Jurnalın tədqiqatları Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

Jurnalın tədqiqatları

“Tərbiyədə hər şey uşaqlıqdan başlayır,

bəs kimin uşaqlığından...?”

 

Əgər biz istəyiriksə uşaqlar böyüyüb dünyanı “görsünlər”, həqiqəti dərk və kəşf etsinlər, o zaman ilk növbədə biz özümüz uşaqların dünyasını görməliyik, həm də bunu yubanmadan, onlar hələ kiçik ikən görməyi bacarmalıyıq. Uşaqlarımızın tərbiyəsində gecikdiyimiz hər dəqiqə onun gələcək həyatında ağır bir yük olub çiyinlərimizdən asılacaq. Məşhur pedaqogika nəzəriyyəçisi, jurnalist Simon Lvoviç Soloveyçik “Hamı üçün pedaqogika” adlı əsərində yazır: “Ailə həyatı qurmağa hazırlaşan gənclər pedaqogika ilə yaxından tanış olmalıdırlar. Tərbiyədə hər şey uşaqlıqdan başlayır, bəs kimin uşaqlığından? Mən bu suala belə cavab verərdim: valideynlərin uşaqlığından”. Bizim üçün uşaqlarımızın çox şeyi bilməsi deyil, ona lazım olan şeyləri bilməsi vacibdir. Biz övladımızın dünyasını məhz ona lazım olan şeyləri bildiyi zaman kəşf edə bilərik. Bu, olduqca əhəmiyyətlidir. Çünki bu zaman onun fikirləri və düşüncələri daha aydın görünəcək və o, özünü ifadə etməkdə çətinlik çəkməyəcək. Bağçalardan və tərbiyəçilərdən də bunu istəməliyik. Sizcə, uşaq çətinliyə düşəndə sevinirmi? Əlbəttə ki, buna “yox” cavabı verəcəyik. Elə isə onu ruhlandıran, sevindirən və xoşbəxt edən nədir, sualına cavab tapmalıyıq. Uşağı xoşbəxt etmək üçün çox şey lazım deyil: ona sevgi ilə bax, o da gülümsəyəcək. Uşaqların qəlbinə sevgi və qayğı ilə toxunduğumuzda, onlar özlərini təhlükəsiz və xoşbəxt hiss edəcəklər. Janusz Korczakın uşaq evində təşkil etdiyi uşaq hüquqları və tərbiyə prinsiplərinə uyğun qurulmuş “Sükut otağı”nı xatırladım. Bu otaq qapılarını hər kəsin üzünə açırdı, yetər ki, sən onu döyəsən və içəri daxil olandan sonra Seym tərəfindən müəyyənləşdirilmiş qaydalara riayət edəsən. Bu otağı bəzi hallarda oxu zalı da adlandırırdılar. “Sükut otağı”nda yaradılmış bütün şərait mənəvi rahatlığa xidmət edirdi. Akvariumlar, həyatda uğurlara imza atmış keçmiş məzunların fotoları, ailə rəsmləri, rəflərə səliqə ilə düzülmüş dərsliklər və bədii ədəbiyyatlar, yazı masası üzərindəki uşaq və gənclər üçün nəzərdə tutulan jurnallar, illüstrativ həftəlik qəzetlər – bütün bunlar sanki insan ruhuna rahatlıq bəxş edən bir məbəd təsiri bağışlayırdı. Bu otağa, onun sakit ruhuna qovuşmaqla uşaqlar sanki öz dərdlərindən uzaqlaşır, “Sükut otağı”nın dibçək çiçəklərindən həyatlarının ən gözəl ətrini alırdılar. “Sükut otağı”nın