Annotasiya. Müasir cəmiyyətimizdə cərəyan edən sosial-ictimai proseslər Azərbaycanın gələcəyi, onun uşaq, yeniyetmə və gənclərinin davranış mədəniyyəti haqqında düşünməyə vadar edir. Ailədə uşaqların mədəni davranışının formalaşdırılması problemini aktuallaşdıran səbəblər aşağıdakılardır: cəmiyyətimizin, savadlı, yüksək mənəviyyatlı, yalnız biliklərə deyil, həmçinin gözəl davranış mədəniyyətinə malik olan insanlara ehtiyacı vardır. Azərbaycanın dinamik inkişaf etməsi üçün təhsil sistemində mədəni səviyyəyə, seçdikləri sahədə dərin peşə biliklərinə malik olan mütəxəssislər yetişdirilməlidir. Buna görə də onların davranış mədəniyyətinin mahiyyətini, məzmununu izah etmək, bunun əsasında da onların mədəni davranışını formalaşdırmaq vacibdir. Yüksək davranış mədəniyyətinə malik, baş verən hadisələri müstəqil və düzgün qiymətləndirməyə qadir gənclər yetişdirmək ümumtəhsil müəssisələrinin qarşısında duran əsas prinsiplərdən biridir. Onların həyata keçirilməsi gənclərin davranış mədəniyyətinin formalaşması ilə bağlıdır. Məqalədə bu kimi mühüm sosial-ictimai problemlər tədqiqata cəlb olunur. Açar sözlər: mədəni davranış, adət-ənənə, ailə, tərbiyə, rəftar, əxlaq, özünüdərketmə.
Giriş / Introduction
Uşaqlar dünyaya göz açır, formalaşır və şəxsiyyətə çevrilirlər. Onların psixologiyasına ailə üzvləri arasında yaranan pozitiv və neqativ əlaqələr, qarşılıqlı anlaşma və s. təsir göstərir. Ailə uşaq üçün əsas yaşam mühitidir. Onlar bu mühitdə fiziki və mənəvi cəhətdən inkişaf edərək həyatı dərk edirlər. Uşaqların insanlarla qarşılıqlı münasibəti, ədəb qaydaları, davranış normaları, xeyir və şər haqqında təsəvvürləri məhz ailədə formalaşır. Valideynlər öz rəftar və davranışlarında nəzərə almalıdırlar ki, uşaq ailənin güzgüsüdür və cəmiyyətdə öz ailəsində aldığı tərbiyəni əks etdirir. Elə buna görə də valideynlər öz rəftar və davranışlarında hər şeyi nəzərə almalıdırlar. Uşaqların psixologiyasına ailədə mövcud olan şərait, ailə üzvləri arasında münasibətlər, yoxsulluq və sərvətə meyillilik, qəbul olunmuş əxlaqi dəyərlər, qarşılıqlı anlaşma hərtərəfli təsir göstərir. Tədqiqatlar göstərir ki, ailənin uşağın psixi inkişafına təsiri birmənalı deyil və bu amil hər bir ailənin özünəməxsus stereotip və istiqamətlərə malik olmasından, milli-etnik zəmindən, ailələrin dünyaya baxış tərzindən, fərdi xüsusiyyətlərindən asılıdır. Etnik-milli xüsusiyyətlər, böyük-kiçik münasibətləri, qarşılıqlı hörmət, nəzakət, əxlaq qaydaları, davranış normalarının gözlənildiyi ailələr də vardır ki, belə ailələrdə uşaqlar adət-ənənələrə, vətənə, xalqa, el-obaya hörmət ruhunda böyüyür və özlərini əsl vətəndaş kimi göstərirlər. Əksinə, bəzi ailələrdə mənəvi-psixoloji iqlim o qədər aşağı səviyyədə olur ki, orada böyüyən uşaqlar ən sadə etik qaydalara əməl etmir və cəmiyyətə böyük bir yük olurlar. Müasir dövrün ən böyük problemlərindən biri kimi valideyn – övlad