KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN ŞƏXSİYYƏT KİMİ FORMALAŞDIRILMASINDA AİLƏ İLƏ MƏKTƏBİN BİRGƏ İŞİ Lalə Əbilova ADMİU-nun nəzdində Humanitar Kollecin müəllimi, BDU-nun dissertantı

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN ŞƏXSİYYƏT KİMİ FORMALAŞDIRILMASINDA AİLƏ İLƏ MƏKTƏBİN BİRGƏ İŞİ

Annotasiya. Məqalədə qeyd olunur ki, müasir həyatın sürətli inkişafını nəzərə alaraq, bu gün məktəbin vəzifəsi yalnız uşaqlara öyrənməyi öyrətmək deyil, həm də ailə tərbiyəsinin vacibliyini nəzərə alaraq, vahid təhsil və tərbiyə prizmasından çıxış etmək üçün valideynləri də buna cəlb etməkdir. Məktəbdə müəllimlərin valideynlərlə qarşılıqlı əlaqəsi yalnız fikir, təcrübə mübadiləsini nəzərdə tutmur, həm də valideynlərin pedaqoji mədəniyyətinin yüksəldilməsinə yönəlmişdir. Buna görə də hər bir müəllim öz işində uşaqlarla, onların valideynləri ilə işləmək üçün yeni, effektiv yanaşmalar axtarır ki, bu da kiçik yaşlı məktəblinin tərbiyəsi, şəxsiyyətinin formalaşmasının müsbət tərəflərini maksimum dərəcədə artırmağa və mənfi cəhətləri minimuma endirməyə imkan verir. Şagird şəxsiyyətinin formalaşması üçün ailə ilə məktəbin birlikdə əməkdaşlıq etməsi bu gün təhsil sisteminin inkişaf prioritetlərindən biridir. Kiçik yaşlı şagirdlərin təlim və tərbiyəsi prosesində valideynlərlə birgə fəaliyyət pedaqoji işin düzgün qurulmasına təsir edir. Bu işdə qarşılıqlı əlaqə, tələblərdə vahidlik prinsiplərinin gözlənilməsinə, müntəzəm, ardıcıl və planlı fəaliyyətin aparılmasına ehtiyac var, çünki ailənin və məktəbin qarşısında duran məqsəd və vəzifələr eynidir: hərtərəfli inkişaf etmiş, öz vətənini dərin məhəbbətlə sevən insan tərbiyə etmək.

Açar sözlər: şagird şəxsiyyətinin formalaşdırılması, təlim-tərbiyə, valideyn-müəllim əməkdaşlığı, ailə ilə məktəbin birgə işi, prioritet vəzifələr.

Giriş / Introduction

Müasir dövrdə həyatın bütün sahələrində, o cümlədən təhsildə baş verən dəyişikliklər insanda sosial istiqaməti formalaşdırmaq, baş verən dəyişikliklərə uyğun reaksiya vermək, yeni şəraitdə özünütənzimləmə, özünütəyinetmə, özünütəsdiq kimi xüsusiyyətləri aşkara çıxarmaq üçün vacibdir. Bununla əlaqədar istənilən səciyyəvi tədris müəssisəsi, sosial dəyişikliklərdən asılı olmadan, sosial inkişafa uyğun müstəqillik və təşəbbüs göstərməyə hazır olan yaradıcı şəxsiyyətə istiqamətlənməlidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2013-cü il, 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlara həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması məsələləri əks olunur :“...təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərində əldə edildiyinə görə, uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur” [Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası., 2013]. İnkişafın təbiət və cəmiyyətdə baş verdiyini, tərəqqi ilə səciyyələndiyini göstərən R.N.Mursaqulova, N.M.Rüstəmova qeyd edirlər: “İnkişaf dedikdə, fiziki, psixi və sosial inkişaf nəzərdə tutulur. İnkişaf uşaqlarda anadan olduğu gündən əmələ gələn kəmiyyət və keyfiyyət dəyişiklikləridir” [Mursaqulova R. Rüstəmova N., 2012]. İnsanın fiziki, əqli, anatomik inkişafı yaşla bağlıdır. Hər bir yaş dövrünün özünə xas fiziki, psixi, sosial inkişaf mərhələləri var. “İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Şəxsiyyətin formalaşması kiçik məktəb yaşı dövründə olduqca nəzərəçarpacaq dərəcədə baş verir. Kiçik məktəb yaşlı uşağın ilk dəfə sosial əhəmiyyətli, sosial dəyərli təhsil fəaliyyəti ilə məşğul olmağa başladığı, həyatın xüsusi dövrüdür” [Qolovey L.A., 2016]. Ailədə və cəmiyyətdə insan şəxsiyyətinin yeni keyfiyyətlərlə formalaşdırılması zərurəti yaranır. Ona görə də hazırda böyüməkdə olan nəslin yeni maraqlar, qabiliyyətlər, bacarıqlar, dəyərlər əsasında inkişafı problemi aktuallaşmışdır. Uşaqlar valideyn diqqətinə, qayğısına həmişə möhtacdırlar. Bu baxımdan, valideynlərin savadlı, yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə malik olmaları əsas məsələlərdəndir. Müasir məktəb üzərinə düşən əsas vəzifəni – ailənin, cəmiyyətin və dövlətin maraqlarına uyğun olaraq zəruri biliklər, həLalə Əbilova. Kiçik yaşlı məktəblilərin şəxsiyyət kimi formalaşdırılmasında ailə ilə məktəbin birgə işi 52 yati bacarıqlar, əxlaqi-mənəvi dəyərlər zəminində tərbiyə alan vətəndaş yetişdirmək vəzifəsini yerinə yetirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında qadın hüququ və qadınların övlad tərbiyəsində rolu geniş şəkildə açıqlanmışdır. Konstitusiyanın 17-ci maddəsində göstərilir: “Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir” [Azərbaycan Respublikasının Konstitusiyası.,1997]. Ailə uşağın şəxsiyyətinin inkişafına təsir edən fundamental sosial-psixoloji amildir. Uşaq ailədəki tərbiyə çərçivəsində nə qazanırsa, onu bütün həyatı boyu özündə saxlayır.