sakitliyi uşaqların öz dünyalarına çəkilməyə, özləri ilə baş-başa qalmağa, əzizlərinə, doğmalarına, dostlarına məktublar ünvanlamağa, həyatlarını gündəliklərinə köçürmələrinə yol açırdı. Burada uşaqlar duyğularını idarə etməyi, sakitləşməyi, emosiyalarını tənzimləməyi və öz davranışları üzərində düşünməyi öyrənirdilər. Əgər bir uşaq əsəbi, gərgin və ya aqressiv olurdusa, könüllü və ya tərbiyəçinin təklifi ilə sükut otağına gedirdi. Korczak hesab edirdi ki, uşaqlar öz hisslərini və davranışlarını başa düşməyi öyrənməlidirlər, bu isə onların gələcəkdə sağlam emosional həyat yaşamasına kömək edəcək. Bu yanaşma uşaq psixologiyasında özünü tənzimləmə (self-regulation) və emosional intellektin inkişafı baxımından çox dəyərlidir. Janusz Korczakın “Sükut otağı” yanaşması müasir uşaq psixologiyasında özünü tənzimləmə bacarıqlarının inkişafı ilə üst-üstə düşür. Harvard Universitetinin Uşaq İnkişafı Mərkəzinin (Center on the Developing Child, https://developingchild.harvard.edu/) apardığı tədqiqatlar uşaqların emosional tənzimləmə bacarıqlarının inkişafının onların ümumi rifahı üçün vacib olduğunu vurğulayır. Yale Universitetlərinin Emosional Zəkanın İnkişafı Mərkəzinin (Center for Emotional Intelligence, https://www.ycei.org/) apardığı tədqiqatlar isə göstərir ki, uşaqların sakit və təhlükəsiz bir məkanda duyğularını ifadə və idarə etməsi onların zehni və emosional sağlamlığına, akademik və sosial uğurlarına müsbət təsir edir. “Sükut otağı”nı da özlüyündə bir tərbiyə modeli hesab etmək mümkündür. Bu gün dünyanın bir sıra ölkəsində bəzi təlim-tərbiyə müəssisələri və pedaqoji mərkəzlər Korczakın yanaşmasından istifadə edərək emosional dəstək və tənzimləmə otaqları yaradırlar. Müasir inklüziv təhsildə və Montessori metodologiyasında da oxşar sakitlik küncləri və refleksiya otaqları mövcuddur. Korczakın “Sükut otağı” uşaq hüquqlarına və pedaqogikanın humanist yanaşmasına əsaslanan novator bir ideya idi və bu gün də əhəmiyyətli bir metod kimi qəbul edilir. Korczak uşaqlara fiziki və ya psixoloji cəza vermək əvəzinə, onlara öz hərəkətləri üzərində düşünməyə imkan yaradırdı. Hesab edirəm ki, müasir məktəbəqədər təhsil müəssisələrində “Sükut otağı”, yaxud ona bənzər bir yanaşmanın tətbiq olunması yaxşı olardı. Fikrimcə, “Sükut otağı” modelindən valideynlər ev şəraitində də istifadə edə bilərlər. Evdə sakit və rahat bir guşənin olması uşağın stress və gərginliklə mübarizəsinə kömək edir. Düşünürəm ki, oxucularım da gələcəkdə buna münasibət bildirəcəklər.

 

 

Məsələnin çətin tərəfi “ağ vərəq”

üzərinə yazı yazmaq ustalığına malik olmaqdır.

 

Bu gün tətbiq etdiyimiz pedaqoji yanaşmalar və texnologiyalar uzun illərin təcrübəsi və araşdırmaları nəticəsində formalaşıb. Lakin dövr dəyişdikcə, uşaqlara yanaşma da yenilənməlidir. Tərbiyəçinin elmi dünyagörüşü və peşə təcrübəsi şübhəsiz ki olmalıdır, amma onun malik olduğu dəyərlər öz mənəvi dünyasının süzgəcindən keçdikdən sonra uşağa faydalılıq (yaxud faydasızlıq) səviyyəsinə malik olur. Məşhur ingilis filosofu, “Ağ lövhə” nəzəriyyəsinin banisi Con Lokkun fikrincə “uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm ona tədriclə təsir edir və xarakteri formalaşır”. Məsələnin çətin tərəfi “ağ vərəq” üzərinə yazı yazmaq ustalığına malik olmaqdır. Elə buna görə də Deni Didro yazırdı: “Tərbiyə hər şeyə yox, çox şeyə qadirdir. “Ağ lövhə”yə yazmaq əsas şərt deyildir. Əsas şərt “Ağ lövhə”yə kim yazır, nə yazır, necə yazır və hansı alətlə yazır” – budur əsas şərt. Deni Didro demək istəyirdi ki, şəxsiyyətin inkişafı və tərbiyəsində tərbiyəçinin də rolu böyükdür. O necə tərbiyə edir, hansı üsullarla tərbiyə edr, kimi tərbiyə edir və kim tərbiyə edir - əsas məsələ budur” [İbrahimov, F., Hüseynzadə, R., “Pedaqogika”, 2012]. Əgər uşağın beyninin “ağ lövhə” olduğu fikrini qəbul ediriksə, deməli, tərbiyəçi bu lövhəyə nə yazdığının fərqində olmalıdır. Onun verdiyi bilik və aşıladığı dəyərlər uşağın gələcək həyatına birbaşa təsir edir. Bu səbəbdən, müasir pedaqogika yalnız informasiya ötürməklə kifayətlənməməli, uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq, tənqidi düşünmə, etik dəyərlər və sosial bacarıqları inkişaf etdirməyə yönəlməlidir. Beləliklə, tərbiyəçi təkcə müəllim deyil, həm də uşağın gələcəyini formalaşdıran bir memardır.

 

Valideyn də, tərbiyəçi də dərk etməlidir ki,

onların həyatında ən vacib iş  tərbiyə işidir.

Doğrudur, zaman-zaman Con Lokkun nəzəriyyəsinə qarşı çıxanlar da oldu. Məsələn, V.Q.Belinski də uşağın inkişafında irsiyyətin rolunu tam inkar edib, tərbiyənin rolunu həddən artıq şişirənləri tənqid edərək yazırdı ki, körpənin ruhu üzərində istənilən şeylər yazıla bilən “ağ lövhə” deyildir: “O elə bir toxumdur ki, ondan ağac ola bilər, elə bir imkandır ki, ondan adam ola bilər”. Palıd ağacını alma yetişdirməyə məcbur etmək olmaz, çünki, onda alma yetişdirmək imkanı yoxdur, lakin meşədə cır alma ağacını peyvənd etməklə böyük və dadlı almalar yetişdirməyə məcbur emək olar. Bununla V.Q.Belinski insanda qabiliyyətlərin inkişaf etməsi üçün müəyyən təbii imkanların müəyyən rol oynadığını göstərmişdir. [İbrahimov, F., Hüseynzadə, R., “Pedaqogika”, 2012]. Təcrübə göstərir ki, uşaqların fikir və düşüncələrinə təsir edib onları istiqamətləndirmək mümkündür və bu işin əsas ağırlığı valideynlərlə tərbiyəçilərin üzərinə düşür. Valideyn də, tərbiyəçi də dərk etməlidir ki, onların həyatında ən vacib iş tərbiyə işidir. Tərbiyə işini sabaha saxlamaq olmaz. Tərbiyə işi qəlbə təsir yoludur, bu zaman tərbiyə verənin də, tərbiyə olunanın da ürəyi təsirə məruz qalır.

 

“Uşaqlarda dəyərlərə ehtiram hissinin

formalaşdırılması sivilizasiyanın çiçəklənməsinə səbəb ola bilər”.

 

Uşağa faydalı yol göstəririksə, bu bizim özümüz üçün də faydalıdır, yox əgər onu neqativlərlə yükləyiriksə, onun üçün pis nümunə oluruqsa, biz özümüz də bunun ağır nəticəsini hiss edəcəyik – istər bu gün, istərsə də sabah. Abraham Maslonun fikirlərinə də bu məqamda diqqət yetirmək mümkündür. Görkəmli psixoloq qeyd edir ki, “uşaqlarda dəyərlərə ehtiram hissinin formalaşdırılması sivilizasiyanın çiçəklənməsinə səbəb ola bilər” [Maslou, 2019]. Dəyərlərə ehtiram yüksək insani hissidir və biz uşaqlarda bu hissin qayğısına hər zaman qalmalıyıq. Odur ki, məktəbəqədər təhsil pilləsinə yalnız təhsilə hazırlıq mərhələsi kimi deyil, ümumilikdə həyata hazırlıq kimi baxmalıyıq. Maslou isə daha dərin qatlara baş vuraraq sivilizasiyanın çiçəklənməsini insanın uşaqlıq dövrü tərbiyəsi ilə əlaqələndirir.