münasibətləri ciddi narahatlıq törədir. Çox zaman belə uşaqlar ata-ananın yeganə övladı olur və valideynləri, nənələri, babaları tərəfindən əzizlənir, düzgün tərbiyə olunmurlar. Bu zaman onlar öz övladlarını mənəvi cəhətdən şikəst etdiklərini, onların müstəqil şəxsiyyət kimi inkişafına böyük zərbə vurduqlarını fikirləşmirlər. Uşaqların tərbiyəsində həddindən artıq əzizləmə prinsipi ilə hərəkət edən böyüklər bunun acısını sonradan çəkirlər və böyüdükcə özündən razı, infantil insanlara çevrilən bu uşaqlar öz üzərinə məsuliyyət götürməyi bacarmır, özlərini təsdiq etməkdə çətinlik çəkirlər. Belə uşaqlar mədəni davranış qaydalarını gözləmir, kobud olurlar. Belə halların qarşısını almaq üçün uşaqlarda mədəni davranış qaydalarının formalaşmasına erkən yaşlarda, ailədə başlamaq lazımdır. Uşaqlarda özünüdərketmənin formalaşmasına bir çox amillər təsir göstərir. Bunların içərisində ən əhəmiyyətlisi ailədir. Aparılan tədqiqatlar göstərir ki, ailədə valideynlərin bir-biri ilə münasibətləri və onları tərbiyə etmək metodları uşaqların özünüdərketməsinin inkişafına təsir göstərir. Uşaqları tərbiyə etmək metodları istibdad, səhlənkarlıq və demokratik olmaqla üç qrupa bölünür. İstibdad metodu uşağın yaradıcılığı və özünəinamının qarşısını alır, səhlənkarlıq isə qeyri-ictimai davranışların ortaya çıxması, məktəbdən yayınma və qeyri-qanuni dəstələrə qoşulma kimi halların ortaya çıxmasına səbəb olur [Azərbaycanlı gənclərdə mədəni adət və vərdişlərin formalaşmasının psixoloji problemləri., 2019]. Demokratik metod isə qarşılıqlı hörmət əsasında tarazlıq, isti münasibət yaradan qaydalara malik bir metoddur. Bu metod özünəinam, özünəhörmət, məqsədlilik və məsuliyyət hissini artıraraq, uşaqda özünüdərketmənin inkişafı və optimallaşdırılmasında mühüm rol oynayır. Bu tərbiyə üsulunun köməyi ilə valideynlər uşaqları ilə isti və səmimi münasibətlər qurur, onlara davranış, fəaliyyət, özünüifadə müstəqilliyi verirlər. Onların fikirləri dəyərləndirilir, eyni zamanda, onlara nəzarət də yaddan çıxmır. Nəzarətin zəif olduğu ailələrdə yaşayan uşaqlarda narkomaniyaya meyillilik artır. Elə buna görə də valideynlərin uşaqları tərbiyə etməsi üçün düzgün tərbiyə metodlarını öyrənmələri və bu sahədə biliklərini artırmaları, uşaqların özünüdərketməsinin inkişafına və möhkəmlənməsinə səbəb olur [Azərbaycanlı gənclərdə mədəni adət və vərdişlərin formalaşmasının psixoloji problemləri., 2019]. Elə valideynlər var ki, uşağın tərbiyəsi ilə məşğul olmurlar. Bu səbəbdən uşaqlar və yeniyetmələr bəzən tüfeyli qruplara qoşulur, evdən qaçırlar. Bunlara səbəb kimi ətraf aləmi, ailə mühitini, televiziyada maarifləndirici verilişlərin sayının az olmasını, qəzet və jurnallarda müvafiq materialların az dərc olunmasını misal çəkə bilərik. Valideyn övladlarının düşüncələrini, narahatlığının səbəbini anlamırsa, düzgün qiymətləndirməyi bacarmırsa, onun hiss və həyəcanlarına, arzu