidir. Nəticə etibarilə, planşet əsaslı tapşırıqlar təlimin keyfiyyətinin artırılmasında əhəmiyyətli resurs hesab olunur. Tədqiqatda bu yanaşma məktəbəqədər təhsildə müasir və effektiv metodlardan biri kimi dəyərləndirilir, planşetlərin təlimdə sistemli və məqsədyönlü istifadəsinin uşaqların ümumi inkişafına müsbət təsir göstərdiyi vurğulanır.
Açar sözlər: məktəbəqədər təhsil, rəqəmsal texnologiyalar, planşet, savadlılıq bacarıqları, erkən yaş dövrü, mobil tətbiqlər, interaktiv öyrənmə, təhsildə innovasiyalar, pedaqoji yanaşmalar.