MAARİF VƏ MƏDƏNİYYƏT TARİXİMİZİN PARLAQ ŞƏXSİYYƏTİ
Qədim və orta əsrlərdən bəri özünəməxsus elm və təhsil ənənələrinə malik olan İrəvan ictimai-pedaqoji, ədəbi-bədii fikir tariximizə parlaq şəxsiyyətlər bəxş etmişdir. Tariximizdə silinməz iz salmış həmin şəxsiyyətlərin fəaliyyətini, yaradıcılıq irsini vərəqlədikcə qürur hissi keçirirsən ki, xalqımızın ictimai-siyasi və elmi-mədəni inkişafında böyük rol oynamış belə fikir və düşüncə xadimlərimiz olub. Xalqımızın milli zəkasının parlaq nümayəndələrindən biri olan Mirzə Abbas Məhəmməd oğlu Məmmədzadə 1846-cı ildə İrəvan şəhərində anadan olmuşdur. O, əvvəlcə İrəvanda mədrəsədə təhsil almış, sonra isə İsfahan şəhərində davam etdirmisdir. İsfahan şəhərində ali dini təhsil aldıqdan sonra İrəvana qayıtmış, burada fəaliyyət göstərən xüsusi məktəblərdə, təhsil müəssisələrində, Naxçıvandakı "Rüşdiyyə" məktəbində ərəb və fars dillərini tədris etmişdir.
1906-1910-cu illərdə oğlu Mirzə Cabbarın təşəbbüsü ilə İrəvanın Daşlı küçəsində açılan III dərəcəli məktəbdə və 1917-ci ildə Qafqaz Təhsil Dairəsi tərəfindən İrəvanda açılan müəllimlər kursunda dərs demişdir. İrəvanda "Xalq müəllimi" kimi tanınan Mirzə Abbas maarif və mədəniyyət çırağının işığı ilə cəhalət və nadanlıq zülmətini yararaq bütün qüvvə və istedadını milli ruhun oyanışına, ilk dünyəvi məktəblərin yaranmasına, mədəniyyətin, maarifin, elmin inkişafına həsr etmişdir. 1912-ci ildə Bakıda "Orucov qardaşları" mətbəəsində onun "Samouçitelğ farsidskoqo əzıka dlə russkix" adlı kitabı 1913-cü ildə İrəvandakı "Budaqov" mətbəəsində isə "Bədrağatül-Ətfal" ("Balalara hədiyyə") kitabı nəşr olunmuşdur. O, "Bədrağatül-Ətfal" və "Güldəstə" əsərlərini fars dilində yazmışdır.
Böyük ədəbiyyatşünas alim Əziz Şərifin bu fikirləri Mirzə Abbas Məmmədzadəni daha dolğun şəkildə xarakterizə edir: "İrəvanda pansionda yaşayan zaman atam mənə xüsusi fars müəllimi tapmışdı. Bəxtimdən mənim İrəvandakı müəllimim olduqca bilikli və təcrübəli imiş. Cabbar bəy Məmmədovun atası Molla Abbas İrəvanda yaşayırdı. Fars dilinin mütəxəssisi olduğu üçün Fars Abbas adı ilə şöhrət tapmışdı. Haman Fars Abbas İrəvanda mənim xüsusi müəllimim oldu. O zaman fars təlim kitabı əvəzinə fars klassik ədəbiyyatından dərs verilirdi. Mənim müəllimim təlim üçün Sədinin "Gülüstan"ını seçmişdi. Ərəb əlifbasını mən artıq öyrənmişdim və sərbəst oxuyub-yaza bilirdim. Buna görə də "Gülüstan"ı oxumaqda çətinlik çəkmirdim. "Gülüstan"ı səhifədən-səhifəyə oxuya-oxuya tərcümə edib, hər cümləsini, hər sözünü təhlildən keçirə-keçirə, daxili mənasını aydınlaşdıra-aydınlaşdıra, şeirlərini isə əzbərləyərək irəliləyirdik. Eyni zamanda mənim unudulmaz, qocaman müəllimim fars dilinin sərf-nəhvini də mənə öyrədir, feillərə aid çətin qanunları mənə əzbərlədirdi. İrəvanda Molla Abbasın bir il müddətində mənə verdiyi dərslər, əzbərlətdiyi şeirlər bu gün də yadımdadır və dərin təşəkkürlə etiraf etməliyəm ki, mənim bu gün farsca az-çox oxuyub-yazmağıma bais ilk növbədə haman dərslərdir". Mirzə Abbas 1918-ci ilə kimi xalq maarifi və bir sıra dərsliklərin hazırlanması sahəsində fəal çalışır, bəzi tədris və ədəbi materialları Azərbaycan dilinə tərcümə edir. Fars dilini kamil bilən Mirzə Abbas, eyni zamanda ərəb və rus dillərinin də gözəl bilicisi olub.
"Razi" təxəllüsü ilə klassik üslubda ədəbi-bədii cəhətdən mükəmməl şeirlər yazan Mirzə Abbas təkcə İrəvan şəhərində deyil, onun hüdudlarından kənarda da maarifçi, tərcüməçi, istedadlı şair, geniş dünyagörüşə malik işıqlı şəxsiyyət kimi şöhrət qazanmışdır. Mirzə Abbas fars, ərəb və rus dillərində şeirlər yazmışdır. Şeirlərini "Razi" təxəllüsü ilə yazdığına görə "Abbas Razi" kimi də tanınırdı. Müstəsna yaradıcılıq məharəti, misilsiz təfəkkürü, dühası ilə insan qəlbini fəth etməyə qadir olan böyük sənətkar maarifimiz və ədəbiyyatımızda Fars Abbas, Mirzə Abbas, Abbas Ağa, Molla Abbas, Abbas Razi kimi tanınmışdır.