və istəklərinə, duyğularına, maraqlarına əhəmiyyət vermirsə, qarşılıqlı münasibətlərdə hökmən çoxsaylı problemlər meydana çıxacaqdır. Ailədə uşaqlara hədsiz imkanların yaradılması da, onlara göstərilən diqqətsizlik də gənclik dövründə bir sıra problemlərə səbəb olur. Xüsusilə imkanlı ailələrdə böyüyən uşaqların çoxu zərərli vərdişlərə – siqaret çəkməyə, alkoqolizmə və narkomaniyaya meyilli olurlar. Bu zaman valideynləri belə bir sual maraqlandırır: “Uşaqların hər şeyi var. Nələri çatmır ki, onlar zərərli vərdişlərə yiyələnirlər? Onları belə vərdişlərə yönəldən səbəb nədir?” Bu sualın cavabı valideyn sevgisinin, qayğısının, diqqətinin əskikliyidir. Belə ailələrdə valideynlərlə övladların ünsiyyət səviyyəsi məhdud olur və onlar nadir hallarda problemləri açıq şəkildə müzakirə edirlər. Azərbaycan xalq yaradıcılığında öz əksini tapan adət-ənənələrin, ailə stereotiplərinin, milli-mənəvi dəyərlərin, təlim-tərbiyə psixologiyasına aid ideyaların qorunub saxlanılmasında, təqdimatında, qiymətləndirilməsində, aydın dərk olunmasında, əməli fəaliyyətdə istifadə olunmasında ailənin böyük rolu vardır. Ailə kiçik bir dövlətdir və dövlətçiliyə xas olan sosial-iqtisadi, elmi-siyasi problemlər ailədə də öz əksini tapır. Ailənin mənəvi-psixoloji sağlamlığı, verdiyi tərbiyə, ailənin sağlam mənəviyyat üzərində qurulması milli qürur və insan ləyaqətinin bərqərar olmasına kömək edir. “Tanınmış sosioloq Parsonsun fikrincə, ailə cəmiyyətə qarşı durmur, əksinə, sosiumun stabilliyini təmin edən altsistemdir. Ailə digər sosial altsistemlər və strukturlarla münasibətlər qurmaq üçün dəqiq, eyni zamanda, şəxslərarası sabitliyin dinamikasının və inteqrativ tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır” [Vəlibəyov R., 2011.] Əgər ailə etnik dəyərlər əsasında qurularsa, orada milli tərbiyə də istənilən səviyyədə həyata keçirilir və cəmiyyətin sosial-psixoloji inkişafına təsir göstərir. Azərbaycan psixoloqları bu istiqamətdə tədqiqatlar aparmış, azərbaycanlı ailələrində sağlam psixoloji iqlimin yaradılmasının səbəblərini, həmçinin ailələrdə baş verən münaqişələrin sosial-iqtisadi köklərini göstərmiş, valideynlərin, tərbiyəçilərin, yeniyetmə və gənclərin diqqəti ailə həyatına hazırlıqda özünü göstərən problemlərə cəlb olunmuşdur. Hər bir xalqın, millətin etnopsixoloji əxlaq normaları və milli-mənəvi dəyərləri var və bu dəyərlər xalqın ədəbiyyatında, ədəbi-bədii irsində, incəsənət əsərlərində, folklor nümunələrində, adət və ənənələrində öz əksini tapmışdır. Gənclər folklorumuzda əksini tapan mənəvi dəyərlərdən güc alıb formalaşmalıdırlar. Etnik milli dəyərlərdəki fərqlər ayrı-ayrı xalqlara, millətlərə xas olan ədəbi-bədii irsdə, folklor materiallarında, həmçinin kino və ya başqa sənət əsərlərində əksini tapmış əxlaqi dəyərlər qarşılaşdırıldıqda aydın surətdə nəzərə çarpır. Bəzən uşaqlar, yeniyetmələr, gənclər valideynlərin