MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI TƏCRÜBƏSİNDƏN Böyükağa Mikayıllı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi

MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI TƏCRÜBƏSİNDƏN

Annotasiya. Sertifikasiya təhsil sistemlərinin inkişafını nizamlayan, müəllimlərin elmi-pedaqoji, metodiki, intellektual səviyyəsini daim tələb olunan formada saxlayan, onların peşəkar hazırlığının, pedaqoji fəaliyyətinin yeni mərhələsinə yol açan prosesdir. Dünya təcrübəsini araşdırdıqda, aşkar görmək olur ki, tədris prosesinin təkmilləşdirilməsi, müasir xarakter almasının təməlində məhz müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi dayanır. Bunun ən optimal yolu kimi, əgər bir tərəfdən müəllimlərin peşəkar hazırlığının yüksəldilməsi prosesinin həyata keçirilməsi görünürsə, peşəkar inkişafın ilhamverici qüvvəsi kimi də sertifikasiya diqqət mərkəzinə gəlir. Bu tədqiqat işi Amerika Birləşmiş Ştatlarında müəllimlərin sertifikasiyasının keçirilməsi, eləcə də peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, sertifikatlaşdırma mexanizmi, sertifikatlaşdırmanın müəllimlərin pedaqoji fəaliyyətinə təsiri imkanlarına həsr olunub. Tədqiqat işində standart, fövqəladə və alternativ sertifikasiya modellərindən bəhs olunur, onların elmi-nəzəri, metodiki tərəfləri haqqında məlumat verilir. Tədqiqat işi ümumilikdə ABŞ-da müəllimlərin sertifikasiyası haqqında müəyyən təsəvvürlərin yaranmasına, sertifikatlaşdırma təcrübəsinin öyrənilməsinə xidmət edir.

Açar sözlər: müəllimlərin sertifikasiyası, peşəkar inkişaf, sertifikasiya modelləri, sertifikatlaşdırma, lisenziyalaşdırma, pedaqoji kadr hazırlığı, praksis, pedaqoji bacarıqlar.

Giriş/ Introduction

Dünya ölkələrinin təhsil sistemləri ilə tanışlıq deməyə əsas verir ki, müəllimlərin sertifikasiyadan keçirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən biri hesab olunur. Müəllim sertifikasiyadan keçməklə müəyyən dövr üçün fəaliyyət hüququ əldə edir. Bu dövr, eləcə də müəllimlərin sertifikasiyadan keçirilməsi metodikası ayrı-ayrı ölkələrdə fərqlidir. Metodika, yanaşma fərqli olsa da, sertifikasiya fəlsəfəsi dünyanın təhsil ictimaiyyəti tərəfindən eyni cür qəbul olunur: müəllimin peşəkar hazırlığının zamanın ruhuna uyğunlaşdırılması. Pedaqoji sahə insan kapitalını formalaşdırdığı, insanın mənəvi, intellektual inkişafına zəmin yaratdığı üçün burada inkişaf tendensiyasını izləmək mühüm vəzifə kimi qarşıda dayanır. Sertifikatlaşdırma prosesi təhsil sahəsində hər zaman aktual olmuş və öz əhəmiyyətini getdikcə daha da artırmaqdadır. Tədqiqatçı Cronin sertifikatlaşdırma və lisenziyalaşdırmanı xarakterizə edərkən yazır: “Sertifikatlaşdırma fərdin peşə üzrə minimum səriştə standartlarına cavab verməsi barədə qərarvermə prosesidir. Lisenziya, şəxsə sertifikatlaşdırma standartlarına cavab verdikdən sonra müvafiq peşə ilə məşğul olmağa icazə verən hüquqi sənəddir [Cronin J.M., 1983]. Müasir dünyada sertifikasiya yalnız müəllimin bilik və bacarıqlarının, onun peşəkar hazırlığının yoxlanılması kimi qəbul edilmir. Bu, məsələnin yalnız bir tərəfidir. Onun əsas strateji hədəfləri isə daha genişdir. Bu genişlikdə ilk yerdə müəllimin özünün peşəkar inkişafının zəruriliyini dərk etməsi dayanır və müəllim pedaqoji ustalığını artırmaqla məşğul olmağa başlayır. “Pedaqoji ustalığın getdikcə artması müəllimin işinin səmərəsini yüksəldir. Sertifikasiya müəllimin səriştəlilik səviyyəsinin artmasına, bununla da daxili motivasiyanın yüksəlməsinə yol açan ən vacib amillərdən biridir. Sertifikasiya peşəkar fəaliyyətə yeni yanaşmanı, pedaqoji prosesin digər iştirakçıları ilə qarşılıqlı əlaqələrin yeni-yeni formalarının axtarılıb tapılması istək və bacarıqlarını formalaşdırır. Ümumilikdə isə müəllimin öz peşəkar fəaliyyətinə yeni münasibəti yaranır” [Ivanova E.V., Vinoqradova I.A., 2016]. Tədqiqat işində ABŞ-da fəaliyyət göstərən Təhsil İşçilərinin Peşəkar Standartları üzrə Milli Şura (National Board for Professional Teaching Standards – NBPTS) və Yeni Müəllimlərin Qiymətləndirilməsi və Dəstəklənməsi Regionlararası Konsorsium (Interstate New Teacher Assessment and Support Consortium – INTASC), Kaliforniya Peşəkar Fəaliyyətin Lisenziyalaşdırılması Komissiyası, Milli Təhsil İnformasiya Mərkəzinin, Müəllim Səriştəliliyi üzrə Milli Şuranın, Dövlət Təhsil Test Xidmətinin (ETS – Educational Testing Service) məlumatlarına, təhlillərinə və digər mənbələrə istinad edilmişdir. Sertifikasiya müəllimin peşəkar fəaliyyətinin yeni bir mərhələsi də adlandırıla bilər, yəni sertifikasiyadan keçən müəllim bu prosesdən sonra şagirdlərinin qarşısına tam fərqli bir mütəxəssis kimi çıxmaq imkanı qazanır. Bu da, qeyd etdiyimiz kimi, tədrisin keyfiyyətinin yüksəldilməsinə yol açır. Müəllimin məktəbdə, eləcə də ictimaiyyət arasında nüfuzunun artmasını da bu sıraya daxil etmək mümkündür. Sertifikasiya o zaman faydalı olur ki, o, təhsil sisteminin bir hissəsinə çevrilsin və sistemin digər hissələri ilə qarşılıqlı şəkildə həyata keçirilsin. Təhsil sistemi bütövlükdə sertifikasiyanın keçirilməsi prosesini dəstəkləməlidir. Əgər sistemdə bir problem varsa, məsələn, pedaqoji kadr hazırlığı, yaxud pedaqoji kadrların təkmilləşdirilməsi işi lazımi səviyyədə aparılmırsa, o zaman sertifikasiya formal xarakter daşıyacaq, əhəmiyyətli nəticələrə nail olunmayacaq. İxtisas və metodiki hazırlıq baxımından zəif olan müəllimin sertifikasiyadan keçib, qaydalara müvafiq olaraq 5 illik lisenziya alması ilə tədrisin keyfiyyətinə nail olmaq mümkün deyil. Dünyada pedaqoji işçilərin sertifikasiya tendensiyası göstərir ki, sertifikasiyanın maddi tərəfindən çox, mənəvi tərəfinə üstünlük verilməlidir, çünki prosesin mənəvi tərəfində gələcək nəsillərin yaxşı təhsil almaq imkanlarına malik olmaları, əxlaqlı, mədəni gənclər formalaşdırmaq imkanları dayanır. Bu, bütün maddi göstəricilərdən yüksəkdir. Dünya təcrübəsinin öyrənilməsi vacib bir nüansın da diqqət mərkəzində saxlanılmasını şərtləndirir. Bu, pedaqoji kadr hazırlığı, müəllimlərin pedaqoji səriştəliliyinin inkişafı, tədris prosesinin, təhsilin idarə olunması məsələlərinin sertifikatlaşdırma və lisenziyalaşdırma prosesinə uyğunluğu nöqteyi-nəzərindən tədqiqata cəlb olunmasıdır. Hər hansı bir prosesin tədqiqata əsaslanaraq aparılması onun şəffaf, səmərəli keçirilməsi üçün əsasdır. Bu, sertifikasiya prosesinə də aiddir.

Əsas hissə / Main part

Amerika Birləşmiş Ştatlarında müəllimlərin sertifikasiyası fərqli modellər üzrə həyata keçirilir. Bu modellər müəllim hazırlığının, sertifikasıyanın elmi əsaslarda, pedaqoji-psixoloji tələblər çərçivəsində həyata keçirilməsinin önəmini diqqət mərkəzinə gətirir. Araşdırmalarıma əsasən gəldiyim nəticələrdən biri də budur ki, sertifikasiya tədris prosesinin optimallaşmasına yol açır, onun elmi-metodik tərəflərini əhəmiyyətli dərəcədə gücləndirir. Bu, o halda baş verir ki, sertifikasiyanın keçirilməsi qabaqcıl təcrübəyə, elmi təhlillərə, müzakirələrin nəticələrinə əsaslansın. Belə olduğu halda sertifikasiyanın keçirilməsi müəllimlər və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır, qarşıya qoyumuş məqsədlərə nail olunur. 1987-ci ildə ABŞ-da yaradılmış iki aparıcı təşkilat – Təhsil İşçilərinin Peşəkar Standartları üzrə Milli Şura (National Board for Professional Teaching Standards – NBPTS) və Yeni Müəllimlərin Qiymətləndirilməsi və Dəstəklənməsi Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium – INTASC) müəllimlərin milli qiymətləndirilməsi standartlarını və onların yüksək standartlara uyğunluğunun qiymətləndirilməsi sistemini birgə işləyib hazırladı. Təkliflər çərçivə və tövsiyə xarakteri daşıyır. Ayrı-ayrı ştatlarda standartların sayı və onlara uyğun olan səriştələr fərqlidir. Qiymətləndirmə sənədlərində onlar cədvəl şəklində göstərilir. Şaquli istiqamətdə standartlar və ona uyğun gələn səriştələr, üfüqi istiqamətdə isə peşəkar inkişaf səviyyələri (məsələn, yeni pedaqoji fəaliyyətə başlayan – təcrübəli – yüksək ixtisas dərəcəli – aparıcı müəllim) qeyd olunur. Peşəkar inkişaf səviyyələri müxtəlif ştatlarda müxtəlif formalarda müəyyən edilir. Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə başlamaq üçün dövlət sertifikatını əvəz etmir. (Bu sertifikatı pedaqoji kolleclərin tam kursunu bitirən bütün məzunlar alırlar). NBPTS sertifikatı yüksək peşəkar inkişaf haqqında şəhadətnamədir. Bu sertifikatı məktəbdə ən azı 3 il pedaqoji iş təcrübəsi olan müəllimlər ala bilərlər. Təhsil İşçilərinin Peşəkar Standartları üzrə Milli Şuranın sertifikasiyası peşəkar pedaqoji ictimaiyyətin iştirakı ilə həyata keçirilən könüllü, təcrübəyönümlü prosesdir. Bu prosesdə müəllim əməyinin mürəkkəb, çoxşaxəli xarakteri nəzərə alınır. Milli Şura müstəqil, qeyri-kommersiya təşkilatıdır. Müəllimlər bu təşkilatda fəal şəkildə təmsil olunur, onun qərarlarının qəbulu prosesində iştirak edirlər. Təcrübəli müəllimlər standartları inkişaf etdirir, təkmilləşdirir, korrektə edirlər. Milli Şura dövlət və regional hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, universitetlər, ümumiyyətlə, təhsilin keyfiyyətinin yüksəldilməsində maraqlı olan bütün tərəflərlə əməkdaşlıq edir. Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş qrupu üzrə aparılır [http://www. nbpts.org/certificate-areas]. Təqdim edilən sertifikat 5–10 il müddətində etibarlı hesab edilir. Bu müddət keçdikdən sonra onu yeniləmək mümkündür. Bunun üçün əvvəl keçirilən sertifikasiyanın bütün mərhələlərindən keçmək tələb olunmur. Sadəcə müəllim həmkarları tərəfindən müəllimin peşəkar inkişafını əks etdirən portfolio Milli Şuraya təqdim edilir [Yakovleva E.N., Krasilova I.Y., Obrazovaniye i nauka., 2015. № 9 (128)] Təhsil İşçilərinin Peşəkar Standartları üzrə Milli Şuranın fəaliyyətini ABŞda müəllimlərin sertifikasiyası və onların peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi istiqamətində “alternativ intellektual güc” hesab etmək olar. O, dövlətin keçirdiyi sertifikasiyanın təməllərini möhkəmləndirir. Bu təşkilat müəllimlərin sertifikasiyası üçün zəmin, eyni zamanda ilhamverici, dəstəkləyici mühit yaradır, həmçinin müəllimlərin sertifikasiyadan keçmək üçün təcrübə toplamalarına yol açır. Təşkilatın fəaliyyətinin müsbət tərəflərindən biri də bundan ibarətdir ki, Böyükağa Mikayıllı. Müəllimlərin sertifikasiyası: Amerika Birləşmiş Ştatları təcrübəsindən 14 onun sıralarında təcrübəli müəllimlər təmsil olunurlar. Müəllimlərin standartların hazırlanması işi üzrə fəaliyyətə qoşulmaları sertifikasiya prosesinin daha peşəkar və şəffaf keçirilməsi üçün əsasdır. Müəllimlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının, universitetlərin, ümumiyyətlə, təhsilin inkişafında maraqlı olan tərəflərin əməkdaşlığa cəlb edilməsi sertifikasiya və müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi işinin elmi əsaslarının möhkəmləndirilməsinə, ictimaiyyət arasında müsbət rezonans qazanmasına səbəb olur. Standart sertifikatlaşdırma modelləri. ABŞ-da, ənənəvi olaraq, müəllimlər kollec və ya universitetlərdə dövlət tərəfindən təsdiq edilmiş müəllim hazırlığı proqramını bitirdikdən sonra pedaqoji fəaliyyət üçün lisenziya alırlar. Bu proqramlar gələcək müəllimlərin üzərində ciddi məsuliyyət hissi