Qarşılıqlı münasibətlər sisteminin ürəkaçan olmadığı bir zamanda sivilizasiyaya faydalı olmaq o qədər vacibdir ki... Sağlam cəmiyyətin formalaşması üçün insanlar arasında güvən, hörmət və əməkdaşlıq mədəniyyətinin inkişafı vacibdir. Uşaqlara dəyərləri aşılamaq, onların sivil cəmiyyətə layiqli üzv kimi yetişməsini təmin edir. Çünki uşaqlar ünsiyyəti, empatiyanı və sosial dəyərləri erkən yaşlarından mənimsəyirlər. Günəş təbiətə nə qədər lazımdırsa, insanlararası münasibətlər də bir o qədər əhəmiyyətlidir, bu, bizim qəlbimizi isidir, sevgi yaradır. Bizim bu sevgimiz övladlarımıza, əgər tərbiyəçiyiksə, tərbiyə etdyimiz uşaqlara da yansıyır. Janusz Korczak “Ana məhəbbəti təbiət hadisəsidir”, yazırdı. Uşağın tərbiyəsində də ən mühüm addım məhz ana məhəbbətini hiss etdiyi andan başlanır.

 

“Bağçam”da uşaq mərkəzli yanaşma – bu necə tətbiq olunur?

 Uşaq mərkəzli yanaşmanın pedaqoji əsaslarına nəzər salaq...

Araşdırdığımız “Bağçam” uşaq bağçaları şəbəkəsinin fəlsəfəsi də, qeyd etdiyimiz kimi, uşaqların mənəvi dünyasında xoşbəxtlik duyğularının cücərməsinə yol açmaqdır. “Xoşbəxt uşaq hər zaman uğur əldə edir” prinsipinə inanmaq da özlüyündə “Bağçam”ın qurucularının uşaqların, eləcə də özlərinin mənəvi güclərinə inamlarından irəli gəlir. Bəs bu inam necə yaradılır? İlkin müşahidələrimdən biri bundan ibarətdir ki, bağçalar şəbəkəsində uşaq mərkəzli yanaşmanın tətbiqi əsas vəzifə kimi qarşıda dayanır. Bəs uşaq mərkəzli dediyimiz bu yanaşma uşağı xoşbəxt edirmi? Şübhəsiz ki, mən dəbdəbəyə deyil, mahiyyətə diqqət yetirirəm. Bu günə kimi təcrübəsini öyrəndiyim məktəblərə və müəllimlərə də belə yanaşmışam. Axtardığımın, araşdırdığımın mahiyyətində elmi əsasların dayanıb-dayanmadığını izləmişəm. “Bağçam” da bu baxımdan istisna deyil. Diqqət çəkən nüans odur ki, burada tətbiq olunan texnologiyanın əsaslandığı elmi yanaşmanı onlar ilk dəfə təcrübi olaraq həyata keçirirlər. Mənim əvvəldə də vurğuladığım kimi, biz bu yeniliyin mahiyyətindən danışacağıq. Uşaq tərbiyəsi özündə biologiyanı, fiziologiyanı, psixologiyanı, pedaqogikanı, gigiyenanı, kulturologiyanı, estetikanı birləşdirən bir elmdir. Belə olduğu halda biz təlim-tərbiyə müəssislərində hər addımımızda elmi biliklərimizə istinad etməli deyilikmi? Məncə, heç də hər yerdə bu, sadəcə mümkün deyil. Uşaqların çoxluq təşkil etdiyi mühiti nizamlamaq pedaqoji ustalıq tələb edir. İnsanın mənəvi yüksəlişinin təməli onun kiçik yaşlarında qoyulur, uşaq bu yaşlarda qayğının, sevginin, mərhəmətin, nə olduğunu anlayır və bu, onun yaddaşına yazılır.

