Pedaqoji publisistika  Böyükağa MİKAYILLI “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

Pedaqoji publisistika

TƏRBİYƏ: İNCƏ SƏNƏT VƏ BÖYÜK MƏSULİYYƏT

Övladımız dünyaya gəlir…Bu, həyatımızın ən əlamətdar günü, dönüş nöqtəsidir. Bu günü ömrümüzə yeni bir Günəşin doğulduğu gün də hesab edə bilərik. O gəlir və hər şeyi dəyişir, sanki möcüzədir. Kiçik bir varlığın böyük və sarsılmaz gücü ilk gündən hiss olunmağa başlayır. O, bizi tamamilə öz ağuşuna alır. Evimizin, həyatımızın nizamı artıq tamamilə fərqli məna kəsb etməyə başlayır. Körpə gülür biz də gülürük, ağlayır kədərlənirik, həyacanlanırıq, ağlımıza min cür fikirlər gəlir, qulağımızı sinəsinə yaxınlaşdırıb ürəyinin döyüntülərini dinləyirik, nəfəsini yoxlayırıq, hərarətini ölçürük, əmgəyinə toxunuruq, bəzən bu toxunuşun özü də bizi qorxudur…İməkləyir, ilk addımlarını atır, ata, ana deyir, ətrafı yavaş-yavaş dərk etməyə, rəngi, dadı, ətri duymağa başlayır - sanki dünyanı bizə bağışlayırlar. Övladımızı köksümüzə sıxdıqca onu həyata daha çox bağlayır, ona təbiətin,  əsararəngiz istiliyini ötürürük. Bu təması o, ömrü boyu unutmayacaq. Biz ona qollarımızla, o isə bizə bütün ruhu ilə sarılır. Valideyndən aldığı mənəvi güc uşağa qarşısıalınmaz enerji bəxş edir. Bu, mənəvi gücün, ruhun verdiyi enerjidir. O, bu mənəvi güclə bizim düşüncələrimizə hakim kəsilir. O bizi evə, ailəyə, işə, həyata bağlayır. Tamamilə fərqli bir insana çevrilirik, həyatdan ikiəlli yapışırıq, çünki məsuliyyətimiz artıb. Uşaq tərbiyəsi ən incə sənətdir. Bu sənət insandan böyük ruh istəyir. Körpəmiz bizə onun üçün yaşamağı, sevgini, qayğını, məsuliyyəti, mərhəməti öyrədir…

 

Həyatımız biliklərimizdən çox, təcrübəmiz üzərində qurulur.

Amma öyrənməli hələ çox mətləblərimiz var. Çox sahədə bilikli ola bilərik. Həyat insana çox şey öyrədir. Ən əsası da təcrübə qazandırır. Həyatımız biliklərimizdən çox, təcrübəmiz üzərində qurulur. Övladımız dünyaya gələndən sonra bizim üçün ən vacib təcrübə övlad tərbiyəsi təcrübəsidir. Nə qədər ki, uşaq yoxdur, bu təcrübədən danışa bilmərik. Onu bizə zaman-zaman uşaq özü öyrədir. Ürək döyüntülərini dinlədikcə övladımızın arzu və istəkləri qarşımızda bir təcrübə kitabı kimi vərəqlənir. Onun bizə zillənən bulaq suyu kimi dupduru gözləri Günəşin işıqlandırdığı səhər çağını xatırladır. Bu, bizi yeni həyata səsləyir… Övladımızın dil açmasını gözlədiyimiz kimi, o da bizim danışmağımızı gözləyir, ona ürəyimzilə, ruhumuzla cavab veririk. Uşaq böyüyür… Bunula daha yeni qayğılarımızın, məsuliyyətimizin əsası qoyulur. Onun boy artımı ilə həyatımız yeni-yeni mərhələlər yaşayır.

 

“Tərbiyəçi tərbiyə edəcəyi, öyrədəcəyi uşaqları hamıdan yaxşı tanımalıdır”