qoyur. Hər bir müəllimin öz məsuliyyətini dərk etməsi olduqca əhəmiyyətli nüansdır. ABŞ-da, ştatlardan birinin nümunəsində sertifikatlaşdırmanın təməl prinsiplərinə diqqət yetirək: Məsələn, Kaliforniyadakı Peşəkar Fəaliyyətin Lisenziyalaşdırılması Komissiyasının tələbinə görə, müəllimlik fəaliyyəti göstərəcək şəxs beş illik Peşəkar Fəaliyyət Lisenziyası almaq üçün aşağıdakı meyarlara cavab verməlidir: – bakalavr, yaxud magistr dərəcəsinə malik olmalıdır; – tədris prosesini həyata keçirməyə imkan verən peşəkar hazırlıq proqramını mənimsəməlidir; – CBEST-dən (California Basic Educational Skills Test) – Kaliforniya Əsas Təhsil Bacarıqları Testi) keçməlidir; – oxu bacarıqlarının tədrisi üzrə kurs işini müvəffəqiyyətlə başa vurmalıdır; – ABŞ Konstitusiyasının tədrisi üzrə kurs işini uğurla başa çatdırmalıdır; – fənn bacarıqlarına yiyələnməlidir (proqram, yaxud imtahan vasitəsi ilə). Müəllim daha sonra aşağıda qeyd olunan əlavə meyarlara cavab verməlidir ki, peşəkar fəaliyyət üçün sertifikat – Peşəkar Fəaliyyət Lisenziyası əldə edə bilsin; 5-ci təhsil ilinin kurs işi və Kaliforniya Peşəkar Fəaliyyətin Lisenziyalaşdırılması Komissiyası tərəfindən Kaliforniya ali təhsil müəssisələrinin təsdiq olunmuş proqramı. Kurs işinə aşağıdakılar daxil edilməlidir: sağlamlıq təhsilinin tədrisi, xüsusi təhsil, kompüter tədrisi [David Roth., Watson Scott Swail., 2000]. Göründüyü kimi, müəllimin peşəkar inkişafı, pedaqoji-psixoloji hazırlıq səviyyəsi, eləcə də öz dövlətinin tarixi, tədris prosesini müasir tələblər səviyyəsində qurmaq bacarığı, yaradıcı iş qabiliyyəti təməl pedaqoji bacarıqlar kimi irəli sürülür və yalnız bu bacarıqlar olduğu halda müəllimlik fəaliyyətinə icazə verilir. Müasir dövrün təhsil fəlsəfəsi müəllimin şəxsiyyətində hərtərəfli biliklərin cəmlənməsini, bir sözlə – müəllimin hərtərəfli inkişafa malik şəxsiyyət olmasını özündə ehtiva edir. Müəllimin öz ixtisasını yaxşı bilməsi onun malik olduğu səriştəliliyin yalnız bir tərəfidir və onun yaxşı müəllim olması üçün tam mənası ilə kifayət deyil. Müəllim, yalnız öz peşə biliklərini şəxsi-mənəvi keyfiyyətləri ilə  tamamladıqda müəllim kimi kamilləşir. Qeyd edim ki, Kaliforniya nümunəsində də bu nüans görünməkdədir. Fövqəladə tədris sertifikatı. Amerikanın bəzi ştatlarında fövqəladə tədris sertifikatı ənənəvi müəllimlik sertifikatı olmayıb, müvəqqəti pedaqoji fəaliyyət göstərmək üçün verilən lisenziyadır. Bu sertifikat müəllim çatışmazlığı ilə üzləşən bölgələrdə boşluğu aradan qaldırmaq üçün verilir və müvəqqəti tədbir hesab olunur. Bəzi hallarda gələcəkdə müəllimlik fəaliyyəti göstərmək istəyənlər də təcili sertifikatlaşdırmadan pedaqoji fəaliyyətdə başlanğıc addım kimi istifadə edə bilərlər. 2022-ci ilin mart ayında Amerika Birləşmiş Ştatlarının Milli Təhsil Statistikaları Mərkəzinin açıqladığı hesabatda qeyd olunurdu ki, dövlət məktəblərinin 44 faizi öz vakant yerləri haqqında məlumat verib. ABŞ-ın əmək statistikası bürosu məktəblərdə müəllim kadrları çatışmazlığının 270 min nəfər olduğunu açıqlayıb. Müəllim çatışmazlığını aradan qaldırmaq üçün bəzi ştatlar fövqəladə tədris sertifikatları, bəziləri isə alternativ sertifikatlar təklif edirlər. Fövqəladə tədris sertifikatını “müəllimlik arzularının reallaşması”, həmçinin “şagirdlərin təhsil arzuları” kimi də səciyyələndirmək olar. Sertifikatlaşdırmanın bu modeli elə yerlərdə və məqamlarda tətbiq olunur ki, orada şagirdlərin təhsil ehtiyaclarının ödənilməsi təhsil idarəedicilərinin qarşısında problem kimi dayanır. Belə olduğu halda, təhsil idarəediciləri vəziyyətdən çıxış yolu kimi, fövqəladə tədris sertifikatlaşdırmasının keçirilməsini məqbul hesab edirlər [https://www.teachersoftomorrow. org/blog/insights/emergency-teaching-certification/]. Alternativ və fövqəladə sertifikasiya modellərinə paralel olaraq nəzər yetirək. 1998–1999-cu illərdə ABŞ-ın 28 ştatında təxminən 24 min müəllim alternativ sertifikasiya modeli ilə sertifikatlaşdırmadan keçib [Feistritzer C.E., Chester D.T., 2002]. Alternativ sertifikasiya ilə bağlı illik tədqiqatlar aparan Milli Təhsil İnformasiya Mərkəzinin verdiyi məlumata görə, son iki onillikdə 125 min şəxs alternativ sertifikatlaşdırmanın xidmətlərindən istifadə edib. Bu, onu deməyə əsas verir ki, digər sahələrdən təhsilə inteqrasiya olunanların sayı artıb və alternativ sertifikatlaşdırma proqramı bu zaman onların köməyinə gəlib. Alternativ sertifikatlaşdırma modeli digər peşə sahiblərinin müəllim işləmək üçün minimum standartlara cavab verməsini müəyyənləşdirmək üçün həyata keçirilir. ABŞ təhsil sistemində tətbiq olunan bu sertifikatlaşdırma modeli imkan verir ki, 4 illik ənənəvi pedaqoji təhsil almadan müəllim işləmək arzusunda olan şəxslər pedaqoji fəaliyyətə başlasınlar. Alternativ sertifikatlaşdırma modeli ilə yanaşı, fövqəladə sertifikatlaşdırma