“Bağçam”ın kollektivi uşaq mərkəzli yanaşmanı Abraham Maslou-Hovard Qardner-Pozitiv psixologiya nəzəriyyələrinə əsaslanaraq reallaşdırmaqdadır. Pedaqoji ideyalarını araşdırdığım Janusz Korczakın uşaqlara psixo-pedaqoji yanaşmalarının əsaslarını da burada görmək mümkündür. Abraham Maslou kimdir və onun “Ehtiyaclar iyerarxiyası nəzəriyyəsi”ni məktəbəqədər təhsil müəssisələrində necə tətbiq etmək olar? “Bağçam” Maslounun prinsiplərini necə reallaşdırır? Tədqiqatımızın bir hissəsini bu sualın izahına həsr edəcəyik. “Maslou tədqiqatları nəticəsində belə qənaətə gəlir ki, insan tələbatlarının öz iyerarxiyası vardır. Onlar aşağıdakı kimidir:

  • Fizioloji tələbat: yemək, içmək, yatmaq və s.
  • Təhlükəsizlik tələbatı: qayda-qanun, sabitlik və s.
  • Məhəbbət və mənsub olma tələbatı: ailəyə, dosta və s.
  • Hörmət edilmə tələbatı: qəbul olunmaq, özünəhörmət və s.
  • Özünüfəallaşdırma tələbatı: qabiliyyətlərin inkişaf etdirilməsi” [R.Əliyev, 2006].

Maslounun hazırladığı “Ehtiyaclar iyerarxiyası” nəzəriyyəsi bütün yaşlarda olan insanlar üçün keçərlidir, çünki onun tədqiqatlara əsasən müəyyənləşdirdiyi ehtiyaclar hamı üçün zəruridir. Kiçik yaşlı uşaqlar üçün onun aktuallığı bir qədər də artıqdır. Formalaşmaqda olan idrakın ehtiyacları daha çoxdur. Fizioloji tələbat əbəs yerə birinci yerdə göstərilməyib, çünki onlar insanın sağ qalması üçün ən vacib və təməl ehtiyaclarıdır. Kiçik yaşlı uşaqlar üçün fiziki ehtiyaclar qida, su, münasib temperatur, hava qəbulu, təmiz gigiyenik mühit, ev, uşağın özünə məxsus olan məkan, istirahət və yuxu və s. ilə müəyyənləşir. “Bağçam”da əsas diqqət uşağın özünü ev mühitindəki kimi rahat hiss etməsidir. Uşaq evdə oluğu kimi, bağçada da özünü rahat, təminatlı və təhlükəsizlikdə hiss etməlidir.  Maslouya görə, insanın davranışı və motivasiyası mərhələli şəkildə formalaşır. Əgər fizioloji ehtiyaclar ödənilməzsə, insanın diqqəti yalnız onların təmin olunmasına yönələcək və daha yüksək səviyyəli ehtiyacları (təhlükəsizlik, sosial münasibətlər, hörmət və özünü reallaşdırma) arxa plana keçəcək. Məsələn, aclıq içində olan bir insan üçün şəxsi inkişaf və ya sosial münasibətlər ikinci dərəcəli olacaq, çünki onun əsas məqsədi əvvəlcə qida tapmaqdır. Bu konsepsiyanı biologiya və psixologiya ilə də əlaqələndirmək mümkündür. Bioloji baxımdan, insanın sinir sistemi və beyin funksiyaları enerji mənbəyi olan qida və suya bağlıdır. Orqanizm kifayət qədər enerji almazsa, beynin ali funksiyaları zəifləyir və insan yalnız həyati ehtiyaclarını təmin etməyə yönəlir. Janusz Korczak “Qonaq evinin uşaqları” adlı povestində yazırdı: “Uşaqları fiziki və mənəvi sağlamlığa qovuşdurmaq mümkündür. Bunun üçün müalicəyə körpə yaşlardan başlamaq lazımdır”. Onun pedaqoji fəlsəfəsinə görə, uşaq yalnız qorunduğu və sevildiyi mühitdə sağlam inkişaf edə bilər. Belə bir yanaşma müasir məktəbəqədər təhsil sisteminin əsas istiqamətlərindən biri olmalıdır.