Azərbaycan mətbuatı tarixində özünəməxsus xidmətləri olan Mirzə Abbas Məmmədzadə Bakı, Tiflis, Naxçıvan ziyalıları ilə sıx əlaqə saxlamış, o dövrün "Ziya" qəzeti ilə də əməkdaşlıq etmiş və sonra qəzetin İrəvan bölgəsi üzrə müvəkkili olmuşdur. Jurnalist fəaliyyətinə "Ziya" qəzetindən başlayan Mirzə Abbasın Cənubi Qafqazda və digər ölkələrdə müxtəlif dillərdə çıxan qəzetlərdə İrəvanın ictimai-mədəni həyatı haqqında yazıları çap olunmuşdur. Qərbi Azərbaycanda ilk azərbaycanlı jurnalistlərdən biri olan Mirzə Abbas Məmmədzadə "Ziya" qəzetinin İrəvanda yayılmasında əsl fədakarlıq göstərmiş, qəzetin nəşrinin elə ilk vaxtlarında üzləşdiyi maddi çətinliyi böyük narahatlıq hissi ilə qarşılamışdı. Həmin vaxtlarda qəzetə maddi yardım göstərənlərdən, "Ziya"nın üzləşdiyi maliyyə problemini özü ilə bölüşmək istəyənlərdən ən birinci təşəbbüsü Abbas Məmmədzadə göstərmişdi. Dövrü mətbuatın xalqın maarif və mədəniyyətinin tərəqqisində oynadığı mütərəqqi rolu aydın dərk edən maarifpərvər şəxsiyyət "Ziya" qəzetinə maddi dəstək üçün Qafqaz canişinliyinin Baş İdarəsinə 50 manat pul və mətbu orqanın naşiri Səid Ünsizadənin adına bir məktub göndərir. Səid Ünsizadə Abbas Razinin farsca yazılmış bu məktubunu qəzetin 13 sentyabr 1879-cu il tarixli sayında eynilə çap etməklə onun bu milli təəssübkeşliyini oxucuların nəzərinə çatdırmışdı. Qəzetdə dərc edilmiş həmin məlumatla tanış olan Seyid Əzim Şirvani Abbas Razinin mətbuat yolundakı bu fədakarlığını, xeyirxahlığını təqdir edərək "Ziya" qəzetinə "İrəvanlı Abbas Ağa haqqında" başlığı ilə ona xüsusi şeir həsr etmiş, onu "əhli-məna sərvəri", "müini-əhli-ürfan" adlandırmışdır. S.Ə.Şirvani onun milli təəssübkesliyini böyük hərarətlə alqışlayaraq başqalarına örnək göstərmişdir. Qəzetin naşiri Səid Ünsizadə həmin şeiri "Ziya" qəzetinin 11 oktyabr 1879-cu il tarixli 38-ci nömrəsində dərc etdirmişdir.
Mərhəba, ey İrəvanın xaki-zibamənzəri -
Kim, gəlib səndən vücudə əhli-məna sərvəri.
Mərhəba, ey İrəvan, ey məcməül-bəhreyn-əsər,
Bəhrsən, Abbasi-namavər o bəhrin gövhəri.
Gövhəri-qabil, müini-əhli-ürfan, feyzi-həq -
Kim, olubdur zatı bir alicənabın yavəri.
Eyləyib himmət "Ziya" haqqında ol xurşidfər,
Ta "Ziya" olsun cahanda əhli-həqqin rəhbəri.
Aləmə acsın zəbani-pənd, töksün dürrlər,
Zöhrəvü Xürşidü Məh olsun o dürrə müştəri.
Mərhəba, ey sahibi-himmət Məhəmmədzadə kim,
Sən bu imdad ilə şad etdin dili-peyğəmbəri.
Qeyd edək ki, həmin dövrdə İrəvan ədəbi-mədəni mühitinin aparıcı nümayəndələrinin Mirzə Abbas Məmmədzadə başda olmaqla dövrü mətbuatdakı çıxışlarının sədaları təkcə Azərbaycan ədəbi mühitinə deyil, Yaxın Şərqə də gedib çıxırdı. Bu illərdə Mirzə Abbas Məmmədzadə Cəlal və Səid Ünsizadə qardaşları, Firudin bəy Köçərli, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və digər ziyalılarla sıx yaradıcılıq əlaqələrində olmusdur. Araşdırmalardan aydın olur ki, Azərbaycanda yaşayıb-yaradan bəzi ziyalıların məqalələrini və əsərlərini fars dilinə Mirzə Abbas Məmmədzadə tərcümə etmişdir. Ümumiyyətlə, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlı ziyalıların yaradıcılıq əlaqələrini və epistolyar nümunələrini araşdırmaq həmin dövrün ədəbi-mədəni və ictimai mühitini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bu vaxtadək Mirzə Abbas Məmmədzadənin və eləcə də başqa irəvanlı ziyalıların Azərbaycan və Şərq mətbuatındakı ədəbi-maarifçi və publisistik fəaliyyətləri ilə bağlı lazımınca tədqiqat işləri aparılmamışdır.
Abbas Məmmədzadə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün öz doğma ocağını tərk edərək Təbriz şəhərinə getmiş və burada sığınacaq tapmışdır. Qaçqınlıq taleyi yaşayan Mirzə Abbas 1919-cu ildə Təbriz şəhərində düyasını dəyişmiş və buradakı "Gülüstan" qəbiristanlığında dəfn olunmuşdur.