Jurnalın tədqiqatları Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

Jurnalın tədqiqatları

Uşaq özünü ifadə edə-edə böyüyür

 – “Bağçam”da bunu əyani görmək mümkündür

 

Əsas amillərdən biri ondan ibarətdir ki, uşaq bağçada sərbəst hərəkət imkanlarına malik olsun. Bu, uşaqda istər-istəməz azadlıq hissləri yaradacaq, ona rahat nəfəs almağa imkan verəcək. Daxilindəki azadlıq duyğuları onda sərbəst özünüifadə hissi formalaşdıracaq. Bunu uşağın ən vacib ehtiyacları silsiləsindən hesab edə bilərik. Uşaq özünü ifadə edə-edə böyüyür, böyüdükcə özünü daha mükəmməl ifadə etməyi öyrənir. Bu elə bir özünüifadədir ki, onun yanlışlıqları doğrularından daha çoxdur. Əgər böyüklər özünüifadənin qarşısını alsalar, deməli uşağın böyüməsinin, bununla da dərketməsinin qarşısında ciddi maneə yaradırlar. Uşağın özünüifadəsi üçün istər ailədə, istərsə də bağçada eyni yanaşma sərgilənməlidir. Uşaq evdə onun sərbəstliyinə bir cür, bağçada isə başqa cür yanaşma görərsə, bu, onun düşüncəsində təzadların yaranmasına yol açacaq, kimin doğru, kimin yanlış olduğunun fərqinə vara bilməyəcək, çaşqınlıq içində qalmağa məcbur olacaq. Əgər biz uşaqlara geniş meydan vermək və onların özünüifadəsinə şərait yaratmaq istəyiriksə, bunun üçün təbiət ən gözəl məkandır. Fizioloqlar və pediatrlar valideynlərə hər zaman xəbərdarlıq edirlər ki, açıq havada vaxt keçirmək və oyun oynamaq uşaqlar üçün yalnız fiziki deyil, psixi cəhətdən də faydalıdır. Bu zaman uşaqlarda özünəinam və özünəhörmət hissi də güclənir – cəmiyyət həm fiziki, həm də psixi cəhətdən daha sağlam uşaqlara malik olur. Skandinaviya ölkələrində əsası qoyulmuş “Meşə məktəbləri”nə diqqət yönəltmək istərdim. “Meşə məktəbləri”nin fəlsəfəsi uşaqların qarşısında geniş yaradıcılıq imkanları açmaq, təbiətə sevgi oyatmaqdır. Burada Yan Amos Komenskini xatırlamaq yerinə düşər. Komenskinin pedaqogikası təbiətəmüvafiqlik pedaqogikası adlandırılır. Onun fikrincə, insan təbiətin bir hissəsi olduğundan onun tərbiyəsi də, təlimi də təbiətin qaydalarına tabe olmalıdır. “Təbiət hər yerdə bizə nümunə göstərir. O, təbiəti müəllim hesab edir və Siseronun “...əgər bir rəhbər kimi təbiətin arxasınca getsək, heç zaman azmarıq” – fikrinə haqq qazandırır. Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğundan onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını təbii olaraq təbiətdən götürməlidir”. Rasif müəllimlə söhbətimiz zamanı onun bu məsələyə nə qədər ürəklə yanaşdığını hiss etdim. Həyətdəki uşaq meydançasına baxıb gülümsəyərək dedi: “Burada biz uşaqların təbiətlə doğmalığını, onun nəfəsini hiss etməsini təmin edə bilərik”. Doğrudan da, təbiətlə təmas təkcə fiziki sağlamlıq deyil, uşağın ruhu, dünyagörüşü, insanlarla münasibəti üçün də möcüzələr yaradır. “Uşaq təbiətin qoynunda böyüyür,” – deyə Rasif Dünyamalıyev vurğulayır və əlavə edir: “Baxın, meydançaya yayılan bu uşaq gülüşlərini dinləyin, bu saf sevinci hiss edin... Bu, sözlə ifadə edilə bilməyəcək bir xoşbəxtlik tablosudur!"

İnsan tərbiyə işini təbiətdən

ayırdığı zaman nə baş verir?

İnsan tərbiyə işini təbiətdən ayırdığı zaman öz prinsiplərinin, öz ruhunun ziddinə getmiş olur. Bir halda ki, kiçik yaşlı uşaqların təbiətlə həmahəng şəkildə təlim-tərbiyə almasının vacibliyindən bəhs edirik, o zaman məktəbəqədər təhsil sisteminin yaradıcısı, pedaqoq və məktəbəqədər təhsil nəzəriyyəçisi Fridrix Fröbelin fikirlərindən yan keşə bilmərik. Fröbel yaratdığı təhsil müəssisəsini “uşaq bağçası”, orada çalışan müəllimləri isə “bağbanlar” adlandırmaqla müəyyən bir məqsədə nail olmağa çalışırdı. O qeyd edirdi ki, uşağın təbiətlə ünsiyyət qurması onun tərbiyəsində mühüm şərtdir. Uşaqlar çiçəklər kimidirlər, qayğıya ehtiyac duyurlar, onlara daim diqqət göstərilməli, onların ahəngdar inkişafı üçün müvafiq şərait yaradılmalıdır.  Məktəbəqədər təhsil müəssisələri ailələri əvəz etmək üçün deyil, uşaqların tərbiyəsində və inkişafında analara kömək etmək üçündür. Analar uşaqlarla psixoloji cəhətdən necə davranmaq lazım olduğunu məktəbəqədər müəssisənin tərbiyəçi-müəllimlərindən öyrənə bilərlər. Məktəbəqədər təhsil müəssisəsinin vəzifəsi azad, müstəqil, özünə inamlı insan yetişdirməkdir. F.Fröbel uşaq bağçasının uşaqların sevinc yeri olmasını istəyirdi. (Müasir dövrdə bizim ən böyük problemlərimizdən biri buna nail ola bilməməyimizdir. Bunun başılaca səbəbi odur ki, uşağın ruhunu görə, arzu və istəklərini duya bilmirik.). Fröbelin bağçalarında tərbiyəçilərin işinin əsas məqsədi uşaqların təbii qabiliyyətlərini inkişaf etdirmək idi. Tərbiyə prosesində bu, mühüm amildir. “Bağçam”da müşahidə etdiyim peşəkar yanaşmalardan biri məhz budur. Hələlik bu yanaşmanın uşaq mərkəzli yanaşma ilə reallaşdırılmasından bəhs edirik. 

 

“Uşaq bağçaları üçün tərbiyəçi-müəllimlər

 və dayələr xüsusi hazırlıq keçməlidirlər”.

Təlim-tərbiyə işi bağça ilə ailənin qarşılıqlı əməkdaşlığına əsaslandıqda, qarşıya çıxan fikir ayrılıqları eyni yanaşma ilə aradan qaldırıldıqda uşağın təlim-tərbiyəsində arzulanan nəticənin əldə olunmasına daha böyük inam yaranır. Bağça ailənin başladığı tərbiyə işini davam etdirdiyi kimi, ailə də bağçanın tərbiyə işinə adekvat cavab verməlidir. F.Fröbel hesab edirdi ki, uşaq bağçaları üçün tərbiyəçi-müəllimlər və dayələr xüsusi hazırlıq keçməlidirlər. Uşağa məhəbbəti, xoş xasiyyəti, mənəvi saflığı ilə seçilən qadınlar, pedaqoqlar Fröbelin yaratdığı kurslara qəbul edilirdilər. Artıq o dövrdə başa düşülürdü ki, azyaşlı uşaqları tərbiyə etmək və onların inkişafına nail olmaq üçün pedaqoqun xüsusi biliklərinə və xüsusi peşəkar bacarıqlarına ehtiyac var.    

     

“Bağçam”da da tətbiq olunan

uşaq mərkəzli yanaşma nədir?

Uşaq mərkəzli yanaşmanın əsasında uşağı sevmək dayanır. “Bağçam”ın təhlil edəcəyimiz əsas konseptual yanaşmalarından biri məhz budur. Uşaq mərkəzli yanaşma, tədris və tərbiyə prosesində uşağın maraqlarını, ehtiyaclarını, arzularını, istəklərini, inkişaf xüsusiyyətlərini, ümumiyyətlə, onun ruhi-mənəvi halını, “məni”ni, şəxsiyyətini, ünsiyyət istəklərini, dünyagörüşünü, hiss və dərk etdiklərini nəzərə alıb, buna müvafiq yanaşma sərgiləyən pedaqoji konsepsiyadır. Biz uşaq mərkəzli konsepsiyanı tətbiq etməklə, uşağın təbii böyüməsinə yol açırıq, ona öz yolu ilə getməyi öyrədirik. Bu, “Bağçam” bağçalar şəbəkəsinin əsas pedaqoji fəlsəfəsidir. Bu zaman uşaq orijinal xüsusiyyətlərlə böyüyəcək, onu sevdiyimizi hiss edəcək. Sevgi onun ürəyini riqqətə gətirəcək, həyatını mənalandıracaq. Uşağın dünyasını mənalandıra da bilərik, qaranlığa qərq də edə bilərik. Sevgi uşağın bütün hisslərini qidalandırır. Uşağın ruhuna bir kəlmə ilə toxunmaq mümkündür. Bu, sevgini ifadə edən kəlmədir.

Korczakla bağlı tədqiqatlarıma bu məqamda da müraciət etmək istərdim. Çünki böyük pedaqoqun yaradıcılığının təməlində məhz uşaq mərkəzli yanaşma dayanır. Korczak uşaq haqlarının vacibliyini bəşəriyyətin mühüm bir dəyəri kimi təqdim edirdi. O, hələ uşaq dünyaya gəlmədən, ana bətnində ikən onun hüquqlarının müdafiəsinə qalxırdı. Korczak ən böyük sevginin təbiətdən gəldiyini, ən böyük sevginin təbii sevgi olduğunu qənaətini aşılayır, uşaqların ana-atalar tərəfindən dünyaya gəlmədən məhv edilməsinin yanlış addım olduğunu vurğulayırdı. O, uşağın bügünkü hüququnu, uşağın olduğu kimi görünmək hüququnu, uşağın sevmək hüququnu, uşağın tanınmaq hüququnu, uşağın inkişafı və böyüməsi üçün optimal şərait hüququnu, uşağın yaşamaq hüququnu, uşağın səhv etmək hüququnu, uşağın təriflənmək və olduğu kimi qəbul edilmək hüququnu, uşağın şəxsi mülkiyyətinə hörmət gözləmək hüququnu, uşağın təhsil almaq hüququnu, uşağın məhkəmədə müdafiə olunmaq hüququnu onun şəxsi, mənəvi, əqli, fiziki inkişafının əsas müddəaları kimi irəli sürərkən məhz uşaq mərkəzli yanaşmanın vacibliyini diqqət mərkəzinə gətirirdi. Korczak uşağı ona olan sevgi ilə bütövləşdirirdi. Hesab edirdi ki, sevgi olmasa uşaq natamam olacaq, o, bu natamamlıqla böyüyəcək və bu onun həyatında mənfi iz buraxacaq. Öz şəxsiyyətinə hörmət görən uşaq öz təbii halında inkişaf edir. Kənar neqativ müdaxilələr onun təbiətini “korlayır”. Həyat da, təbiət də belədir, müdaxilələr olduğu təqdirdə nizamı pozulur və bir daha bərpa olunmur. Uşaq öz təbiətindən ayrılmadan böyüməlidir. Çinar yuxarıya doğru inkişaf edir, onu eninə böyüməyə məcbur etsək əcaib bir ağac yaranacaq. “Sammerhill” məktəbinin yaradıcısı Aleksander Nill yazır: “Uşağa bəxş olunan sevinc, sevgi, gülüş, ona oyun, hobbilərini həyata keçirmək, rəqs etmək, musiqi dinləmək üçün yaradılan şərait, şəfqət və inam hissinin formalaşdırılması onu həyat dolu bir insana çevirir. Uşağı öz gücünüz və hakimiyyətiniz altında saxlamaqla, onun bütün həyat eşqini öldürəcəksiniz” [https://mel.fm/].

