İBTİDAİ SİNİFLƏRDƏ BULLİNQ VƏ ONUNLA MÜBARİZƏ Günay Məmmədzadə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktorantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının baş müəllimi

İBTİDAİ SİNİFLƏRDƏ BULLİNQ VƏ ONUNLA MÜBARİZƏ

Giriş

İnsan sosial varlıq olub həyatının bütün dövrlərində digər insanlarla  ünsiyyət qurmağa çalışır, təhlükəsiz mühitdə yaşamaq, sevib-sevilmək, qayğı görmək və göstərmək,  ona uyğun qrupun üzvü olmaq və orada özünü təsdiqləmək istəyir. Bunun üçün o, müəyyən qrupda öz həmyaşıdları ilə ünsiyyət ehtiyacını ödəməlidir. Ünsiyyət sosial tələbat olub, şagirdlərarası münasibətlərin inkişafı üçün olduqca vacibdir. Şagirdlər ünsiyyət vasitəsilə biliklərini təkmilləşdirərək inkişaf edirlər. Öz yaşıdları ilə ünsiyyət problemləri olan şagirdlərin şəxsiyyət kimi formalaşma prosesində ləngimələr olur. L.Viqotski də ünsiyyətə önəm verərək bildirirdi ki, ünsiyyət uşağın psixi inkişafının əsas hərəkətverici qüvvəsidir [Viqotski L.S., 2005].

Məktəb ailədən sonra uşaqların cəmiyyətə uyğunlaşdığı ən mühüm yerlərdən biridir. Məktəb yalnız şagirdlərin elmi biliklərə yiyələndiyi yer deyil, eyni zamanda ünsiyyət ehtiyaclarını da reallaşdırdıqları məkandır.  Bütün şagirdlər ünsiyyət ehtiyaclarını eyni tərzdə qarşılamır. Bəzi şagirdlər dostcasına ünsiyyət qurmağa çalışdıqları halda, bəziləri aqressiya və zorakılığa üstünlük verir, digərləri isə utancaq olduqları üçün yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkirlər.  Çox təəssüf ki, bullinq hallarının baş verməsi bəzi şagirdlərin ünsiyyət ehtiyacını reallaşdıra bilməsinə əngəl yaradır, onların hər hansı bir şagird qrupuna daxil olmasına maneə törədir. Tez-tez bullinqə məruz qalan şagirdlər özlərini təklənmiş hiss edirlər [OEC., 2020].

Tədqiqatlar göstərir ki, bullinq şagirdlərin sosiallaşmasına və digər şagirdlər tərəfindən qəbul  olunmasına mənfi təsir göstərir [UNESCO., 2015].

Aqressiv davranış forması olan bullinq demək olar ki, dünyanın əksər ölkələrində, şagirdlər arasında geniş yayılmışdır və təhsil sahəsində ciddi qəbul edilən problemlərdən biri hesab edilir. Məktəblərdə bullinq hallarının artması bu problemi dərindən tədqiq etmək və onun həll yollarını fikirləşmək kimi bir vəzifəni qarşıya qoymuşdur.

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesabatına əsasən, dünyada 35 faiz uşaq bullinqin müxtəlif formalarına məruz qalır. Hesabata əsasən bildirilir ki, bullinq halları şagirdlərin mental sağlamlığı ilə yanaşı, emosional və psixoloji rifahına da mənfi təsir göstərərək akademik nəticələrinin də zəifləməsinə səbəb olur  [WHO., 2024].

Bullinqin şagirdlər üzərindəki mənfi təsirlərini araşdıran təşkilatlardan biri olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA) 2023-cü ilə aid hesabatlarından aydın olur ki, akademik nəticələri zəif olan şagirdlərin bir çoxu bullinqə məruz qalan şagirdlərdir. PISA-nın ölkələrin təhsil sahəsindəki akademik göstəriciləri haqqındakı statistikası da sübuta yetirir ki, bullinqin az olduğu ölkələrdə akademik nəticələr yuxarı, çox olduğu ölkələrdə isə aşağıdır. Vurğulanmalıdır ki, zəif nəticələri olan şagirdlər sırasında həm bullerlər, həm də qurbanlar vardır. Bu da ona dəlalət edir ki, bullinq bu prosesə daxil olan ən az iki nəfərin inkişafına öz mənfi təsirini göstərir [OECD., 2023].

Məktəblərdə bullinq hallarının artması bu problemi dərindən tədqiq etmək və onun qarşısının alınmasının həlli yollarını fikirləşmək kimi bir vəzifəni qarşıya qoyur.