nəsihət və tövsiyələrini eşitmir, qəbul etmirlər. Bu zaman onların həm özləri, həm valideynləri, həm də cəmiyyət üçün problemlər yaranır. Övladlarını bir valideyn kimi tərbiyə etmək üçün ən gözəl vasitə onlara məhəbbət, şəfqət, sevgi və qayğı göstərməkdir. Valideynlərə əmr və tələbləri yumşaq, mülayim, nəsihət və yol göstərmək şəklində etmək məsləhət görülür. Ancaq belə olduqda uşaq onların sözünü eşidəcək və dediklərini yerinə yetirəcəkdir. Əgər valideynlər sərt və qəddar rəftar edərlərsə, bu, tez bir zamanda o qədər də xoş olmayan nəticələrə gətirib çıxara bilər. Anadan olandan 7 yaşına qədər olan dövrdə uşağa diqqət yetirmək xüsusilə vacibdir. Əgər uşaq müəyyən xoşagəlməz hərəkətlər edərsə, valideyn onun qarşısını almalı və bu hərəkətin zərərli olduğunu başa salmalıdır. Yumşaq rəftar, başa salma fayda vermədikdə, mənəvi cəzalandırma üsullarına əl atmaq olar, çünki mənəvi cəza fiziki cəzadan daha məsləhətlidir. Uşaqların tərbiyəsində təsirli vasitələrdən biri də valideynlərin ictimai məzmunlu söhbətlər aparmalarıdır. Ailədə ata-ananın bir-biri ilə, uşaqlarla söhbəti bir həqiqətə xidmət etməlidir ki, kollektivdə fəaliyyət göstərən hər bir insan onun mənafeyi ilə yaşamalı, onun inkişafına, müvəffəqiyyətlərinin artmasına çalışmalıdır. Əgər belə məzmunda söhbətlər tez-tez aparılarsa, ümumi mənafeyi şəxsi mənafedən üstün tutmaq meyli tədricən uşağın daxili tələbatına çevrilər. Tədqiqatlar göstərir ki, uşaqlar böyüklərlə həvəslə işləyirlər və burada böyüklərin şəxsi nümunəsi, təcrübəsi mühüm rol oynayır. Ailədə ən zəruri məsələ uşağın mənəvi həyatına düzgün istiqamət vermək, onlarda ictimai şüuru inkişaf etdirməkdir. Ç.Darvin yazır: “Mən əxlaq hissini və vicdanı insanı heyvandan fərqləndirən ən güclü əlamət hesab edən yazıçıların fikirlərinə ikiəlli qol çəkirəm. Onun hökmranlığı qısa, lakin qüdrətli və son dərəcə mənalı bir sözdə – “borcluyam” sözündə ifadə edilmişdir. Bəli, insanı əsla tərəddüd etmədən məcbur edən, uzun və dərin ədalət, borc hisslərinə əsaslanan düşüncədən sonra insanı hər hansı böyük iş üçün öz həyatını qurban verməyə vadar edən bu daxili mahiyyət, doğrudan da, insanın ən ülvi əlamətidir” [Pavlov İ.P., 1952]. Uşaqların adət-ənənələrə riayət etmək ruhunda tərbiyə olunması işində ağsaqqal və ağbirçəklərin həyat təcrübəsinin, adət-ənənələrin mühüm rolu vardır. Onların davranışında, tərbiyəsində ailə münasibətlərinin roluna xüsusi diqqət yetirilməlidir. Böyüməkdə olan nəslin tərbiyəsində valideynlərin istifadə etdikləri tərbiyə üsullarının əhəmiyyətini qeyd etməmək olmaz. Ailə münasibətləri uşaqların emosiya və hisslərinə təsir göstərir, onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər. Bu zaman oğlan və qızların xarakterik əlamətləri formalaşır. Elə ailələr var ki, uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə və başqa xoşagəlməz işlər gördükdə valideyn ona fiziki cəza verir. Bu, uşağın