Sevgi və inam

təhlükəsiz mühit yaradır

Onu sevin – bu, tərbiyənin ən əsas prinsipidir. Valideynin və tərbiyəçinin bütün davranışları məhz bu təməl sevgi üzərində qurulur. Ana övladına sevgisini hələ bətnində ikən ötürür, ata isə saçını tumarlayaraq qəlbinin hərarətini ona bəxş edir. Tərbiyəçi ilə uşaq arasında yaranan sevgi isə inam, qayğı, hörmət və emosional bağlılıq kimi dərin duyğular üzərində inşa olunur. Sevgi və inam uşaqlar üçün təhlükəsiz və rahat bir mühit yaradır. Bu duyğular onları valideynlərinə və tərbiyəçilərinə bağlayan görünməz, lakin möhkəm körpüdür. Lakin unutmayaq ki, sevgi və qayğı uşağı yalnız o zaman xoşbəxt edir ki, o, bu hisslərin səmimiliyinə tam əmin olsun. Bəlkə elə düşünərsiniz ki, saxta təbəssüm və süni sevgi ilə onu inandıra bilərsiniz? Əsla! Bu, mümkün deyil. Uşaqlar hisslərimizi duyur və onlara göstərdiyimiz münasibətin gerçəkliyini dərhal anlayırlar. Onlarla aramızda həqiqi sevgi hakim olduğu zaman tərbiyə işini doğru istiqamətə yönəltmək mümkündür.

Uşaqlara olan münasibətimizi dəyişmək – onların həyatını dəyişmək deməkdir. Bizim davranışlarımız, sözlərimiz və hisslərimiz onların zehnində silinməz izlər buraxır, inkişaflarına dərin təsir göstərir. Bu təsir o qədər güclüdür ki, uşaq onu ömür boyu unutmur və bu, onun gələcək həyat yolunu müəyyənləşdirə bilər. Məhz buna görə də tərbiyəçilərin əxlaqı və mədəniyyəti bizi daim düşündürməlidir.

Bəzən yaxşı tərbiyəçiliyi ali təhsillə əlaqələndiririk, lakin bu, yanlış yanaşmadır. Tərbiyəçinin mənəvi hazırlığı, əxlaqı, mədəni səviyyəsi və ümumilikdə insaniliyi onun diplomundan daha yüksəkdə dayanan keyfiyyətlərdir. Biz tərbiyəçiləri qiymətləndirərkən və seçərkən məhz bu amili ön plana çəkməliyik. Bacarıq, insanın mənəvi dəyərinin ölçüsü ola bilməz. Tərbiyə işində birinci yerdə mənəvi keyfiyyətlər dayanmalıdır, bundan sonra digər məsələlərə baxmaq olar.

Bu məqamda yenə də tədqiqatçısı olduğum Janusz Korczakın fikirlərini nümunə kimi qeyd etmək istərdim. “Uşaq tərbiyəsi ilə məşğul olan hər kəs peşəkar hazırlıqla yanaşı, ruhi-mənəvi hazırlığa da malik olmalıdır. Özünə tənqidi yanaşmağı bacarmalıdır. Ruhən tərbiyə işinə hazır olmamaq uşaqları təhlükəyə atmaq deməkdir. Tərbiyəçi bir həqiqəti dərk etməlidir ki, o, bir insanın – bir uşağın – cəmiyyətin – eləcə də kollektivin həyat həqiqətlərini dərketməsinin təməllərini qoyur. Buna görə də onun özünün həyatı anlaması onun peşəkar və mənəvi inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Uşaq tərbiyəçinin pedaqoji təcrübəsini zənginləşdirir, onun dünyagörüşünə, hisslərinə təsir edir. Tərbiyəçi öz işini uşağın öyrənmə, bilmə, anlama ehtiyacları üzərində qurmalıdır. Laqeydliyi uşağın tərbiyəsində problemlərə yol aça bilər. O, buna imkan verməməlidir”.