2025-ci il, may ayının 10-da xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiramla qeyd edir. Heydər Əliyev Azərbaycanın təkcə siyasi lideri deyil, həm də gələcək nəsillərin sağlam və vətənpərvər ruhda formalaşması üçün mühüm ideyalar yaratmış böyük şəxsiyyətdir. O, uşaqların tərbiyəsi və təhsili məsələsini daim prioritet sahə kimi dəyərləndirmişdir.
Ulu Öndərin ideyalarında uşaqlara olan sevgi və qayğı hər zaman ön sırada olmuşdur. Onun uşaqlara verdiyi önəmi sübut edən çoxsaylı çıxışları, sərəncamları və qərarları bu gün, eyni zamanda məktəbəqədər təhsil sisteminin inkişafına istiqamət verir. Heydər Əliyev 1999-cu il, avqustun 26-da “Uşaq hüquqları” mövzusunda keçirilmiş respublika konfransında belə demişdir:
“Uşaqlara dövlət səviyyəsində diqqət yetirmək – gələcək nəsillərin sağlam yetişməsini təmin etmək deməkdir”.
Bu sadə, lakin çox dərin məna kəsb edən fikirdə Ulu Öndərin strateji baxışı və uşaqlara münasibətin dövlət siyasətində tutduğu yer öz əksini tapır. Həmin çıxışında o, uşaqlara göstərilən qayğının yalnız ailənin deyil, bütöv bir dövlətin məsuliyyəti olduğunu vurğulamış və qeyd etmişdir:
“Azərbaycanın gələcəyi indiki uşaqların necə tərbiyə olunmasından asılıdır”.
Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin təşəbbüsü ilə müstəqilliyimizin ilk illərində ölkədə məktəbəqədər müəssisələrin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, bu müəssisələrdə çalışan tərbiyəçilərin əməkhaqqı və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
2000-ci ilin 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-York-da keçirilmiş Minilliyin Sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına dair iki mühüm Fakültativ Protokolunu imzalamışdır. Bu protokolların imzalanması Azərbaycan dövlətinin uşaqların müdafiəsi sahəsində beynəlxalq öhdəliklərə sadiqliyinin və onların hüquqlarının təmin edilməsinə böyük önəm verdiyinin bariz nümunəsidir.
Ulu Öndərin müəyyənləşdirdiyi ideyalar onun layiqli siyasi varisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Bu gün bu ideyalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Müasir tipli uşaq bağçalarının inşası, tədris kurikulumlarının yenilənməsi, məktəbəqədər təhsildə çalışanların ixtisasartırma kurslarına cəlb olunması məhz bu siyasi kursun davamı kimi dəyərləndirilir.
Təlim və tərbiyə ocaqlarında Ulu Öndər Heydər Əliyevin xatirəsi daim uca tutulur. Uşaqlara yönəlik maarifləndirici tədbirlər, sərgilər, musiqili kompozisiyalar və açıq məşğələlər həm Ulu Öndərin ideyalarının yaşadılmasına, həm də gələcək nəsillərin milli ruhda tərbiyəsinə xidmət edir.
Biz məktəbəqədər təhsil sahəsi işçiləri olaraq, hər gün bu ideyanın həyata keçməsi üçün çalışırıq. Hər bir uşağın gələcəyinə qoyulan zəhmət, əslində, dövlətin gələcəyinə qoyulan sərmayədir.
Əbədiyaşar Ulu Öndərin əziz xatirəsi qarşısında baş əyərək bildiririk ki, onun məktəbəqədər təhsil sahəsində qoyduğu irsi yaşatmaq və inkişaf etdirmək bizim mənəvi borcumuzdur.
İradə MUSTAFAYEVA,
Qazax şəhər 5 nömrəli körpələr evi - uşaq bağçasının müdiri