İBTİDAİ SİNİFLƏRDƏ İFADƏLİ OXUNUN AKTUAL PROBLEMLƏRİ Mahirə Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universteti, pedaqogika üzrə fəlsəfə doktoru

İBTİDAİ SİNİFLƏRDƏ İFADƏLİ OXUNUN AKTUAL PROBLEMLƏRİ

Annotasiya. Məqalədə şagirdin yüksək nitq mədəniyyətinə yiyələnməsinin vacibliyi ön plana çəkilir. Qeyd edilir ki, yeni təfəkkür tərzinin formalaşdığı indiki dövrdə savadlı danışıq qabiliyyəti, nitq mədəniyyəti həyatın tələblərindən biridir. Belə bir şəraitdə məktəbin və müəllimin üzərinə böyük məsuliyyət düşür. Bugünkü şagird dərin biliyə malik olmaqla yanaşı, yüksək nitq mədəniyyətinə də malik olmalı, aydın, düzgün, məntiqi, yığcam, rəvan, səlis, cəlbedici, ifadəli danışmağı və qrammatik cəhətdən düzgün yazmağı bacarmalıdır. İbtidai siniflərdə Azərbaycan dili fənninin qarşısında duran əsas vəzifələrdən biri məhz şagirdlərin nitq bacarıq və vərdişlərini inkişaf etdirmək, nitq mədəniyyətinin formalaşdırılması istiqamətində iş aparmaqdır. Bu istiqamətdə aparılan işlərin səmərəli olmasında şagirdlərin ifadəli oxu bacarıq və vərdişlərinə yiyələnmələrinin böyük əhəmiyyəti vardır. Bununla bağlı yuxarı siniflərdə sistemli araşdırmalar aparılsa da, ibtidai təlim sahəsinə aid sanballı tədqiqat işləri aparılmamışdır. İbtidai siniflərdə şagirdlərin ifadəli oxu problemlərinin araşdırılması vacib məsələlərdən biridir. Elmi araşdırmalar daha çox elmin şifahi deyil, yazılı qolu üzərində aparılmış və bunun nəticəsi olaraq oxu, ifadəli oxu təliminin geniş öyrənilməsi son dövrlərdən başlanmışdır.

Açar sözlər: ibtidai sinif, nitq mədəniyyəti, öyrətmə, Azərbaycan dili dərsləri, ifadəli oxu, nitq inkişafı.

Giriş / Introduction

Məlumdur ki, ibtidai məktəb ümumi təhsilin möhkəm təməl üzərində qurulmasını təmin edir və bu ağırlığı daşıyan əsas dayaqlardan biri Azərbaycan dili fənni hesab olunur. Bu fənn vasitəsi ilə kiçik yaşlı məktəblilər xalqımızın tarixi, mənəviyyatı, ədəbiyyatı, incəsənəti, coğrafiyası, adət-ənənələri, yüksək əxlaqi dəyərləri və s. haqqında sadə biliklər qazanmaqla özünüdərk mərhələsinə qədəm qoyurlar və onların bir şəxsiyyət kimi yetişmələri üçün münbit zəmin yaradılır. Bu işin səmərəli təşkili isə, ilk növbədə, şagirdlərin dilimizin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən zəruri biliklərə yiyələnmələri və bu əsasda yazı, dinləyib-anlama və danışma, oxu bacarıqları qazanmalarından çox asılıdır. İbtidai siniflərdə Azərbaycan dili dərslərinin müasir təlim metodları və texnikaları ilə aparılması, İKT və internetdən istifadə şagirdlərin dərsə, oxu prosesinə, ifadəli oxuya cəlb edilmələrini asanlaşdırır. Bununla yanaşı, müəllim şagirdin ifadəli oxusunu diqqətlə izləməli, onun maksimal potensialının üzə çıxarılmasına nail olmalıdır. İfadəli oxu prosesini yerinə yetirən şagirdin nitqi düzgün, aydın, səlis, şüurlu, orijinal, rəvan və ifadəli olur. Müasir dövrdə çevik intellektual düşüncəyə və sadə həyati bacarıqlara malik olan yeni nəslin formalaşdığı bir zamana sürətli keçid prosesi yaşanmaqdadır. Bu prosesin məntiqi cəhətdən istiqamətləndirilməsi dövlətin və cəmiyyətin qarşısında olduqca böyük vəzifələr qoyur ki, bunların əksər hissəsi təhsil sisteminin üzərinə düşür. İbtidai siniflərdə tədris olunan Azərbaycan dili fənninin məzmunca yenilənməsi kiçik yaşlı məktəblilərin müasir dövrün inkişaf tendensiyalarına uyğun formalaşmasına yönəlmiş, təlim prosesinin daha təkmil forma və üsullarla həyata keçirilməsi zərurəti yaranmışdır.

