MƏKTƏBƏQƏDƏR TƏHSİL PİLLƏSİNDƏ “ƏTRAF ALƏMLƏ TANIŞLIQ” MƏŞĞƏLƏLƏRİNƏ İNNOVATİV YANAŞMALAR
Annotasiya. Müasir dövrdə məktəbəqədər təhsil sistemində aparılan islahatlar uşağın şəxsiyyət kimi formalaşmasını, ətraf aləmlə qarşılıqlı əlaqədə aktiv iştirakını və erkən yaşlardan ekoloji, sosial və mənəvi dəyərlərin mənimsənilməsini prioritet istiqamət kimi müəyyənləşdirir. Bu baxımdan, “Ətraf aləmlə tanışlıq” məşğələləri məktəbəqədər təhsilin əsas və aparıcı komponentlərindən biri hesab olunur və uşaqların təbiət, cəmiyyət, insan münasibətləri haqqında ilkin, lakin sistemli təsəvvürlərinin formalaşmasına xidmət edir. Son illərdə ənənəvi, müəllimmərkəzli və əsasən, informasiya ötürülməsinə əsaslanan təlim modellərinin uşaqların yaş və inkişaf xüsusiyyətlərinə tam cavab vermədiyi elmi tədqiqatlarda xüsusi vurğulanır. Müasir yanaşmalar isə uşağın mərkəzdə dayandığı, müşahidə, araşdırma, oyun və təcrübəyə əsaslanan öyrənmə modellərinin tətbiqini zəruri edir. Məqalədə məktəbəqədər təhsil pilləsində “Ətraf aləmlə tanışlıq” məşğələlərinin tədrisi prosesində tətbiq oluna biləcək innovativ pedaqoji yanaşmalar elmi-nəzəri və praktik aspektlərdən təhlil olunur. Tədqiqat konstruktivist təlim nəzəriyyəsinə, sorğu və layihə əsaslı öyrənmə modellərinə, Reggio Emilia pe daqogikasının “Uşağın yüz dili” fəlsəfəsinə, eləcə də oyun və təbiət yönümlü təlim strategiyalarına əsaslanır. Eyni zamanda müəllimlər üçün praktik tövsiyələr və tətbiq nümunələri təqdim olunur ki, bu da məqalənin əhəmiyyətini artırır.
Açar sözlər: məktəbəqədər təhsil, erkən uşaqlıq, ətraf aləmlə tanışlıq, sorğu əsaslı öyrənmə, inteqrasiya olunmuş kurikulum, ekoloji təlim, innovativ pedaqogika.