Sonra, ürəyimizdən gəlməsə də onu dayəyə, tərbiyəçiyə etibar edirik. Övladımız ona tamamilə yad olan bir nəfəs hiss edir. Öncə ona alışmaq körpə üçün çox çətin olur. Uşaq ona doğma olan istiliyi, mühiti axtarır, anasının həlim səsi, nəvazişi, şəfqəti üçün darıxır. Ətrafdakı yad səslərə qulaq kəsilir, onların arasından özünə doğma olanı eşitmək istəyir, baxışları müşahidə edir. O, gördüklərini, eşitdiklərini çox yaxşı anlayır, nəyin yaxşı, nəyin pis olduğunu başa düşür. Bu zaman onun şəfqətli, ürəyini isidəcək mərhəmətli bir təbəssümə ehtiyacı var və o, axtardığını tapır. Bu, körpənin doğma ailəsindən kənarda, tərbiyəçinin təbəssümü ilə naxışlanan ilk xoşbəxtlik anıdır. Tərbiyəçi elə bir böyük ürəyə və sevgiyə sahib olmalıdır o, mənəvi dünyasının təməlləri qoyulan yad uşağa öz doğması kimi yanaşa bilsin. Böyük pedaqoq Janusz Korczak fədakar tərbiyəçini xarakterizə edərkən yazırdı: “Tərbiyəçi özü olmalı, öz yolunu axtarmalı, uşaqları tanımazdan əvvəl özünü tanımalıdır. Uşaqların məsuliyyət və hüquqlarının çevrəsini müəyyən etməzdən öncə, özü özünə hesabat verməlidir: sən nəyə qadirsən? O, tərbiyə edəcəyi, öyrədəcəyi uşaqları hamıdan yaxşı tanımalıdır”. Korczak öz tərbiyə müəssislərində idrak tərbiyəçiləri formalaşdırırdı və hesab edirdi ki, yalnız idrak tərbiyəçiləri “idrak tərbiyəsi” formalaşdıra bilər.  

 

Uşaqların qəlbini necə fəth etmək mümkün olduğunu düşünsəniz…

Tərbiyəçi incə təbəssümü ilə körpənin qarşısında ona hələ bəlli olmayan bir dünyanın qapılarını açır. Əgər uşaqların qəlbini necə fəth etmək mümkün olduğunu düşünsəniz, o zaman bunu heç də oyuncaqlarda, müxtəlif rəngbərəng, parlaq əşyalarda, dondurmalarda, şirniyyatlarda axtarmayın. Parıltı tez bir zamanda sönəcək, uşaq yediyi təamın dadını unudacaq, amma ruhuna toxunan bir hissi o, heç zaman yaddan çıxartmayacaq. Odur ki, özündə həqiqi sevgini və hörməti ehtiva edən təbəssümünüzə güvənin. Uşaq, sizin ona bütün qəlbinizlə bağlı olduğunuzu sizin üzünüzdəki ifadələrdən anlayır. Bu, səmimi ünsiyyətə aparan ən təsirli yoldur. Bu doğma münasibət uşağı ailədən kənar ilk mühitə - bağçaya bağlayır. Uşaq burada əylənəcək, sevinəcək, güləcək, bəzən kədərlənəcək, dünya haqqında ilkin fikirləri yaranacaq, həyatının ilk dostları, ilk müəllimləri ilə tanış olacaq, onlar haqqında  təsəvvürləri oyanacaq və bütün bunlar onun ömür binasına hər gün bir kərpic qoyacaq. Burada onun ruhunun, qəlbinin tərbiyəsi üçün başlanğıc addımlar atılacaq. Məşhur həkim Benjamin Spok yazırdı: “Uşağın fiziki inkişafı üçün ana südü nə qədər lazımdırsa, onun emosional inkişafı üçün də diqqət və nəvaziş o qədər gərəklidir”.

Övladımız bizim ruhumuzu yeniləyir

Biz hamımız övladımızın xoşbəxtliyi üçün çalışırıq. Evdə, bağçada, məktəbdə…Onu xoşbəxt etməyin yollarını hər yerdə, hər vasitə ilə axtarırıq. İnanırıq ki, bəxş etdiyimiz xoşbəxtlik uşağın gələcək həyat yolunun müəyyənləşməsində, bu yolun onu uğura aparmasında açar rolunu oynayacaq. Övladımız bizə bəxş edilən bir lütfdür. O, bizim ruhumuzu yeniləyir. Onunla biz özümüz də sanki yenidən doğuluruq.