Əsas hissə / Main part

İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi prosesində ifadəli oxu ciddi problem kimi meydana çıxsa da, nədənsə müəllimlər bunu çox zaman ikinci plana keçirir, nəzəri biliklərin öyrənilməsi prosesində ifadəli oxu vərdişlərinin inkişaf etdirilməsi imkanlarından lazımınca istifadə etmirlər. Halbuki ibtidai siniflərdə Azərbaycan dilinin tədrisi prosesində ifadəli oxu vərdişlərinin aşılanması üçün imkanlar və optimal şərait mövcuddur. Bu istiqamətdən yanaşdıqda əmin oluruq ki, intonasiya və durğu işarələrinin inteqrativ öyrənilməsi Azərbaycan dilinin tədrisi prosesinə aydınlıq gətirir, durğu işarələri, sintaktik struktur, intonasiya vahidləri kimi anlayışların mənimsənilməsini tezləşdirir. Şagird hiss edir ki, intonasiya cümlənin, mətnin təşkilində və Mahirə Abdullayeva. İbtidai siniflərdə ifadəli oxunun aktual problemləri 28 artikulyasiyasında onunla paralel iştirak edir. Durğu işarələri və intonasiya hadisələrinə inteqrativ yanaşma onların əlaqə sahələrini diaqnozlaşdırmağa, funksional xüsusiyyətlər nəticəsində proqnozlaşdırma aparmağa imkan verir. Beləliklə, aydın olur ki, yazılı nitqin də intonasiya qanunauyğunluqları vardır, bunlar da müəyyən sintaktik şərtlərlə birlikdə onun durğu işarələri sistemini təşkil edir. Adətən, nitqdə üç əlamətə (yüksələn, azalan, normal) əsaslanan sistemdə məqsədə və intonasiyaya görə nəqli cümlələr (nəqli, sual, əmr) nida cümləsindın fərqlənir. Burada sintaktik konstruksiyaların geniş spektrini görə bilirik. Hazırda durğu işarələrinin və intonasiyanın öyrənilməsi, əsasən, şifahi nitqlə inteqrasiya şəraitində həyata keçirilir. Araşdırmalar göstərir ki, A.S.Abdullayev, Ə.R.Əfəndizadə, Y.Ş.Kərimov, Ş.A.Mikayılov, B.A.Əhmədov, N.Ə.Abdullayev, H.B.Balıyev, A.N.Rəhimov, N.B.Cəfərova, M.Q.Məmmədov, Ş.A.Sultanova, B.Ostroqorski, V.Flerov və bir sıra başqa metodist-alimlər şagirdlərin nitq mədəniyyəti, oxunun mahiyyəti, düzgün və ifadəli oxu bacarıqlarına yiyələnməyin imkan və yolları ilə bağlı müəyyən fikirlər söyləmişlər, lakin aparılan tədqiqatlarda Azərbaycan dilinin tədrisi prosesində şagirdlərə ifadəli oxu vərdişlərinin aşılanması işinin mahiyyəti və məzmunu, oxu üçün materialların seçilməsinə verilən tələblər bütövlükdə, tam şəkildə öz əksini tapmamışdır. Odur ki, Azərbaycan dili təlimi prosesinin, xüsusən onun məzmunu, metod və vasitələrinin təkmilləşdirildiyi mövcud islahatlar şəraitində ibtidai siniflərdə Azərbaycan dili dərslərində ifadəli oxu üzrə işin sistemli tədqiqi böyük önəm və aktuallıq kəsb edir. Bu sahədə aparılacaq işin səmərəli nəticə verməsi həmin imkanların dəqiqləşdirilməsi və onlardan istifadə yollarının müəyyənləşdirilməsindən xeyli asılıdır. Şəxsiyyətin mədəni göstəricilərindən biri kimi onun oxu vərdişləri, ifadəli oxu bacarıqları və mütaliə xüsusiyyətləri dəyərləndirilir. “İfadəli oxunun əsasında iki cəhət durur: 1. ifa edilən əsərin ideya məzmununun dərindən qavranılması, təsir olunanların mahiyyətinə nüfuz edilməsi; 2. hiss edilənlərin, qavranılanların səslənən sözlərlə dinləyicilərə çatdırılması” [Həsənli B., Abdullazadə N., 2015]. İfadəli oxu monoloji nitq olduğu üçün sifahi nitqin bütün xüsusiyyətlərini özündə əks etdirir. “Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlər sayəsində eyni söz müxtəlif mənalarda işlənə bilər və fərqli şəkildə başa düşülə bilər. İfadəli oxunun rəvan getməsi üçün əsərin məzmununun dərk edilməsi zəruri olduğu kimi, zəngin söz ehtiyatının olması, nitqin emosionallıq xüsusiyyətlərinə bələdlik, dilin qayda-qanunlarına yiyələnmək də əsas şərtdir” [Bayramov Ə., Əlizadə Ə., 2009]. İnsanın kompetensiyalarının qiymətləndirilməsində onun malik olduğu vərdişlər, həyatın müxtəlif sahələrində əldə etdiyi uğurlar əsas götürülür. Bu vərdişlər arzuların reallaşması və şagirdin öz həyatını informasiya əsrinin tələbləri səviyyəsində qurmasında vacib şərtlərdəndir ki, bunun da mərkəzində ifadəli oxu mədəniyyəti durur. Belə düşünmək olar ki, müasir texnoloji inkişaf, informasiya vasitələrinin çoxluğu oxuya marağı azaldacaqdır. Müasir dövrün reallıqlarını nəzərə alsaq, bu yanaşmanın gerçəyə çox yaxın olduğunu görə bilərik, lakin oxunu dəyərləndirən hər kəs bilir ki, kitab insanın ən yaxın dostu, həmsöhbəti və yol göstərənidir. Oxu sənəti, oxu mədəniyyəti şagirdin mənəvi aləmini zənginləşdirir, onun dünyaya baxışı dəyişir, o, sivil cəmiyyətin normal şəxsiyyəti olur. Şagird başqalarının hisslərini və düşüncələrini anlamaq üçün dinləməyə və oxumağa, öz hiss və düşüncələrini ifadə etmək üçün isə danışmağa və yazmağa başlayır. Dilin dörd əsas bacarıq sahəsi – dinləmək, oxumaq, danışmaq və