UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ PSİXODİAQNOSTİKASI VƏ PSİXOKORREKSİYASI Ayşən Babayeva Azərbaycan Dövlət Pedaqoji Universiteti, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi

UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ PSİXODİAQNOSTİKASI VƏ PSİXOKORREKSİYASI

Annotasiya. Məqalədə böyük məktəbəqədər yaşlı uşaqların məktəb təliminə hazırlığından bəhs olunur. 5–6 yaşlı uşaqların məktəb təliminə hazırlığı prosesində onların şəxsiyyət kimi formalaşması məqalənin ana xəttini təşkil edir. Qeyd olunur ki, uşaqların şəxsiyyət kimi formalaşmasında həm oz yaşıdları ilə, həm də yaşlılarla ünsiyyət onların məktəb təliminə hazırlığında əsas rol oynayır. Uşağa ən çox təsir edən amillərin – onun valideynləri, bacı və qardaşları, yoldaşları, digər təsir vasitələrinin onun məktəbə hazırlığında əsas istiqamət olduğu qeyd edilir. Uşaqlarda formalaşmış bəzi hisslərin yuxarı yaşlarda da məktəb təliminə müəyyən qədər təsir göstərəcəyi qeyd olunur. Məqalədə uşaqlarda iradi səy, borc, məsuliyyət və digər hisslərin onların məktəbə psixoloji hazırlığında vacib rol oynadığı göstərilir. Məqalədə, həmçinin böyüklərin, valideynlərin uşaqlarla qarşılıqlı münasibətlərindəm, rəftarının onların psixoloji hazırlığında mühüm rol oynadığı qeyd olunur. Böyüklərin nümunəvi davranışı, qarşılıqlı münasibətləri bu sahədə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə uşağa ən çox təsir edən onun yaxın adamlarıdır. Uşaqlar daha çox böyükləri, onların hərəkətlərini təqlid və təkrar edir, onların seçdikləri əşyalara meyil edirlər. Kim onlara mehriban davranırsa, onlar da həmin insanlara daha tez uyğunlaşır, isinişirlər.

Açar sözlər: məktəbə hazırlıq, psixodiaqnostika, psixokorreksiya, valideyn, məktəb, məktəbəqədər yaş, uşaq şəxsiyyəti.