  • Bəs uşağın əsl xoşbəxtliyinin sirri nədədir? Onu düzgün müəyyənləşdirə bilirikmi? Uşağa ən optimal təsir yolu nədir? Ümumiyyətlə, uşağa onu xoşbəxt edəcək şeyləri veririkmi? Ona ürəyi istədiyi inkişafetdirici oyunu oynamaq üçün şərait yaradırıqmı? Uşaqların texnologiyaların öyrədici tərəflərindən istifadəsini necə nizamlayırıq və bu, əslində necə olmalıdır?  İohan Henrix Pestalotsi yazırdı ki, uşağa bacara bildiyi işi görməsinə imkan verilməlidir. Uşaqları erkən yaşlarından işə, zəhmətə alışdırmadan onu ləyaqətli insan kimi tərbiyə etmək qeyri-mümkündür. Uşaq zəhmətə doğru sevinclə, öz istəyi ilə getməlidir. Bağda, həyətdə işləmək, bitkilər toplamaq və s. ictimai həyata hazırlıqdır.
  • Uşağa zaman ayırırıqmı? Əgər zaman ayırırıqsa, bunu onun, yoxsa özümüz istədiyimiz vaxt edirik?  Onun uşaqlıq dünyasında hər şey varmı? Onun həyatını dolğunlaşdıra bilirikmi? Biz ona sevgi verməklə, onda sevgi hissi oyada bilirikmi? Bizim uşağa yanaşmamız ona özü olmağa, öz “məni”ni özünün yaratmasına mane olmur ki? Uşağın istəkləri əleyhinə onun haqqında qərar qəbul etmirik ki?
  •  Övladımıza şükür etməyi öyrədirikmi? Ona səhv etməyə və səhvlərini düzəltməyə, özünü təhlükəsizlikdə hiss etməyə imkan veririkmi? Onun şıltaqlıqlarına qarşı dözümlüyükmü? Ona özünü azad şəkildə ifadə etməyə, pozitiv düşünməyə yol açırıqmı?
  • Ona ünsiyyət mədəniyyəti, həya hissi aşılayırıqmı?
  • Uşağa təbiəti hiss etməyə, onunla mütəmadi təmasda olmağa, onun rəngini, ruhunu duymağa, nağıllar oxumağa və dinləməyə, bir sözlə, onun təfəkkürünün formalaşmasına şərait yaradırıqmı? Bunun metodikasını düzgün qururuqmu?
  • Onu heyrətləndirməyi, onun yaradıcılıq potensialını düzgün qiymətləndirməyi, davranışlarını yaşına uyğun nizamlamağı bacarırıqmı, ona səmimi olmağı öyrədirikmi? Ona təzyiq göstərmirik ki? Ona ruh veririkmi, yoxsa ətrafında hər şey mexaniki olaraq baş verir və onu sadəcə bir robot kimi böyüdürük? Təlim prosesində interaktivliyi yaradırıqmı?
  • İnklüzivliyi təmin edə bilikmi?
  •  Uşağın tərbiyəsində bizə daha çox kömək edən nədir: elm və nəzəriyyə, yoxsa təcrübə? Uşağın təbiətini dərk etmək, onu tanımaq  üçün bunlardan hansı daha optimal yol hesab edilə bilər? Yoxsa hər ikisinə istinad etməliyik? Ümumiyyətlə, biz uşağı tanıyırıqmı, onu tanımaq üçün nə edirik, onu şəxsiyyət kimi görürükmü?
  • Bağça ilə ailənin əlaqələrini necə nizamlayırıq? Təcrübə göstərir ki, uşağı bağçaya qoyub öz işinin arxasınca gedən və uşağın bağçadakı fəaliyyəti, onun gün rejimi, ümumiyyətlə bağçanın övladına təsiri ilə maraqlanmayan valideynlər uşağın tərbiyəsində problemlərlə qarşılaşırlar. Uşağın bağça tərbiyəsi yalnız bağçanın deyil, həm də valideynin məsuliyyətidir. Valideynlərin pedaqoji bilikləri də bu cəhətdən vacibdir.
  • İstər məktəbəqədər təhsil, istərsə də orta ümumtəhsil pilləsində uşaqların təlim və tərbiyəsində uğur əldə etməyin təməl prinsipi ailənin mikroiqliminə bağlıdır. Təlim-tərbiyə müəssisələrinin ailələrlə apardıqları pedaqoji-psixoloji iş bu mikroiqlimi müsbət mənada dəyişə bilər. Bu da öz növbəsində bağça və məktəblərdə tərbiyə işinin təşkilində çətinlikləri aradan qaldırar.
  • Vacib suallardan biri də budur: Uşağa fərdi yanaşa bilirikmi? Təhsil sistemləri, proqramlar buna imkan verirmi? Hər bir uşaq fərdi xüsusiyyətlərə malik olduğu üçün onun tərbiyəsi işinə də fərdi yanaşmaq vacibdir. XVII əsrdə yaşamış Britaniyalı mütəfəkkir, tərbiyə haqqında bir sıra əsərlər və mütərəqqi fikirlərin müəllifi Con Lokk hesab edirdi ki, tərbiyənin yaxşı nəticələr verməsi üçün tərbiyəçi uşağa onun fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşmalıdır. Valideynlərlə aparılan pedaqoji işin sistemində də bu amil mütləq olaraq nəzərə alınmalıdır.
  • Uşaq mərkəzli tərbiyə qura bilirikmi? Yoxsa buna ancaq sözdə əməl edirik? Uşaqları həddindən artıq zehni yüklənməyə məruz qoymuruqmu? Onlara məsuliyyət hissi aşılaya bilirikmi? Uşağın qarşısında qoyduğumuz tələblər sərt deyilmi? Uşağın sağlamlığı qayğısına necə qalırıq? Uşağı təbii inkişafdan kənar tutmuruqmu? Onlarda xeyirxahlıq, mərhəmət hissi formalaşdıra bilirikmi? Müasir dövrdə gənclərdə müşahidə olunan aqressiyanın, müxtəlif xəstəliklərin səbəbləri nədir? Bunun təməllərinin uşaqlıq dövründə qoyulduğunu bir valideyn və tərbiyəçi olaraq bilirikmi? Əgər biliriksə, bunun qarşısını necə alırıq?