modeli də bu imkanı yaratmaqdadır [Ashburn E. A., 1984]. Tədqiqatçı Kviatkovskinin fikrincə, alternativ sertifikatlaşdırmanı aktual edən 4 əsas amil vardır ki, onlar aşağıdakılardan ibarətdir: – ayrı-ayrı fənlər üzrə müəllimlərin sayını artırmaq; Böyükağa Mikayıllı. Müəllimlərin sertifikasiyası: Amerika Birləşmiş Ştatları təcrübəsindən 16 – cəmiyyətin aztəminatlı hissəsinin pedaqoji fəaliyyətə cəlb edilməsi; – şəhərətrafı kəndlərdə və ümumiyyətlə, şəhərin rayonlarında müəllim çatışmazlığı problemini aradan qaldırmaq; – fövqəladə sertifikatlaşdırmaya tələbatı aradan qaldırmaq [Kwiatkowski M., 1999]. Qeyd etmək lazımdır ki, qaydalara görə, müəllim yalnız sertifikatlaşdırmanın keçirildiyi və lisenziya aldığı ştatda pedaqoji fəaliyyət göstərə bilər, lakin bəzi ştatlar arasında razılaşmaya əsasən, müəllim digər ştatlarda da müəllim kimi çalışmaq imkanına malikdir. Alternativ və fövqəladə sertifikasiyanın əhəmiyyətli tərəflərindən biri də işsizlik probleminin aradan qaldırılmasına dəstək verməkdir. Kviatkovskinin gəldiyi qənaətlərdən də bunu görmək mümkündür, lakin bu sertifikasiya modellərinin, fikrimcə, çatışmayan tərəfləri də vardır. Bunlardan ən diqqətçəkəni pedaqoji təhsili olmayanların müəllimlik fəaliyyəti göstərməsinin gələcəkdə təlim-tərbiyə işində yarada biləcəyi problemlərdir. Yüksək səviyyəli pedaqoji-psixoloji hazırlıq və illərin zəngin metodiki təcrübəsi ilə bu problemlərin aradan qaldırılması mümkündür. ABŞ-da hər il hər bir ştatda pedaqoji kadr hazılığı proqramlarının nəticələri təhlil edilir. Təhlillər aşağıda göstərilən bəndlər üzrə aparılır. Qeyd etmək lazımdır ki, təhlillərin aparılması problemlərin aşkara çıxarılması baxımından ən optimal yoldur. Yalnız bu zaman mövcud vəziyyəti görmək, onun haqqında fikir irəli sürmək və çıxış yollarını göstərmək mümkündür. Təhlillərə nəzər yetirək. Burada pedaqoji kadr hazırlığı səviyyəsindən başlayaraq maddi-texniki təchizatın vacibliyinə qədər mühüm məsələlər əks olunub: – pedaqoji ali məktəblərin məzunlarının işlə təmin olunma dinamikasının əmsalı; – gənc müəllimlərin iş yerində saxlanılması əmsalı; – təhsil proqramının effektivliyi ilə bağlı potensial işəgötürənlərin rəylərinin təhlili; – şagird nailiyyətlərinin qiymətləndirilməsi; – mütəxəssis hazırlığı aparılan auditoriyaların texniki təchizatının vəziyyəti; – sponsorların təhsil proqramlarına maraq səviyyəsi; – gənc mütəxəssislərin tədris qrantlarında iştirakı (TEACH grant) [Khanipova R.R., Attestatsiya pedagogicheskikh rabotnikov obrazovatelnikh uchrezhdeniy v SSHA]. Göründüyü kimi, ABŞ-da pedaqoji kadr hazırlığı məsələləri daim diqqət mərkəzində olmaqla, onun keyfiyyətinin artırılması üçün sistemli təhlillər, monitorinqlər aparılır və problemlərin aradan qaldırılması üçün sistemli tədbirlər görülür. Belə tədbirləri aparan təşkilatlardan biri də ABŞ-ın Müəllim Səriştəliliyi üzrə Milli Şurasıdır. Təşkilat müəllim hazırlığı üzrə təhsil proqramlarının təhlilini həyata keçirmişdir. Tədqiqata 1200 təhsil müəssisəsinin bakalavr və magistr təhsil pilləsi üzrə 2400 proqramı cəlb edilmişdir. Bu tədqiqatın nəticələrinə əsasən, Müəllim Səriştəliliyi üzrə Milli Şura ABŞ-da ən yaxşı pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin adlarını açıqlamışdır. İbtidai siniflər üzrə pedaqoji kadr hazırlığı aparan universitet və institutların ilk beşliyində Dallas Baptist Universiteti (Dallas Baptist University), Qərbi Texas Aqrar-Texniki Universiteti (West Texas A&M University), Ohayo Universiteti (Ohio University), Deyton Universiteti (University of Dayton) və Şimal-Qərbi Universitet (Northwestern University) qərarlaşmışdır. Orta təhsil pilləsi üzrə pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələri sırasında Şimal-Qərb Universiteti (Northwestern University), Lipskomb Universiteti (Lipscomb University), aspirantura proqramı üzrə Fort Heys Universiteti (Fort Hays State University) 1–3-cü yerləri bölüşdürmüşlər. Proqramları ibtidai, orta və yuxarı siniflər səviyyəsində effektiv hesab edilən universitetlər sırasına isə Ohayo Universiteti, (Ohio State University), Mayami Universiteti, (University of Miami) (Oksford magistratura proqramı), Liposkomb Universiteti (Lipscomb University) daxildir [Teacher Prep Handbook 2016-2017]. Bəs qeyd olunan proqramlar hansılardır? Pedaqoji kadr hazırlığını həyata keçirən populyar universitetlərdən biri Nyu-Cersi ştatında yerləşən Priston universitetinin (Princeton University, New Jersey) nümunəsində tədris müddətində həyata keçirilən proqramlara nəzər yetirək. Qeyd etmək lazımdır ki, proqramı başa vurarkən məzunlar bakalavr, yaxud magistr diplomu alır və Nyu-Cersi ştatında müəllim işləmək hüququ qazanırlar. Tədris müddəti ərzində tələbə: – bir sıra xüsusi fənlər üzrə attestasiyadan keçə bilər; – öz seçimi əsasında təsviri