Giriş / Introduction

Böyük məktəbəqədər yaşlı uşaqların fiziki və psixi inkişafı onların məktəb təliminə hazır olmalarına şərait yaradır. Ailədə böyüklərin, xüsusilə valideynlərin tələbləri və yardımları uşaqlarda psixi proseslərin, onların şəxsiyyətlərinin inkişafı üçün şərait yaradır. Belə ki, onların fəaliyyəti, qarşılıqlı münasibətləri, tapşırıqların yerinə yetirilməsi şəxsiyyətin formalaşmasının və psixi inkişafının səviyyəsini yüksəldir. Valideynlərin köməyi ilə aparılan hesablama əməliyyatları, sadə əmək vərdişləri, rəsm çəkmək, oyunlar, söhbətlər və izahatlar nəticəsində ixtiyari yaddasaxlama, diqqətin davamlılığı, fəaliyyətlərin planlaşdırılması, yerinə yetirilməsi sistemli hal alır, inkişaf edir. Uşaq şəxsiyyətinin inkişafında yaşlıların nümunəvi davranışı, qarşılıqlı münasibətləri və fəaliyyəti böyük rol oynayır. Bu istiqamətdə uşağa ən çox təsir edən onun yaxınlarıdır. Uşaqlar yaşlıların qiymətləndirdikləri keyfiyyətlərə, əşyalara meyil edir, onları daha çox təqlid etməyə çalışırlar. Onlar təqlid etməklə kifayətlənmir, eyni zamanda böyüklərin həyatı, yaşayışı ilə maraqlanır, onların əmək prosesini müşahidə edir, danışdıqları nağılları, şeirləri, hekayələri dinləyirlər. Uşağın təqlid etdiyi ən nümunəvi davranış o adamların davranışıdır ki, onlar uşağa qayğı göstərirlər, öz məhəbbətlərini, hörmətlərini hiss etdirirlər. Uşaqlara kim daha mehriban yanaşırsa, sevgi göstərirsə, uşaqlar onları özlərinə ideal seçirlər. Belə ki, uşaq şəxsiyyətinin inkişafına yaşlıların əsas təsir vasitəsi əxlaq normalarının mənimsənilməsi prosesini səmərəli qurmaqdır. Əxlaq normaları nümunəvi, düzgün davranış sayəsində mənimsənilir. Uşaq üçün nümunəvi davranış forması böyüklərin nəzakətli hərəkətləri, mədəni davranışı, qarşılıqlı təsiridir. L.İ.Bojoviç, L.S.Vıqotski, A.N.Leontyev, S.L.Rubinşteyn, D.B.Elkonin, Ə.S.Bayramov və başqaları məktəbəqədər yaşlı uşaqların təlimə hazırlığının iki tərəfi olduğunu göstərirlər: obyektiv və subyektiv. Onların fikrincə, uşaqların məktəb təliminə psixoloji hazırlığı obyektiv mahiyyət daşıyır. Başqa sözlə desək, onların psixi inkişafının səviyyəsi buna şərait yaradır. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin formalaşması da onun təlimə psixoloji hazırlığı üçün lazımi inkişaf səviyyəsində olur. O, qarşıya məqsəd qoya, onun yerinə yetirilməsi üçün iradi səy göstərə, öz davranış və fəaliyyətini idarə edə bilir. Uşaqlarda ilkin formada məsuliyyət və borc hissi formalaşır, hisslərini nisbətən idarə etməyi bacarırlar. Bütün bu keyfiyyətlər uşağın məktəb təliminə psixoloji hazırlığının obyektiv tərəfidir. Məktəb təliminə psixoloji hazırlığın başqa bir tərəfinin – subyektiv tərəfinində əhəmiyyəti az deyil. Böyük məktəbəqədər yaşlı uşaqlar yeni fəaliyyət forması olan məktəb təliminə – böyüklərlə qarşılıqlı münasibətlərin yeni formasına böyük maraq və səy göstərirlər. Burada uşaqların fərdi psixoloji xüsusiyyətlərini də diqqətdən kənarda saxlamaq olmaz.