2019-cu ildə Bakı şəhəri, 162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi hadisəsindən sonra dünyada ən çox yayılmış aqressiv davranışlardan biri olan bullinq mövzusunun Azərbaycanda da araşdırılması aktuallaşdı və hal-hazırda bu mövzuya maraq böyükdür. 2019-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”na müvafiq olaraq Azərbaycan məktəblərində bullinq probleminin həlli istiqamətində addımlar atılmış, təhsilalanların bullinq hallarından qorunması və məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi məqsədilə “Mənimlə danış” adlı sosial kompaniya başladılmışdır. Layihənin məqsədi məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və bu yolla şagirdlərin bullinq hallarından qorunmasıdır. Layihə çərçivəsində müəllim və valideynlərin də bullinq problemi ilə bağlı məlumatlandırılması  nəzərdə tutulmuşdur. Bundan başqa problemin qarşısının alınması üçün 146-2 (fövqəladə hallar üçün) “qaynar xətt” xidməti də fəaliyyət göstərir. 2023-cü ildən isə “Ümumi təhsildə şagird davranış qaydaları”  adlı pilot layihə bir sıra məktəblərdə tətbiq edilməyə başlanılmışdır ki, burada da bullinq məsələsinə xüsusi diqqət edilmişdir.

Problemin tədqiqi ilə bağlı Azərbaycan elmi sferasında bir sıra məqalələr yazılmış, xüsusilə də Azərbaycan Respublikası Təhsil İnstitutunda məsələnin elmi tədqiqatı ilə ciddi məşğul olmuş, bullinqlə bağlı müxtəlif məqalələr yazmışlar. Bundan başqa AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ildə nəşr etdirdiyi “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinqin aşkarlanması üzrə analitik hesabat”ı da təqdirəlayiq tədqiqatlardandır.

Əsas hissə

Dünyanın istənilən təhsil müəssisəsində şagirdlər bullinqin müxtəlif növlərinə məruz qalır, bullerlərin qurbanına çevrilirlər. Bullinq şagirdlərin məktəbə olan bağlılığını zəiflədir, onlarda qorxu, inamsızlıq hissi yaradır ki, nəticə etibarı ilə onlar təhsil həyatından uzaqlaşmağa başlayırlar. Bu isə şagirdlərin təhlükəsiz mühitdə təhsil almaq hüquqlarının pozulması deməkdir.

Bullinq Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən şagirdlərin fiziki, psixoloji sağlamlığına və sosial inkişafına zərər vuran mənfi davranış qaydası kimi təsnif olunur [WHO., 2012].

Bullinq halları 1970-ci illərdən başlayaraq Skandinav ölkələrində tədqiq edilməyə başlanılmışdır. 1982-ci ildə Norveç məktəblərində bullinq səbəbiylə baş verən intiharlardan sonra Norveç-İsveç psixoloqu Dan Olveus şagirdlər arasında olan zorakılıq hallarını araşdırmağa başlamış və problemi 20 il ərzində əsaslı şəkildə tədqiq etmişdir [Allanson P., Lester R., Notar C., 2015].  

Bullinqlə bağlı tədqiqat aparan alimlər ona bir sıra təriflər vermişlər: Dan Olveusa görə “Bullinq güclü şagirdin zəif şagirdə (verbal, fiziki və psixoloji) zərər vurmaq məqsədilə ona qarşı təkrar və qəsdən törətdiyi aqressiv davranış və istismar aktıdır [Olveus D., 1993]. Bullinq özünümüdafiə qabiliyyəti aşağı olan şəxsə bir qrup və ya şəxs tərəfindən zərərvermək məqsədi ilə törədilən zorakılıqdır [Peters D.K., 2012].

Bir şagirdin özündən fiziki və ya zehni olaraq daha zəif olan şagirdi fiziki və ya sözlü təzyiq yolu ilə təkrarlanan pis davranışlara məruz qoyması da bullinqdir. Bu davranışlar bullinqə məruz qalan şagirdin psixoloji inkişafına ciddi təsir edir  [Gülgez Ö., Gündüz B., 2018].

Şarp və Smitə görə bullinq, bir şagirdin digər şagirdi hədəf alaraq qurban seçməsi və qəsdən narahatedici davranışlar göstərməsidir [Smith P.K., Sharp S., 1994].

Roland və Tormoda görə isə bullinq bir şagirdin özünü müdafiə qabiliyyəti olmayan şagird və ya şagirdlərə qarşı ardıcıl və qəsdən fiziki, sözlü və mənəvi təzyiq göstərməsidir [Roland E., Thormod I., 2001].

