Solmaz Allahverdiyeva, Xəyalə Balacayeva, Davud Dadaşov, Nəcəf Eminov, Ruqiyyə Məmmədova, Şirinxanım Şeydayeva


VALİDEYNLƏRİN MÜASİR TƏHSİL PROQRAMINA MÜNASİBƏTİ: AZƏRBAYCAN

Annotasiya. Məqalədə Azərbaycan ümumtəhsil məktəblərində tətbiq edilən müasir tədris proqramına (kurikuluma) valideynlərin münasibəti, gözləntiləri və təcrübələri təhlil edilmişdir. Tədqiqat qarışıq metodla (kəmiyyət və keyfiyyət) aparılmış, məlumatlar Bakı şəhərində yaşayan, məktəbyaşlı övladları olan 455 valideyn arasında aparılan sorğu əsasında toplanmışdır. Nəticələr göstərir ki, valideynlərin əksəriyyəti kurikulum haqqında kifayət qədər məlumatlı olsalar da (278 nəfər), onun hazırlanması prosesində iştirak səviyyələri olduqca məhduddur (182 nəfər heç iştirak etmir). Qeyd edilir ki, valideynlər dərsliklərin keyfiyyətini və uşaqların yaş səviyyəsinə uyğunluğunu, əsasən, orta qiymətləndirir, proqramın müstəqil düşünmə bacarığını inkişaf etdirmə potensialını müsbət qarşılasalar da (179 nəfər), dərs yükünün həddindən artıq çox (95 nəfər), tədris edilən fənlərin məzmununun yaş xüsusiyyətlərinə qismən uyğun olduğunu (149 nəfər) və qiymətləndirmə sistemində çatışmazlıqların mövcudluğunu vurğulayırlar. Tədqiqat iştirakçıları, əsasən, dərslik məzmununun yaş səviyyəsinə uyğunlaşdırılması (94 nəfər), dərs yükünün azaldılması (73 nəfər), qiymətləndirmə sisteminin təkmilləşdirilməsi (29 nəfər) və müəllim peşəkarlığının artırılması (44 nəfər) istiqamətində təkliflər irəli sürmüşlər. Tədqiqatın nəticələri valideynlərin kurikulum prosesinə daha fəal cəlb edilməsi, dərsliklərin yaş xüsusiyyətlərinə uyğun hazırlanması, şagird yükünün optimallaşdırılması və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi zərurətini ortaya qoyur. Tədqiqat, eyni zamanda beynəlxalq təcrübə ilə müqayisəli təhlil aparmaqla Azərbaycan təhsil sistemində kurikulum islahatlarının daha da təkmilləşdirilməsi üçün elmi əsaslandırılmış tövsiyələr təqdim edir.

Açar sözlər: kurikulum, valideyn münasibəti, tədris proqramı, məktəb-ailə əməkdaşlığı, dərslik keyfiyyəti, təhsil islahatları, şagirdyönümlü təhsil.

Yüklə Öncəki səhifə