“Bağçam”da uşaqların sağlam və rahat

böyümələri üçün fizioloji tələbatları onların

fundamental ehtiyacları kimi nəzərə alınır.

Hesab edilir ki, uşaqların yaşlarına uyğun balanslı qidalanması təmin olunmalıdır. Vitamin və minerallarla zəngin olan menyu vacib şərtdir. Yemək rejiminin sabit və nizamlı olması diqqətdən yayınmamalıdır.

Uşaqların gün ərzində kifayət qədər su içməsi üçün şərait yaradılmalı, rahat yuxu saatları, fəal oyunlardan sonra onların istirahəti təmin olunmalıdır. Uşaqlara şəxsi gigiyena qaydalarına əməl etmələri üçün dəstək göstərilməlidir. Əllərin yuyulması vərdişi təlqin edilməlidir. Sanitar qovşaqlar və yuyunma yerlərinin təmizliyi və təhlükəsizliyi gözlənilməlidir. Uşaqların təmiz havada kifayət qədər vaxt keçirməsi, açıq havada oyunlar və fiziki fəaliyyətlər təşkil olunmalıdır. Bağça otaqları mütəmadi olaraq havalandırılmalıdır. “Bağçam”ın qurucusu Rasif Dünyamalıyev uşaqların fiziki ehtiyaclarının ödənilməsinin onlarda bir sıra mühüm keyfiyyətlərin formalaşmasına yol açdığını vurğulayır. Vasif Dünyamalıyevin söylədiklərini aşağıdakı kimi ümumiləşdirə bilərik: düzgün qidalanma, gigiyena və açıq havada vaxt keçirmək uşaqların immun sistemini gücləndirir. Aktiv oyunlar, idman məşğələləri uşaqların əzələ inkişafını və koordinasiyasını artırır. Sağlam qida və istirahət vərdişləri bədənin xəstəliklərə qarşı müqavimətini yüksəldir. Gigiyena və qidalanma ilə bağlı vərdişlər uşaqlarda müstəqillik hissini gücləndirir. Sağlam və enerjili olmaq uşaqlarda psixoloji rahatlıq hissi yaradır və onların sosial münasibətlərini yaxşılaşdırır. Öz qidalarını seçmək, gigiyenik qaydalara riayət etmək və aktiv olmaq balacaların qərarvermə qabiliyyətlərini inkişaf etdirir. Kifayət qədər yuxu, balanslı qidalanma və fiziki aktivlik beynin inkişafını sürətləndirir. Fiziki fəaliyyət emosional gərginliyi azaldır və xoşbəxtlik hormonu (endorfin) ifrazını artırır. Rahat yuxu və nizamlı həyat tərzi emosional balans yaradır. Oyun meydançasında və idman tədbirlərində iştirak etmək uşaqlara birlikdə işləməyi və dostluq etməyi öyrədir. Onlar birgə fəaliyyətlər zamanı başqalarını dinləməyi və qayğı göstərməyi öyrənirlər. Rahat və sağlam mühitdə böyüyən uşaqlar öz fikirlərini daha açıq və sərbəst ifadə edə bilirlər. Qidalanma, istirahət və fəaliyyət planının müəyyən olunması nizam-intizam hissi formalaşdırır. Öz şəxsi gigiyenasına, qidalanmasına və əşyalarına qayğı göstərmək məsuliyyət hissini inkişaf etdirir. Fiziki məşqlər və oyunlar səbirli olmağı və məqsədlərinə çatmaq üçün çalışqanlıq göstərməyi öyrədir.

Ardı var...