tərbiyəsinə son dərəcə mənfi təsir göstərir və valideyn uşağın gözündə nüfuzdan düşür. Valideyn fiziki cəzaya əl atmaqla uşağa yalnız fiziki deyil, həm də psixoloji zərbə vurur. Gənclik dövründə uşaqların mənlik şüuru inkişaf edir. Onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, “ləyaqət” və “şərəf” anlayışlarını başa düşürlər. Buradan məlum olur ki, fiziki cəza yalnız fiziki cəhətdən deyil, həm də psixoloji cəhətdən uşaq üçün zərərlidir. Ailədə valideynlər tərbiyənin məqsədini aydın təsəvvür etməli, tərbiyə işinin məqsədi uşağın mənafeyinə yönəldilməli, onun hüquq və şəxsiyyətinə hörmət hissinə əsaslanmalıdır. Uşağın qəbahətli hərəkətlərinə görə cəzaların seçilməsində valideynlər arasında fikir ayrılıqları olur və tərəflərdən biri daha kəskin, digəri yumşaq, uşaqlarda incikliyə səbəb olmayacaq cəzalara üstünlük verir. Tərbiyə üsulu kimi cəzalandırmadan istifadə olunması indi də pedaqoji cəhətdən fikir ayrılığına səbəb olan problemlərdən biridir və dünyada elə ölkələr var ki, orada uşaqlara qarşı heç bir cəza tədbiri tətbiq olunmur. Alman psixoloqu Yu.B.Hippenreyter valideynlərə uşaqla ünsiyyət zamanı aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir: 1. Uşaqdan deyil, onun ayrı-ayrı hərəkətlərindən narazı olduğunuzu bildirin. 2. Onun hisslərini deyil, əməllərini məzəmmət edin. 3. Heç vaxt uşaqdan yerinə yetirilməsi çətin olan işləri tələb etməyin. 4. Uşağın hərəkətlərindən narazı olduğunuzu tez-tez onun üzünə vurmayın. 5. Uşağın emosional problemlərinin həllini öz üzərinizə götürüb, onları həll etməyə çalışın. 6. Öz mənfi hərəkətlərinin nəticələri ilə üzləşmək üçün uşağa imkan verin. Bu, öz səhvlərini anlamaqda ona kömək edər. 7. Əgər uşaq yardım istəmirsə, onun işlərinə müdaxilə etməyin. 8. Uşağın hərəkətləri sizi hövsələdən çıxarırsa, ona xəbərdarlıq edin. 9. Bu problem və konfliktlərdən uzaq olmaq üçün imkanlarınızın uşağın imkanlarından üstün olduğunu göz önünə gətirin. 10. Öz hisslərinizi uşaqdan gizlətməyə çalışmayın, onlar haqqında fikir və hisslərinizi bildirməkdə ehtiyat etməyin. 11. Uşağınızın şəxsi əməllərinə görə məsuliyyətdən uzaq olmağa çalışmayın [Gippenreyter Yu.B., 1993]. Uşağın mənəvi-psixoloji aləmi, ruhu həssas və zəifdir. Kiçik bir yanlış hərəkət nəticəsində onun əhvalı pozulur. Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, övladları üzərində hər cür ixtiyara, hakimiyyətə malikdirlər. Buna görə də onlarla istədikləri kimi rəftar edə bilərlər, lakin burada zərif bir sərhəd vardır. Ana-atanın mühüm vəzifələrindən biri uşaqda özünə qarşı müsbət münasibətin formalaşdırılmasıdır. Belə olduqda uşağın potensial imkan və bacarıqları artır. Uşaqlarda həyata müsbət münasibət yaratmaq üçün onlara anlatmalıyıq ki, onları sevirik, çünki məhəbbət hissi uşaqların inkişafı üçün zəruridir. Uşaq evlərində böyüyən uşaqlar ana-ata qayğısı, sevgisi görmədikləri üçün həyatda köməksiz