 

Əgər uşaqlar dəyişibsə, demək böyüklər də dəyişməlidir...

 

Bu sualların cavabını uzun illərdir ki, yalnız tədqiqatçı kimi deyil, həm də bir valideyin kimi axtarıram. Bunlar bizə övladlarımızın tərbiyəsi üçün olduqca vacib olan suallardır. Bu sualların hər birini tərbiyə işi ilə məşğul olan hər bir kəs özünə verməlidir. Onların bir qisminə “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, digər qisminə “Övladınızın dünyasına bələdsinizmi?”, “Şagirdi məktəbdə necə xoşbəxt etməli?”, “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi” kitablarında, eləcə də böyük pedaqoq, həkim və yazıçı Janusz Korczakın yaradıcı irsini tədqiq edərkən cavab tapmağa çalışmışam. Şübhəsiz ki, hər bir tədqiqat qoyulan sualların cavablandırılması baxımından əhəmiyyətli rol oynayıb. Dünyanın müxtəlif ölkələrinin məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərində apardığım araşdırmalar, tədqiqata cəlb etdiyim pedaqoji konsepsiyalar, təhsil tədqiqatçılarının fikirləri belə bir qənaətə gəlməyimə əsas verib ki, dünyanın ən inkişaf etmiş təhsil sistemləri belə ciddi islahata ehtiyac duyur. İslahatların səmərəli nəticələnməsi ilk növbədə onların elmi tədqiqatların nəticələrinə əsaslanmasıdır. İslahat formal xarakter daşımalı deyil, illərin təcrübəsinə dayanarsa, faydalı ola bilər. Hələ 2000-ci illərin əvvəllərində görkəmli psixoloq, professor Əbdül Əlizadənin “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” adlı əsərində oxuduğum bu fikir daim məni düşündürür: “Vaxtilə uşaqlara nə barədə danışırdın danış, onların hansısa sualına necə - ətraflı və ya ötəri, təfərrüatı ilə və ya başdan-sovdu cavab verirdin ver, fərqi yoxdu, ağızlarını açıb matdım-matdım sənə baxırdılar, nə deyirdin razılaşırdılar, qane olub sakitləşdirdilər...İndi isə uşaqlar gözlərimizin qarşısında necə də dəyişiblər, çox şey bilirlər, necə deyərlər yaşlılar kimi fikirləşirlər”. [Ə.Əlizadə, 1998]. Alimin yazdığı bu fikir belə bir qənaəti hasil edir ki, əgər uşaqlar dəyişibsə, demək böyüklər də dəyişməlidir, tərbiyə metodları fərqli olmalıdır. Ailə cəmiyyətin təsiri fonunda uşaqların dəyişilməsinə hazırlıqlı olmalıdır. Tərbiyəçilər də o cümlədən... Düşünürəm ki, texnologiyaların inkişaf etdiyi müasir dövr yeni pedaqoji yanaşmaların formalaşmasını zərurət kimi qarşımıza çıxarır. Bu gün klassik pedaqoji fikri təhlil etdikcə, yeni pedaqoji yanaşmaların məhz klassikaya, onun mütərəqqi tərəflərinə istinad etməli olduğu qənaətinə gəlirsən. 

 

Bu araşdırmada irəli sürdüyümüz problemin, sualların həm nəzəri, həm də təcrübi baxımdan öyrənilməsi imkanımız yaranıb. Bu imkanı “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxil olan məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətini öyrənməklə dəyərləndirəcəyik. “Bağçam”da tətbiq olunan yeni yanaşmalar bizi onun fəaliyyətini öyrənib təhlil etməyə ruhlandırdı...

 

“Xoşbəxt uşaq hər zaman uğur əldə edir”

Bəs xoşbəxtliyi ona necə verməliyik?