Əsas hissə / Main part

Ailə uşağa onun gələcəkdə rəhbər tutacağı müxtəlif davranış modellərini təqdim edir, onun şəxsiyyətinin formalaşmasına, düşüncələr, hisslər, arzular dünyasına, tərbiyəsinə həlledici təsir göstərir. Xüsusi sosial mühit kimi özünəməxsus qayda və davranış normalarına malik olan ailə uşağın gələcək həyatı üçün nümunədir. Uşaq məhz ailədə insanların hərəkətlərinə ilk reaksiyasını görür, mənəvi-əxlaqi dəyərlərə, mədəni ənənələrə, təcrübəyə və əxlaq normalarına yiyələnir, həyatın mənzərəsini seyr edir. Uşaqlıq dövründə alınan təəssüratlar çox vaxt insanın gələcək işini, həyat tərzini müəyyənləşdirir, lakin qeyd etmək yerinə düşər ki, uşağın şəxsiyyətinin inkişafına son dərəcə müsbət təsir göstərən ailədə belə, tərbiyə bir sıra amillərdən asılıdır ki, onların əsasında sevgi, inam və qarşılıqlı anlaşma dayanır. Ailədə baş verən münaqişələr uşağın şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir. Belə uşaqlar həmyaşıdları ilə və böyüklərlə ünsiyyətdə çətinliklərlə üzləşirlər. Professor Y.Ş.Kərimov yazır: “Hər bir uşaq tədqiq olunmalı qapalı bir aləmdir. Uşaqda qapalı olan cəhətləri görmək və nəzərə almaq hər bir valideynin borcudur. Uşağı öyrənmək dedikdə, onun marağını, meylini, əyləncə və qabiliyyətini, əqli inkişafını öyrənmədən, ardıcıl izləmədən onu tərbiyə etmək olmaz. “Uşağı bütün münasibətlərdə tərbiyə etmək üçün onu bütün istiqamətlərdə öyrənmək lazımdır”. Belə yanaşma tərbiyəçi və valideynlərin qarşısında ciddi vəzifələr qoyur. Uşağı sevmək azdır, onu tanımaq son dərəcə vacibdir. Hər bir insan, o cümlədən uşaq təkrarolunmazdır. Uşaqların hər birində özünəməxsus xüsusiyyət və qabiliyyətlər var. Bu qabiliyyətləri vaxtında aşkara çıxarıb inkişaf etdirmək lazımdır” [Kərimov Y., 2002]. Uşağın şəxsiyyətinin formalaşmasında ailənin rolu problemi bu gün də aktual olaraq qalır. Bir çox pedaqoq və psixoloqların əsərləri bu problemin öyrənilməsinə həsr edilmişdir. Ailə mühitinin və əhatəsində olan böyüklərin uşağa göstərdiyi təsir onun əqlinin inkişafında çox böyük rol oynayır. Ona görə də valideynlərlə iş prosesində uşaqların əqli inkişafı məsələsinə diqqət yetirilməsi məqsədəuyğundur. Valideynlər öz uşaqlarının əqli qabiliyyətləri haqqında müəllimdən məlumat alır və uşağı hərtərəfli inkişaf etdirmək məqsədi ilə müəllimlə əməkdaşlıq edirlər. Valideynlər indi daha çox uşaqların təhsilinə maraq göstərir, uşaqları istiqamətləndirməyə çalışırlar. Bu baxımdan, valideyn-məktəb münasibətlərinin düzgün qurulması məsələsinə diqqət daha da artmışdır. Müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur, lakin yalnız ailə və məktəb mühitinin düzgün təşkil olunması kifayət etmir. Müşahidələr göstərir ki, yaşadığı məhəllədə, küçədə dostluq etdiyi yoldaşlarının əxlaqı da kiçikyaşlı uşaqlara güclü təsir edir. Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəşt edilməsi, bəzi hərəkət və davranışlarında onlara sərbəstlik verilməsi yaxşı nəticələnmir. Şagird şəxsiyyətinin formalaşması üçün ailə ilə məktəbin birgə əməkdaşlığı bu gün təhsil sisteminin inkişaf prioritetlərindəndir. Professor Y.Ş. Kərimov insanın şəxsiyyət kimi formalaşmasında onun fəallığının mühüm rol oynadığını qeyd edərək, şəxsiyyətin tamlığında üç əsas cəhəti fərqləndirməyin mümkünlüyünü göstərir. “1) Fəallıq idraka, ətraf aləmdəki dəyişikliklərə, insanın oz təbiətinin dəyişməsinə, psixi həyat tərzində baş verən hadisələrin korrektəsinə, özünütərbiyəyə yönəlmiş çoxtərəfli fəaliyyətdə özünü göstərir. 