Əsas hissə / Main part

Azərbaycan Respublikasının təhsil sistemində praktik psixoloji xidmət işi hazırda orta təhsil müəssisələrində həyata keçirilsə də, gələcəkdə məktəbəqədər tərbiyə müəssisələrində də təşkil olunacağı qarşıda duran əsas vəzifələrdən biridir. Bir sıra xarici ölkələrdə, eləcə də Rusiyada bu sahədə müəyyən təcrübələr var. Məktəbəqədər yaş dövrü insanın həyatında, psixoloji inkişafında ən məhsuldar dövrdür. “Bu dövrdə hisslər sürətlə inkişaf edərək duyğu, qavrayış, hafizə və təfəkkürü məntiqi səviyyəyə qaldırır. Artıq məktəbəqədər yaşın sonunda uşaqda həyat hadisələrinə, ətraf aləmdə mövcud olan obyektlərə normal münasibət yaranır. O, fərddən şəxsiyyətə çevrilir” [Əmrahlı L., Əliyeva L., 2014]. Məktəbəqədər tərbiyə müəssisələrində həyata keçirilən psixoloji xidmətin vacib istiqamətlərindən biri də psixodiaqnostikadır. Psixodiaqnostikanın əsas vəzifəsi məktəbəqədər yaş dövründə uşaqların psixoloji xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir. “Diaqnostika prosesində aşağıdakı ardıcıllıq gözlənilir: tədqiq ediləcək obyektlə ümumi tanışlıq; ona yanaşma yollarıının müəyyənləşdirilməsi; son mərhələdə psoxodiaqnostik metodun seçilməsi” [Əmrahlı L., 2008]. Məktəbəqədər tərbiyə müəssisələrində psixoloji diaqnostikanın aparılmasının bir sıra özünəməxsus cəhətləri vardır. Onun predmetinə məktəbəqədər yaşlı uşaqların yaş qruplarına görə fərdi psixoloji müayinəsinin keçirilməsi, bu yolla uşaqların psixi inkişafında mümkün kənaraçıxma və geridəqalma hallarının korreksiyasını təşkil etmək aiddir. Psixoloji problemlərin həlli üçün praktik psixoloq məktəbəqədər yaşlı uşaqlarla aparılacaq psixodiaqnostik proseslərin məzmununa dərindən yiyələnməlidir. O, əvvəlcə psixoloji təsirə məruz qalan obyektləri dəqiqləşdirməli, sonra isə bu təsirin əsas mövzusunu xarakterizə edən normativ yaş göstəricilərini müəyyənləşdirməlidir. Elə buna görə də praktik psixoloq məktəbəqədər yaşlı uşaqların normativ-yaş və fərdi inkişafının göstəricilərinə bələd olmalı, onlarda öz uğurlarına münasibət formalaşdırmalıdır. “Kiçik yaşlarından başlayaraq uşaq və gənclərdə öz uğurlarına düzgün münasibət yaratmaq – iddia səviyyəsini tənzim etməyin başlıca yolu belədir” [Baxşəliyev Ə., 2007]. Məktəbəqədər yaşlı uşaqların normativ-yaş və fərdi inkişafının göstəriciləri aşağıdakılardan ibarətdir: 1. Psixoloji göstəricilər. Buraya ətraf aləmlə qarşılıqlı əlaqə üsulları (idraki, kommunikativ və refleksiv qabiliyyətlər); motivləşmə-tələbat sahəsi; mənəvi sərvətlər sistemi (mənəvi mövqe); yaş kompetentliyi (uşaq fəaliyyətinin növləri: produktiv, prosessual); psixomotor sfera; şəxsi-emosional xüsusiyyətlər aiddir. 2. Psixofizioloji xüsusiyyətlərin göstəriciləri. Buraya temp, steniklik (fəallıq), uyğunlaşma qabiliyyəti, sinir sisteminin dinamikliyi və labiliyyi (qeyri-sabit və sürətlə dəyişən qıcıqlanma) daxildir. 3. Psixoloji-pedaqoji göstəricilər. Buraya aşağıdakılar aid edilir: təlim qabiliyyəti və təlim fəaliyyəti üçün ilkin zəmin; xüsusi qabiliyyətləri (musiqi, bədii, riyazi və s.); uğurları (bilik, bacarıq və vərdişlər). [Uşaqların psixodiaqnostikası üzrə metodikalar. Celilabad-adpu.az/dosyalar mövzu 23. pdf]. Məktəbəqədər tərbiyə müəssisəsi kollektivinin uşaqlarla qarşılıqlı münasibətlərinin psixoloji-pedaqoji göstəricilərinin xüsusiyyətləri aşağıda sadalananlardan ibarətdir: 1) yaş qrupunda qarşılıqlı münasibətlərin tərzinin göstəriciləri (yaşlı – uşaq); 2) tərbiyə strategiyasının göstəriciləri (məktəbəqədər tərbiyə konsepsiyasına uyğunluğu); 3) təhsilləndirici strategiyanın göstəriciləri (məktəbəqədər təhsil konsepsiyasına uyğunluğu); 4) pedaqoji kadrların psixoloji sabitliyinin göstəriciləri. Ailədə qarşılıqlı münasibətlərin xüsusiyyətlərinə aşağıdakı göstəricilər daxildir: 1) ailədə qarşılıqlı münasibətlərin xüsusiyyətləri və onların göstəriciləri; 2) valideynlərin (yaxud onları əvəz edən şəxslərin) tərbiyə