yazmaq nitq mədəniyyətinin əsasını təşkil edir. Bu bacarıqlar bir-biri ilə əlaqəlidir və hər birinin digərinə təsiri var. Nitq prosesində dinləmə bacarığı anlaşılmazlıqların qarşısını alır və uğurlu kommunikasiyanı təmin edir, həmçinin ifadəli oxu prosesində dinləmə və anlama bir-biri ilə əvəzlənir. İfadəli oxu bacarığı vacib keyfiyyətdir və bunu hər kəs özü üzərində sınaqdan keçirə bilər. İbtidai siniflərin Azərbaycan dili dərslərində əsas məqsəd ifadəli oxu üzrə bacarıq və vərdişləri inkişaf etdirməkdən ibarətdir. Belə ki: • ibtidai siniflərdə ifadəli oxu üzrə bacarıq və vərdişlərin tədrisi prosesi fəal təlimlə aparılarsa; • ifadəli oxu üzrə iş rabitəli və bədii mətn nümunələri üzərində qurularsa; • düzgün, məntiqi, aydın, ifadəli oxunulan rabitəli və bədii mətn nümunələri interaktiv təlim metodları ilə aşılanarsa; • bu iş sistemli, ardıcıl və məqsədyönlü şəkildə aparılarsa, şagirdlərdə ifadəli oxu bacarıqlarının yaranmasına və inkişafına səbəb olacaqdır. “İbtidai siniflərdə ifadəli oxu üzrə bacarıq və vərdişlərin yaradılmasına nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi zəruridir: • ifadəli oxu vərdişlərinin aşılanması probleminin metodik əsaslarının müəyyənləşdirilməsi; • ifadəli oxu vərdişlərinin aşılanması istiqamətində proqram (kurikulum) məzmununun təhlili; • Azərbaycan dili dərslərində ifadəli oxu təliminin dil qaydaları ilə inteqrasiyasının təşkili; • Azərbaycan dilinin tədrisi prosesində ifadəli oxu bacarıq və vərdişlərinin yaradılması, inkişaf etdirilməsi imkanlarının müəyyənləşdirilməsi” [Cəfərova N., 2019]. İbtidai siniflərdə ifadəli oxu bacarıqlarının inkişaf etdirilməsi ayrıca problem Mahirə Abdullayeva. İbtidai siniflərdə ifadəli oxunun aktual problemləri 30 kimi sistemli şəkildə araşdırılmalı, şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnmələrinin fəal təlimlə tənzimlənməsi diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan dilinin tədrisi zamanı ifadəli oxu bacarıqlarının yaradılması ifadəli oxu vərdişlərinin formalaşmasına şərait yaradır. İbtidai siniflərdə təlimin məzmunca təkmilləşdirilməsi, şagirdlərə aşılanan bacarıq və vərdişlərin müəyyənləşdirilməsi baxımından Azərbaycan dili dərslərində bədii və elmi-kütləvi mətnlərin ifadəli oxu vasitəsi ilə mənimsədilməsi mühüm metodik əhəmiyyət kəsb edir. İbtidai siniflərdə bədii, elmi-kütləvi mətnlərin tədrisi zamanı ifadəli oxu bacarıqlarının yaradılması və inkişafı təlimə şagird marağını təmin edir, dərsin daha canlı və yaradıcı şəkildə qurulmasına şərait yaradır. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi prosesində bədii əsərlərdən götürülmüş nümunələr əsasında şagirdlərə ifadəli oxu vərdişlərinin aşılanması onlarda nitqin bədiiliyi, emosionallığı və obrazlılığı ilə bağlı aydın təsəvvürlərin yaranması üçün möhkəm zəmin hazırlayır. Azərbaycan dili dərslərində şagirdlərə ifadəli oxu bacarıq və vərdişlərinin aşılanmasında fəal təlim metodlarından yararlanmaqla ifadəli oxu probleminin həlli istiqamətində ciddi iş aparılması ibtidai sinif müəllimlərinin vəzifə borcudur. Bəzi müəllimlər ifadəli oxunun məqsədini, aparıcı rolunu, iş metodlarını düzgün müəyyənləşdirə bilmir, nəticədə, metodik səhvlərə yol verirlər. İfadəli oxu bədii təfəkkürü inkişaf etdirməklə oxunulan materialın məzmununun, ideyasının dərindən mənimsənilməsinə, şagirdin mənəvi aləminin, elmi dünyagörüşünün genişlənməsinə, ümumi mədəniyyətinin formalaşmasına kömək göstərir. Professor N.B.Cəfərovanın sözləri ilə desək, “...insanın kompetensiyalarının qiymətləndirilməsində onun malik olduğu vərdişlər, həyatın müxtəlif sahələrində əldə etdiyi uğurlar əsas götürülür. Bu vərdişlər arzuların reallaşması və gəncin öz həyatını informasiya əsrinin tələbləri səviyyəsində qurmasında vacib şərtlərdəndir ki, onun mərkəzində oxu (ifadəli oxu – M.Abdullayeva) mədəniyyəti durur” [Cəfərova N., 2022]. Bu zaman şagirdlərə tərbiyəvi mesaj göndərilir ki, ifadəli oxu əsərin məzmununu, ideyasını, müəllifin dünyagörüşünü dərk etməkdə mühüm rol oynayır. İfadələrarası, cümlələrarası fasiləni gözləməklə nəzm, nəsr əsərlərinin ifadəli oxusunu və bədii gözəlliyini dinləyiciyə çatdırmaq mümkündür. Mətnin ifadəli oxusu məşqlərin keçirilməsini tələb edir. Şagird nəzm, nəsr materiallarını tələsmədən oxumaqla, ifadəli oxuya aid şərti işarələrdən istifadə etməklə öz ifadəli oxusunu təkmilləşdirə bilər. İfadəli oxu qabiliyyəti məhz məşqlər vasitəsi ilə yaradılır. İfadəli oxu təliminin planlaşdırılması, strategiyalı oxu, bədii mətnlərin oxusu zamanı ifadəli oxu üzrə bacarıqların yaradılmasında müəyyən şərti işarələrdən istiqamətverici vasitə kimi istifadə etmək olar.

