“UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR” 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR İradə MUSTAFAYEVA Qazax şəhər 5 nömrəli körpələr evi – uşaq bağçasının müdiri

“UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR” 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

Uşaqlar gələcəyimizdir. Onların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsi dövlətin, cəmiyyətin və hər bir fərdin qarşısında duran əsas vəzifədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bu mənada sadəcə bir tarix deyil, uşaqlara verilən dəyərin, onların hüquqlarının tanınmasının və qorunmasının rəmzidir.

 

           Azərbaycan dövləti uşaq hüquqlarının qorunmasını və uşaqların rifahını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikri bu gün də dövlət siyasətinin əsas ideya xəttini təşkil edir. Ulu Öndər uşaqların sağlamlığına, təhsilinə, sosial rifahına və mənəvi-əxlaqi tərbiyəsinə xüsusi önəm verir, bu sahədə ardıcıl siyasət formalaşdırırdı. Onun əsasını qoyduğu bu yanaşma bu gün Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir.

 

           Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması sahəsində mühüm qanunvericilik bazası formalaşdırılıb. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (1998), “Uşaq siyasəti üzrə Dövlət Proqramı”, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla, ölkəmiz beynəlxalq hüquqi öhdəliklərə sadiqliyini nümayiş etdirmişdir. Bu sənədlər yalnız formal hüquqlar təqdim etmir, eyni zamanda uşaqların real rifahı və inkişafı üçün zəmin yaradır.

 

          Dövlət tərəfindən məktəbəqədər müəssisələrin tikintisi və onların müasir maddi-texniki baza ilə təmin olunması son illərdə xüsusi diqqət mərkəzindədir. Yeni inşa edilən və əsaslı təmir olunan məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün təhlükəsiz, estetik və öyrədici mühitin formalaşdırılmasına yönəlib. Bu sahədə həyata keçirilən layihələr təkcə paytaxtla məhdudlaşmır, bölgələrdə, o cümlədən respublikamızın ucqar kənd və qəsəbələrində də müasir bağçalar istifadəyə verilir. Bu, dövlətin uşaqlarla bağlı siyasətinin əhatəli və inklüziv olduğunu təsdiqləyir.

 

         Xüsusi qayğıya ehtiyacı olan uşaqlar – sağlamlıq imkanları məhdud, sosial cəhətdən müdafiəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin xüsusi diqqətindədir. Onların sosial müdafiəsi, tibbi xidmətə çıxışı, inklüziv təhsilə cəlb olunması və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çoxsaylı humanitar və sosial layihələr həyata keçirərək, minlərlə uşağın həyatına sevinc və ümid bəxş edib.

 

       Azərbaycan Respublikası  bu gün uşaqlarla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməklə yanaşı, öz milli modelini də formalaşdırıb. Bu model uşaqlara təkcə hüquqi müdafiə ilə yanaşmır, həm də uşaqların rifahını, inkişafını və müdafiəsini əsas prinsipə çevirən dövlət siyasətidir. Cəmiyyət olaraq uşaqların sevincini, rahatlığını təmin etmək və təhlükəsizliyini qorumaq təkcə dövlətin yox, hər birimizin üzərinə düşən mənəvi borcdur.