Pedaqoji publisistika  Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

Pedaqoji publisistika

 

Rəqəmsal risklərdən uşaqları necə qoruyaq?

Rəqəmsal qaydalarımız olmalıdır...

 

Bu gün uşaqların tərbiyəsində xüsusi diqqət yetirməli olduğumuz məsələlərdən biri də sosial şəbəkələrin onların psixikasına, fiziki və mənəvi sağlamlığına təsirləridir. Rəqəmsal risklər kifayət qədər sosial təhlükə mənbəyinə çevrilib. Uşaqlar rəqəmsal mühitdə tanımadıqları insanlarla qarşılaşırlar. Orada hər cür insan var. Kiberbullinq, şəxsi məlumatların yayılması təhlükəsi, uyğunsuz məzmuna çıxış, ekran asılılğı ciddi problemlərdir. Odur ki, bizim ilk təhlükəsizlik tədbirimiz kiçik yaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmaqdır. Sosial mediada “yad insanlarla ünsiyyətin təhlükələri” mövzusunda valideynlərin və tərbiyəçilərin uşaqlara aydın və sadə qaydalar öyrətməsi vacibdir. “Əgər tanımadığın biri sənə mesaj yazırsa, nə etməlisən?” sualı üzərində uşaqlarla müzakirələr aparmaq olar”. EU Kids Online-nın, Common Sense Medianın, Pekin universitetinin araşdırmaları və apardığımız müşahidələr deməyə əsas verir ki, məktəbəqədər yaşlı uşaqların sosial şəbəkələrə marağı getdikcə artır. Lakin bizim məqsədimiz heç də o deyil ki, uşaqları tamamilə sosial şəbəkələrdən uzaq tutaq. Əksinə, balanslı və sağlam istifadəni təmin etməliyik. Kiçik yaşlı övladlarımıza hansı istiqaməti verəcəyiksə, o, həmin istiqaməti əsas götürərək addımlayacaq. Bəs bunun üçün nə etməliyik? Şübhəsiz ki, müxtəlif yollar, yanaşmalar mövcuddur. Məsələn, uşaqlar üçün rəqəmsal qaydalar və sərhədlər müəyyən edə, uşağın yaşına uyğun “ekran vaxtı” ayıra bilərik: 2-5 yaş arası uşaqlar üçün gündə 1 saatdan çox olmamaq şərti ilə keyfiyyətli məzmun izləmək tövsiyə edilir – ÜST). “Ekransız zonalar” yaratmaq (məsələn, yataq otağı, yemək masası), gecə saatlarında uşağın planşet, telefon və ya kompüterə çıxışını məhdudlaşdırmaq mümkündür. Alternativ maraqlı fəaliyyətlər təklif etmək, uşaqları rəqəmsal mühitin təhlükələrindən qorumağın ən optimal yollarından biri kimi dəyərləndirilə bilər. Məsələn, 

Təbiətdə macəra oyunları:

“Xəzinə ovçuları”: ailə üzvləri və ya dostlarla açıq havada gizli xəzinələr (məsələn, kiçik oyuncaq və ya məktublar) axtarışına çıxın.

“Ekoloji kəşfiyyatçı”: müxtəlif bitki və heyvanları tanıtmaq üçün uşaqlarla təbiət gəzintisi təşkil edin, onlara böcəklər, quşlar və ağaclar haqqında maraqlı faktlar danışın.

“Çöl laboratoriyası”: su, torpaq və ya bitkilərlə sadə elmi təcrübələr aparın (məsələn, torpağın nəmliliyini ölçmək və ya yarpaqları müşahidə etmək).

“Kreativ yaradıcılıq studiyası” təşkil edin. “Ev animasiya studiyası” yaradın - Uşaqlarla stop-motion animasiyalar çəkin (plastilindən, kağızdan və ya oyuncaq fiqurlarından istifadə edərək).

“Dəyişən nağıl” danışın. Bir nağıl seçin və uşaqlarla birlikdə onun sonunu dəyişdirin, fərqli qəhrəmanlar əlavə edin və ya yeni hadisələr uydurun.