strategiyasının göstəriciləri; 3) valideyn mövqeyinin (neqativ, pozitiv və s.) aktuallığı və onun formalaşma səviyyəsinin göstəriciləri; 4) uşağın valideynlərinin (yaxud onları əvəz edən şəxslərin) psixoloji (şəxsi-emosional) sabitliyinin göstəriciləri [Uşaqların psixodiaqnostikası üzrə metodikalar. Celilabad-adpu.az/dosyalar mövzu 23. pdf]. Məktəbəqədər yaşlı uşaqlarda psixi proseslərin və şəxsiyyət keyfiyyətlərinin formalaşma səviyyəsinin diaqnostikasının aparılması onların psixoloji diaqnostikasının əsas məqsədlərindən biridir. Məktəbəqədər müəssisədə fəaliyyət göstərən uşaq psixoloqu bu məqsədlə müxtəlif diaqnostik metod və vasitələrdən istifadə etməklə uşaqlarda inkişafın spesifik və qeyri-spesifik göstəricilərini əldə edə bilər. Böyük məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının sınaqdan çıxarılmış əsas diaqnostik metodları cərgəsinə korrektura sınağı, Bender testi, naxışlı imla, piktoqram, mövcud olmayan canlılar, tapşırığı qəbul etmə testi, ümumi məlumatlılıq testi, “yadda saxla və çək” testi, məntiqi təfəkkürə aid Ayşən Babayeva. Uşaqların məktəbə hazırlığının psixodiaqnostikası və psixokorreksiyası 96 müxtəlif testlər, uşaq appersepsiya testi (Children’s Apperception Test – СHАТ, Leopold və Soney Bellak) aiddir. “Məktəbəqədər tərbiyə müəssisələrində fəaliyyət göstərən praktik uşaq psixoloqu bu metodikalarla bərabər, uşaqların məktəbə hazırlığının diaqnostikası məqsədi ilə bu kimi bir sıra əlavə metodikalardan da faydalana bilər: labirint (Veksler testi); Koqan testi; Torrens testləri; Yunq testi; “Ailə rəsmi” testi; ailənin mövcud olmayan canlılar şəklində rəsmi; “Uşaq appersepsiyası testi”, “Rokentsbeyq testi”, “impulsivlik-refleksivliyin tədqiqi metodikası; Lyuser testi; “Sehrli çubuq” və ya “Üç istək” testi; Liri testi” [http:// www.nmi.edu.az/wp-content/uploads/2020/03/Psixodiaqnostika-v%C9%99- psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr.doc]. Məktəbəqədər müəssisələrdə fəaliyyət göstərən praktik uşaq psixoloqunun iş metodları içərisində müşahidə metodu böyük rola malikdir. Psixoloji diaqnostikanın metodlarından biri olan müşahidə məqsədyönlü və planlı şəkildə izləmə yolu ilə müəyyən şəraitdə uşaqların həyatında baş verən psixi dəyişikliklərin öyrənilməsini nəzərdə tutur. “Müşahidə metodundan istifadə yolu ilə əldə edilmiş nəticələrin digər mü ayinə metodlarının nəticələri ilə müqayisəsi praktik psixoloqun uşaq haqqında obyektiv rəy tərtib etməsinə imkan yaradır” [Bağırlı L., 2003]. Praktik uşaq psixoloqunun həyata keçirdiyi diaqnostik müayinə zamanı müşahidənin aparılmasına ümumi tələblərlə bərabər bir sıra xüsusi tələblər də verilir. Bu tələblər, bir tərəfdən uşaqların yaş xüsusiyyətləri ilə, digər tərəfdən isə məktəbəqədər tərbiyə müəssisəsində uşaqların həyat və fəaliyyətinin təşkili şəraiti ilə bağlıdır. Məktəbəqədər müəssisədə çalışan psixoloq müşahidənin təşkilinə verilən aşağıdakı xüsusi tələblərə diqqət yetirməlidir: – müşahidə uşağın həyata keçirdiyi təbii həyat və fəaliyyət prosesləri zamanı aparılmalıdır; – müşahidə uşaq fəaliyyətinin konkret bir formasına istiqamətlənməlidir; – müşahidə xüsusi təşkil edilmiş fəaliyyət prosesində həyata keçirilməlidir [Əfəndiyeva Ü., 2008]. Psixoloji müayinə məqsədi ilə aparılan müşahidələr uşağın təbii həyat və fəaliyyət proseslərini əhatə etməlidir. Bu müayinə uşağın yemək, yuxu, gəzinti, oyun və s. kimi təbii fəaliyyət formalarını əhatə edir. Müşahidənin bu növü uşağın təbii şəraitdə davranışının öyrənilməsinə yönəldiyi üçün o, uşağın fərdi xüsusiyyətləri haqqında psixoloqun məlumat əldə etməsi üçün şərait yaradır. “Yönəldici fəaliyyət prosesində isə, əksinə, müşahidə uşağın yaşlılarla qarşılıqlı münasibətləri kontekstini əhatə edir. Xüsusi təşkil edilmiş müşahidələr uşağın həyatının idrak fəaliyyəti ilə əlaqədar və estetik, əmək, fiziki tərbiyə istiqamətli müxtəlif məşğələlərin gedişində aparılır. Praktik uşaq