Apardığım tədqiqatlara əsasən, gəldiyim qənaət budur ki, bullinq zorakılıq əsaslı olub, özünü psixi və fiziki cəhətdən müdafiə edə bilməyən və ya etməkdə çətinlik çəkən şəxsə eyni və ya müxtəlif yaş qrupundan olan bir və ya bir neçə şəxs tərəfindən yönəldilmiş, təkrar edilən, qəsdən törədilən, özündə fiziki, psixoloji, sosioloji və sözlü təzyiqi ehtiva edən mənfi davranış forması olub, içində  ailədaxili münaqişələrdən gələn aqressiya ilə yanaşı, qısqanclıq, qıcıqlanma, paxıllıq, lider olmaq istəyi, özünü güclü hiss etmək istəyi, məşhurlaşmaq niyyəti,  kimisə incitməkdən həzz almaq hissi və s. kimi səbəbləri ehtiva edən mənfi davranış formasıdır.

Ümumtəhsil məktəblərində bullinqdən danışarkən diqqət yetirilməli olan nüanslar bullinq hallarının neçənci sinifdən başlaması, hansı yaş aralığında artması və azalması, müxtəlif yaşlı şagirdlərin psixoloji və fiziki inkişafının bullinqlə birbaşa və dolayı yolla bağlılığı, bullinqin qız və oğlanlar arasındakı yayılma dərəcəsi, bullinq hallarının daha çox həmyaşıdlar, sinif yoldaşları yoxsa böyük siniflərlə kiçik siniflər arasında baş verməsi məsələləridir. Bunun üçün də ilkin olaraq ibtidai siniflərdə bullinq və onun şagirdlərin psixoloji və fizioloji inkişafına təsiri araşdırılmalıdır.

Məktəblərdə bullinq hallarına ilkin olaraq ibtidai sinif şagirdləri arasında rast gəlindiyi müşahidə edilir. Yeni Zenlandiyada  təhsilin keyfiyyətini yoxlayan müstəqil dövlət agentliyi olan ERO-nun hesabatına əsasən ibtidai sinif şagirdlərinin 46%-i bullinqə məruz qaldıqlarını bildirərkən 61% şagird isə bullinqin birbaşa iştirakçısı və ya şahidi olduğunu bildirib [Bullying Prevention and Response in New Zealand Schools., 2019].

 Təhsil həyatına ibtidai sinif pilləsindən başlayan şagirdlərin məktəblə ilkin əlaqələri şagird-şagird, şagird-müəllim münasibətləri səviyyəsində yaranır. İbtidai təhsil pilləsi  6-10 yaş arası dövrü əhatə edir və əsas xüsusiyyəti şagirdin oyundan uzaqlaşıb, təlim həyatına qədəm qoyması ilə səciyyələnir. Oyun mühitindən ayrıla bilməyən şagirdlər, təlim mühitinə yaxşı adaptasiya ola bilmir, saatlarla düz oturmaq, qaydalara əməl etmək, danışmamaq, sakit durmaq onlar üçün çətin olur. Bəzən bu hal belə hər hansı bir şagirddə aqressiya yarada bilər,  təmkini, qaydalara riayət etməsi ilə təriflənən şagirdi bullerin hədəfinə çevirə bilər.

İbtidai sinif şagirdinin çətinlik çəkdiyi bir mövzu da yeni dostluq münasibətlərinin və  müəllimlə düzgün ünsiyyətin qurulması, onun sevimlisinə çevrilmək istəyidir. Həmyaşıdları tərəfindən sevilmək, qəbul edilmək ibtidai sinif şagirdləri üçün olduqca vacibdir, lakin bullinq kimi mənfi hallar bu  prosesin qarşısını ala və şagirdin psixoloji və fizioloji inkişafına mənfi təsir edə bilər. Bullinqin şagirdlər üzərindəki təsirlərini araşdıran Makletun və Roland tədqiqatları nəticəsində müəyyən etmişlər ki, bullinq qurbanlarda özünə inam, özünə hörməti azaltdır, eyni zamanda onların akademik göstəricilərinin geriləməsinə səbəb olur [Glover D., Gough G., Johnson M., Cartwright N., 2000].  