2) Şəxsiyyətin imkanları onun öz fəaliyyətində nail olduğu müvəffəqiyyətlərin psixoloji şərtlərini (xüsusi qabiliyyətlərini) əhatə edir. 3) Şəxsiyyətin davranış üslubu psixoloji xüsusiyyətləri (temperament və xarakter) əhatə edir. Fəallıq ətraf aləmlə qarşılıqlı münasibətlər prosesində meydana çıxır” [Kərimov Y., 2010]. Təcrübə göstərir ki, məktəbdə kiçikyaşlıların təlim və tərbiyəsi prosesində valideynlərlə əlbir fəaliyyət işin düzgün qurulmasına təsir edir. Bu işdə qarşılıqlı əlaqə, tələblərdə vahidlik, müntəzəm, ardıcıl, planlı fəaliyyətin aparılmasına ehtiyac var, çünki ailə və məktəbin qarşısında duran məqsəd və vəzifələr eynidir. Məktəb ilə ailənin birgə işi, müəllim və valideyn əməkdaşlığı müxtəlif formalarda həyata keçirilir. Valideynlərin məktəbə gəlmələri, təlim prosesində iştirak etmələri çox vacibdir, çünki bu zaman valideyn evdə uşağının görmədiyi xarakter xüsusiyyətlərini dərs prosesində və yoldaşları ilə ünsiyyətdə görür. Valideynin müəllimlərdən məsləhətlər alması, valideyn iclaslarında iştirak etməsi onun sinfin ümumi vəziyyəti, müəllim-şagird münasibətləri ilə daha yaxından Lalə Əbilova. Kiçik yaşlı məktəblilərin şəxsiyyət kimi formalaşdırılmasında ailə ilə məktəbin birgə işi 54 tanış olmasına səbəb olur. Hər iki tərəfin təlim-tərbiyə məsələlərində birlikdə, həvəslə və məqsədyönlü iştirak etməsi məsləhətdir. Təcrübə göstərir ki, təlim-tərbiyə prosesində mənimsənilən bilik və bacarıqlar, ilk növbədə, ailədə möhkəmləndirilir. Belə qarşılıqlı əməkdaşlıq uşağın dünyagörüşünün formalaşmasına, əqli fəaliyyətinin zənginləşməsinə, özünəinamın yaranmasına təsir göstərir. Bu baxımdan, valideynlərin məktəbdə keçirilən bütün kütləvi tədbirlərdə, təlim-tərbiyə prosesində, problemlərin həllində iştirak etməyə cəlb edilmələri vacib məsələlərdəndir. Müşahidələr göstərir ki, məktəbin valideynlərlə əməkdaşlığı vacibdir, çünki uşağın təlim-tərbiyəsində yalnız məktəb valideynlərə real pedaqoji kömək göstərə bilər. Valideynlərdə təhsil prosesi haqqında vahid anlayışın formalaşdırılması, onların müxtəlif formalarda tədris prosesinin təşkilinə cəlb edilmələri üçün ictimai işin lazımi səviyyədə təşkili əsas məsələlərdəndir. Sinif rəhbərinin fəaliyyət proqramı valideynlərlə birlikdə yaradılır. Bu proqram əsasında onların övladları tərbiyə alırlar və bu baxımdan proqram hazırlanarkən valideynlərin istək və tələblərinin də nəzərə alınması vacibdir. Yeni təhsil paradiqması valideynləri təhsil prosesinin subyekti elan edir. Bu da onların övladlarının təhsil və tərbiyəsinin keyfiyyətinə görə məsuliyyət daşımaları deməkdir. Bəzi valideynlər pedaqoji özünütəhsil sahəsində fəal şəkildə çalışır, müasir təhsil prosesinin mahiyyətini, məktəbin təhsil və tərbiyə proqramlarının xüsusiyyətlərini anlamağa çalışırlar. Valideynlərin artan pedaqoji səriştəliliyi onların psixoloji və pedaqoji təhsilinin uğurlarından danışmağa imkan verir. Geniş istifadə olunan mədəni əməkdaşlıq növləri – valideyn iclasları, müəllimlər və psixoloqlar tərəfindən valideynlərə verilən məsləhətlər bu günün məzmununa görə keyfiyyətcə yeni səviyyəyə çatır: – valideynlərin məktəblə birgə təhsil fəaliyyətinə cəlb edilmələri; – valideynlərin hüquqi maarifləndirilmələri; – ailə tərbiyəsində valideynlərə kömək; – valideynlərin məktəbə maddi yardım göstərmələri; – məktəblə birlikdə uşaqların sosial müdafiəsinin təşkili; – ailədə və məktəbdə uşağın sağlam həyat tərzinin təşkili. Ailəni öyrənmək üçün sinif rəhbərinin tərtib etdiyi anketin valideynlərlə söhbət zamanı doldurulması məqsədəuyğundur. Valideynlər və şagirdlər arasında keçirilən sorğu əsasında təhsil konsepsiyasının vətəndaş və vətənpərvərlik tərbiyəsi, profilaktik iş proqramlarının, məktəbin valideyn komitəsi və onun