psixoloqu öz fəaliyyətində həm müşahidə, həm bələdləşmə, həm də müşayiətedici funksiyaları yerinə yetirir” [Əfəndiyeva Ü., 2008]. Bu o deməkdir ki, müşahidənin nəticələri bir tərəfdən psixoloqu test sınaqlarını keçirməyə yönəldir, digər tərəfdən keçirilmiş test sınaqlarının nəticələrini təsdiq və ya inkar etməyə imkan verir. Verbal kommunikasiya əsasında sosial-pedaqoji informasiya əldə etməyə imkan verən diaqnostik metod anketləşdirmədir. Məktəbəqədər müəssisədə anket sorğusu yalnız müəssisənin yaşlı kontingenti, yəni valideynlər, tərbiyəçimüəllimlər və pedaqoqlar arasında aparılır. Anketləşdirmənin əsas diaqnostik vəzifəsi qeyd olunan qrupa aid yaşlılardan bioqrafik məlumatların, ailə üzvlərinin sosial yönümlülüyü, şəxsi keyfiyyətləri haqqında məlumatların toplanmasından, həmçinin onların valideynlik və pedaqoji mövqelərinin müəyyənləşdirilməsindən ibarətdir. Tərbiyəçi-müəllimlər və valideynlər üçün anketlər “hə” və ya “yox” tipli cavablardan, bəzən isə bir neçə cavab variantının təqdim olunduğu suallardan ibarət olur. Bəzi hallarda daha geniş informasiya toplamaq ehtiyacı meydana çıxdıqda şifahi anketləşdirmə keçirmək tövsiyə olunur. Tərbiyəçi-müəllimlərin istifadə etdiyi nümunəvi anket sorğusunun məzmununa aşağıdakılar daxildir: • uşağın adı və soyadı; • uşağın doğum tarixi; • ailə tərkibi; • valideynlərin təhsili; • ailənin maddi vəziyyəti; • ailənin mənzil şəraiti; • uşağın neçə yaşından məktəbəqədər müəssisəyə getməsi; • uşağı məktəbəqədər müəssisəyə kimin aparması; • uşağın hansı fəaliyyət növlərini müvəffəqiyyətlə yerinə yetirməsi; • uşağın davranışında sizi daha çox narahat edən cəhətlər; • onun qrupdakı mövqeyi [Əliyev R., Əliyeva G., Əliyev C., 2011]. Valideynlər üçün hazırlanan anket sorğusunun məzmununa bunlar daxildir: • uşağın cinsi; • uşağın təvəllüdü; • uşağın anadan olduğu yer; • valideynlərin təhsili; • valideynlərin dini mənsubiyyəti; • valideynlərin ailə tərkibi; • ailə üzvlərinin sayı; • valideynlərin məşğuliyyəti və iş yerləri; • valideynlərin vəzifəsi. • Uşaq üçün ayda nə qədər pul xərcləyirsiniz? • Sizcə, nə qədər xərcləmək lazımdır? • Uşağın ayrıca otağı varmı? • Uşağa ayrıca otaq lazımdırmı? • Valideynlərin hər hansı bir xroniki xəstəliyi varmı? • Valideynlər dövlətdən müavinət alırlarmı? • Uşağın cəlb olunduğu məktəbəqədər müəssisəyə münasibəti necədir? • Hansı oyuncaqlara daha çox maraq göstərir? • Mənzilinizdə oyuncaqlar üçün ayrıca yer ayırmısınızmı? • Uşaq ailə üzvlərindən ən çox kiminlə ünsiyyətdə olur? • Uşağa daha çox kim oyuncaq alır? • Uşağınıza kitab oxuyursunuzmu? • Uşaqla bağlı yaranan problemlərin həllində ailədə hər hansı ziddiyyətlər yaranırmı? • Uşağa təsir etmək üçün ən çox hansı vasitələrdən istifadə edirsiniz? • Ailə üzvlərindən kim uşağa daha çox təsir göstərir? • Uşaq öz şikayətlərini ailədə ən çox kimə bildirir? • Uşaq öz təəssüratlarını ən çox kiminlə paylaşır? • Uşaq evdə ən çox hansı işləri yerinə yetirir? • Uşaq hansı özünəxidmət vərdişlərini yerinə yetirir? • Uşaq hansı məşğələləri sevir? • Uşağın məktəbəqədər müəssisədə dostları varmı? • Uşaq ailə üzvlərindən kiminlə daha çox ünsiyyətdə olur? • Uşağın məktəbə hazırlığı harada həyata keçirilir? • Uşağınızın hansı tipli məktəbdə oxumasını istərdiniz? Məktəbəqədər müəssisədə fəaliyyət göstərən praktik psixoloqun istifadə etdiyi müayinə metodlarından biri də söhbət metodudur. “Söhbət verbal ünsiyyət əsasında informasiya əldə edilməsinə şərait yaradan diaqnostik metoddur. Söhbət metodu şifahi və yazılı şəkildə tətbiq olunan, ciddi reqlament qaydaları olan müayinə üsuludur” [Uşaqların psixodiaqnostikası üzrə metodikalar. Celilabadadpu. az/ dosyalar mövzu 23. pdf]. Bu metodun tətbiqində əsas məqsəd diaqnostik müayinə obyekti olan uşaq haqqında psixoloji-pedaqoji ilkin məlumatları toplamaqdır. Bu metoddan istifadə edərkən uşaqla əlaqə yaradılması, onun əməkdaşlığa cəlb olunması təmin olunmalıdır.