Uşaqların xoşbəxtliyi məsələsi üzərində daim düşünmüşəm. İstər müəllimlərin pedaqoji təcrübəsini araşdırarkən, istərsə də məktəbləri və bağçaları tədqiq edərkən uşaqların onlara ünvanlanan suallara verdikləri cavablardan öncə, onların baxışlarını, gözlərindəki mənanı müşahidə etməyə çalışmışam. Uşaqları tanımaq üçün onların daxili aləmini görməyi bacarmalıyıq. Onlar nə hiss edirlər, nə düşünürlər, nə arzulayırlar? Pedaqoji prosesdə bu, mühüm məsələdir. Əgər biz onu görmürüksə, demək uşağı tərbiyə etmək üçün pedaqoji-psixoloji hazırlığa malik deyilik. Uşaq xoşbəxtdirmi? Ailə, məktəb, yaxud bağça mühiti, pedaqoji kollektiv onu xoşbəxt edə bilirmi? Əgər  buna nail olsaq, o zaman uğurlu insanlar formalaşdıra biləcəyik.

 “Bağçam”ın ideyası mənim uzun illər apardığım araşdırmalar və üzərində düşündüyüm suallarla ahəngdarlıq təşkil edir: “Xoşbəxt uşaq hər zaman uğur əldə edir”. Şübhəsiz ki, bu ideya uşaqların tərbiyəsində pedaqoji – psixoloji – sosioloji yanaşmaların vacibliyini ehtiva etməklə, tərbiyəçilərin və valideynlərin qarşısında ciddi məsuliyyət hissi yaradır. “Bağçam”, eyni zamanda valideynləri “Övladınız hər şeyin ən yaxşısına layiqdir” çağırışı ətrafında birləşdirir. Bu çağırış uşağa qarşı ehtirama, xeyirxahlığa, onu olduğu kimi qəbul etməyə və sevməyə çağırışdır.

 

Sevgi tərbiyənin “Brilyant qaşıdır”

Dünyaya övladı gələn hər bir valideynin atalıq, analıq hissi onun övladı ilə birgə doğulur və hər bir valideynin övladına sevgi vermək imkanı mövcuddur. Övladımıza verə biləcəyimiz yaxşı hər şeyin təməlində də məhz sevgi dayanır. Sevgi tərbiyənin “Brilyant qaşıdır”. Bizim ona verəcəyimiz maddi heç nə olmasa belə, bəxş edəcəyimiz sevgi dünyalara dəyər. Uşağın gələcəkdə meydana çıxa biləcək potensialı da bu sevgi ilə bağlıdır. Sevgi uşağı xoşbəxt edir, uğura isə onu xoşbəxtliyi aparır, deməli, uğurun da, xoşbəxtliyin də təməlində sevgi dayanır. Sevgi özünəinam, həyat eşqi yaradır, ruhu daim diri saxlayır, uşağın “Mən”ini formalaşdırır. Unutmayaq ki, uşağa sevgi verməklə, ona da başqalarına sevgi verməyi öyrədirik. Bu, insanlar arasında səmimi ünsiyyətin, harmoniyanın yaranmasına yol açır.

“Bağçam”da uşaqların təlim-tərbiyəsinə yeni yanaşma formalaşdırılıb

Təhlillərə keçməzdən öncə “Bağçam”ın praktik fəaliyyətinə nəzər yetirməyi zəruri hesab edirəm. “Bağçam” məktəbəqədər təhsil müəssislərinin geniş şəbəkəsidir və bu müəssisələrin hər birində təlim-tərbiyə prosesində müasir dövrün psixo-pedaqoji və sosial çağırışlarına cavab verən klassik pedaqoji texnologiyalar tətbiq olunur. Müəssisənin qurucusu Rasif Dünyamalıyevlə söhbətimiz və ilkin müşahidələrimiz belə bir qənaətə gəlməyimizə əsas verir ki, “Bağçam”da uşaqların təlim-tərbiyəsinə yeni yanaşma formalaşdırılıb. Bu yanaşmanın mahiyyətini tədqiqat zamanı aşkara çıxarmağa çalışacağıq. Onu bir cümlə ilə belə ifadə etmək olar: “Abraham Maslou – Hovard Qardner - Pozitiv psixologiyanın vəhdətindən yaranan idraki inkişafın təməl yanaşması”. Bu yanaşmanı insan potensialının inkişafı üçün kompleks çərçivə də adlandıra bilərik. Bunu anlamaq üçün hər bir nəzəriyyəni ayrı-ayrılıqda və sintez şəklində, eləcə də bağçalarda tətbiqi fonunda təhlil edəcəyik.  

 

 

Nə üçün məhz Abraham Maslou və Hovard Qardner?