Oxu prosesində bu şərti işarələrə əməl edilməsi vacibdir. Bu şərti işarələrlə işləmək və ifadəli oxu mətnlərinin işarələnməsi ilk vaxtlar müəllimdən gərgin əmək tələb edir. Daha sonra bu işarələrlə oxumağı öyrənmək şagirdlər üçün maraqlı olur. Dərslikdə verilən mətnlər üzərində iş müəllimin izahatından sonra aparılmalıdır. Bu zaman o, şagirdlərə ifadəli oxunun mühüm şərtlərini, faydalarını çatdırır. Şagirdlər ifadəli oxuya başlamazdan əvvəl öyrənirlər ki, şeirlərin, hekayələrin, nağılların öyrənilməsində ifadəli oxunun tətbiqi labüddür. İfadəli oxu zamanı ən mühüm şərt əsərdəki sevinc, şadlıq, qəm, kədər, həyəcan, peşmançılıq, təəssüf və s. hisslərin dinləyiciyə aydın çatdırılmasıdır. Mətnin ifadəli oxusuna nail olmaq üçün onu təkrar-təkrar oxumaqla yanaşı, hər sözün, hər ifadənin daşıdığı mənanı anlamaq, təsvir olunan hadisələri öz xəyalında canlandırmaq lazımdır. Bu zaman əsərin qəhrəmanının sevincinə sevinmək, kədərinə kədərlənmək hissi özünü büruzə verir. İfadəli oxu bacarıqlarının yaradılması üçün ilk növbədə, nəzmdən başlamaq lazımdır. Nəzmdə qafiyələr, bölgülər, misralar, bəndlər müəyyən bir sistem və qanuna tabe olduğu üçün çox zaman şeirdə vəzn, qafiyə, ahəng özü oxucuya kömək edir, ona yol göstərir. Məsələn:  Ə-zi-zim,//və-tən/yax-şı, Gey-mə-yə//kə-tan/yax-şı. Gəz-mə-yə//qə-rib/öl-kə, Öl-mə-yə // və-tən yax-şı. Göründüyü kimi, bayatıda hər misrada 3 hecadan sonra fasilə verilir, sonra misranın digər sözləri söylənilir. Bu nümunədə işlənilən ifadələr eşitmə analizatorlarına sakitlik gətirir, eyni zamanda ifadənin ecazkarlığı artır, oradakı hisslər, emosiyalar insanın mənəvi aləminə təsir edir, ona dinclik, rahatlıq verir. “Bədii-obrazlı mətndə həm həqiqi, həm də məcazi mənada sözlər işlənir. Sözün həqiqi mənası konkret surətdə əşya, hadisə, proses və s. bildirir. Məcazi məna isə əşyanın əlamətlərinin tutuşdurulmasına əsaslanır” [Həsənli B., Adullazadə N., 2015]. “Dili obrazlı şəklə salmaq üçün üslubiyyatda iki əsas yol vardır: 1) sözləri məcazi mənada işlətməklə əlaqədar olan dilin bədii təsvir vasitələri; 2) cümlədə sözləri yerli-yerində işlətmək yollarına əsaslanan ifadə vasitələri” [Həsənli B., Abdullazadə N., 2015]. Söz o zaman məcazlaşır ki, müxtəlif anlayışları – ad, əlamət, hərəkət və s. obrazlı şəkildə vermək iqtidarına malik olsun. N.Cəfərova isə qeyd edir ki, məcaz sözün qeyri-həqiqi mənada işlədilməsidir. “Məcazi mənada işlənən söz və ifadə əşyanın əlamətlərini digərinə ötürür və ona tətbiq edir (bənzədir). İfadəli oxu zamanı bəzən eyni söz bir kontekstdə (cümlədə) məqsəddən asılı olaraq həqiqi, müstəqim mənada işləndiyi halda, o, başqa yerdə (kontekstdə) öz əvvəlki mənasını itirir, tamamilə yeni funksiya daşıyır, məcaz olur, nitqə obrazlılıq gətirir”. Bu barədə rus alimi D.N.Kudryavski demişdir: “Heç vaxt unutmamalıyıq ki, sözün yaşadığı və dəyişdiyi atmosfer nitq atmosferidir. Bunu nəzərə almasaq, sözün təbiətini aydınlaşdıra bilmərik” [Abdullayev A., Kərimov Y., 1997]. Məsələn, oxu mətnlərində rast gəlinən “Uşaq ağlayır” cümləsində ağlayır sözü həqiqi, müstəqim mənada işlənmişdir. “Torpaq namərd düşmənin tapdağı altında ağlayır” cümləsində isə ağlayır sözü məcazi mənada işlənmişdir. Bu, o deməkdir ki, torpaq öz sahibi üçün