Şirvan şəhərində Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktoru, təhsil tədqiqatçısı

Şirvan şəhərində "Məktəbəqədər və ibtidai təhsil" jurnalının təqdimatı keçirildi.

16 mart 2026-cı il tarixində Şirvan şəhər T.Bağırov adına 11 №-li tam orta ümumtəhsil məktəbində təhsil tədqiqatçısı, jurnalist, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı ilə görüş təşkil edildi.

Görüşün əsas məqsədi müəllimləri 55 illik tarixi olan jurnalın fəaliyyəti, məqalə qəbulu qaydaları və elmi nəşrin təhsil sistemindəki rolu haqqında ətraflı məlumatlandırmaq, məktəb ilə elmi-pedaqoji nəşrlər arasında əməkdaşlığın əhəmiyyətini vurğulamaq, həmçinin müəllimlərin elmi-tədqiqat fəaliyyətinə marağını artırmaq idi.

Görüş vətənimizin bütövlüyü uğrunda əziz canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Çıxış edən məktəbin direktoru səlahiyyətlərini icra edən Yusif Haxverdiyev bildirdi ki, Böyükağa Mikayıllı  öz tədqiqatlarında müəllimin cəmiyyətdəki rolunu, təhsilin elmi əsaslarla inkişafının vacibliyini daim ön plana çəkir. Eləcə də natiq Böyükağa Mikayıllının  dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemləri, universitetləri, qlobal təhsil layihələri, pedaqoji nəzəriyyələr, pedaqoji fikir tarixinin öyrənilməsi sahəsində maraqlı araşadırmalarının olduğunu vurğuladı.

Çıxış edən məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Seyyub Əsədov bildirdi ki, Böyükağa müəllim dəfələrlə Şirvan şəhər məktəblərində olmuş, müəllimlərin qabaqcıl iş təcrübələrini araşdırmışdır. Böyükağa Mikayıllının “Yaradıcılıq axtarışları” adlı kitabında yer alan qabaqcıl müəllimlər sırasında onun da iş təcrübəsindən bəhs olunub. Seyyub Əsədov qeyd etdi ki, Böyükağa Mikayıllı həmişə, “dərs müəllimin yarada biləcəyi elə bir pedaqoji, psixoloji, fəlsəfi əsəridir ki, müəllim bu əsərin mənəvi qüdrətindən istifadə etməklə şagirdin daxili aləmini, onun intellektual potensialını aşkara çıxara, eləcə də öz əsərini cəmiyyətin mənəvi dayaq nöqtəsinə çevirə bilər” deyə vurğulayır. Böyükağa Mikayıllı “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Dahi pedaqoq Yanuş Korçak”, “Şagirdi məktəbdə necə xoşbəxt etməli” və digər əsərlərin müəllifidir. Bu əsərlər müəllimlər üçün zəngin elmi-pedaqoji bazadır. Tədqiqatçının məqalələri müxtəlif elmi-pedaqoji jurnallarda, konfrans materiallarında Türk, İngilis, Rus, Ukrayna dillərində dərc olunmaqdadır.

Böyükağa Mikayıllı görüş iştirakçılarına elmi-metodik nəşr haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əsası 1970-ci ildə o zamankı Maarif naziri, akademik Mehdi Mehdizadə tərəfindən qoyulub. Jurnala həmin ildən 2021-ci ilədək pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov rəhbərlik edib. Uzunillik fəaliyyəti dövründə jurnal elmi-pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanıb, daim aktual mövzularla oxucuların görüşünə gəlib. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tanınan dövri elmi nəşrlər sıyahısındadır.

B.Mikayıllı qeyd etdi ki, bu gün jurnal öz ənənələrinə sadiq qalmaqla, müasir dövrün tələbləri səviyyəsində çap olunur. Nəşrdə Azərbaycan dili ilə yanaşı, rus, türk və ingilis dillərində də məqalələr dərc edilir. Jurnal bir sıra nüfuzlu beynəlxalq elmmetrik bazalarda indekslənir. Hər il jurnalın təhsilin aktual problemlərinə həsr olunan xüsusi buraxılışları dərc olunur. B.Mikayıllı jurnalın saytı haqqında da məlumat verərək vurğuladı ki, müəllimlər jurnalda dərc olunan və saytda yerləşdirilən məqalələrlə tanış olmaqla, peşəkar fəaliyyətləri üçün əhəmiyyətli olan elmi-metodik məlumatlar əldə edə bilərlər. Bu da, şübhəsiz ki, onların peşəkarlıq baxımından təkmilləşmələrinə təsir göstərəcəkdir. B.Mikayıllı iştirakçıları jurnalla əməkdaşlıq etməyə, jurnalda dərc olunan məqalələrlə onun saytında mütəmadi olaraq tanış olmağa, eyni zamanda onları düşündürən aktual mövzular barədə jurnal üçün məqalə hazırlamağa çağırdı. Qeyd etdi ki, jurnalın saytında onun 55 illik nəşr arxivi yaradılıb. Bu arxiv müvafiq sahənin əməkdaşları üçün fundamental elmi-metodik bazadır. Sonda iştirakçılara, eləcə də məktəbin kitabxanasına  jurnalının müxtəlif nömrələri hədiyyə olundu. Qonaq görüşün təşkili üçün Şirvan şəhəri Təhsil Sektoruna və məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi.