Məktəbəqədər və ibtidai təhsildə rəqəmsal texnologiyalar:
yeni çağırışlar və imkanlar
Rəqəmsal texnologiyalar son illərdə təhsil sahəsində mühüm rol oynamağa başlamışdır. Xüsusilə Koronavirus (COVID-19) pandemiyası dövründə və sonrasında bu texnologiyaların əhəmiyyəti daha da artmışdır. Pandemiya, ənənəvi tədris metodlarının məhdudiyyətlərini üzə çıxararaq, rəqəmsal vasitələrin təhsildə tətbiqinin zəruriliyini göstərdi. UNESCO-nun 2023-cü ildə yayımladığı hesabatlara görə, qlobal səviyyədə şagirdlərin təxminən 70%-i tədris prosesində müəyyən rəqəmsal vasitələrdən istifadə edir. Bu rəqəm, xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksəkdir, çünki inkişaf etmiş təhsil sistemləri rəqəmsallaşmanı təşviq edir və dəstəkləyir [UNESCO, 2020]. Dünya Bankının məlumatlarına əsasən, təhsildə rəqəmsal texnologiyaların tətbiqi təhsil resurslarının əlçatanlığını və şagirdlərin təhsil nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Azərbaycanda da təhsilin rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Xüsusilə, COVID-19 pandemiyası dövründə onlayn təhsil sistemlərinə olan ehtiyac ölkədə rəqəmsal platformaların inkişafını zəruri etmişdir. Bu kontekstdə 2020-ci il aprelin 2-də Təhsil Nazirliyi tərəfindən istifadəyə verilən "Virtual Məktəb" platforması rəqəmsal təhsil imkanlarını genişləndirməyə xidmət etmişdir. 2021-ci ilə olan statistikaya görə, platformada 1,4 milyondan çox şagird qeydiyyatdan keçmiş, 1,2 milyondan artıq aktiv istifadəçi olmuşdur. Bu fakt müəllim və şagirdlərin rəqəmsal tədrisə inteqrasiyasının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bununla yanaşı, "Virtual Məktəb" platforması valideynlər üçün də əhəmiyyətli imkanlar yaratmışdır. Valideynlər övladlarının dərsə davamiyyəti, ev tapşırıqları və ümumi fəallıqları haqqında real vaxtda məlumat alma imkanı qazanmış, bu da məktəb-valideyn əməkdaşlığını gücləndirmişdir. Platforma, həmçinin, müəllimlərin interaktiv tədris üsullarından istifadə etməsinə və tədrisin fərdiləşdirilməsinə şərait yaratmışdır. Pandemiya dövründə bir sıra sahələrin fəaliyyətini yalnız rəqəmsal bacarıqların hesabına qismən aktiv saxlamaq mümkün oldu. İş, təhsil, səhiyyə və müxtəlif xidmət sahələri insanların rəqəmsal bacarıqları və mövcud internet alətlərindən istifadə hesabına virtual mühitdə davam etdi. Bu gün şagird və müəllimlər üçün elektron tədris portallarından istifadə və dərslərin "Microsoft Teams", "Zoom" və digər tətbiqlər vasitəsilə davam etdirilməsi heç bir çətinlik yaratmır. Bu çox ciddi uğurdur. Nəticə etibarilə, rəqəmsal texnologiyaların təhsildə rolu pandemiya ilə birlikdə daha da önəmli hala gəlmişdir. Bu texnologiyalar təhsilin davamlılığını təmin etməklə yanaşı, tədris prosesinin keyfiyyətini artırmaq üçün də geniş imkanlar təqdim edir [Teledərslər və virtual məktəb, 2020].
Rəqəmsal texnologiyaların təhsildə artan rolu ilə bağlı bir sıra elmi tədqiqatlar mövcuddur. Məsələn, Azərbaycan Elm Mərkəzinin yayımladığı bir məqalədə rəqəmsal texnologiyaların təhsil sistemindəki rolu müasir kontekstdə sistemli şəkildə araşdırılır. Məqalədə qeyd olunur ki, rəqəmsal alətlərdən düzgün istifadə tələbələrin öyrənmə tempini və tərzini nəzərə alaraq, onlara fərdi yanaşma təmin edir. Müəllimlər isə analitik platformalar vasitəsilə tələbələrin akademik irəliləyişini izləyir, onların potensialını tam açmağa şərait yaradır. Bundan əlavə, pandemiya dövründə təhsil və təlim internet vasitəsilə davam etdirilirdi ki, bu da rəqəmsal texnologiyaların təhsildə əhəmiyyətini bir daha göstərdi. "Respublika" qəzetində dərc olunan məqalədə qeyd olunur ki, dünyada rəqəmsallaşma həyatı, bütünlüklə əhatə edərək irəliləyir və gələcəkdə rəqəmsal savadlılığa yiyələnə bilməyən fərdlər təhsildə və digər sahələrdə problemlərlə üzləşəcəklər. Bu tədqiqatlar göstərir ki, rəqəmsal texnologiyaların təhsildə tətbiqi tələbələrin fərdi öyrənmə ehtiyaclarına uyğunlaşma və tədris prosesinin effektivliyini artırma baxımından mühüm əhəmiyyət kəsb edir.