olurlar. Valideynlər uşaqların mənəvi ehtiyaclarını aradan qaldırmaq üçün məhəbbəti yalnız sözlərlə deyil, əməli işləri ilə də onlara bildirməlidirlər. Uşaqlara öz bacarıqlarını nümayiş etdirmək imkanının verilməsi onların özünəinamının artmasına, yeni təcrübələr qazanmalarına səbəb olur. Bu, uşaqların öz valideynlərindən aldıqları ən böyük mükafatdır. Məktəbə qəbul olunmaq uşağın ictimai həyatda vəziyyətini dəyişməklə yanaşı, onun qarşısında yeni bir aləm açır. Şagird müəllimin verdiyi tapşırıqlara da yeni münasibət bəsləməyə başlayır. Müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir, hətta şagirdlər müəllimin dediklərini valideynlərinin dediklərindən üstün tuturlar. Onlardan “bizim müəllimimiz belə dedi”, “belə göstərdi” və s. ifadələrini tez-tez eşidirik. III sinifdə müəllimə münasibət bir qədər dəyişir. Ona görə də yuxarı siniflərdə müəllimin şagirdlərin qarşısına qoyduğu tələblər daha ciddi olmalıdır. Məktəbə gələn uşağın bir xarakterik əlaməti də onda psixi funksiyaların ixtiyarilik səviyyəsinin keyfiyyətcə dəyişməsidir. Şagirdin inkişafına onun evdə icra etdiyi tədris tapşırıqlarının da böyük təsiri vardır. Bu tapşırıqlar uşaqda mütəşəkkillik və məsuliyyət hisslərini formalaşdırır. Təlim prosesində şagirdin xarici aləmə münasibəti dəyişir və onun ətraf aləm haqqında təsəvvürləri tədricən real- 56 laşmağa başlayır. Uşaqlar məktəbdə bir sıra çətinliklərlə qarşılaşırlar. Məktəbə qəbul olunan birinci sinif şagirdlərinin tədris prosesində qarşılaşdıqları ilkin çətinlikləri məşhur rus psixoloqu V.V.Davıdov üç qrupa ayırır: “1. Bu çətinliklərdən biri məktəbin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır (ev tapşırıqlarının yerinə yetirilməsi, məktəb rejiminin gözlənilməsi, məktəbə vaxtında gəlmək, dərsdə sakit oturmaq, diqqətli olmaq və s.) 2. Məktəbə daxil olan uşağın qarşısına çıxan ikinci çətinlik yoldaşları və müəllimləri ilə, eləcə də ailədə qarşılıqlı münasibətlərdə baş verir. 3. Birinci sinif şagirdlərinin qarşılaşdıqları üçüncü tip çətinliklər tədris ilinin ortalarında, uşağın təlim fəaliyyətində baş verir. Belə ki, təlim tapşırıqları mürəkkəbləşir, uşaqlar onun öhdəsindən gələ bilmirlər. Belə halların qarşısını almaq üçün uşağın əqli fəaliyyətini daim fəallaşdırmaq, onu mürəkkəb intellektual məsələlərin həllinə alışdırmaq lazımdır” [Kazımova K., Kiçik məktəblilərin psixologiyası., 3 yanvar, 2020]. Psixoloqların bu sahədə apardıqları tədqiqatlar (L.V.Zankov, V.V.Davıdov, A.M.Matyushkin, Q.A.Ponomaryov, Ə.