Pedaqoji publisistika  Fərrux Abbas oğlu Rüstəmov pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

Pedaqoji publisistika

İrəvan kişi gimnaziyasının Azərbaycan dili və şəriət müəllimi  

Mirzə Ələkbər Elxanov və onun “Tatar dili” dərsliyi

İrəvanda maarifçiliyin inkişafında müstəsna xidmətləri olan ziyalılarımızdan biri olan Mirzə Ələkbər Elxanov (bəzi mənbələrdə Elxani də yazılır) 1828-ci ildə İrəvan şəhəri yaxınlı­ğındakı Uluxanlı kəndində anadan olub. İrəvan şəhərindəki baş məscid nəzdində ruhani məktəbini bitirib, mükəmməl dini təhsil alıb. Ərəb və fars dillərinə, Şərq ədəbiyyatına, Quran elmlərinə, hədis və şəriət sahələrinə dərindən yiyələnmiş, eyni zamanda rus dilini sərbəst şəkildə öyrənmişdir. 1856-cı ildə Tiflis gimnaziyasında[1] imtahan verərək tatar (Azərbaycan-R.F.) dili müəllimi adını almışdır. Akademik H.Əhmədovun yazdığına görə, Mirzə Ələkbər Elxanov imtahan yolu ilə rəsmi müəllimlik hüququ alan ilk azərbaycanlıdır. 1856-cı ilin 7 aprelində İrəvan qəza məktəbinə tatar (Azərbaycan-R.F) dili və şəriət müəllimi təyin edilən Mirzə Ələkbər Elxanov öz şəxsiyyəti, müəllimlik qabiliyyəti, dünyəvi elmlərə sevgisi, şagirdlərinə münasibəti ilə həmkarlarının hüsn-rəğbətini qazanmışdır. O, 1868-ci ilə kimi İrəvan qəza məktəbində, 1868-1881-ci illərdə progimnaziyada, 1881-1885-ci illərdə gimnaziyada Azərbaycan dili və şəriət müəllimi (həm də hazırlıq sinfinin müəllim köməkçisi) vəzifələrində işləmişdir. Gimnaziyanın inspektoru P.İ.Tverdı İrəvan qəza məktəbinin Azərbaycan dili və şəriət müəllimi Molla Tağı Məhəmməd oğlunu yalnız din xadimi kimi təqdim etdiyi halda, M.Ə.Elxanovu həm yüksək mənəviyyata malik ruhani, həm də müasir metodlarla dərs keçən bacarıqlı müəllim kimi səciyyələndirmişdir. O, K.D.Uşinskinin təlimin ana dilində aparılması və xəlqilik ideyasını dərindən mənimsəyən, əməli pedaqoji fəaliyyətində ona istinad edən ilk azərbaycanlı müəllimdir. İkisinifli Uluxanlı kənd məktəbinin[2] açılışında xüsusi xidmətləri olub. Mirzə Ələkbər Elxanov “Tatar dili” (1880) kitabının müəllifidir. 1885-ci ildə İrəvan şəhərində vəfat etmişdir.

Onun әn böyük xidmәtlәrindәn biri K.D.Uşinskinin “Vәtәn dili” kitabının nümunәsindә “Tatar (Azәrbaycan-R.F.) dili” dәrsliyini tәrtib etmәsidir. Bu dәrslik haqqında pedaqoji ictimaiyyәtә ilk mәlumatı akademik H.Əhmәdov vermişdir. Onun verdiyi mәlumata görә, M.Ə.Elxanov hәmin dәrsliyi İrәvan kişi progimnaziyasında Azәrbaycan dili müәllimi işlәyәrkәn yazmışdır.

1856-cı ildәn әvvәlcә qәza mәktәbindә, sonra isә progimnaziyada Azәrbaycan dili vә şәriәt müәllimi işlәyәn M.Ə.Elxanov bu sahәdә xeyli tәcrübә topladıqdan sonra öz dövrü üçün mükәmmәl hesab edilәn “Tatar (Azәrbaycan-R.F.) dili” dәrsliyini yazmışdır. Hәmin dövrdә N.Dementyevin “Əlifba”, L.Budaqovun “Türk-tatar әlifbası” (1844) kitabları Azәrbaycan dilinin tәdrisinә olan tәlәbatı ödәyә bilmirdi.