darıxıb, kimsəsizləşib. Yadlara əsir düşdüyündən talanır, əkilib-becərilmir, suya həsrət qalıb. Güllərini dərən, ətrini çəkən yoxdur. Obrazlı nitqlə bədii lövhə yaranır, sözün ecazkar qüdrəti duyulur, poetikliyi, çoxmənalılığı üzə çıxır. Bədii mətnlərdə məcazlar nitqi zənginləşdirir. İfadəli oxu prosesində məcazlar üzərində aparılan işlər bilavasitə şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə xidmət edir. Bu da, öz növbəsində, rabitəli nitqin, xüsusən də onun ən yüksək forması olan şifahi və yazılı inşaların dilinin gözəl, məzmunlu və obrazlılığına səbəb olur. Nəzəri dilçilikdə ifadəli oxuya “rəng qatan” məcazlar iki yerə ayrılır: leksik məcazlar, üslubi məcazlar. Başqa bir ədəbiyyatda isə dilimizdə sabitləşmiş, hamının nitqində özünə yer tutan məcazlar ümumişlək məcazlar və bədii-üslubi şəraitə uyğun yarananlar isə situativ məcazlar kimi təsnif edilmişdir. Emosional-obrazlı ifadələr iki cür olur: məzmunun emosional-obrazlı öyrənilməsi, məzmunun emosional-obrazlı çatdırılması. Təcrübə göstərir ki, ifadəli oxu zamanı dilin ifadə vasitələri (bədii sual, bədii nida, intonasiya, qrammatik, məntiqi və psixoloji fasilələr) obrazlı nitqin emosionallığını, estetik dəyərini artırır. İfadəli oxuda mətn və cümlələrin mahiyyəti ilə bağlı ifadə olunan hisslər (sevinc, şadlıq, kədər, qəm, qüssə, təəssüf, təəccüb və s.) bədii ifadə vasitələrinin işlədilməsindən doğur. Belə ki, ifadəli oxuda hər cür xırda hissləri, duyğuları vermək çətinlik törətdiyi hallarda, mimika və jestlərlə yanaşı, intonasiya da köməyə gəlir. Kiçik yaşlı məktəblilərin nitqində, az da olsa, obrazlı ifadələr işlənir. Məlumdur ki, nitqin məzmunu söz, ifadə və cümlələrlə qurulur. İfadəli oxu zamanı müəllim hər bir sözün, ifadənin və cümlənin məzmununu şagirdlərə açmağa çalışmalıdır. İfadəli oxu prosesində şagird məcazi mənada işlənən söz və söz birləşmələrinin mənasını dərk etmədikdə onların ifadə etdikləri bədiilik, axıcılıq, oynaqlıq, hiss-həyəcanın, əhvali-ruhiyyənin və s. təsir gücü aşağı düşür. İfadəli oxuda söz və ifadələrin mənası çox zaman müqayisə (tutuşdurma və fərqləndirmələr) əsasında üzə çıxır. Bədii mətni ifadəli oxuyan şagird eyni sözü iki cümlədə, mətndə müqayisə edərək ifadə olunan mənanı, konkretlik və mücərrədliyi, poetikliyi nümunələrin köməyi ilə anlaya bilir. Əyani şəkildə görünür ki, əşya və hadisələrdəki oxşar əlamətlər asanlıqla digərinə transformasiya olunur. I–IV sinif şagirdlərinin təxəyyülündə transformasiya olunan əlamətin bütöv obrazı canlanır. Obrazlı ifadələr nitqdə müxtəlif funksiyalar daşıyır. Bəzən söz və ifadələr sıx əlaqədə olduqları söz və ifadələrlə də əvəzlənə bilir. Məsələn, nitqdən “Qalxdı şəhər yuxusundan” cümləsini götürək. Burada şəhərlə onun əhalisi eyniləşdirilir. Aydındır ki, “Qalxdı uşaq yuxusundan” cümləsində qalxdı sözünün mənası əvvəlki cümlədə işləndiyi mənadan əsaslı şəkildə fərqlənir. Şagirdlər təsvir olunan əşyaların cüzi (tək) forması ilə onun küllünü (cəm şəklini) fərqləndirməyi bacarmırlar. “İnsan özünü dəyərləndirməyi bacarmalıdır” cümləsində şagird anlamalıdır ki, insan sözü tək halda olsa da, o, dünyadakı bütün insanları bildirir. “İnsan” sözü bu cümlədə küllü (cəmi) bildirir. İfadəli oxunun təşkili zamanı müəllimin diqqəti məhz