işi haqqında əsasnamənin hazırlanması mühüm problemlərdir. Valideynlərlə işin ən səmərəli forması sinfin xüsusiyyətlərindən, şagirdlərin yaşından, valideyn kontingentindən asılı olaraq ayda və ya rübdə bir dəfə keçirilən valideyn iclasıdır. Valideynlərlə əməkdaşlıq şagirdin şəxsi keyfiyyətlərini yaxşılaşdırmağa, onların təlim-tərbiyəsinin səmərəli təşkilinə kömək edir. Mədəni, yüksək əxlaqlı, yaradıcı və sosial cəhətdən yetkin bir insan yetişdirmək üçün müəllim və valideynlərin müttəfiq kimi çıxış etmələri, öz xeyirxahlığını, təcrübəsini, biliklərini uşaqlarla bölüşmələri zəruridir. Ona görə də sinif rəhbəri uşaq kollektivi ilə işləyərkən, ilk növbədə, şagirdlərin valideynləri ilə əməkdaşlıq etməli və ünsiyyət qurmalıdır. Bu baxımdan, valideynlərin uşaqların təlim-tərbiyə problemləri ilə bağlı ciddi və məqsədyönlü şəkildə maarifləndirilmələri çox əlverişlidir. Valideynlərin maarifləndirilməsi şagirdlərin təlim-tərbiyə işlərində səmərəli nəticələr əldə etmələrinə səbəb olur. Müəllim, şagirdlər və valideynlərin birgə fəaliyyəti sinfin təhsil sisteminin unikal modelini hazırlamağa imkan verir. Sinfin tərbiyə sistemində əsas məsələ müvafiq mənəvi-psixoloji ab-havanın, yaradıcı mühitin, xeyirxah münasibətlərin yaradılmasıdır. Bütün bunlar hər bir şagirdin, bütövlükdə kollektiv münasibətlərin inkişafına, həyat mövqeyinin, həyata münasibətin formalaşmasına kömək edir. V.A.Suxomlinski vaxtilə yazmışdı: “Qoy uşaq şagird olarkən dünən nə isə, bu gün də onu davam etdirsin. Qoy yeniliklər onun həyatında tədricən özünü göstərsin və təəssürat seli ilə heyrətləndirməsin” [Sukhomlinskiy V.A., 1972]. Bu arzu indi yalnız peşəkar pedaqoqların deyil, həm də valideynlərin böyük bir qisminin arzuları ilə üst-üstə düşür. Uşağın şəxsiyyət kimi formalaşdırılması və inkişafı üçün onun ailədə özünü sakit, açıq, emosional olaraq azad, müdafiə olunmuş hiss etməsi çox vacibdir, çünki ailə tərbiyəsi gündəlik həyatın pedaqogikasıdır, davam edən təcrübədir, yaradıcılıqdır. Ailə pedaqogikası gündəlik həyatda insan şəxsiyyətinin formalaşmasını həyata keçirir. Ailə ilə məktəbin birgə işi bu nəcib məqsədin yerinə yetirilməsinə yalnız kömək edir. Bunun üçün aşağıda göstərilən iş formalarından istifadə olunması vacibdir: 1) Valideynlərlə iş iki istiqamətdə aparılır – valideynlərin psixoloji və pedaqoji biliklərinin artırılması və onların təhsil prosesinə cəlb edilməsi. 2) Əməkdaşlıq ideyası bütün işlərdə aydın şəkildə həyata keçirilir, uşaqların həyatının zənginləşməsinə töhfələr verir, uşaq kollektivində əlverişli mənəvi-psixoloji mühitin formalaşmasına kömək edir, müəllim – şagird, müəllim – valideyn, şagird – valideyn münasibətlərini möhkəmləndirir və inkişaf etdirir. 3) Müəllimin riayət etdiyi əsas dəyərlər bunlardır: təhsil, məqsədyönlülük, demokratiya, zəka, müsbət davranış, qanunlara əməl etmək. Valideynlərdən ibarət təşəbbüs qrupu tədris prosesində müxtəlif yardımlar göstərir. Bütün sinif kollektiv şəkildə məktəb tərəfindən keçirilən bütün bayramlarda və xeyriyyə tədbirlərində iştirak edir. Bundan əlavə, aşağıdakı iş formaları tətbiq olunur: a) konfranslar (uşaqların tərbiyəsi ilə bağlı biliklərin genişləndirilməsi, dərinləşdirilməsi və möhkəmləndirilməsini təmin edir); b) məktəbin tərbiyə işi sistemində valideyn konfransları (ümumməktəb, sinif) (Valideyn konfranslarında uşaqların fəal üzvlərinə çevriləcəyi cəmiyyətin aktual problemləri müzakirə olunur. Valideyn-uşaq münaqişələri və onlardan çıxış yolları, narkomaniya, hüquqi maarifləndirmə, ailədə cinsi maarifləndirmə – bunlar valideyn konfranslarının mövzularıdır). 