 

“Bağçam”ın qurucuları Maslounun “Ehtiyaclar iyerarxiyası piramidası”nın, Qardnerin “Çoxnövlü intellekt” nəzəriyyəsinin, eləcə də Pozitiv psixologiyanın hansı üstün cəhətlərini əsas götürərək, onun tətbiqinə qərar veriblər? Bu texnologiyaların tətbiqi uşaqların tərbiyəsində hansı fərqli nəticələrə gətirib çıxarır? “Bağçam”ın kadr potensialı fərqli texnologiyalardan istifadəyə imkan verirmi? Onlar uşaqları xoşbəxt edirmi?

Araşdırmamız göstərir ki, “Bağçam”da mütərəqqi dünya təcrübəsi mütəmadi olaraq diqqətdə saxlanılır, ən yaxşıların təcrübəsi öyrənilir və yeri gəldikcə pedaqoji prosesin ayrı-ayrı məqamlarında onlardan peşəkarlıqla istifadə olunur. Diqqət yetirək: Azərbaycan Respublikası məktəbəqədər təhsilin kurikulumu fəaliyyətin istiqamətləndirilməsində birmənalı olaraq prioritet təşkil edir. İstifadə olunan proqram və vəsaitlər arasında isə Türkiyə Respublikasının məktəbəqədər təhsil proqramı, Rusiyanın məktəbəqədər təhsil üzrə dövlət federal təhsil standartları, Sinqapur uşaq bağçaları üçün kurikulum çərçivəsi, Finlandiya milli kurikulum təlimatları üzrə erkən uşaqlıq təhsili proqramı, N.E.Veraksın, T.S.Komarovun, M.A.Vasilyevin redaktəsi ilə hazırlanmış doğumdan məktəbəqədər təhsilə qədər təhsil proqramı, E.V.Solovyovun redaktəsi ilə hazırlanmış “Göy qurşağı” məktəbəqədər təhsil proqramı, E.A.Xiltunenin redaktorluğu ilə hazırlanmış “Montessori sistemi üzrə uşaq bağçası” məktəbəqədər təhsil proqramı, Valdorf pedaqogikası əsasında fəaliyyət göstərən “Şam ağacı” uşaq bağçasının V.K.Zavodkina və S.A.Trubitsınanın ümumi redaktəsi ilə hazırlanmış proqramı və vəsaitləri fundamental mənbə kimi nümunə göstərilə bilər. Bu təcrübələrə sistemli olaraq müraciət edilməsi, ümumilikdə “Bağçam”da akademik mühitin yüksək səviyyədə təmin edilməsinə yol açır. Pedaqoji kollektiv tərəfindən yeniliklərin öyrənilməsi, mütərəqqi təcrübəyə müraciət olunması, şübhəsiz ki, təlim-tərbiyə prosesinin uşaq mərkəzli qurulmasına, innovativ baxışın formalaşmasına imkan yaradır. Bu proqramlar və vəsaitlərlə mən də yaxından tanışam. Apardığım araşdırmalarda onlara yeri gəldikcə istinad etmişəm. Hesab edirəm ki, bu texnologiyalardan peşəkarlıqla istifadə olunarsa, uşaqların təlim-tərbiyəsində arzuladığımız çox hədəflərə nail ola bilərik. “Bağçam”ın nümunəsində də bunu ifadə etmək mümkündür.

“Bağçam”da ümumən uşaq mərkəzli sistemin yaradıldığını görürük. Uşağa onun arzu və istəkləri, maraq və ehtiyacları çərçivəsində yanaşmaq zaman-zaman pedaqoq və psixoloqların konseptual baxışlarında yer alıb. Bu, uşağa sevgi ilə və ən ədalətli yanaşmadır. “Bağçam”ın istinad etdiyi Abraham Maslou nəzəriyyəsinin təməlində də bu konsepsiyanı görürük. Biz bununla uşağa mənəvi rahatlıq və xoşbəxtlik hissləri bəxş edirik. Bu zaman onun gözlərinə diqqət yetirin, özünəinamdan, sevgidən və sevincdən parlayan baxışlar görəcəksiniz. Bu, uşağın özünü dəyərli hiss etdiyini göstərən sevinc baxışlarıdır. Bu, uşağı xoşbəxt edəcək yolun başlanğıcıdır. Onu elə yönəltmək lazımdır ki, özünü dalğalar qoynunda yelkənsiz qayıq kimi hiss etməsin. Öz qollarının özünə yelkən ola biləcəyinə inansın.

“Abraham Maslounun təsiri”

Maslou qeyd edir ki, “məktəbəqədər yaşlı uşağın həyatında rifah və təhlükəsizlik hissi əsasən ətraf mühitdən asılıdır. Çünki bu dövrdə uşaq əsas həyat ehtiyaclarını ödəmək üçün böyüklərin köməyinə maksimum ehtiyac duyur və bu yaşda olan uşaq özünü ətraf mühitin təsirlərindən qorumaq üçün minimum imkanlara malikdir”. Xüsusi olaraq qeyd etmək lazımdır ki, uşağın inkişafında dominantlıq təşkil edən çox amillər var - ətraf mühit, sosial münasibətlər, ailə - bütün bunlar şəxsiyyəti yaradan ən təsirli cəhətlərdir. Maslou vurğulayır ki, əgər uşağın əhatəsində gündəlik rejim və nizam-intizam yoxdursa, o, özünü müdafiəsiz hiss edəcək və özünə daha sabit bir mühit axtarmağa çalışacaq. Məsələn, əgər uşaq müdafiəsiz mühiti bağçada hiss edəcəksə, oradan xilas olub evə getməyə can atacaq. Əgər müdafiəsiz mühiti evdə hiss edəcəksə, babasının, nənəsinin yanına qaçacaq. (Problem o zaman daha ciddi olur ki, uşaq qaçmaq üçün küçəni, yaxud da sosial şəbəkələri seçmək məcburiyyətində qalır.). Böyüklər arasında baş verən mübahisələr, fiziki zorakılıq, boşanmalar – bütün bunlar uşağı ümidsizliyə gömür və onun təhlükəsizlik hisslərini məhv edir. Uşaq bu zaman ətraf mühitə etibarını itirir. Hiperaktivlik, impulsivlik, qəzəb, aqressivlik, narahatlıq, asteniya yaranır. Abraham Maslou “Ehtiyaclar iyerarxiyası Piramidası”nda tərbiyə prosesinin təməlinə sevgi, anlama, qarşılıqlı ehtiramlı ünsiyyət, insani dəyərlərin qorunmasının vacibliyi məsələlərini qoymaqla şəxsiyyətin harmonik inkişafının yollarını göstərir. Maslounun piramidada irəli sürdüyü məsələlər sağlam inkişafın təməl prinsipləridir. Bu məsələlər insanı fiziki və ruhi, psixi təsirlərdən və xəstəliklərdən qorumaq üçün fundamental formul təsiri bağışlayır. O, insanın daxili gücünü, ruhi potensialını yüksək qiymətləndirərək yazırdı: “İnsan həyatının hər bir anında öz mənini dinləməyə, öz daxili səsini eşitməyə cəsarət etməsə, heç vaxt müdrik həyat seçimi edə bilməyəcək”. Robert Freyqer “Abraham Maslounun təsiri” adlı məqaləsində yazır: “Maslounun əsas üstünlüyü onun ən vacib sualları tərtib etmək bacarığında idi. O, psixologiya qarşısında bizim hər birimiz üçün vacib olan suallar qoyurdu: Yaxşı insan olmaq nə deməkdir? İnsan nəyə qadirdir? İnsanı xoşbəxt, yaradıcı, məmnun edən nədir? Uşağın infantilliyini və inamsızlığını necə aradan qaldırmaq olar və bunu hansı şərtlər daxilində etmək mümkündür? İnsanın müstəsna potensialını, onun anlaqsız başlanğıcı və natamamlıqları, hansı ki, bizim hamımızda bunu görmək mümkündür, nəzərə almaqla, onun təbiətinin hərtərəfli modelini necə yarada bilərik? Psixoloji cəhətdən sağlam insanın motivasiyası nədir?” Maslonun araşdırmağı hədəflədiyi bu və digər suallar insan şəxsiyyətini bütün yaş qruplarında öyrənmək üçün əhəmiyyətlidir, şübhəsiz ki, məktəbəqədər yaş dövrü də bu baxımdan istisna deyil. Kiçik yaşlı uşaqlar üçün tərbiyə mühitinin yaradılması, onların təlimə hazırlaşdırılması, onlarda həyat eşqinin formalaşdırılması -  bütün bunları Maslounun psixo-pedaqoji konsepsiyasında görmək mümkündür. Maslounun həyatından bir fraqmentə, özünün sözləri ilə diqqət yetirək: “Uşaqlıq illərimə nəzər salanda ruhi xəstə olmadığıma yalnız təəccüblənmək olar. Mən qeyri-yəhudi mühitində balaca yəhudi uşağı idim. Bu, ağdərililərin oxuduğu məktəbdə bir nəfər qara dərilinin oxuduğuna bənzəyirdi. Mən tənha və bədbəxt idim. Kitabların arasında böyüdüm, heç vaxt dostum olmadı. Valideynlərim təhsilsiz insanlar idi. Atam hüquqşünas olmağımı arzulayırdı. Hüquq fakültəsində iki həftə dərsə getdim. Bir gün evə gəldim və zavallı atama, - vəkil ola bilməyəcəyimi dedim. Atam, “Yaxşı, oğlum, bəs kim olmaq istəyirsən”?, deyə soruşdu. Mən ona dedim ki, oxumaq, hər şeyi öyrənmək istəyirəm. Atam təhsil almamışdı və mənim elmə olan həvəsimi başa düşmürdü, amma o, çox yaxşı insan idi” [Maslow, in Hall, 1968, p. 37]. Maslonun ailəsində elm, təhsil mühitindən söhbət belə gedə bilməzdi, onun ətrafında uşaq vaxtı, ümumiyyətlə onu təhsilə bağlayacaq bir qüvvə mövcud deyildi. Bununla belə, Abraham uşaq vaxtından kitabların əhatəsinə düşür, insanlardan, doğmalarından ala biləcəyi enerjini, motivasiyanı kitablardan alır. “Maslounun elmə olan sevgisi intellekti ilə birləşərək onu parlaq bir tələbəyə çevirdi. İllər sonra gənc elm sevdalısının İQ səviyyəsi o dövr üçün yüksək hesab olunan 195-ə bərabər idi. Maslou Nyu Yorkun yüksək mədəni həyatını araşdırırdı, o, klassik musiqi və teatra aşiq idi, həftədə iki dəfə Karnegi Hallda konsertlərə gedirdi. Teatra bilet almaq üçün pulu olmadığına görə fıstıq satırdı” [Маслоу, А., 2019].  