Nəticə / Conclusion

Beləliklə, məktəbəqədər yaşlı uşağın psixi inkişafının spesifik göstəricilərinin müəyyənləşdirilməsində konkret metodik vasitələrdən istifadə olunduğu halda, qeyri-spesifik göstəricilərin müəyyənləşdirilməsində ümumi xarakterli diaqnostik və metodik vasitələrdən, müşahidə və diaqnostik müayinələrdən istifadə olunur. Böyük məktəbəqədər yaşlı uşaqların həmyaşıdları ilə, yaşlılarla ünsiyyətdə olmağa daha çox ehtiyacı var və onlar buna böyük həvəs göstərirlər. Bu prosesdə uşaqlar fikirlərini aydın, dəqiq, düzgün şəkildə ifadə etməyi öyrənirlər. Bu yaş dövründə uşaqlarda şəxsiyyətin inkişafına yaşlılar, böyüklər daha səmərəli təsir göstərirlər və uşaqda yeni psixoloji xüsusiyyətlər yaranır. Onlar yeni davranış normalarına yiyələnir, tədricən cəmiyyətin bir üzvünə çevrilirlər və onlarda əvvəlki dövrə nisbətən davamlı mənəvi xüsusiyyətlər formalaşır. Bu dövrü şəxsiyyətin ilkin təşəkkül dövrü kimi qiymətləndirmək olar. Təbii ki, bu hələ uşaq şəxsiyyətinin tam təşəkkülü demək deyil. Onu hələ inkişaf etdirmək və təkmilləşdirmək lazımdır. Uşağın şəxsiyyət kimi formalaşmasına yaşlıların təsiri özünü əxlaq normalarının mənimsənilməsi prosesində göstərir. Bu normalar nümunəvi davranış normalarının formalaşması zamanı mənimsənilir. Məktəbəqədər yaşlı uşaqların psixi inkişafının diaqnostikasını həyata keçirərkən tətbiq olunan bir çox metodlar onların məktəbə hazırlığının düzgün təşkil olunmasında əsas rol oynayır. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji hazırlığının həm valideynlərin, həm də tərbiyəçi-müəllimlərin uşaqlarla apardığı psixoloji-pedaqoji işlərin keyfiyyətindən asılı olduğu xüsusi vurğulanır.