4)Valideyn konfransları psixoloq, sosial pedaqoq və tibb işçisinin iştirakı ilə keçirilir. Onların vəzifəsi problemlərlə bağlı sosioloji, psixoloji tədqiqatlar aparmaq, onların nəticələri ilə konfrans iştirakçılarını tanış etməkdir. Bu konfransda müxtəlif mövzularda söhbətlərin, məsələn, “Yeniyetməlik və onun xüsusiyyətləri”, “Yeniyetməlik dövrünün mümkün böhranları (psixoloji)”, “Uşağınıza “yox” deməyi öyrədin” və s. aparılması məsləhətdir. Həmçinin yeniyetmələr arasında hüquq pozuntuları, onların qarşısının alınması ilə bağlı məlumatlar verilir, söhbətlər aparılır. Valideynlərin özlərinin də bu konfransların fəal iştirakçısı olmaları lazımdır. Onların problemin təhlilini öz təcrübələri nöqteyi-nəzərindən hazırlamaları əsas məsələlərdəndir. Konfransın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada müəyyən qərarlar qəbul edilir və ya qeyd olunan problemlə bağlı fəaliyyət istiqamətləri müəyyənləşdirilir. 5) Açıq dərslər (məqsəd valideynləri müəyyən fənn üzrə yeni proqramlar, tədris metodları və müəllimlərin tələbləri ilə tanış etməkdir). Problemlərin qarşısını almaq üçün valideynlər imtahana hazırlıq zamanı dərslərdə iştirak etməli və müəllimlər onları testlərin nəticələri ilə tanış etməlidirlər. Belə dərslər valideynlərin təlim fəaliyyətinin xüsusiyyətlərini bilməmələri, yaxud başa düşməmələri nəticəsində yaranan bir çox münaqişələrin qarşısını alır. 6) Fərdi tematik məsləhətləşmələr (məktəb işləri və uşağın davranışı, problemləri haqqında real təsəvvür yaradan məlumat mübadiləsi). Fərdi məsləhətləşmələr sinif rəhbəri ilə ailə arasında qarşılıqlı əlaqənin ən mühüm formalarından biridir. Bu, müəllimin yeni mövzunu izah etdiyi zaman, xüsusilə lazımdır. Valideynlərin narahatlığını, övladı haqqında danışmaq qorxusunu aradan qaldırmaq üçün onlarla fərdi məsləhətləşmələr – müsahibələr aparmaq lazımdır. Məsləhətləşmələrə hazırlaşarkən cavabları sinifdə tərbiyə işinin planlaşdırılmasına kömək edən bir sıra suallar əsasında müəyyən etmək məqsədəuyğundur. Fərdi məsləhətləşmələr araşdırma xarakterli olmalı və valideynlərlə müəllim arasında əlaqə yaratmağa kömək etməlidir. Sinif müəllimi valideynlərə qeyri-rəsmi şəraitdə müəllimə təqdim etmək istədikləri hər şeyi söyləmək və uşaqla peşəkar iş aparmaq üçün aşağıdakı vacib məlumatları tapmaq imkanı verməlidir: – uşağın sağlamlıq vəziyyəti haqqında məlumat;  – uşağın maraq və istəkləri; – uşağın ailə ilə ünsiyyətində olan əsas çətinliklər; – uşağın davranış reaksiyaları; – uşağın xarakter xüsusiyyətləri; – uşağın öyrənmə motivasiyası; – ailənin mənəvi dəyərləri. 7) Ailəyə baş çəkmək (müəllimin valideynlərlə fərdi işi, ailənin məişət şəraiti ilə tanış olması, uşağın davranışı və əməksevərliyi ilə bağlı müşahidə gündəliyinin aparılması.) 8) Valideyn oxularının təşkil olunması valideynlərlə işin çox maraqlı formasıdır. Bu, valideynlərə yalnız müəllimlərin mühazirələrini dinləmək deyil, həm də problemə dair ədəbiyyatı öyrənmək və onun müzakirəsində iştirak etmək imkanı verir. Valideyn oxularını belə təşkil etmək mümkündür: dərs ilinin əvvəlində keçirilən ilk iclasda valideynlər onları daha çox narahat edən uşaqların təlim-tərbiyəsi, psixologiyası məsələlərini müəyyənləşdirirlər, məsələn, “Yeniyetmənin cinsi tərbiyəsi”, “Uşağın yaddaş problemləri”, “Yaddaşı necə inkişaf etdirmək olar?” və s. Sinif rəhbəri məlumat toplayır və təhlil edir. Valideynlərin suallarına cavab ala biləcəkləri ədəbiyyatlar seçilir. Onlar tövsiyə olunan ədəbiyyatları oxuyur və sonra valideyn oxularında kitablardan aldıqları məlumatlardan istifadə edirlər. Valideyn mütaliələrinin bir xüsusiyyəti də ondan ibarətdir ki, valideynlər əsəri təhlil edərkən problemlə bağlı öz anlayışlarını ifadə etməli və onun həllinə yanaşmalarını dəyişməlidirlər. Həm ənənəvi, həm də qeyri-ənənəvi üsullar, sinif rəhbəri ilə valideynlər arasında qarşılıqlı əlaqə formaları, qarşıya bir ümumi məqsəd qoyur – gənc nəsli xoşbəxt etmək, müasir mədəni həyata daxil olmaq. 9) Valideyn iclasları. Sinif valideyn iclasları rübdə bir dəfə keçirilir, zəruri hallarda daha tez-tez keçirilə bilər. Mövzular sinifdə tərbiyə işinin vəzifələrinin müzakirəsi, tərbiyə işinin planlaşdırılması, ailə ilə məktəb arasında sıx əməkdaşlıq yollarının müəyyən edilməsi, aktual pedaqoji problemlərin nəzərdən keçirilməsi və s. ola bilər. Valideynlərlə aparılan işlərdə, ilk növbədə, məktəblilərin dərslərini hazırlamaları üçün evdə zəruri şəraitin yaradılması, habelə ailədə onların davranışlarına və gün rejiminə riayət edilməsinə diqqət yetirilməlidir.Bəzən valideynlər şagirdlərin texniki yaradıcılıq sahəsində tələbatlarının ödənilməsinə lazımi diqqət yetirmir, iş guşələrinin yaradılmasında onlara kömək etmirlər. Bütün bunlar, təbii ki, valideynlərlə müvafiq işin aparılmasını tələb edir. Müəllim valideynlərlə birlikdə uşaqların təlim-tərbiyəsində, davranışında olan çatışmazlıqların səbəblərini təhlil edir, onların aradan qaldırılması yollarını göstərir. “Valideynlərlə fərdi iş çox vacibdir. Müəllimlər fərdi yardım göstərməkdə və valideynlərə təsir göstərməkdə lazımi pedaqoji taktikalardan istifadə etməlidirlər” [Kulikova T.А.,1999]. Məktəblə ailənin ünsiyyət formalarından biri də şagirdlərlə sinifdənkənar tərbiyə işinin aparılmasında valideynlərin köməyinin təşkil olunmasıdır. Məktəbdə valideynlərin maarifləndirici fəaliyyəti şagirdlərlə söhbətlər, təqdimatlar və mühazirələr şəklində həyata keçirilir. Onlar məktəbliləri elm və texnikanın inkişafı, insanların istehsalat uğurları ilə tanış etməyə çalışırlar. Bu çıxışların mövzuları tibb, incəsənət məsələləri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən hekayələrdən və s. götürülür. Ailə uşağın ilkin sosiallaşmasını həyata keçirir. Uşaqlarla valideynlər arasında fiziki, emosional və sosial-psixoloji ünsiyyət, əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. “Ailədə uşağın şəxsiyyətinin inkişafına fərdi yanaşma reallığa çevrilir. Yaşlıların uşağa həssas və diqqətli münasibəti bizə onun qabiliyyətlərini dərhal müəyyən etməyə, maraq və meyillərini dəstəkləməyə imkan verir” [Мudrik А., 2001]. Valideyn iclasları onların maarifləndirilməsi işini həyata keçirir. Valideyn iclaslarında sinfin və valideyn kollektivinin həyatındakı problemlər, şagirdlərin təlim nailiyyətləri müzakirə olunur. Valideynlərlə görüş uşağın əldə etdiyi uğuru nümayiş etdirmək üçün bir fürsətdir. İclasda söhbət şagirdlərin qiymətlərindən deyil, biliklərin keyfiyyətindən, idrak və mənəvi motivasiyaya uyğun gələn intellektual səylərin dərəcəsindən getməlidir. İclasda müxtəlif mövzularda söhbətlər aparmaq lazımdır. Bunlara misal olaraq “Bu gün bizim hansı nailiyyətlərimiz var?”, “Yeniyetmələrə peşə seçimində kömək göstərilməsi” və s. göstərmək olar. Hər bir şagirdin nailiyyətlərinin toplandığı portfolio var ki, şagirdin fəaliyyəti haqqında bütün məlumatlar burada öz əksini tapır. Valideynlərlə təşkil olunan iclas və toplantılarda şagirdlərin əl işlərindən, onların təlim-tərbiyə və dərsdənkənar fəaliyyətlərində əldə etdikləri nailiyyətlərdən ibarət sərgilər də hazırlanır. Bəzi valideynlər yalnız dərslərdə deyil, həm də məktəb tədbirlərində fəal iştirak edirlər. Bu tədbirlərə bayram şənliklərini, konsertləri, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Analar