Ə.Qədirov və b.) göstərir ki, təlimə bəslənilən bu münasibətin aradan qaldırılması üçün uşaqları vaxtaşırı təlim prosesində mürəkkəb intellektual məsələlərlə, problem-situasiyalarla qarşılaşdırmaq lazımdır. Belə olduqda uşaq yeni anlayışları, onların mahiyyətini, problemin bu və ya digər konkret cəhətlərini mənimsəmək imkanına malik olur. Uşaq ata və ananın sözü ilə əməli arasındakı uyğunsuzluğu asanlıqla seçə bilir. Bəzən valideynlər uşaqdan səmimi, dürüst olmağı tələb edirlər, ancaq özləri uşağa münasibətdə buna əməl etmirlər. Elə olur ki, ata-ana yalan danışır, bəzən uşağı da buna vadar edirlər. Uşaq bütün bu mənzərənin şahidi olur və valideynlərin belə davranışı ona öz mənfi təsirini göstərir. Əsrlər boyu mütəfəkkirlər uşaq və yeniyetmələrin, gənclərin ailədə davranış qaydalarına, əxlaq tərbiyəsinə qayğı ilə yanaşmağı tövsiyə etmişlər. A.S.Makarenko yazırdı: “Sizin öz davranışınız ən həlledici məsələdir. Elə bilməyin ki, siz uşağı yalnız onunla danışanda və ya öyrədəndə, yaxud ona əmr verəndə tərbiyələndirirsiniz. Siz onu öz həyatınızın hər bir anında, hətta evdə olmadığınız zaman da tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa insanlarla və özgə insan haqqında necə danışırsınız, dostlar və düşmənlərlə necə rəftar edirsiniz, necə gülürsünüz, qəzeti necə oxuyursunuz – bütün bunların uşaq üçün böyük əhəmiyyəti vardır. Uşaq sizin həyatınızın ahəngində ən kiçik dəyişikliyi görür, yaxud hiss edir, fikrinizin bütün dönüşləri görünməyən yollarla ona çatır. Siz bunları görmürsünüz” [Makarenko A.S., 2012]. Şərq mütəfəkkirləri ailədə uşaq və yeniyetmələrin, gənclərin davranış qaydalarına, əxlaq tərbiyəsinə qayğı ilə yanaşmağı tövsiyə etmişlər. Azərbaycanın böyük mütəfəkkiri, filosof, astroloq N.Tusinin (1201–1274) “Əxlaqi-Nasiri” əsərində zəmanəmizlə səsləşən xeyli fikirlər vardır. Bu əsərdə müasir gənclərimizin geniş istifadə edə bilmələri üçün ailə dolandırmaq, ər-arvadın psixoloji keyfiyyətləri, ailə-övlad münasibətləri haqqında ətraflı məlumat verilir. “Arvadın ən yaxşısı odur ki, ağıllı, iradəli, həya, ismət, nəzakətdə, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda, qohum-əqrəbaları arasında vicdanlı, hörmətli hesab edilə, tərbiyə verməkdə, pul xərcləməkdə, təsərrüfatı idarə etməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, xoş xasiyyəti ilə ərinin könlünü almağa, dərdini danışmağa səbəb ola” [N.Tusi. “Əxlaqi-Nasiri”., 2005]. Tərbiyə işinin səmərəli təşkilində, uşaqların mənəvi cəhətdən sağlam inkişafında metodoloji səciyyə daşıyan dəyərli fikirlər min illərin süzgəcindən keçərək təsdiqini tapmışdır. Uşağın həyalı olmasını onun nəcibliyinə sübut kimi dəyərləndirən N.Tusi, tərbiyənin birinci şərti kimi, onların təbiətini korlaya bilən səbəblərdən qorumağı vacib hesab edirdi, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların təsirinə tez məruz qalar. Uşağı mehribanlıq, məhəbbət doğuran kəramətlərlə tərbiyə etməyi vacib bilən N.Tusi ağıla, şüura, idraka təsir edən başa salmaq yolunu vasitə kimi göstərirdi. Başa salmaq – anlamaq, tətbiq, təhlil, tərkib və dəyərləndirmə kimi mərhələlərdən keçməyi tələb edir. Təfəkkürə əsaslanan təhlil proqramı N.Tusinin tərbiyə ilə əlaqədar ənənələrin pedaqoji texnologiyaların köməyi ilə tətbiqi səmərəli nəticələr verir.
Nəticə / Conclusion
Beləliklə, bu nəticəyə gəlirik: ailədə uşaqların mədəni davranışının formalaşdırılması problemini aktuallaşdıran səbəblərdən biri də odur ki, cəmiyyətimizin geniş erudisiyalı, savadlı, yüksək mənəviyyatlı, yalnız biliklərə deyil, həm də nümunəvi davranış mədəniyyətinə malik olan insanlara ehtiyacı vardır. Azərbaycanın gələcəyi olan uşaqların, yeniyetmə və gənclərin davranış mədəniyyəti haqqında hər zaman düşünməliyik. Onların bu işdə daha çox öz ölkəsi üçün necə bir vətəndaş olacağı onun üçün hansı dəyərlərin prioritet təşkil etməsindən asılıdır. Buna görə də qarşıda duran əsas vəzifələrdən biri gənc nəslə mədəni davranış qaydaları və adət-ənənələrin necə formalaşması, onun mahiyyətini, məzmununu izah etməkdən ibarətdir. Valideynlərin əsas vəzifələrindən biri uşaqda özünə qarşı müsbət münasibət formalaşdırmaqdır. Belə münasibət formalaşdırıldıqdan sonra uşağın potensial imkanları artır, onda yeni bacarıqlar meydana çıxır. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, uşağın psixi inkişafına ailənin təsiri birmənalı deyil. Bu amil hər bir ailənin fərdi xüsusiyyətlərindən asılıdır. Milli xüsusiyyətlərə, əxlaq qaydalarına, davranış normalarına riayət olunan ailələrdə böyüyən uşaqlar bu qayda və normalara hörmət ruhunda tərbiyə olunur, özlərini əsl insan, əsl vətəndaş kimi göstərirlər. Bəzi ailələrdə isə mənəvi tərbiyə 58 o qədər aşağı səviyyədə olur ki, belə ailələrdə böyüyən uşaqlar ən sadə davranış qaydalarına da əməl etmir, cəmiyyətə xeyirsiz bir vətəndaş olurlar. Valideyn – övlad münasibətləri müasir dövrün ən böyük problemlərindən biri hesab olunur. Uşaqların tərbiyəsində həddindən artıq əzizləmə prinsipi ilə hərəkət edən böyüklər bunun nə qədər yanlış hərəkət olduğunu gec başa düşürlər. Böyüdükcə özündən razı, infantil insanlara çevrilən belə uşaqlar həyatda özlərini təsdiq etməyi bacarmırlar.
Məqalənin aktuallığı. Ailədə uşaqların mədəni davranışının formalaşdırılması aktual problemdir. Səbəblərdən biri də odur ki, cəmiyyətin savadlı, yüksək mənəviyyatlı, yalnız biliklərə deyil, həmçinin gözəl davranış mədəniyyətinə malik olan insanlara ehtiyacı var.
Məqalənin elmi yeniliyi. Məqalənin elmi yeniliyi kimi qeyd olunur ki, əgər ailə milli-etnik dəyərlər əsasında qurularsa, həmin ailədə milli tərbiyə də yüksək səviyyədə həyata keçirilir və bu, cəmiyyətin sosial-psixoloji inkişafına təsir göstərir. Məqalə oxucuları Azərbaycanın gələcəyi olan uşaqların davranış mədəniyyəti haqqında düşünməyə vadar edir. Məqalədə klassik və müasir dövr tədqiqatçılarının bu barədə fikirləri araşdırılır.
Məqalənin praktik əhəmiyyəti. Kiçik yaşlı məktəblilərdə mədəni davranış və adətlərin formalaşmasının əsas amili kimi ailənin rolundan söhbət gedir. Məqalədən ali və orta ixtisas məktəblərinin, orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri, tələbə və magistrlar, o cümlədən, valideynlər istifadə edə bilərlər.
İstifadə edilmiş ədəbiyyat / References
1. Rəhimova Q. (2019). Azərbaycanlı gənclərdə mədəni adət və vərdişlərin formalaşmasının psixoloji problemləri. Bakı, ADPU-nun mətbəəsi.
2. Əliyev Q. (2011). Narkomaniya və narkotizmlə mübarizə problemləri. Bakı.
3. Kazımova K. (2020). Kiçik məktəblilərin psixologiyası. 3 yanvar. https:// kayzen.az/blog/KamileKazimova/24582/ki%C3%A7ik-m%C9%99kt%- C9%99blil%C9%99rin-psixologiyas%C4%B1.html
4. Quliyev S. (2011). Gənclərin tərbiyəsində aqillərin nəsihət və vəsiyyətləri. Bakı.
5. Makarenko A.S. (2012). Seçilmiş əsərləri. (“Valideynlər üçün kitab”).
6. Nəsrəddin Tusi. (2005). Əxlaqi-Nasiri. Bakı.
7. Vəlibəyov R. (2011). Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Yeni Azərbaycan qəzeti, 23 aprel, s.10.
8. Pavlov İ. P. (1952). Sochineniya. IV. Moskva.
9. Gippenreyter Yu.B. (1993). Fenomen kongruentnoy empatii.