Məqalənin aktuallığı. Məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığı mövzunun əsasını təşkil edir. Məqalənin aktuallığı ondadır ki, uşaqları təlim fəaliyyətinə hazırlayan zaman bir çox pedaqoji-psixoloji metodlardan istifadə edərək, onları həm şəxsiyyət kimi, həm də fəal öyrənən kimi yetişdirmək lazımdır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, məktəbəqədər yaşlı uşaqların yaş normalarına müvafiq psixi inkişaf səviyyələrini müəyyənləşdirmək üçün təcrübədə müxtəlif psixodiaqnostik metodikalardan istifadə edilmişdir. Həmin metodikalardan istifadə müasir məktəbəqədər yaşlı uşaqların təhsilində və təlimtərbiyəsində mühüm rol oynayacaqdır.

Məqalənin praktik əhəmiyyəti. Məktəbəqədər yaşlı uşaqların şəxsiyyət keyfiyyətlərinin müayinə edilməsində müxtəlif proyektiv metodikaların uşaqlara aid variantlarından istifadənin də özünəməxsus müsbət cəhətləri vardır. Bu testlər sırasında “Uşaq appersepsiyası testi”, “Rokentsbeyq testi”, “Adam şəkli”, “Mövcud olmayan canlıların rəsmi”, “Ailə rəsmi” və başqaları xüsusi diaqnostik dəyərlərə malikdir.

İstifadə olunmuş ədəbiyyat / References

1. Bağırlı L. (2003). Uşaqların məktəbə hazırlanmasının psixoloji məsələləri. Bakı, “Nərgiz”, 116 s.

2. Baxşəliyev Ə. (2007). Azərbaycanda psixoloji fikrin təşəkkülü, inkişafı və müasir vəziyyəti. Bakı, “Zərdabi” LTD MMC nəşriyyatı, 527 s.

3. Əfəndiyeva Ü. (2007). Ünsiyyət və qarşılıqlı münasibətlər məktəbə psixoloji hazırlığın əsası kimi. Bakı, 170 s.

4. Əfəndiyeva Ü. (2008). Uşağın məktəbə psixoloji hazırlığında yaşıdları ilə qarşılıqlı münasibətlərinin rolu. (psixol. elm. nam. dis. avtoref.) Bakı, 22 s.

5. Əliyev R., Əliyeva G., Əliyev C. (2011). Praktik psixologiya məsələləri. Bakı, “Elm və təhsil” nəşriyyatı, 189 s.

6. Əmrahlı L. (2008). Praktik psixoloqun fəaliyyəti., “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, Bakı, № 4.

7. Əmrahlı L., Əliyeva L. (2014). Təlim fəaliyyətləri və psixi inkişaf. Bakı, 172 s.

8. Əzimov E. (2004). Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 338 s.

9. Həmzəyev M. (2003). Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 282 s.

10. Qədirov Ə. (2002). Yaş psixologiyası. (ali məktəblər üçün dərs vəsaiti). Bakı, 386 s.