İbtidai sinif şagirdləri arasında bullinqə bir sıra faktorlar səbəb olur ki, bunlara aşağıdakıları aid edə bilərik:

ailənin uşaq tərbiyəsindəki yanlışlıqları: ailədə baş verən zorakılığın şagirdlərin yanlış nümunə götürməsinə səbəb olması [Bowes L., Arseneault  L., Maughan B., Taylor A., Caspi A., Moffit T., 2009];

ailədə zorakılığa məruz qalan şagirdlərin bullerə çevrilməsi [Nixon Cl., and  Watson Ac, 2001];

seçilmiş dost qrupu (Barboza G.E., Schiamberg L.B., Oehmke J., Korzenievski S., 2009];

şagirdlər arasındakı xarakter fərqlilikləri;   

yaş xüsusiyyətlərinə görə şagirdlərin əxlaq anlayışının tam formalaşmamasından irəli gələn problemlər;

sosiallaşma bacarıqlarının yaxşı inkişaf etməməsi;

empatiya duyğusunun zəif inkişaf etməsi;

şagirdlərin fiziki inkişafı;

zəif sosial-iqtisadi təminat [Gkatsa T., və başqaları., 2015] ;

şagirdlər arasındakı qısqanclıq [Jan A., Husain S., 2015].

şagirdlərin liderlik savaşı [Kepenkci Y.K., Çınkır S., 2006];

şagirdlərin təhsildəki uğur və ya uğursuzluqları;

şagirdlərin mədəni mühitlə əhatə olunmaması;

sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində gördükləri neqativ məzmunlar və televiziya kanallarında yayımlanan proqramlar (xüsusilə də xarici televiziya kanallarının təsiri);

izlədikləri film və seriallardakı obrazların təsiri;

mobil cihazlar və kompüter oyunlarındakı zorakılıq hadisələri.

Bullinqin müxtəlif növlərinə məruz qalan şagirdin keçirdiyi psixoloji sarsıntılar onun fiziki sağlamlığına mənfi təsir edir və bu da bir sıra problemlərin yaranmasına səbəb olur.

Bullinqin ibtidai sinif şagirdlərinin fiziki sağlamlığına göstərdiyi təsirlər:

müxtəlif ağrı problemləri (baş ağrısı, ürəkbulanma, halsızlıq);

yuxu ilə bağlı problemlər (sinif otağında yatmaq);

çəki ilə bağlı problemlər (sürətli arıqlama və ya kökəlmə) [Kapçı E. G., 2004].

Bullinqin ibtidai sinif şagirdlərinin fiziki sağlamlığına təsirləri haqqındakı araşdırmalara əsasən, qeyd etmək lazımdır ki, davamlı olaraq baş ağrısından, ürəkbulanma və halsızlıqdan şikayət edən şagirdlər müəllimlərin nəzarəti altında olmalıdırlar. Əgər şagird bullinqə məruz qalırsa, keçirdiyi  psixoloji sarsıntılar onun yuxarıda sadalanan hallara düşməsinə gətirib çıxara bilir. Belə olan halda şagirdin valideyni ilə söhbətlər aparılmalı, həkim qərarına əsasən, heç bir problem müşahidə edilmirsə, şagird müəllimin bullinqə məruz qalma ehtimalı daha çox olan şagirdlərin risk qrupuna daxil edilməli və daima müşahidə altında saxlamalıdır. Bullinqə məruz qalan, bunu müəllim və valideynlərinə deyə bilməyən şagird çıxış yolunu dərs əsnasında yatmaqda görə bilər. Bununla yanaşı məruz qaldığı bullinq halına görə gecə yuxusu pozulduğu üçün şagird sinifdə yata bilər. Bir sıra hallarda düşdüyü çətin vəziyyətin öhdəsindən gələ bilməyən şagird, stress hissini azaltmaq üçün qidalanmanın miqdarını artıra və ya əksinə heç yemək yeməyə bilər. Nəticə etibarilə, bullinqə məruz qalan şagirdin çəkisi sürətlə arta və ya azala bilər. Normadan artıq və ya az çəkiyə sahib olması isə şagirdin yeni bullinq obyektinə çevrilməsinə səbəb ola bilər [Kapçı E. G., 2004].

Bullinq şagirdin nəinki fiziki sağlamlığına, eləcə də psixoloji sağlamlığına da mənfi təsir göstərir.

Bullinqin ibtidai sinif şagirdlərinin psixoloji sağlamlığına göstərdiyi təsirlər:

aqressiyanın artması;

assosiallıq, özünəqapanma (dostluq etməkdən çəkinmə və qorxma, yalnızlığa meyillilik); [Sourander A., Jensen P., 2007];

qəmginlik;

özünəinamın azalması;

məktəbdən yayınmaq istəyi.

İbtidai sinif şagirdləri arasında bullinqin onların fiziki sağlamlığına təsirlərindən bəhs edərkən, psixoloji sağlamlıqlarına da vurduğu zərəri nəzərə almaq vacibdir.

Sinif yoldaşları tərəfindən bullinqə məruz qalan şagird ətrafdakılar tərəfindən sevilmədiyini, dəyərsiz olduğunu düşünə bilər. Bu da onun yeni dostluqlar qurmaq istəyinin qarşısını alacaqdır. Nəticə etibarı ilə bullinqə məruz qalan şagird assosial, özünəinamı olmayan şəxs kimi yetişəcəkdir.