Cәnubi Qafqazdakı dünyәvi mәktәblәrin әksәriyyәtindә Azәrbaycan dili bir fәnn kimi tәdris edilsә dә, Rusiya Maarif Nazirliyi tәrәfindәn tәsdiq edilmiş dәrslik yox idi. Akademik Hüseyn Əhmәdovun araşdırmalarına görә, hәmin dәrsliyin әlyazması 1880-ci il noyabrın 28-dә 455 saylı rәsmi mәktubla İrәvan progimnaziyasının inspektoru tәrәfindәn Qafqaz Tәdris Dairәsinin popeçitelinә göndәrilmiş, әgәr bәyәnilәrsә, QTD tabeliyindә olan vә tatar (Azәrbaycan - R.F.) dili öyrәdilәn mәktәblәrdә ondan istifadә edilmәsinә sәrәncam vermәsi xahiş edilmişdi. Qafqaz Tәdris Dairәsinin Popeçiteli K.Yanovski dәrsliyin әlyazmasını rәy üçün Qori Müәllimlәr Seminariyasının inspektoru A.O.Çernyayevskiyә göndәrmişdir. Əlyazma ilә tanış olan A.O.Çernyayevski dәrsliyi geniş tәhlil edәrәk ona 12 sәhifәlik müsbәt rәy yazmışdır. Hәmin rәyә istinadәn akademik Hüseyn Əhmәdov dәrsliyin 130 mәtndәn ibarәt olması, sadәdәn mürәkkәbә, asandan-çәtinә qaydaları әsasında tәrtib edilmәsi qәnaәtinә gәlmişdir. A.O.Çernyayevskinin әlyazması ilә bağlı tәnqidi qeydlәrini düzәltmәk üçün dәrslik müәllifә qaytarılmışdır. Dәrsliyin yenidәn işlәnilmiş variantı İrәvan gimnaziyasının direktoru V.İ.Brajnikovun 25 iyul 1882-ci il tarixli mәktubu ilә Sankt-Peterburqa − Rusiya Xalq Maarif Nazirliyinә göndәrilmişdir. Nazirlik isә dәrsliyi Sankt-Peterburq Universitetinin Şәrq fakültәsinin dosenti V.Simirnova rәyә göndәrmişdir. 2 may 1883-cü ildә dәrsliyin әlyazması Rusiya Xalq Maarif Nazirliyindә müzakirә edilәrәk çapa tövsiyә edilmişdir. 1885-ci ildә M.Ə.Elxanovun vәfatı sәbәbindәn dәrslik işıq üzü görmәmişdir.

Akademik H.Əhmәdov Sankt-Peterburq Universitetinin Şәrq fakültәsinin dosenti V.Simirnovun dәrsliklә bağlı Rusiya MDTA-da saxlanılan rәyinin bütöv mәtninin surәtini әldә edәrәk K.D.Uşinskinin “Vәtәn dili” dәrsliyi ilә müqayisәli şәkildә tәhlil etmişdir. Şәrqin mütәrәqqi mәktәb tәcrübәsi әnәnәlәri vә K.D.Uşinskinin “Vәtәn dili” dәrsliyinin strukturu әsasında tәrtib edilәn dәrslik iki hissәdәn ibarәt olmuşdur. M.Ə.Elxanovun “Tatar dili” dәrsliyi nәşr edilmәsә dә yeni nәsil ana dili dәrsliklәrinin tәrtibindә әhәmiyyәtli rol oynamışdır. Bu sәbәbdәn dә әlyazmasının mәziyyәtlәrini yüksәk dәyәrlәndirәn akademik H.Əhmәdov onu “elmi-pedaqoji prinsiplәr әsasında tәrtib edilmiş” ilk dәrslik vә metodik rәhbәrlik adlandırmışdır.

 

İstifadə edilmiş ədəbiyyyat

 

1. Əhmədov, H.M. (2014). Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, “Elm və təhsil”.

2. Rüstəmov, F.A. (2022). İrəvan Müəllimlər Seminariyası və onun məzunları. Bakı, “Elm və təhsil”.

3. Rüstəmov, F.A. (2022). İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları. Bakı, “Elm və təhsil”.

 

[1] Cənubi Qafqazda ilk orta təhsil müəssisəsi olan Birinci Tiflis kişi gimnaziyası 1830-cu ildə yaradılıb. Zaqafqaziya məktəblərinin 2 avqust 1829-cu ildə təsdiq edilən ilk nizamnaməsində ekstern yolu ilə imtahan verib müəllim adı almaq gimnaziyanın pedaqoji şurasına verilmişdi. Mirzə Fətəli Axundov gimnaziyada Azərbaycan dili, Mirzə Şəfi Vazeh isə Azərbaycan dili və şəriət müəllimi işləmişdir.

[2] İkisinifli Uluxanlı kənd məktəbi 1881-ci ildə 41 şagirdlə fəaliyyətə başlayıb. “Qafqaz kalendarı”nın 1883, 1884, 1885-ci illərə aid saylarında məktəbin müdiri və müəllimi Əbdüləli Bağır oğlu Muxtarov göstərilir. Bəzi tədqiqatçılar nədənsə məktəbin ilk müdiri kimi Muxinin adını çəkirlər.