əşyaların, hadisələrin, obyektlərin bir-birinə bənzədilməsi ilə yaradılan obrazlı ifadələrin oxuya canlılıq gətirməsinə yönəlməlidir. İfadəli oxuya və nitqə canlılıq gətirən “O, yerindən pələng kimi sıçradı”, “Torpaq dəmir kimi qızmışdı”, “Erməni it kimi qudurmuşdu” və s. bənzərlik əlamətləri izah olunmalıdır. Onların mahiyyətinin müqayisələrlə açılması şagirdlərin təfəkkürünü hərəkətə gətirir, nitqin obrazlılığına qida verir. Müşahidələr göstərir ki, ibtidai siniflərdə şagirdlərə ifadəli oxuda mətn üzərindən bənzəyənə əsasən bənzədilənin tapılması, əşyanın bənzədilən əlamətinə digər əşyadakı bənzədilən əlamətin müəyyənləşdirilməsi, iki əşya, hadisə arasındakı əsas əlamətlərin seçilməsi üzrə praktik işlər aşılanır. İfadəli oxu materiallarındakı epitetlərin seçilməsinə, yaxud onların müstəqil tərtib olunmasına, onların əsasında cümlələrin genişləndirilməsinə, əşya və hadisələrə uyğun bir neçə epitetin tapılmasına, emosional-ekspressiv çalarlı epitetlərin izahına aid çalışmalara diqqətin artırılması obrazlı nitqin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Şagirdlər bu tipli çalışmalar əsasında öyrənirlər ki, dilin təsvir və ifadə vasitələri üzərində aparılan müxtəlif işlər ifadəli oxunun inkişafına əsaslı təkan verir. Buradan belə bir metodik müddəa meydana çıxır: ibtidai siniflərdə şagirdlərin ifadəli oxu bacarıq və vərdişlərinin, obrazlı nitqinin inkişaf etdirilməsi üzrə işlər aparılarkən dilin təsvir və ifadə vasitələri haqqındakı biliklərə əsaslanmaq lazımdır. İfadəli oxu prosesində fikrin məntiqi ardıcıllıqla təzahürünə, bu sahədə işlərin pedaqoji və psixoloji xüsusiyyətlərinə diqqət yetirilməlidir. İfadəli oxu təlimi prosesində Azərbaycanın azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərən igidlərimizin obrazları uşaqların yaddaşında qalır və onları qəhrəmanlığa sövq edir, onlarda vətən sevgisi yaranır, möhkəmlənir. Şagirdlər vətənimiz, onun təbiəti haqqında mətnlər oxuduqca onlarda tədricən vətən anlayışı yaranır və getdikcə bu anlayışın məzmunu zənginləşir. Şagirdlər vətənimizin keçmişi, xalqın qəhrəmanlıq tarixi, vətənimizin azadlığı uğrunda canından keçən igid əsgərlərimiz haqqında müxtəlif bədii əsərlər oxuyurlar. Bu əsərlərin şagirdlərdə canlı təəssüratlar yaratması isə ifadəli oxu prosesində mümkündür. İfadəli oxu təlimi şagirdlərə kitabdan necə istifadə etməyi, ondan necə bilik qazanmağı öyrədir. İfadəli oxu təlimi həm də şagirdlərə doğma ana dilini öyrətmək üçün mühüm vasitələrdən biridir. Onlar bu zaman uşaq ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olur, əsərləri ifadəli oxuyarkən Azərbaycan dilinin zənginliklərini, onun tükənməz imkanlara malik olduğunu hiss edirlər. Məhz buna görə də ifadəli oxu dərslərində şagirdlərin nitq inkişafına, onların lüğət ehtiyatlarının zənginləşdirilməsinə xüsusilə əhəmiyyət verilməlidir. Nəhayət, ifadəli oxu dərslərində şagirdlər ədəbiyyata dair ilk təsəvvür və təəssüratlar əldə edirlər. Burada onlar şifahi xalq yaradıcılığı nümunələri, klassik və müasir yazıçılarımızın əsərlərindən verilmiş parçaları oxuyurlar. Məktəblərdə ifadəli oxu təlimi dərketmə və tərbiyə vəzifələrinin dialektik vəhdəti əsasında qurulur. İfadəli oxu dərslərində tərbiyəedici təlimin müxtəlif vəzifələri həyata keçirilir. 

Nəticə / Conclusion

Beləliklə, inteqrativ mahiyyət daşıyan Azərbaycan dili fənninin ümumi məqsədi kiçik yaşlı məktəblilərdə düzgün və məntiqi nitq fəaliyyəti, ifadəli oxu bacarıqları yaratmaq və inkişaf etdirməkdən, onların idrak fəallığını və müstəqilliyini formalaşdırmaqdan ibarətdir. Düzgün, şüurlu, sürətli oxu ilə yanaşı, ifadəli oxu bacarıqları şagirdləri Azərbaycan dili üzrə zəruri biliklərə yiyələnməyə və digər fənlərin mənimsənilməsinə hazırlamağa xidmət edir, lakin təcrübə göstərir ki, bu fənn üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqlar daha çox nəzəri aspektdə olub, çox zaman praktik nitq fəaliyyəti ilə müşayiət olunmur, nəzəri və praktik nitq fəaliyyəti zəif əlaqələndirilir. Ona görə də ibtidai sinif şagirdlərinin həm yazılı, həm də şifahi nitq vərdişləri lazımi tələblərə cavab vermir. Şagirdlər ibtidai siniflərdə dil üzrə müxtəlif biliklərə yiyələnsələr də, öz nitqlərini düzgün qurmaqda çətinlik çəkirlər. Bu, onunla bağlıdır ki, müəllimlər ibtidai siniflərdə Azərbaycan dili dərslərində şagirdlərə daha çox nəzəri bilikləri mənimsətməyə çalışır və bu zaman ifadəli oxu mədəniyyətinin formalaşdırılması işini unudurlar. Bundan əlavə, ifadəli oxu üzrə işin optimal təşkili praktik əhəmiyyətə malik olan nəzəri-metodik araşdırmaların aparılmasını tələb edir. Nəticə olaraq, aşağıdakıları qeyd etmək olar. 1. İbtidai siniflərdə ana dili təliminin başlıca məqsədi şagirdlərdə hərtərəfli nitq mədəniyyətinin inkişafı məqsədi ilə dil faktları və hadisələr haqqında sadə biliklərə istinad etməklə düzgün oxu və yazı vərdişləri yaratmaqdır. Ana dili biliklərin açarıdır, vətəni sevmək və qorumaq, doğma dili sevmək və öyrənmək, bəşəri ideyalardan faydalanmaq prosesində dəyərli vasitədir. 2. İbtidai siniflərdə şagirdlərə ifadəli oxu vərdişləri aşılayarkən yadda saxlamaq lazımdır ki, ifadəli oxu ilə danışıq nitqi (nağıletmə, söyləmə) arasında ümumi cəhətlər çoxdur. İfadəli oxu zamanı oxucu bədii əsərin məzmununu, onun ideyasına uyğun olaraq, müəllifin fikrinə daha yaxın tərzdə verməyə çalışır. O, yazıçının dil və üslubunu, əsərin süjet və kompozisiya xüsusiyyətlərini saxlamaqla yanaşı, dinləyicilərə yaxşı təsir bağışlaması üçün bütün ifadəli oxu vasitələrindən – intonasiya, mimika, hərəki jestlərdən və s. istifadə edir. Mətndə təsvir olunan bütün hadisələr ifadəli oxu prosesində özünü əks etdirir. 3. İbtidai siniflərdə sintaksis elementlərinin mənimsədilməsində ifadəli oxunun mahiyyəti ondan ibarətdir ki, şagirdlərin şifahi nitqi söz, ifadə, qrammatik forma və sintaktik konstruksiyalarla zənginləşdirilsin, ünsiyyət prosesində istər monoloji, istərsə də dialoji nitq zamanı həmin dil vahidlərindən bacarıqla istifadə edə bilsinlər. İnformasiyalarla zəngin, elmi-texniki tərəqqinin son dərəcədə inkişaf etdiyi, kompüterlərdən istifadənin geniş bir şəkildə həyata keçirildiyi indiki dövrdə ibtidai təhsilin fənn kurikulumlarında nəzərdə tutulan bilik, bacarıq və vərdişlər sisteminin genişləndirilməsi, onun şagirdlərin təfəkkür inkişafının müasir səviyyəsinə uyğunlaşdırılması məqsədəuyğun bir məsələ kimi qarşıya qoyulur. Bunu Azərbaycan dilinin tədrisinə də aid etmək olar.