Məktəbəqədər və ibtidai təhsilin texnologiyalarla zənginləşdirilməsi, erkən yaşlarda öyrənmə prosesinin daha maraqlı, interaktiv və effektiv hala gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Erkən yaşlarda uşaqların təhsili onların beyin inkişafı, dil bacarıqları, problem həlletmə qabiliyyəti və sosial davranışlarının formalaşmasında həlledici rol oynayır. Bu mərhələdə texnologiyaların düzgün istifadə olunması uşaqların təhsil və inkişaf prosesini daha keyfiyyətli edə bilər. Texnologiyalarla zənginləşdirilmənin vacibliyinin əsas səbəblərindən biri interaktiv öyrənmə mühiti yaratmasıdır. Texnologiyalar, xüsusilə rəqəmsal oyunlar və interaktiv proqramlar, uşaqların marağını artırır və təlim prosesini əyləncəli hala gətirir. İnteraktiv metodlarla uşaqlar öz öyrənmə tempini seçə bilər, bu da onların daha yaxşı nəticələr əldə etməsinə kömək edir. Məsələn, məktəbəqədər dövrdə rəngləri, formaları və hərfləri öyrədən interaktiv tətbiqlər uşaqların əzbərləmək əvəzinə tətbiq etmə yolu ilə öyrənməsini təmin edir. Bundan əlavə, ənənəvi tədris sistemində resurs çatışmazlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərirdisə, rəqəmsal texnologiyalar isə şagirdlərə müxtəlif dərs materialları təqdim etmək, elektron dərsliklər, videodərslər və onlayn platformalar vasitəsilə müxtəlif mövzularda zəngin materiallara çıxış imkanı verir [OECD, 2021].
Texnologiyalar fərdi öyrənmə yanaşmasını təmin edir. Məktəbəqədər və ibtidai təhsildə hər bir uşağın öyrənmə tərzi və sürəti fərqli olduğundan, rəqəmsal texnologiyalar bu fərqliliyi nəzərə alaraq fərdi təlim planları qurmağa kömək edir. Məsələn, xüsusi ehtiyacları olan uşaqlar üçün hazırlanan xüsusi proqramlar onların öyrənmə prosesinə müsbət təsir göstərir. Bu da, öz növbəsində, inklüzivliyi təmin edir.
Texnologiyalar erkən rəqəmsal savadlılığın formalaşdırılmasına imkan yaradır. Müasir dövrdə rəqəmsal savadlılıq həyati bacarıqlardan birinə çevrilib. Məktəbəqədər yaşlardan başlayaraq uşaqlara texnologiyadan səmərəli və təhlükəsiz istifadə öyrədilməsi onların gələcək təhsil və peşə həyatında rəqabət qabiliyyətli olmalarına zəmin yaradır.
Valideynlərin təhsil prosesində iştirakına şərait yaradır: Texnologiyalar vasitəsilə müəllimlər tədris materiallarını daha təsirli və müxtəlif formada təqdim edə bilər. Valideynlər isə uşaqların evdə təhsilində bu vasitələrdən istifadə edərək daha fəal iştirak edə bilərlər. Buna misal olaraq yeni istifadəyə verilmiş Rəqəmsal Məktəb platformasını nümunə göstərə bilərik. Belə ki, bu platforma valideynlərə övladlarının təhsil fəaliyyətini real vaxtda izləmək imkanı yaradır. Valideynlər şagirdin dərs cədvəlini, ev tapşırıqlarını, qiymətlərini və müəllimlərin qeydlərini görə bilir, eyni zamanda valideyn-müəllim əlaqəsini gücləndirərək, tədris prosesində aktiv iştirakı təmin edir.
Texnologiyalar yalnız fərdi öyrənməni deyil, həmçinin kollektiv iş və sosial bacarıqların inkişafını təşviq edir: məsələn, komanda ilə oynanılan öyrədici oyunlar uşaqların həm rəqəmsal, həm də sosial bacarıqlarını inkişaf etdirir.
Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilmiş və bu dəyişiklik təhsil sahəsində də öz təsirini göstərmişdir. Məktəbəqədər və ibtidai təhsil pilləsində rəqəmsal texnologiyaların tətbiqi, uşaqların erkən yaşlardan müasir bilik və bacarıqlarla tanış olmasına şərait yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi pandemiya dövründə bu texnologiyaların əhəmiyyəti daha da artmış və distant təhsil prosesinin təşkilində mühüm rol oynamışdır. Rəqəmsal texnologiyalar təkcə bir ehtiyac deyil, eyni zamanda təhsildə fərdi yanaşmanı və inklüzivliyi təmin edən, müəllimlərin və şagirdlərin potensialını tam açmağa imkan verən bir alətdir. Lakin rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, bəzi çağırışlar və risklər də meydana çıxmışdır. Rəqəmsal texnologiyaların tətbiqi zamanı əsas problemlərdən biri bərabərsizlikdir. Bəzi ailələr texnoloji vasitələrə və internetə çıxış imkanından məhrumdur. Dünya Bankının hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə uşaqların 40%-i rəqəmsal tədris imkanlarından kənarda qalır [World Bank, 2021]. Məktəbəqədər və ibtidai təhsil texnologiyalarla zənginləşdirildikdə uşaqların öyrənmə prosesi daha keyfiyyətli, əyləncəli və fərdi ehtiyaclara uyğun olur. Bununla belə, texnologiyaların istifadəsi zamanı müvafiq strategiyalar işlənib hazırlanmalı və uşaqların fiziki, emosional və sosial sağlamlığı diqqətdə saxlanılmalıdır. Onların uzun müddət ekran qarşısında qalması fiziki və psixoloji problemlərə səbəb ola bilər. Rəqəmsal texnologiyalardan həddən artıq istifadə uşaqlarda göz yorğunluğu, baş ağrısı, yuxu problemləri və duruş pozğunluqlarına səbəb olur. Buna görə də texnologiyalar yalnız tədrisi dəstəkləyən vasitə kimi istifadə edilməli və əsas diqqət uşaqların hərtərəfli inkişafına yönəldilməlidir. Dünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, 5 yaşdan kiçik uşaqların ekran vaxtı gündə maksimum 1 saat olmalıdır. Texnologiyaların həddindən artıq istifadəsi sosial bacarıqların zəifləməsinə gətirib çıxara, eyni zamanda, ekran asılılığı uşaqlarda psixoloji problemlərə, diqqət dağınıqlığına və emosional gərginliyə yol aça bilər. Stanford Universitetinin apardığı tədqiqatlara görə, texnologiyalardan həddindən artıq istifadə edən uşaqlarda empatiya və ünsiyyət bacarıqları zəifləyə bilər [World Health Organization, 2019].
Uşaqların internetə çıxışı onların kibertəhlükələrə məruz qalmalarına səbəb ola bilər. Uyğun olmayan məzmunlar, kiberzorakılıq, fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması kimi risklər azyaşlı uşaqlar üçün böyük təhlükə yaradır. Norton Security-nin araşdırmasına görə, uşaqların 60%-i internet təhlükəsizliyi ilə bağlı kifayət qədər məlumatlı deyil. Texnologiyaların istifadəsi balanslı şəkildə təşkil edilməli, şagirdlərin ekran qarşısında keçirdiyi vaxt məhdudlaşdırılmalıdır. Valideynlər və müəllimlər üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlimlər keçirilməli, texnologiyalara çıxışı olmayan ailələr üçün dəstəkləyici proqramlar hazırlanmalıdır. Şagirdlərin dərslərə marağını artırmaq üçün interaktiv və oyunlaşdırılmış tədris metodlarından istifadə olunmalıdır [Norton Security, 2022].
Rəqəmsal texnologiyalar məktəbəqədər və ibtidai təhsildə böyük imkanlar yaradır. Onlar təhsilin keyfiyyətini artırır, fərdi yanaşmanı təmin edir və şagirdlərin öyrənmə prosesini daha maraqlı edir. Lakin bu texnologiyalardan düzgün istifadə olunmadıqda, müxtəlif problemlər və çağırışlar ortaya çıxa bilər. Bu səbəbdən balanslı və şüurlu yanaşma texnologiyaların faydalılığını maksimum səviyyəyə çatdırmaq üçün əsas şərtdir. Texnologiyalardan səmərəli və təhlükəsiz istifadənin təmin edilməsi üçün müəllimlər, valideynlər və təhsil müəssisələri birlikdə çalışmalı, uşaqların inkişafını hərtərəfli dəstəkləməlidirlər.
Məqalənin hazırlanmasında aşağıdakı mənbələrdən istifadə olunub:
1. World Bank. (2021). Digital Technologies in Education: Challenges and Opportunities. Retrieved from www.worldbank.org
2. World Health Organization (WHO). (2019). Guidelines on Physical Activity, Sedentary Behaviour and Sleep for Children Under 5 Years of Age. Geneva: WHO Press.
3. Stanford University Research. (2020). The Impact of Digital Learning on Children's Social Skills. Stanford, CA: Stanford University Press.
4. Norton Security. (2022). Children and Cybersecurity: Risks and Protective Measures. Retrieved from www.norton.com
5. OECD (Organization for Economic Co-operation and Development). (2021). Teaching in the Digital Age: Skills and Competencies for the Future. Paris: OECD Publishing.
6. UNESCO. (2020). The Role of Digital Technologies in Education: A Global Perspective. Paris: UNESCO.
7. 2019-2020-ci tədris ili -Teledərslər və virtual məktəb: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Əldə edilib: https://edu.gov.az/az/news-and-updates/18489