incəsənət, dəqiq elmlər, ümumi təhsil, təbiət elmləri üzrə attestasiyadan keçə bilər; – pedaqogika üzrə seminarlarda iştirak edə bilər (seminarlar pedaqoji fəaliyyətin nəzəri əsasları mövzusunda olmalıdır); – tədris metodikası üzrə seminarlara qoşulmaq (bu seminarlar yerli məktəblərin birində mentorun rəhbərliyi altında ən azı iki sessiya həcmində olmalıdır); – yerli məktəblərin birində pedaqoji təcrübə keçmək (təcrübə mentorun rəhbərliyi altında bir semestr ərzində keçirilir); – gələcək müəllimlər bir neçə ixtisas seçə bilərlər. Yuxarıda göstərilən hər bir bənd üzrə attestasiya “A” qiymətinə uyğun gələn “əla” kimi dəyərləndirilməlidir. Əks halda, müəllimin gələcək pedaqoji fəaliyyətində problemlər yarana bilər. Əgər diplomlu müəllim Priston Universitetində sertifikatlaşdırmadan keçmək istəyirsə, yenidən sertifikat almaq üçün müvafiq ixtisas üzrə 32 kredit əldə etməlidir. Məsələn, ingilis dili müəllimi öz ixtisası üzrə Böyükağa Mikayıllı. Müəllimlərin sertifikasiyası: Amerika Birləşmiş Ştatları təcrübəsindən 18 sertifikatlaşdırmadan keçmək istəyirsə, mütləq qaydada dil nəzəriyyəsi kursunu uğurla bitirməli, ingilis, amerikan və dünya mədəniyyəti üzrə inşa yazı sınağından keçməlidir. Xarici dil müəllimliyi vəzifəsinə namizəd qrammatika, ünsiyyət mədəniyyəti, xarici dilin ədəbiyyatı və mədəniyyəti, tədris metodları üzrə kurslardan, eləcə də, Nyu-Cersi Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş ikinci dil biliyi testində iştirak etməlidir [Teacher Prep Handbook 2016–2017]. Qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, ABŞ-da sertifikatlaşdırmanın təməli gələcək müəllimlərin hələ təhsil aldıqları illərdə qoyulur. Bu amili bir neçə cəhətdən dəyərləndirmək mümkündür: birincisi, gələcəyin müəllimi öz peşəsinin əhəmiyyətini və öz məsuliyyətini hələ tələbə ikən dərk edir; ikincisi, dərk etdiyi məsuliyyət onu elmi və metodiki biliklərə daha dərindən yiyələnməyə istiqamətləndirir; üçüncüsü, onun gələcəkdə iştirak edəcəyi sertifikatlaşdırmalarda uğur qazanmaq imkanları artır. ABŞ-ın Texas ştatında miqrantların sayı çox olduğuna görə, müəllim hazırlığına verilən tələblər də ciddidir. Yuxarıda qeyd edilən tələblərlə yanaşı, Texasda müəllim Peşəkar Tədris Standartları üzrə Milli Şuranın təşkil etdiyi sertifikatlaşdırmalardan da keçməlidir. Texasda pedaqoji fəaliyyətə başlamaq üçün müəllim ən azı 3 il peşə təcrübəsinə malik olmalıdır. Burada xarici dil müəllimləri arasında da rəqabət yüksəkdir. Bu da, öz növbəsində, müəllimlərin qarşısında ciddi tələblər qoyur. Bir neçə xarici dil bilmək rəqabətdə üstünlük yaranmasına yol açır. Şübhəsiz ki, müəllimin geniş dil bilgiləri onun müasir informasiya, artan tələblər mühitində tədris prosesini daha optimal şəkildə qurmasına imkan yaradır. Texasda xarici dil müəlliminin qarşısına qoyulan tələblərə diqqət yetirək: – ali təhsil haqqında diplom; – əsas fənlər – riyaziyyat, ingilis dili, sosial elmlər və s. üzrə baza biliklərinə malik olmaq; – peşə təhsilini təsdiq edən sertifikat, yaxud diplom; – əsas dil və ingilis dili kimi ikinci dil üzrə dil bilikləri sınağından keçmək [ESL Certification in Texas with School and Program Overviews. URL]. Buradan görünür ki, ABŞ-da ixtisaslı müəllimlərin hazırlanması təhsilin mühüm istiqamətlərindən biridir. ABŞ hökumətinin irəli sürdüyü “Hər uşaq yaxşı müəllimdən dərs almağa layiqdir” devizi əbəs yerə işlənmir. Bu da, öz növbəsində, müəllimlərin qarşısında daha ciddi tələblər və məsuliyyət hissi qoyur. Texasda müəllimlərin sertifikasiyasında diqqət çəkən məqam bu ştatda pedaqoji fəaliyyətə başlamaq üçün tələb olunan 3 illik müəllimlik təcrübəsi və sertifikatlaşdırma zamanı dil müəllimlərinin qarşısına qoyulan şərtlərdir. Bu şərtlər birbaşa tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşımaqla, həm də pedaqoji kadr hazırlığı işinin səviyyəsinin yüksəldilməsinin, eləcə də müəllimin hərtərəfli hazırlığının təhsil sistemi üçün nə qədər əhəmiyyətli olduğunu diqqət mərkəzinə gətirir. Amerika Birləşmiş Ştatlarında riyaziyyat müəllimlərinin sertifikasiyası. Amerika Birləşmiş Ştatlarında müəllim hazırlığının keyfiyyəti məsələlərinə dövlət təhsil departamentlərinin nəzdindəki lisenziyalaşdırma və sertifikatlaşdırma orqanları nəzarət edir. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı tələblər ştatdan ştata fərqlidir. Bəzən bu fərq nəzərəçarpacaq dərəcədə çox olur, yəni əgər yeni ideya, fikir varsa və onlar qarşıya qoyulmuş məqsədə daha optimal yollarla çatmağa əsas verirsə, ona mane olmur, əksinə, yardım edirlər. Ümumilikdə isə ABŞda sertifikatlaşdırma proqramı və lisenziyalaşdırma müəllim hazırlığının, əsasən, bu istiqamətlərini təşkil edir: – əsas akademik bacarıqlar; – tədris etdiyi fənn üzrə biliklər; – tədris metodları haqqında biliklər; – dərsləri praktik şəkildə keçmək bacarıqlarının səviyyəsi. Burada diqqəti daha çox dərsləri praktik şəkildə keçmək bacarıqlarının səviyyəsi cəlb edir. Müəllimin malik olduğu bütün bilik və bacarıqlar, pedaqoji ustalıq, onun şəxsiyyətinin kamilliyi məhz tədris prosesini idarə etdiyi zaman meydana çıxır, yəni dərs yalnız şagirdin öyrənmə və öyrəndiyini nümayiş etdirmə meydanı deyil, həm də müəllimin hansı səriştələrə malik olduğunu göstərən prosesdir. Odur ki, müəllimlərin səriştəlilik səviyyəsinin hər zaman artırılması, zamanın tələbləri səviyyəsinə yüksəldilməsi daim aktual problem kimi gündəmdə dayanır. Sertifikatlaşdırma bu problemi həll etməyin ən optimal yoludur. Sertifikatlaşdırma və lisenziyalaşdırma proqramını uğurla həyata keçirmək məqsədi ilə gələcək müəllimlər üçün xüsusi test seriyaları hazırlanır. ABŞ təhsil sistemində ən geniş yayılmış test seriyası “Praksis” test seriyasıdır (praksis – qarşıya qoyulmuş hədəflərə doğru məqsədyönlü hərəkət deməkdir). “Praksis” seriyasının testlərindən keçmək pedaqoji fəaliyyət üçün lisenziya almaq prosesinin zəruri ilkin mərhələsidir. “Praksis” məktəbdə pedaqoji fəaliyyətə hazırlığın müxtəlif səviyyələrini əhatə edir. Bu səviyyələrə nəzər yetirsək, onların, əsasən, aşağıda qeyd edilənlərdən ibarət olduğunu görərik: – universitetlərin müəllim hazırlığı proqramlarında qəbul testlərinin səviyyəsi; – pedaqoji kolleclərə qəbul testlərinin, eləcə də potensial məktəb müəllimlərinin başlanğıc səviyyəsi; – məktəbdə pedaqoji fəaliyyətinin ilk ilində müəllimin pedaqoji-metodiki hazırlığı. Birinci səviyyə əsas akademik bacarıqların qiymətləndirilməsinə uyğundur və müəllim hazırlayan kolleclərə (oxumaq, yazmaq və ibtidai riyaziyyat bacarıqları) qəbul zamanı test üçün tövsiyə olunur. Bunlar “peşə öncəsi” pedaqoji bacarıqların ölçülməsi üçün istifadə olunan testlərdir (PPST – pre-professional Böyükağa Mikayıllı. Müəllimlərin sertifikasiyası: Amerika Birləşmiş Ştatları təcrübəsindən 20 skills tests). İkinci səviyyə fənn sahəsini əhatə edir və pedaqoji kollec məzunlarını, eləcə də gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmağı planlaşdıran digər peşə sahiblərini testdən keçirmək üçün nəzərdə tutulur. “Praksis” seriyası üzrə fənn bilikləri və bacarıqlarının yoxlanılması 4 testlə həyata keçirilir: – açar testlər seriyası (ümumi biliklərin, ünsiyyət bacarıqlarının, peşəkar pedaqoji biliklərin ölçülməsi üçün); – fənn üzrə biliklərin və bacarıqların ölçülməsi üçün xüsusi testlər seriyası; – tədris prosesini inteqrativ və fənlərarası əlaqələr metodunu tətbiq etməklə qurmaq bacarıqlarını ölçmək üçün testlər seriyası; – didaktika və təlim metodları sahəsində biliklərin ölçülməsi üçün testlər seriyası. Üçüncü səviyyə birbaşa tədris prosesində pedaqoji fəaliyyətin ölçülməsi səviyyəsidir. Bir qayda olaraq, bu qiymətləndirmə test mərkəzlərinin nümayəndələri tərəfindən pedaqoji fəaliyyətinin ilk ilində olan müəllimlərin dərslərində aparılır. Bu qiymətləndirmə gənc müəllimlərin işlədikləri məktəbdə nüfuz qazanmalarında, karyera irəliləyişində mühüm əhəmiyyətə malikdir. Amerika Birləşmiş Ştatlarında məktəb müəllimləri üçün çoxmərhələli əmək haqqı sistemi mövcuddur. Bu, müəllimlərin peşə-ixtisas səviyyəsindən, işin səmərəliliyindən, pedaqoji təcrübəsindən asılı olaraq dəyişir. “Praksis” test seriyaları Dövlət Təhsil Test Xidmətinin (ETS – Educational Testing Service) əməkdaşları tərəfindən hazırlanır. Hər bir testin hazırlanması üçün xüsusi komissiya yaradılır. Komissiyanın tərkibinə elm və təhsil mütəxəssislərindən, məktəb rəhbərlərindən ibarət nümayəndələr, fənn müəllimləri daxil edilir. Testlərin hazırlanması prosesində hər bir sual çoxsaylı ekspertiza və qiymətləndirmə mərhələlərindən keçir. Bu mərhələlərdən sonra hər bir sual dəqiqlik, etibarlılıq və anlaşıqlıq baxımından təhlilə cəlb olunur [http://biblio.narod.ru/ gyrnal/statyi/sertifik.htm]. Ümumiyyətlə, “Praksis” 3 tipə ayrılır. Birinci tip “Praksis” “peşə öncəsi” əsas bacarıqları (yazı, oxu, riyaziyyat), ikinci tip “Praksis” konkret fənni və fənn üzrə metodik hazırlığı, üçüncü tip “Praksis” isə yeni fəaliyyətə başlayan müəllimlərin dərs aparma bacarıqlarını qiymətləndirir. Amerika Birləşmiş Ştatlarında müəllimlərin sertifikasiyasının keçirilməsi prosesini araşdırarkən fərqli yanaşmaların, müxtəlif qiymətləndirmə meyarlarının olduğunu görmək mümkündür. Bütün bunlarla yanaşı, qarşıya yalnız bir məqsədin qoyulduğu aydın olur: müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə tədrisin keyfiyyətinin yüksəldilməsi. Texnoloji vasitələr nə qədər inkişaf etsə də, məktəblərin maddi-texniki imkanları nə qədər genişlənsə də, müəllimin peşəkarlıq səviyyəsi, onun səriştəliliyi və şəxsiyyəti təhsilin inkişafa gedən yolunun başlanğıcıdır. Sertifikasiya da, öz növbəsində, müəllimin peşəkar inkişafının hərəkətverici qüvvəsidir.

