ADPU-da “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq forum keçirilib Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda Beynəlxalq Forum təşkil olunub. Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

ADPU-da “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq forum keçirilib Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda Beynəlxalq Forum təşkil olunub.

Forumda yerli və xarici mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin məktəbəqədər təhsil sahəsi üzrə ekspertlər iştirak ediblər. Forum ADPU-nun rektoru, professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb. Rektor çıxışında məktəbəqədər təhsilin cəmiyyətin gələcəyinin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, uşaqların sosial bacarıqlarının, düşüncə tərzinin və dünyagörüşünün əsası məhz bu mərhələdə formalaşır. Onun sözlərinə görə, müasir dövrdə qlobal çağırışlar təhsil sistemində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan rəqəmsallaşma, inklüzivlik, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyalar məktəbəqədər təhsilin əsas inkişaf istiqamətləri hesab olunur. Cəfər Cəfərov ADPU-da məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini də diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyənin Qazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, Ege Universiteti ilə birgə beynəlxalq konfransların təşkili universitetlərarası elmi və akademik əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. Rektor vurğulayıb ki, forum çərçivəsində aparılan müzakirələr məktəbəqədər təhsilin inkişafına əhəmiyyətli töhfə verəcək, bu sahədə yeni yanaşmaların formalaşmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm zəmin yaradacaq. Bakı Slavyan Universitetinin rektoru, dosent Anar Nağıyev çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki roluna toxunaraq ali təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, erkən yaş dövründə keyfiyyətli təhsil mühitinin yaradılması gələcək təhsil mərhələlərində uğurun əsasını qoyur. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, birgə layihələrin həyata keçirilməsi və akademik tərəfdaşlıqların genişləndirilməsi xüsusi önəm daşıyır. Millət vəkili Ceyhun Məmmədov isə çıxışında qeyd edib ki, bu gün təhsil sahəsində ciddi dəyişikliklər və çağırışlar müşahidə olunur. Süni intellektin sürətlə həyatımıza daxil olması və dünyada təhsilə yanaşmaların dəyişməsi yeni yanaşmaların tətbiqini zəruri edir. Onun fikrincə, bu prosesdə məktəbəqədər təhsil əsas və mərkəzi mövqedə dayanır. ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynova forumun fikir mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, innovativ pedaqoji yanaşmalar, oyun əsaslı təlim, uşaqmərkəzli yanaşma, inklüzivlik və rəqəmsal texnologiyalar artıq məktəbəqədər təhsilin əsas istiqamətlərinə çevrilib. Dekan vurğulayıb ki, bu sahədə prioritet məsələlərdən biri də kadr hazırlığının keyfiyyətinin artırılmasıdır. Fakültədə təhsil proqramlarının yenilənməsi və praktik yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Məktəbəqədər təhsil ixtisasının 2025-ci ildə akkreditasiya prosesindən uğurla keçməsi də bu istiqamətdə görülən işlərin nəticəsi kimi dəyərləndirilib. Forum çərçivəsində beynəlxalq təcrübələr də iştirakçılarla bölüşülüb. Ege Universitetinin dekan müavini, professor Sibel Sönməz Türkiyədə məktəbəqədər təhsil sisteminin quruluşu və müasir inkişaf istiqamətləri barədə məlumat verib. O bildirib ki, təhsil proqramları oyun əsaslı öyrənmə, uşağın hərtərəfli inkişafı və bacarıq əsaslı yanaşma prinsipləri üzərində qurulub. ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Tərbiyəçi müəllimlərin işə qəbul qaydaları” mövzusunda çıxış edərək sahədə kadr hazırlığı və seçim mexanizmlərindən bəhs edib. ARTİ-nin böyük elmi məsləhətçisi Laləzar Cəfərova isə “Məktəbəqədər təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Forum çərçivəsində açıq dərslər və praktik təqdimatlar təşkil olunub, tədbir “Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəbəqədər təhsil müəssisələrində dayanıqlı inkişaf strategiyaları” mövzularına dair müzakirələrlə davam edib.