Bəzi hallarda isə bullinqə məruz qalan şagirdlərdə aqressivlik, təcavüzkarlıq müşahidə olunur. Buna səbəb başqasının təzyiqinə məruz qalan şagirdin bu hissi özündən uzaqlaşdıra bilməsi üçün fiziki baxımdan özündən zəif şagirdə təzyiq göstərərək özünəinam hissini bərpa etmək istəyidir.

Bullinqə məruz qalan ibtidai sinif şagirdlərinin davranışlarında  rast gəlinən xoşagəlməz hallardan biri də məktəbdə üzləşdikləri problemdən qaçmaq üçün dərslərdən yayınma istəyidir. Yuxarı sinif şagirdlərindən fərqli olaraq ibtidai sinif şagirdləri məktəbdən yayınmaq üçün səhhəti ilə bağlı müxtəlif yalanlar uydururlar.

İbtidai siniflərdə şagird sayının çoxluğu təlim və tərbiyədə çətinliklər yaradır. Sinifdə şagirdlərin çoxluğu müəllimlərin, baş verən neqativ halları davamlı izləmələrinə mane olur. Cəzanın tətbiq olunmaması isə şagirdləri yeni,  xoşagəlməz davranışlara sövq edir.

İbtidai sinif müəllimlərinin bullinqin yaranması və qarşısının alınmasındakı rolu.

İbtidai sinif müəllimlərinə xüsusi rəğbət, hörmət, sevgi ilə yanaşan şagirdlər ona bənzəməyə çalışırlar. Müəllimindən diqqət və qayğı görmək, onun sevimlisinə çevrilmək ibtidia sinif şagirdlərinin ən böyük arzusu ola bilər. Məhz bütün bu sadalananları nəzərə alaraq, ibtidai sinif müəlliminin şagirdlər üzərindəki təsir imkanlarının nə qədər böyük olduğunu təxmin edə bilərik.

Smit və Tompsona görə, müəllimlər, həqiqətən, zorakılıq hadisələrini idarəetmə bacarıqlarına malik olan şəxslərdir, çünki onlar məktəbdə düzgün qurulmuş müəllim-şagird, şagird-şagird  münasibətlərinin formalaşmasında mühüm rol oynayırlar. Müəllimin yanaşması, zorakılıq davranışlarının qarşısının alınmasında və müdaxiləsində əhəmiyyətlidir, bu da qeyd olunan məsələlərin effektiv həllində müəllimin fəaliyyətinin vacibliyini vurğulayır [Smith., 1994]. 

Müəllimin davranışı şagirdlər tərəfindən ciddi şəkildə izlənilir. Müəllimin şagirdi etik davranış qaydalarından kənar çıxaraq danlaması, hər hansı mənfi xüsusiyyətinə görə ləqəb qoşması onu birbaşa sinfin bullerlərinin hədəfinə çevirir. Buna görə də müəllim şagirdi danladığı zaman ehtiyatlı olmalı, məzəmmətini təklikdə bildirməlidir. Bəzən isə müəllimin bir şagirdi həddindən artıq təriflənməsi digər şagirdlərin həmin şagirdə qarşı qısqanclıq hisslərinin yaranmasına səbəb olur və belə olan halda şagird birbaşa bullinqin hədəfinə çevrilir. 

Şagirdlərə yanaşmalarında müəllim kifayət qədər diqqətli olmalı, sinfin abu-havasına uyğun davranmalıdır. Müəllimin zorakılıq davranışlarına münasibəti, həm qurbanların, həm də zorakılıq edənlərin gələcək davranışlarına təsir edə bilər [Huesman və Eron, 1984].

İbtidai sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə alaraq qeyd etmək olar ki, bəzən şagirdlər başlarına gələn xoşagəlməz hadisələri izah edə bilmir. Bəzən şagirdlər zorakılığa məruz qaldıqlarını bildirəcəkləri halda “xəbərçi” adlandırılacaqlarından qorxur və ya müəllimin tənəsi ilə üzləşəcəklərindən narahat olurlar.

Bəs bu halların qarşısını necə almaq mümkündür?

