“Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası ADPU-nun müvafiq fakültəsi ilə birlikdə dəyirmi masa keçirdi Böyükağa Mikayıllı "Məktəbəqədər və ibtidai təhsil" jurnalının baş redaktor əvəzi

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası ADPU-nun müvafiq fakültəsi ilə birlikdə dəyirmi masa keçirdi

Fevralın 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının redaksiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsi ilə birlikdə “Məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət planı” mövzusunda dəyirmi-masa keçirdi. Qeyd edək ki, jurnalın redaksiyası məktəbəqədər təhsilin aktual problemlərinə həsr olunmuş dəyirmi-masa tədbirlərini silsilə olaraq təşkil edir. ADPU-da reallaşan tədbirdə ARTİ-nin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Laləzar Cəfərova, ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Nailə Hüseynova, ADPU-nun dosenti,  pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Musayeva, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı, məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislər, Bakı, Sumqayıt və respublikamızın regionlarından bağça müdirləri, tərbiyəçi-müəllimlər, tədqiqatçılar iştirak edirdi.

Dəyirmi-masada ilk çıxış edənlər – Xalidə Musayeva və Böyükağa Mikayıllı qeyd etdilər ki, əvvəlki dəyirmi masada müzakirə olunan məsələlərin redallaşdırılması üzərində iş aparılır. Mütəmadi olaraq aktual mövzuların müzakirəyə cəlb olunması problemlərin öyrənilməsi, onların aradan qaldırılması yollarının tapılması istiqamətində mühüm amildir. Praktik məktəbəqədər təhsil işçiləri ilə bu sahənin tədqiqatçılarının bir araya gəlməsi, problemləri birlikdə müzakirə etməsi onların həll yollarının daha optimal şəkildə tapılmasına əsas verir.

Dəyirmi-masada Sumqayıt şəhər 39 saylı körpələr evi-uşaq bağçasının müdiri Esmira Musayeva və 60 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova “Məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət planı” mövzusunda təqdimatla çıxış etdilər. Sonra təqdimat ətrafında müzakirələr aparıldı. Qeyd olundu ki, məktəbəqədər təhsil müəssisəsi üçün mühüm əhəmiyyət daşıyan fəaliyyət planı müasir dövrün tələblərinə cavab verməli, müəssisə əməkdaşlarının çevik fəaliyyətinə şərait yaratmalı, valideyn-bağça əməkdaşlığına yol açmalıdır. Ümumilikdə, fəaliyyət planı uşaqların mənəvi və fiziki inkişafının təməlində dayanmaqla, onun elmi-pedaqoji əsaslarla həyata keçirilməsinə zəmin yaratmalıdır. Müzakirələrdə vurğulandı ki, hazırda bağçaların istinad etdikləri fəaliyyət planının müasir dövrün tələbləri səviyyəsində yenilənməsinə zəruri ehtiyac var. Odur ki, yenilənmələri özündə ehtiva edən təkliflərin hazırlanması və Elm və Təhsil Nazirliyinə təqdim edilməsi tövsiyə olundu. Mövzu ətrafında müzakirələrin davam etdiriləcəyi qeyd edildi.  

Fəaliyyət planının nəzəri hissəsinin müzakirəsindən sonra onun tətbiqi imkanları və yollarına nəzər salındı. “Cahan” körpələr evi-uşaq bağçasının metodisti Səbinə Rəhimova öncə çalışdığı bağçada fəal təlim texnologiyalarının tətbiqinin uşaqların inkişafında əhəmiyyətindən bəhs etdi. Vurğuladı ki, “Cahan” uşaq bağçasının pedaqoji kollektivi uşaqların əqli-intellektual, fiziki, mənəvi inkişafını təmin etmək üçün mümkün olan bütün optimal yollardan istifadə edir. Ən müasir texnologiyaların tətbiq olunması üçün araşdırmalar, müşahidələr, təhlillər, müzakirələr aparılır, yeri gəldikcə beynəlxalq təcrübəyə müraciət olunur. O, bu baxımdan fəaliyyət planında yer alan və bağçada tətbiq olunan “Səhər fəaliyyəti” və “Guşələrdə iş” kollektiv baxışını video slaydlarla dəyirmi masa iştirakçılarına təqdim etdi, onun pedaqoji əhəmiyyəti, reallaşdırılması metodikasını açıqladı. Qeyd etdi ki, hər iki fəaliyyət kollektiv baxışda qarşıya qoyulan alt vəzifədir. Təqdimat dəyirmi masa iştirakçıları tərəfindən müzakirə olundu.

Sonda qeyd edildi ki, gələn ay dəyirmi masa digər aktual mövzunun müzakirəsi ilə öz işini davam etdirəcək.

“Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı