Fevralın 28-də Şamaxı şəhərindəki 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının təqdimatı keçirilib. Təqdimat mərasimində jurnalın rəhbərliyi və əməkdaşları, eləcə də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayonu üzrə sektorunun əməkdaşları, rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər, ibtidai sinif müəllimləri iştirak edib.
Jurnalın baş redaktor əvəzi Böyükağa Mikayıllı təqdimat iştirakçılarına elmi-metodik nəşr haqqında geniş məlumat verib. O, qeyd edib ki, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əsası 1970-ci ildə o zamankı Maarif naziri, akademik Mehdi Mehdizadə tərəfindən qoyulub. Jurnala həmin ildən 2021-ci ilədək pedaqoji elmlər doktoru, professor Yahya Kərimov rəhbərlik edib. Uzun illik fəaliyyəti dövründə jurnal elmi-pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanıb, daim aktual mövzularla oxucuların görüşünə gəlib. Jurnalın Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü olması da ona daim elmi ictimaiyyətin marağının təmin olunmasında rol oynayıb.
B.Mikayıllı qeyd edib ki, bu gün jurnal öz ənənələrinə sadiq qalmaqla, müasir dövrün tələbləri səviyyəsində çap olunur. Jurnalda Azərbaycan dili ilə yanaşı, rus, Türk və ingilis dillərində də məqalələr dərc edilir. Jurnal bir sıra nüfuzlu beynəlxalq indekslərdə yerləşir. Ötən il jurnalın “Sağlam təhsil, sağlam millət” və “İrəvan Müəllimlər Seminariyası” adlı xüsusi buraxılışları dərc olunub. B.Mikayıllı söyləyib ki, Jurnalın xüsusi buraxılışlarının müxtəlif mövzular üzrə dərci bundan sonra da davam edəcək. O, jurnalın saytı haqqında da məlumat verərək vurğulayıb ki, müəllimlər jurnalda dərc olunan və saytda yerləşdirilən məqalələrlə tanış olmaqla, peşəkar fəaliyyətləri üçün əhəmiyyətli olan elmi-metodiki məlumatlar əldə edə bilərlər. Bu da şübhəsiz ki, onların peşəkarlıq baxımından təkmilləşmələrinə təsir göstərəcəkdir. B.Mikayıllı təqdimatda iştirak edən müəllimləri, tərbiyəçi-müəllimləri, eləcə də psixoloqları jurnalla əməkdaşlıq etməyə, jurnalda dərc olunan məqalələrlə onun saytında mütəmadi olaraq tanış olmağa, eyni zamanda onları düşündürən aktual mövzular barədə jurnal üçün məqalə hazırlamağa çağırıb. Qeyd edib ki, jurnalın saytında onun 50 illik nəşr arxivi yaradılır. Bu arxiv müvafiq sahənin əməkdaşları üçün fundamental elmi-metodik bazadır. Təqdimat mərasimində iştirak edən müəllimlər də öz pedaqoji təcrübələrindən bəhs ediblər. Sonda iştirakçılara “Məktəbəqədər və ibtidai təhsil” jurnalının müxtəlif nömrələri hədiyyə olunub.