“Səsli kitablar yaradın”.  Uşaqlar öz sevdikləri kitabları oxuyub səsləndirə bilər, hətta səslərə uyğun musiqilər əlavə edə bilərlər.  

“Uydurma dünyalar qurmaq”. “Ev içi kampinq” yaradın. Uşaqlarla evin içində çadır quraşdırın və gecə orada hekayələr danışın, ulduzlar, ay, səma haqqında məlumat verin.

"Mini şəhər qurmaq". Karton qutular, kağız və digər materiallardan evlər, mağazalar və küçələr yaradaraq bir “şəhər” formalaşdırın.

"Kosmos səyyahları".  Uşaqlarla birlikdə kağız və ya plastikdən kosmik gəmi düzəldin, rollu oyunlar vasitəsilə günəş sistemi haqqında məlumat verin.

Praktik bacarıqlar və eksperimentlər:

“Mini aşpazlar klubu” yaradın. Uşaqlarla sadə reseptlər hazırlayın (məsələn, biskvit, meyvəli yoqurt və s.).

"Ev mexanikləri".  Köhnə cihazları açaraq onların necə işlədiyini araşdırın və birlikdə bərpa etməyə çalışın.

“Suyun möcüzələri". Su ilə maraqlı eksperimentlər aparın, məsələn, müxtəlif maddələrin suda necə həll olunduğunu müşahidə edin.

Sosial və emosional inkişaf fəaliyyətləri:

“Hisslər gündəliyi”. Uşaq hər gün özünü necə hiss etdiyini çəkə, yaza və ya rənglər vasitəsilə ifadə edə bilər.

"Məktublar və açıqçalar". Dostlara və ailə üzvlərinə əllə yazılmış məktublar və ya açıqçalar hazırlayıb göndərin.

"Empatiya oyunu". Uşaq müxtəlif insanların gündəlik həyatını təsəvvür edib onların hisslərini anlamağa çalışa bilər (məsələn, görmə əngəlli bir insanın bir gününün necə keçdiyini düşünmək).

 

İctimai layihələr və faydalı işlər

"Küçə kitabxanası".  Evdə artıq oxunmayan kitabları seçib qonşular üçün kiçik bir kitabxana yaradın.

"Kiçik bağçılıq".  Uşaqlarla birlikdə kiçik qablarda bitkilər əkin və onların inkişafını müşahidə edin.

"Heyvan dostlarımız". Sahibsiz heyvanlar üçün yemək hazırlamaq və ya quşlar üçün qışda yuva düzəltmək kimi fəaliyyətlər icra edin.

Dostlarla ünsiyyət və sosial bacarıqların inkişafı üçün real görüşlər təşkil edin.

Araşdırmalar göstərir ki, erkən yaşda sosial mediaya giriş uşaqlarda diqqət problemləri və emosional narahatlıqlara səbəb ola bilər. Yadda saxlamalıyıq ki, kiçik yaşlardan öyrədilən rəqəmsal vərdişlər uşağın gələcək texnologiya istifadəsinə böyük təsir göstərəcək. Ümumiyyətlə, uşağın ətrafı onu xoşbəxt edəcək kiçik nağıllarla zəngin olmalıdır. “Bağçam”ın ideyasında da vurğulandığı kimi, “Xoşbəxt uşaq hər zaman uğur əldə edir”. Rəqəmsal dövrün şərtlərinə boyun əymədən uşaqlara xoşbəxtlik gətirəcək öyrədici-əyləncəli proqramlar tərtib etmək istər valideyndən, istərsə də tərbiyəçilərdən məharət tələb edir. Biz elə etməliyik ki, canlı aləm, canlı həyat uşaqlar üçün rəqəmsal dünyadan daha cəlbedici əlçatan olsun. Əslində, bunun üçün imkanlarımız daha genişdir, sadəcə onlardan istifadə etməyi bacarmalıyıq.