Məqalənin aktuallığı. Yeni təfəkkür tərzinin formalaşdığı indiki dövrdə şagirdlərin nitq mədəniyyətinə yiyələnmələri aktual problemlərdən biridir. Belə bir şəraitdə məktəbin və müəllimin üzərinə böyük məsuliyyət düşür. İbtidai siniflərdə Azərbaycan dili fənninin qarşısında duran əsas vəzifələrdən biri məhz şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək, nitq mədəniyyətinin formalaşdırılması istiqamətində iş aparmaqdır. Müəllimlər ibtidai siniflərdə Azərbaycan dili dərslərində şagirdlərə daha çox nəzəri biliklər mənimsətməyə çalışır və bu zaman ifadəli oxu mədəniyyətinin formalaşdırılması işini unudurlar. Bu istiqamətdə aparılan işlərin səmərəli olmasında şagirdlərin ifadəli oxu bacarıq və vərdişlərinə yiyələnməsinin böyük əhəmiyyəti vardır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, ifadəli oxu üzərində elmi araşdırmalar daha çox dilin şifahi deyil, yazılı qolu üzərində aparılmışdır. Bunun nəticəsi olaraq ifadəli oxu təliminin geniş öyrənilməsinə son dövrlərdən başlanılmışdır. Azərbaycan dili dərslərində ifadəli oxu şagirdlərin bir şəxsiyyət kimi formalaşmalarına, vətənə, dövlətə layiqli vətəndaş kimi böyümələrinə müsbət təsir göstərir. İfadəli oxu işinin təşkili praktik əhəmiyyətə malik olan nəzəri-metodik araşdırmaların aparılmasına zəmin yaradır.

Məqalənin praktik əhəmiyyəti. Məqalədə haqqında danışılan bütün məsələlər praktik əhəmiyyət kəsb edir və müəllimlərə müəyyən müsbət nəticələr əldə etməkdə yardım göstərir. Məqalədən ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri, bu sahə üzrə təhsil alan bakalavrlar və tədqiqatçılar faydalana bilərlər.

İstifadə edilmiş ədəbiyyat / References

1. Abbasov Ə., Cavadov A., İbadova B., Quliyeva K., Sultanova İ., Cavadova S. (2019). Kurikulum bələdçisi (izahlar və tətbiqlər). Bakı, “Elm və təhsil”, 320 s.

2. Bayramov Ə., Əlizadə Ə. (2009). Psixologiya. Bakı, “Çinar-Çap”, 620 s.

3. Cəfərova N. (2019). İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. II hissə. Bakı, ADPU, 430 s.

4. Cəfərova N. (2022). İbtidai siniflərdə strategiyalı oxu problemi. Bakı, ADPU-nun nəşriyyatı, 304 s.

5. Həsənli B., Abdullazadə N. (2015). İfadəli oxu. Bakı, “Müəllim”, 304 s.

6. Qurbanov V. (2019). Azərbaycan dili təliminin problemlərinə dair (mülahizələr və şərhlər). Bakı, “Müəllim” nəşriyyatı , 204 s.

7. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). (2010). Kurrikulum, №3, s. 117-130.

8. Zeynaloğlu C. (2017). Təlim fəaliyyətinin psixoloji prosesi. (metodik tövsiyə). Bakı, “Print-S” nəşriyyatı, 144 s.

9. Kudryavskiy D.N., Kuznetsov О.А., Khromov L.N. (1976). Bistroye chteniye. М.:“Nauka”, 48 s.