Professor Şahlar Əsgərov Azərbaycanda və dünyada təhsil sistemlərinin inkişaf tendensiyaları haqqında danışdı. İnkişafın, tərəqqinin təməlində dayanan amillərdən bəhs etdi. Söylədi ki, elm və təhsil sistemində elmi jurnalların rolu müstəsnadır. Mükəmməl təşkil olunmuş jurnal işi elmin ayrı-ayrı sahələrinin inkişafında mühüm rol oynayır. Bir şərtlə ki, elmi jurnal təmsil etdiyi sahənin elmi-nəzəri istiqamətinə uyğun fəaliyyət göstərə, həmin sahənin fəlsəfəsini aydın əks etdirə, dünyada meydana gələn yenilikləri öz səhifələrində oxucuya göstərə. Buna nail olmaq üçün elmi mühitin həmin jurnalın ətrafında səfərbər olması mühüm məsələdir. Elmi jurnal və elmi mühit bir-birindən ayrılmaz məfhumlardır. Elmi mühit jurnalın inkişafının təməlində dayandığı kimi, elmi jurnal da elmi mühitin işini stimullaşdırır və beləliklə, həm jurnal, həm də elm inkişaf edir. Şahlar Əsgərov vurğuladı ki, elmi jurnal öz ətrafında elmi məktəb yaratmağı bacarmalıdır. Bu da şübhəsiz ki, alimlərdən və jurnalın öz işinə yanaşmasından asılıdır. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının fəaliyyəti ilə tanışlıq deməyə əsas verir ki, bu elmi nəşr elmi-pedaqoji mətbuat sahəsində ənənələr yaratmaq əzmindədir. Şahlar müəllim redaksiyaya “Yonulmuş daş yolda qalmaz” kitabını hədiyyə etdi.
Görüşdə professor Şahlar Əsgərova jurnalın son illərdəki nəşrləri, eləcə də xüsusi buraxılışları təqdim edildi. Jurnalın yeni yaradılmış saytı, arxivi, beynəlxalq elmmetrik bazalarda indekslənməsi haqqında məlumat verildi...