Jurnal barədə deyilənlərdən

Akademik Hüseyn Əhmədov:

"İlk nömrəsinin çapdan çıxmasının 40 ili tamam olan "Məktəbəqədər və ibtidai təhsil" jurnalının redaksiya heyətini və bütün oxucularını təbrik etməkdən məmnunam. Keçən 40 il ərzində bu jurnal neçə-neçə nəsillərin stolüstü mətbu orqanı olmuş, yüzlərlə, minlərlə deyil, milyonlarla uşağın təlim-tərbiyəsinə düzgün istiqamət verən bir mənbəyə çevrilmişdir".

Prof. Əbdül Əlizadə:

"Məktəbəqədər və ibtidai təhsil" jurnalı həmişə özünün praktik effektləri ilə seçilir. Əsrin istər məktəbəqədər, istərsə də ibtidai təhsil təcrübəsinin uğurları ilə tərbiyəçi və müəllimlərin böyük bir nəsli məhz bu nüfuzlu jurnalın səhifələrində tanış olmuşlar".

Prof. Yəhya Kərimov:

"Müəllimə, məktəbə köməyin vacibliyini hiss edən "Azərbaycan məktəbi" jurnalı sonralar müxtəlif fənlər üzrə metodik məcmüələr dünyaya gətirmişdir. Belə məcmuələrdən biri də "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsidir. Bu məcmuə tam 25 il "Azərbaycan məktəbi" çeşməsindən su içmiş, onun mətbəxindən elmi-pedaqoji qida almış, pərvazlanmış, müstəqil fəaliyyətə başlamışdır". ("Azərbaycan məktəbi" jurnalının 70 illiyi münasibətilə)

Prof. Şəmistan Mikayılov:

"1970-ci ildə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" metodik məcmuəsinin nəşrinə başlandı. Yeni proqram və dərsliklərin tətbiqinə keçildiyi ilk dərs ilində yüksək tirajlı belə bir məcmuənin nəşrinə başlanması pedaqoji aləmdə böyük hadisə idi. Sinif müəllimləri nəzəri və praktik materialları, onları düşündürən suallara cavabları bu məcmuə vasitəsilə ala bilirdilər". ("Azərbaycan müəllimi", 1987, prof. Y.Kərimovun 70 illiyinə)

Prof. Əliheydər Həşimov:

"Cəmi 3 əməkdaşın qüvvəsi ilə nəşr olunan bu jurnalın hər bir nömrəsi ibtidai sinif müəllimləri, məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçiləri və maarif işçiləri tərəfindən böyük məəbbətlə qarşılanmışdır. Jurnalda təlim və tərbiyənin, pedaqogika və psixologiyanın bütün sahələrinə, nəzəri problemlərə və qabaqcıl təcrübəyə dair məzmunlu, maraqlı materiallar, məsləhətlər dərc olunmuşdur. İbtidai təlim sahəsindəki bütün yeniliklər, eksperimental axtarışlar, islahatlar bu jurnalın köməyi ilə yerinə yetirilmişdi".. ("Pedaqogika tarixi", 1995, "Təbib")

Prof. Misir Mərdanov :

"Məktəbəqədər və ibtidai təhsil" jurnalı, əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məktəb islahatının təbliği və tətbiqi sahəsində böyük işlər görmüşdür. Təhsil standartlarının müəllimlərə çatdırılması, ibtidai siniflərdə fənn kürikulumlarının tətbiqi, onun nəzəri məsələlərinin tədqiqi, qabaqcıl müəllimlərin praktik fəaliyyətini əks etdirən dərs nümunələrinin verilməsi, bacarıqlı təhsil işçilərinin yaradıcı fəaliyyətinin oxuculara çatdırılması sahəsində jurnalın xidməti təqdirə layiqdir".

Prof. Əjdər Ağayev:

"Məktəbəqədər və ibtidai təhsil" jurnalı nəşrə başladığı 1970-ci ildən bu günə qədər öz faydalı fəaliyyəti ilə şərəfli yol keçmişdir. Jurnalın bundan sonra da ibtidai sinif müəllimlərinin və tərbiyəçilərin pedaqoji-metodik köməkçisi funksiyasını əzmlə daşıyacağına əminəm".

Prof. Abdulla Mehrabov:

"Məktəbəqədər və ibtidai təhsil" jurnalı respublikada nəşr olunan jurnallar arasında, xüsusən pedaqoji mətbuatda özünəməxsus yer tutmaqla mötəbər mövqeyə malikdir".

Məhəmməd Baharlı:

"Pedaqoji mətbuat tariximizdə özünəməxsus yeri olan jurnallardan biri də "Məktəbəqədər və ibtidai təhsil"dir. Bu jurnal uzun illər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" adı ilə işıq üzü görmüş, müəllimlərin, tərbiyəçilərin, təhsil təşkilatçılarının stolüstü vəsaiti olmuşdur. Getdikcə tirajı 28 mini keçən bu jurnal nüfuzlu mətbuat orqanına çevrilirdi".