İnsan ömrünün “Qızıl dövrü”

 “Xoşbəxt uşaq hər zaman uğur əldə edir” - “Bağçam”ın bu ideyası ciddi və qlobal bir məsələyə  diqqət yönəldir. Dünyanın hər yerində təhsil idarəçiləri, pedaqoqlar, tərbiyəçilər və valideyinlər uşağı xoşbəxt etməyin yolları üzərində düşünürlər. Uşaqların tərbiyəsində və xoşbəxt böyüməsində ən vacib məsələ nədir? Mən bu suala, araşdırdığım pedaqoji konsepsiyalara əsasən, belə cavab vermişəm: Uşağın uşaqlıq dövrünü uşaq kimi yaşaması...Bu, olduqca sadə həqiqətdir. Uşaqlıq dövründən alınan təcrübə gələcək ömür yolunun ən qiymətli təməlidir. Lev Tolstoy insanın beş yaşadək ömrünü “Qızıl dövr” adlandıraraq yazır: “Məgər indi nələrlə yaşayıramsa, bunların hamısını o vaxt əldə etməmişəmmi, həm də o qədər çox, o qədər sürətlə əldə etmişəm ki, bütün qalan həyatımda onun yüzdə birini belə əldə edə bilməmişəm. Doğulmağımla beş yaşım arasında uzun bir dövr keçib, beşyaşlı uşaqdan isə mənə yalnız bir addım var” [Kərimov, Y., 2009].

Uşaqlıq dövrü həyatın təməli olduğu kimi, tərbiyənin də təməlidir. Bu dövrdəki kiçik büdrəmələr gələcəkdəki böyük axsaqlıqlardır. Böyük pedaqoq və həkim Janusz Korczak tərbiyəçilərə və valideynlərə xitabən yazırdı ki, uşaqlıq, yalnız gələcək həyata hazırlıq mərhələsi deyil, özlüyündə insan həyatının çox qiymətli bir dövrüdür və həyatının bu dövründə də xoşbəxt olmaq insanın haqqıdır. Uşağın xoşbəxtliyinin təməlində isə hər şeydən öncə ona olan sevgi və ehtiram hissi dayanır. Əgər bu hisslər yoxdursa, uşağı ən gözəl saraylarda yaşatmaq, ona ən ləziz yeməkləri belə verməyin heç bir əhəmiyyəti olmayacaq. Janusz Korczak hesab edirdi ki, uşağı sevmək, ona ehtiram göstərmək, ona şəxsiyyət kimi yanaşmaq, onun tərbiyəsi ilə məşğul olmaq üçün ilk növbədə uşağı yaxından tanımaq, onun mənəvi aləminə bələd olmaq, onun arzu və istəklərini hiss etmək, duymaq zəruridir. Bunun üçün tərbiyəçi, müəllim peşəkar hazırlıqdan əlavə, duyan, hiss edən ürəyə malik olmalıdır. Uşaq bu sevgini hiss etməli və sevgi ilə əhatə olunmuş mühitdə böyüməlidir. Bu, onun xoşbəxtliyi üçün əsas olacaq. Bu hiss onu ağıllı, cəsarətli, iradəli, həyatın hər cür sınaqlarından üzüağ çıxmaq üçün güclü edəcək.