Nəticə \ Conclusion

Bu məqalə “Müəllimlərin sertifikasiyası: dünya təcrübəsi” adlı tədqiqat işinin bir hissəsidir. Ümumilikdə araşdırmada Amerika Birləşmiş Ştatları ilə yanaşı, dünyanın təhsil sistemi inkişaf etmiş bir sıra ölkələrində müəllimlərin sertifikasiyası məsələlərinə diqqət yetirilir. Araşdırmalara əsasən əldə olunan qənaət bunlardan ibarətdir ki, sertifikasiya prosesi müəllimin pedaqoji, psixoloji, metodik biliklərinin qiymətləndirilməsi ilə yanaşı, onun pedaqoji ustalığının inkişaf etdirilməsinin təməlində dayanan amillərdən biri kimi görünür. Təhsil sistemlərində sertifikasiyanın keçirilməsi prosesinə elmi-pedaqoji aspektdən yanaşılır. Sertifikasiya dərin elmi təhlillərin, araşdırmaların, müzakirələrin nəticələrinə əsaslanır və onun həyata keçirilməsi təhsil sistemi üçün müstəsna əhəmiyyəti olan bir proses kimi dəyərləndirilir. ABŞ təhsil sistemində sertifikasiyanın fərqli cəhətlərindən biri də bundan ibarətdir ki, ayrı-ayrı ştatlarda onun keçirilməsi mexanizmi fərqlidir. Bu fərqlilik ştatların coğrafi mövqeyi, əhalinin etnik tərkibi, xüsusən miqrantların yerləşməsi və digər səbəblərdən yaranır. Tədqiqat zamanı diqqət çəkən nüanslardan biri də ABŞ-da müəllimlərin sertifikasiyası prosesində qeyri-hökumət təşkilatlarının, universitetlərin, ümumiyyətlə təhsilin inkişafında maraqlı olan tərəflərin, həmçinin təcrübəli müəllimlərin iştirak etməsidir. Bu amil özlüyündə sertifikasiya prosesinin elmi əsaslarını möhkəmləndirir, eləcə də onun sosial-ictimai əhəmiyyətini artırır. Tədqiqat işində pedaqoji kadr hazırlığı probleminə sertifikasiyanın təməl prinsipi kimi və ABŞda pedaqoji kadr hazırlığı işini həyata keçirən təhsil müəssisələrinin fəaliyyətinə Müəllim Səriştəliliyi üzrə Milli Şuranın təhlilləri prizmasından yanaşılır. Ümumilikdə isə, tədqiqat işində ABŞ-da müəllimlərin sertifikasiyası ilə bu və ya digər formada bağlılığı olan təşkilatların işləri də təhlil olunur, onların fəaliyyətinin əhəmiyyətli tərəfləri araşdırılır.