hər şey edə bilər” müsabiqəsini, ekskursiyaları və s. daxil etmək olar. Valideynlər bu tədbirlərdə, xüsusən də görməli yerlərə səyahət və ekskursiyaların təşkilində fəal iştirak edirlər. İdman tədbirlərinin keçirilməsində də valideynlərin iştirakı məqsədəuyğundur. İdman tədbirlərinə “Maneələr yolu”, “Sağlamlıq günləri”, “Ata, ana, mən – biz idman ailəsiyik!”, estafet yarışları və s. aiddir. Valideynlərin fəal iştirakı ilə fənn həftələrinin, “İlin şagirdi” müsabiqəsinin keçirilməsi də məqsədə müvafiqdir. Bütün bunlar valideynlərin öz övladlarını daha yaxından tanımalarına, onların maraqlarının, istedadlarının bilinməyən tərəflərini kəşf etmələrinə imkan verir. Valideynlərin köməyi ilə sinif rəhbərinin məktəbdənkənar işlərin məzmununu daha da genişləndirməsi, valideynlərin iştirakı ilə konfransların keçirilməsi də mümkündür. Valideyn iclaslarının təşkil olunmasında aşağıda göstərilən tövsiyələrə əməl olunması vacib məsələlərdəndir: – valideyn iclaslarında valideynlər maarifləndirilməlidirlər, onlara uşaqlarının səhvləri, uğursuzluqları və ya uğurları haqqında danışılmamalıdır; – iclasın mövzusu uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır; – görüşlərin mövzuları həm nəzəri, həm də praktik aspektdə olmalıdır: vəziyyətin təhlili, təlimlər, müzakirələr və s.; – iclasda şagirdlərin şəxsiyyəti müzakirə olunmamalıdır. Valideynlərin maarifləndirilməsi üçün, əsasən aşağıdakı mövzular ətrafında müzakirələr aparılmalıdır: “Uşaq oxumaq istəmirsə, ona necə kömək etmək olar?”,“Uşağın yaddaşı zəifdirsə, onu necə inkişaf etdirmək olar?”, “Uşaqların təhsilində ortaya çıxan çətinliklərin aradan qaldırılması yolları”, “Uşağı cəzalandırmaq olarmı? Cəza necə olmalıdır?”, “Uşaqlarda utancaqlıq problemi və onun aradan qaldırılması yolları”, “Ailədə kobudluq və anlaşılmazlıq problemləri”, “Ailədə istedadlı uşaq var”, “Uşaqlar və onların dostları”, “Uşaqla ünsiyyət problemləri”. Valideyn iclası sinif rəhbərinin şagirdin ailəsi ilə işinin ən mühüm forması, tədris prosesinin səmərəliliyinin artırılması vasitəsidir. Aşağıdakı istiqamətlər üzrə valideyn iclaslarının keçirilməsi məsləhətdir: – təşkilati fəaliyyət; – məlumat və təhsil fəaliyyəti; – yaradıcı istiqamət; – sağlam ailə, sağlam həyat tərzinin təbliği. Uşaqlar həyatda bunları öyrənirlər: – uşaq tolerantlıq şəraitində böyüyərsə, başqalarını başa düşməyi öyrənir; – uşaq təriflənirsə, o, nəcib olmağı öyrənir; – uşaq təhlükəsiz şəraitdə böyüyərsə, insanlara inanmağı öyrənir; – uşaq hamı tərəfindən dəstəklənirsə, özünə dəyər verməyi öyrənir; – uşaq anlayış və dostluq şəraitində yaşayırsa, hörmət etməyi, sevməyi öyrənir. Təhsil səviyyəsi yüksək olan müəssisələrdə valideynlərin məktəb həyatında iştirakı daha mənalı və fəal olur, çünki keyfiyyətli təhsil valideynlərin təhsil müəssisəsinə inamını artırır, onlarda təhsil xidmətlərinə olan tələblərin həyata keçirilməsinə inam yaranır. Təhsil müəssisələri şəraitində ailələrin təhsil səviyyəsi, sosial vəziyyəti, maddi rifahı baxımından diferensiallaşdırılması istiqamətində yaranan tendensiya məktəbdə təhsil prosesinin inkişafına dəstəkdir, çünki valideynlərin kifayət qədər yüksək təhsil səviyyəsi onları məktəbdə təhsil sisteminin inkişafına cəlb etməyə imkan verir. Beləliklə, sinif rəhbərinin vəzifəsi valideynləri uşaqların inkişafı üçün təhsil prosesinə cəlb etmək və prosesdə fəal iştirak etmələrinə şərait yaratmaqdır. Bunun üçün vahid təhsil məkanı – valideyn-uşaq-müəllim üçbucağı yaradılmalı və təhsil prosesinin iştirakçıları kimi valideynlərin iştirakı daha da fəallaşdırılmalıdır.

Nəticə / Conclusion

Deyilənləri ümumiləşdirdikdən sonra belə nəticə hasil olur ki, cəmiyyətin sağlam şəkildə formalaşması və inkişaf etməsi ailədən başlayır. Uşağın inkişafında, şəxsiyyətinin formalaşmasında valideynin övladına olan münasibət müxtəlif ailə modellərində özünü göstərir. Bu baxımdan, ailə və məktəb, uşağın maraqlarına uyğun olaraq, onun təhsili və inkişafı üçün məsuliyyəti bölüşməlidir. Məktəb-ailə münasibətlərinin əlaqələndirilməsi sahəsində aparılan işlər sırasında mühazirələr, “açıq qapı” günləri, disputlar və s. tədbirlər də mühüm rol oynayır. Valideynlər daim təlim-tərbiyə prosesində iştirak etməli, övladlarının parlaq gələcəyi naminə məktəblə müntəzəm əlaqə saxlamalıdırlar. Onlar məktəbin ictimai həyatında, onun idarəetmə işlərində iştirak etməklə problemlərlə yaxından tanış olur və bu problemlərin həllində maraqlı tərəf kimi iştirak etməyə çalışırlar. Məktəbə qəbul olunmuş şagird onu narahat edən bir sıra problemlərlə qarşılaşmalı olur. O, artıq məktəbəqədər dövrdə olduğu kimi davranmamalıdır. Şagirdlər üçün nəzərdə tutulmuş qaydalara əməl etməli, tənəffüslərdə həmişə sinfə vaxtında daxil olub, vaxtında çıxmalı, dərsdə sakit oturmalı, dərs zamanı sinifdən çıxanda və ya sinfə daxil olanda müəllimdən icazə almalı, müəllimlərin tələb və göstərişlərini yerinə yetirməlidir. Bu yaş dövründə uşağın ünsiyyət sahəsi genişlənir. O, müəllimləri və həmyaşıdları ilə ünsiyyətə girməli olur. Bu dövrdə müəllim şagirdin nüfuz obyektinə çevrilir. Müəllim də bilməlidir ki, onun sinifdə gördüyü iş valideynlərin fəal iştirakı olmadan yüksək nəticə verməyə bilər. Bu işə ibtidai siniflərdən başlamaq vacibdir, çünki uşağın məktəbdə təhsil aldığı ilk vaxtlardan valideynlərlə aktiv iş şəraitində sağlam və tam hüquqlu bir insan kimi formalaşması, inkişafı üçün yeni biliklər əldə etmək ehtiyacını dərk etməyə imkan verir. Bu gün təhsil sistemi o qədər sürətlə dəyişir ki, valideynlər çox vaxt bu dəyişikliklər haqqında kifayət qədər təsəvvürə malik olmurlar. Tədris fəaliyyətində əsas diqqəti müəllimin öz məktəb təcrübələrinə yönəldirlər ki, bu da əksər hallarda müasir tələblərdən geri qalır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün müəllim təhsil prosesini valideynlər üçün mümkün qədər açıq, məlumatlı və əlçatan etməlidir. Məktəb təcrübəsi göstərir ki, valideynlərlə müəllim arasında qarşılıqlı anlaşma yaranarsa, valideynlər məktəblə və müəllimlə fəal əməkdaşlığa can atmağa başlayırlar. Ailədə uşaqların tərbiyəsini düzgün təşkil etmək üçün valideynlər məktəblə sıx əlaqə saxlamalı, pedaqoqlardan vaxtında lazımi məsləhətləri almalıdırlar.

Məqalənin aktuallığı. Kiçik yaşlı məktəblilərin şəxsiyyət kimi formalaşdırılmasında ailə ilə məktəbin birgə işi müasir dövrdə pedaqogikanın aktual problemlərindən biridir. Məktəb–ailə münasibətlərinin əlaqələndirilməsi məqalədə əsas problemlərdən biri kimi təhlil olunur.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, yeni təhsil paradiqmalarından biri olan valideynlərin təhsili problemini təhsil prosesinin subyekti elan edib. Bu isə onların da öz övladlarının təhsil və tərbiyəsinin keyfiyyətinə görə məsuliyyət daşımaları mənasına gəlir və bu işə ibtidai siniflərdən başlamaq lazım gəldiyini təsdiq edir.

Məqalənin praktik əhəmiyyəti. Məqalədən orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri, bu sahə üzrə təhsil alan magistrlar, bakalavrlar, tədqiqatçılar bəhrələnə bilərlər.

İstifadə olunmuş ədəbiyyat / References

1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. (2013). “Azərbaycan müəllimi”, 25 oktyabr, № 41.

2. Azərbaycan Respublikasının Konstitusiyası. (1997). Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 iyul, № 1.

3. Kərimov Y. (2002). Uşaq məktəbə gedir. Bakı, “Nağıl evi”, 144 s. 4. Kərimov Y. (2010). Şəxsiyyətin tamlığı. “Elmi əsərlər”, № 4, səh. 20.

5. Mursaqulova R., Rüstəmova N. (2012). Məktəbəqədər pedaqogika: Dərslik. Bakı, ADPU nəşriyyatı, 163 səh.

6. Golovey L.A. (2016). Psikhologiya razvitiya i vozrastnaya psikhologiya. Uchebnik i praktikum dlya prikladnogo bakalavriata. M.: “Yurayt”, 642 s.

7. Sukhomlinskiy B.A. (1972). Serdtse otdayu detyam. Kiyev: Radyanska shkola. 214s.

8. Kulikova T.А. (1999). Semeynaya pedagogika i domashnyeye vospitaniye. М.: Izdatelskiy tsentr “Akademiya”, s.104.

9. Mudrik A.V. (2001). Obsheniye v protsesse vospitaniya: uchebn.posobiye. М.: Pedagogicheskoye obshestvo Rossiya, 320 s.