Məktəblərdə bullinq və onun zərərləri haqqında təşkil olunan seminarlar bu problemin qarşısının alınmasına kömək edəcək, bullinqə məruz qalanların müdafiəsiz olmadıqlarına inanmalarına səbəb olacaqdır. Məktəblərdə sağlam psixoloji mühitin formalaşdırılması, problemin başa düşülməsi, empatiya qurulması üçün şagirdlərə mövzuya və yaşlarına uyğun kinofilm və cizgi filmlərinin izlədilməsi də bullinq hallarının qarşısının alınmasına əhəmiyyətli dərəcədə kömək edəcək vasitələrdəndir. da bullinqin qarşısının alınmasına təsir göstərəcək. 3687 şagird arasında aparılan tədqiqatdan məlum olmuşdur ki, sağlam psixoloji məktəb mühiti şagirdlər arasında riskli davranışları azaldır [Thapa A., Cohen J., Guffey S., 2013]. Problemin həlli istiqamətində  İngiltərə məktəbləri isə  üç həll yolu təklif edir ki, bunlar dostluq qurmaq, problemlərin danışıq yolu ilə həll edilməsi və empatiyadır [Cowie., Sharp., 2000].

 “Məktəblərdə problemlərin qarşısının alınması və müdaxiləsi üçün ən yaxşı təcrübələr” adlı kitabında problemin həlli üçün proqramların hazırlanması, təhsil işçilərinin və valideynlərin bu proqramların tətbiqinə cəlb olunması, problemi yaradan mövzulara dair tədris proqramında dəyişikliklərin edilməsi, şagird davranışlarının daha diqqətlə izlənilməsi, şagirdlərin kömək almağa təşviq edilməsi və zorba davranışlarla necə mübarizə aparmağı öyrənmələri kimi tədbirlər sıralanır [Howe və başqaları., 2006].

Problemin həlli istiqamətində valideynlərin maariflənməsi üçün də bu mövzuda seminarlar təşkil olunmalı və bullinqin hər hansı bir növü ilə qarşılaşarkən aradan qaldırılması yolları öyrədilməlidir.

Nəticə

İbtidai təhsil səviyyəsi şagirdlərin təhsil həyatına ilk qədəm qoyduqları dövr olub, müəllimlərin və valideynlərin xüsusilə diqqət etməli olduqları mərhələdir. Oyun mühitindən çıxıb məktəb mühitinə uyğunlaşmağa çalışan şagirdlər arasında məktəb həyatına adaptasiya ola  bilməməkdən, ailədəki zorakılığın, şəxsi xarakter göstəricilərinin təsirindən, sosiallaşma bacarığının zəif inkişaf etməsi səbəbindən, məktəbin qayda-qanunlarına uyğunlaşa bilməməkdən və digər səbəblərdən şagirdlər arasında bullinq halları baş verir. Bullinq şagirdlərin psixoloji, fizioloji və sosioloji inkişafını əngəlləyir, onların akademik göstəricilərinin aşağı düşməsinə səbəb olur, şagirdlərdə məktəbdən yayınma istəyi formalaşdırır, gələcəklə bağlı qayğılar yaradır və nəticə olaraq, onların şəxsiyyət kimi formalaşmasının qarşısında duran ciddi bir əngələ çevrilir.

Şagirdlər arasında əxlaq tərbiyəsinin möhkəmləndirilməsi və münasibətlərin düzgün qurulmasını təşkil etmək, şagirdlərin kommunikasiya bacarıqlarının inkişafını təmin etmək, bullinq haqqında şagird və valideynləri məlumatlandırmaq, şagirdlərə zorakılığa necə “yox” demək lazım olduğunu öyrətmək,  onlara bullinqlə mübarizə aparmağın yollarını öyrətmək, müəllimlərin şagirdləri daimi nəzarətdə saxlaması, onlardan gələn ən kiçik şikayəti belə nəzərə alıb bununla bağlı tədbirlər görməsi, şagirdlərə təhlükəsizlikdə olduğu mesajını verərək onların inamını qazanması, ibtidai sinif şagirdləri ilə yuxarı sinif şagirdlərinin binasının fərqli olması və s. kimi tədbirlər ibtidai siniflərdə baş verən və ya verəcək bullinq hallarının azalması və qarşısının alınmasında böyük imkanlar yaradacaqdır.