Məqalənin aktuallığı. Azərbaycanda müəllimlərin sertifikasiyasının keçirilməsi prosesinə başlanılmışdır. Belə bir vaxtda sertifikasiyanın keçirilməsi ilə bağlı dünyanın qabaqcıl, sınaqdan çıxmış, ayrı-ayrı ölkələr tərəfindən öyrənilərək səmərəliliyi təsbit edilmiş sertifikasiya təcrübəsinin öyrənilməsi və onun təhlili prosesin uğurla aparılmasında vacib amildir. Məqalə, ümumilikdə sertifikasiyanın aktuallığını gündəmə gətirir, onun elmi-pedaqoji əsaslarla keçirilməsinin zamanın tələbi olduğu fikrini aşılayır. 

Məqalənin elmi yeniliyi. Məqalə Amerika Birləşmiş Ştatlarında müəllimlərin sertifikasiyasının keçirilməsi haqqında ilk tədqiqat işi kimi diqqəti cəlb edir. Burada ABŞ-da tətbiq edilən sertifikasiya modellərinin fərqli və oxşar cəhətləri müqayisəli şəkildə təhlil edilir, onların əhəmiyyətli tərəfləri meydana çıxarılır. Məqalədə göstərilən nümunələr, eləcə də müəllimlərin, qeyri-hökumət təşkilatlarının, universitetlərin, təhsilin inkişafında maraqlı olan bütün tərəflərin sertifikasiyanın aparılması prosesində iştirakını göstərən faktlar Azərbaycan təhsil və elmi-pedaqoji ictimaiyyəti üçün yenidir və qeyd olunan elmi cameə tərəfindən təcrübənin öyrənilməsi əhəmiyyətli ola bilər. Məqalədə müəllimlərin sertifikasiyası ilə bağlı fikirlər irəli sürülür, müəllif tərəfindən təhlillər aparılır.

Məqalənin praktik əhəmiyyəti. Sertifikasiya prosesinin keçirildiyi bir dövrdə bu mövzunun əhatəli şəkildə təhlilini aparan, onun elmi-metodiki əhəmiyyətini şərh edən tədqiqat işlərinə, məqalələrə zəruri ehtiyac var. Təhsil sistemində sertifikasiya prosesi ilə məşğul olan mütəxəssislərin hər birinin sertifikasiyanın elmi-nəzəri əsasları haqqında geniş məlumatlarının olması vacibdir. Məqalə bu baxımdan praktik əhəmiyyət daşıyır.

İstifadə olunmuş ədəbiyyat / References

1. Cronin J. M. (1983). State regulation of teacher preparation. In L.S. Shulman & G. Sykes (Eds.), Handbook of teaching and policy. New York, NY: Longman.

2. David Roth., Watson Scott Swail. (2000). https://files.eric.ed.gov/fulltext/ED450082.pdf

3. Feistritzer C.E., Chester D.T. (2002). Alternative Teacher Certification: A State-by-State Analysis. Washington, DC: National Center for Education Information.

4. Ashburn E. A. (1984). Emergency teacher certification. ERIC Digest. Washington, DC: ERIC Clearinghouse on Teacher Education. https:// files.eric.ed.gov/fulltext/ED248244.pdf

5. Kwiatkowski M. (1999). Debating alternative teacher certification: A trial by achievement. In M. Kanstoroom & C. E. Finn (Eds.), Better teachers, better schools. Washington, DC: Thomas B. Fordham Foundation, (pp. 215–237).

6. Khanipova R.R. Attestatsiya pedagogicheskikh rabotnikov obrazovatelnikh uchrezhdeniy v SSHA. https://core.ac.uk/download/pdf/197461627. pdf http://ppe-journal.edu.az MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2023, №3 23

7. Ivanova E.V., Vinogradova I.А. (2016). Sertifikatsiya v sisteme otsenki professionalnix kompetentsiy pedagoga, Vestnik TQPU (TSPU Bulletin), 12 (177)

8. Yakovleva E.N, Krasilova I. (2015). Iz opita sertifikatsii pedagogov v zarubezhnix stranakh. “Obrazovaniye i nauka, № 9 (128)

9. Teacher Prep Handbook 2016-2017 URL: ttps://teacherprep.princeton. edu/sites/teacherprep/files/pdf/2016-2017%20TeacherPrepHandbook. pdf (Data obrasheniya: 21.04.2017).

10. ESL Certification in Texas with School and Program Overviews. URL

11. http://biblio.narod.ru/gyrnal/statyi/sertifik.htm

12. http://www.nbpts.org/certificate-areas

13. https://www.teachersoftomorrow.org/blog/insights/emergency-teaching-certification/