İbtidai siniflərdə bullinqlə mübarizə aparmaq vasitələrini aşağıdakı kimi sıralaya bilərik:

1. sinifdə əxlaq tərbiyəsinin möhkəmləndirilməsi və münasibətlərin düzgün qurulmasını formalaşdırmaq, şagirdlərə bir-birinə hörmət etməyi, anlayışlı olmağı, empatiya qurmağın önəmini başa salmaq, yardım və dostluq anlayışlarının onların həyatındakı yerini müəyyənləşdirmək, maddi və mənəvi dəyərlər yönümündəki yanlış formalaşmış və ya yanlışa meyilli düşüncələri aradan qaldırmaq;

2. şagirdlərin kommunikasiya bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək (Bu bacarıqların inkişafı şagirdlər arasında münasibətlərin doğru qurulmasına, onların özlərini düzgün ifadə etmələrinə kömək edəcək və bu səbəbdən qaynaqlanan bullinq hallarının yaranmasının qarşısı alınacaq);

3. valideynlərin bullinq haqqında məlumatlandırılması,  övladlarının bullinqə məruz qalıb-qalmamalarının müəyyənləşdirilməsi yollarının öyrədilməsi və problemin həlli variantlarının öyrədilməsi;

4. müəllimin şagirdlərin davranışlarına nəzarət etməsi, onların sağlam ünsiyyət qurmalarına çalışması və baş verə biləcək hər hansı neqativ hadisə zamanı müdaxilə etməsi;

5. müəllimin şagirdlərin şikayətlərinə laqeyd yanaşmaması (Bəzi hallarda müəllimlər şagirdlərin şikayət və narazılıqlarını ciddi qəbul etmir və ya fikir vermir, bunun sadəcə uşaqlar arasında anlaşılmazlıq olduğunu düşünürlər. Müəllimdən dəstək görməyən uşaq özünü daha da köməksiz hiss edir, özünə qapanır, müdafiə mexanizmi zəifləyir. Əksinə, buller isə müəllimin bu diqqətsizlik və ya etinasızlığından cəsarətlənərək mənfi əməllərini daha rahat şəkildə həyata keçirir);

6. şagirdlərə bullinq haqqında məlumat verilməsi (Şagirdlər başlarına gələn zorakılıq hallarına ad vermə bilməyə bilərlər. Onlara bullinq və bullinqin fəsadları haqqında məlumat verdikdə başlarına gələnin nə olduğunu anlayacaq və vəziyyətdən çıxış yolu axtaracaqlar);

7. şagirdlərə zorakılığa “yox” deməyin öyrədilməsi (Bəzən şagirdlər həddindən artıq qapalı və ya qorxaq olurlar, məruz qaldıqları zorakılığı heç kimə söyləyə bilmirlər. Şagirdlərə cəsarətli olmağı və zorakılığa qarşı “yox” deməyi öyrədə bilərsiniz).

Şagird sayının çox olduğu məktəblərdə ibtidai sinif şagirdlərinin təhsilinin böyük siniflərdən fərqli mərtəbədə tədris olunması (xüsusilə də ayaqyolu və yeməkxananın ayrı olması) onların yuxarı sinif şagirdləri tərəfindən bullinqə məruz qalma riskini azaldacaqdır.

Avstraliyada bullinqlə mübarizə modeli olan “Kiçik insanlar üçün böyük söhbətlər” layihəsi də maraqlıdır. Cənubi Avstraliyadakı bir sıra ibtidai siniflərdə həyata keçirilmiş bu layihədə şagirdlərdə ünsiyyət, münaqişəni həlletmə bacarığının, emosiyaları idarə etmək gücünün formalaşmasını və onlarda empatiya hissinin inkişafını təmin etməklə bullinq səviyyəsini azaltmağa hədəflənərək uğurlu nəticələr əldə edilmişdir. 

Fikrimcə, belə uğurlu layihələrin Azərbaycanın ümumtəhsil müəssisələrində həyata keçirilməsi bullinq hallarının qarşısının alınmasında müsbət rol oynaya bilər.

Məqalənin aktuallığı. Şagird şəxsiyyətinin formalaşmasında ciddi əngəllərdən biri olan bullinq diqqətdə saxlanılan və həll olunması üçün ciddi tədqiqatlar və maliyyə sərf edilən zorakılıq halıdır. Azərbaycanda da bu cür zorakılıq halları tədqiq olunur və ümumtəhsil məktəblərində bu kimi halların qarşısının alınması üçün bir  sıra tədbirlər görülür.

Məqalənin elmi yeniliyi. Tədqiqat işində ibtidai siniflərdə bullinq və onunla mübarizə yolları araşdırılmış və elmi-pedaqoji ictimaiyyət üçün maraq doğura biləcək fikirlər ortaya qoyulmuşdur. İbtidai siniflərdə bullinq hallarının öyrənilməsi və onunla mübarizə aparılmasının imkan və yollarının sistemli şəkildə araşdırılması tədqiqatın elmi yeniliyi hesab oluna bilər.

Məqalənin praktik əhəmiyyəti. Məqalədən ibtidai sinif müəllimləri və ibtidai siniflərdə tədris prosesini həyata keçirən fənn müəllimləri, eləcə də övladlarını bullinqdən qorumaq istəyən valideynlər yararlana bilərlər.

References / İstifadə olunmuş ədəbiyyat

1. Allanson, P., Lester, R., Notar, C. (2015). A History of Bullying. International Journal of Education and Social Science, 2 (12).

2. Barboza Ge, Schiamberg L.B, Oehmke J, Korzeniewski S., Post L.A, Heraux C.G (2009). Individual characteristics and the multiple contexts of adolescent bullying: an ecological perspective. Journal of Youth Adolescence, 38:101–121.

3. Behind the numbers: ending school violence and bullying. UNESCO 2019, 70 p.

4. Bowes L, Arseneault L, Maughan B, Taylor A, Caspi A, Moffitt T.E (2009). School, neighborhood, and family factors are associated with children’s bullying involvement: A nationally representative longitudinal study. Journal of the American Academy of Child Adolescent Psychiatry, 48: 545-553.

5. Cowie H. (2000). Bystanding or standing by: Gender issues in coping with bullying in English schools. Aggressive Behaviour, 26(1): 85-97.

6. Glover D, Gough G, Johnson M, Cartwright N (2000). Bullying in 25 secondary schools: incidence, impact and intervention. Educational Research, 42(2): 141–156.

7. Gülgez, Ö., & Gündüz, B. (2020). Çocuklarda Duygu Düzenlemenin Ölçülmesi: Ölçek Uyarlama ve Geliştirme Çalışması. Mehmet Akif Ersoy Üniversitesi Eğitim Fakültesi Dergisi, (52), s.491-518.

8. Howe E, Haymes E, Tenor T (2006). Best Practices for Prevention and Intervention in Schools. In The School Services Sourcebook (Ed. Ron Avi Astor vd.). Oxford: Oxford University Press.

9. Huesmann, L. R., Eron, L. D., Lefkowitz, M. M., & Walder, L. O. (1984). Stability of aggression over time and generations. Developmental Psychology, 20(6), 1120–1134. 

10. Jan, A., & Husain, S. (2015). Bullying in elementary schools: Its causes and effects on students. Journal of Education and Practice, 6(19): 43-56.

11. Kepenekci, Y.K., & Çınkır, S. (2006). Bullying among Turkish high school students. Child Abuse & Neglect, 30: 193-204.

12. Klein, Cornell, & Konold (2012; akt. Thapa ve ark., 2013). Pozitif okul ikliminin riskli davranışları azaltdığını ortaya çıxaran araşdırma. Review of Educational Research, 40(20).

13. Olweus, D. (1993). Bullying in school: What we know and what we can do. Oxford. UK: Blackwell.

14. Organisation for Economic Co-operation and Development [OECD] (2023, Dekabr 5). Baku (Azerbaijan) | Factsheets | OECD PISA 2022 results. Retrieved from OECD PISA 2022.

15. Özdemir, S., Sezgin, F., Şirin, H., Karip, E., & Erkan, S. (2010). İlköğretim okulu öğrencilerinin okul iklimine ilişkin algılarını yordayan değişkenlərin incelenməsi. Hacettepe Üniversitesi Eğitim Fakültesi Dergisi, 38: 213-224.

16. Peters, D. K. (2012). Covert bullying: When do teachers recognize it? (Doctoral dissertation, Texas A&M University-Commerce).

17. Rigby, K., & Johnson, K. (2016). The prevalence and effectiveness of anti-bullying strategies employed in Australian schools. University of South Australia, Adelaide.

18. Roland Erling, Thormod Idsoe (2001). Aggression And Bullying. Aggressive Behavior, 27, 446-462.

19. Smith, P.K., & Sharp, S. (1994). School Bullying: Insights and Perspective. London: Routledge.

20. Sourander A, Jensen P, Ronning J.A, et al. (2007). Childhood bullies and victims and their risk of criminality in late adolescence. Archives of Pediatrics & Adolescent Medicine, 161: 546-552.

21. Thapa, A., Cohen, J., Guffey, S., & Higgins-D'Alessandro, A. (2013). A review of school climate research. Review of Educational Research, 40(20).

22. World Health Organization (2012). Social determinants of health and well-being among young people.

23. World Health Organization (2024, March 27). One in six school-aged children experiences cyberbullying, finds new WHO/Europe study. Retrieved from WHO.

24. "Педагогическая психология" (Moskva, 2005, səh. 672).

25. https://az.wikipedia.org/wiki/Elina_Hac%C4%B1yevan%C4%B1n_%C3%B6l%C3%BCm%C3%BC

26. Bullying-Prevention-and-Response-in-New-Zealand-Schools-May-2019. https://ero.govt.nz/sites/default/files/2021-05/