YUSİF BALASAQUNLUNUN “KUTADQU BİLİQ” ƏSƏRİNDƏ ŞƏXSİYYƏT VƏ MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ Böyükağa Mikayıllı “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalın baş redaktor əvəzi, təhsil tədqiqatçısı

YUSİF BALASAQUNLUNUN “KUTADQU BİLİQ” ƏSƏRİNDƏ ŞƏXSİYYƏT VƏ MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ

DOI:   https://doi.org/10.30546/2709-2488.1.1012


Annotasiya. Məqalədə türk dünyasının XI əsrdə yaşamış böyük mütəfəkkiri Yusif Balasaqunlunun “Kutadqu biliq” (“Xoşbəxtlik bəxş edən elm”) (ASE, 1976) əsərinin ideyası, yazılması tarixi, onun adı və məzmunu haqqında irəli sürülən mülahizələr araşdırılır. Azərbaycanın və bir sıra xarici ölkə tədqiqatçılarının “Kutadqu biliq”lə bağlı araşdırmalarına diqqət yetirilir. Əsərdə adı keçən qəhrəmanların əxlaqi-mənəvi dünyası, onların cəmiyyəti düşündürən vacib problemlərə münasibəti əsərin əsas ideyası kimi qeyd edilərək, təhlil olunur. Eyni zamanda, Yusif Balasaqunlunun yaşadığı dövr, onun əsəri qələmə alma səbəbləri, böyük mütəfəkkirin formalaşdığı ədəbi, fəlsəfi mühit haqqında tədqiqatlara müraciət edilir. Məqalədə elmin, biliyin, təhsilin insan həyatında vacibliyi, ədalətlilik, doğruluq, mənəvi bütövlük, insanın mənəvi yüksəliş yolları “Kutadqu biliq”in irəli sürdüyü əsas ideya kimi təqdim edilir, insanın şəxsiyyət kimi formalaşmasının fundamental əsasları tədqiq olunur.  

Açar sözlər: “Kutadqu biliq”, Törə, Kut, İrfan, Gündoğdu, Aydoldu, Öydülmüş, Odqurmuş, “Səadət biliyi”.

 

Giriş

Yusif Balasaqunlunun “Kutadqu biliq” əsərinin araşdırılması sahəsində dünyanın müxtəlif ölkələrində fundamental işlər görülüb. Bu əsər ayrı-ayrı aspektlərdə tədqiqata cəlb olunub, əsərin mahiyyəti üzərində ciddi təhlillər, müzakirələr aparılıb. Əsərin adı, qələmə alındığı dil, hansı türk soyuna mənsubluğu ilə bağlı fikir ayrılıqları, müxtəlif nəzər nöqtələri, baxışlar, mübahisələr yaranıb. Bununla belə, tədqiqatçılar bu fikirlə razılaşıblar ki, əsər ümumilikdə türk dünyasına məxsusdur və türk mütəfəkkirinin zəka məhsulu olub, türk həyat tərzini, adət-ənənələrini, düşüncələrini, dünyagörüşünü, mənəvi dəyərlərini, arzu və istəklərini, gələcəyə baxışlarını əks etdirir. Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da “Kutatqu biliq” əsəri araşdırılıb. Hələ 1994-cü ildə tədqiqatçılar Kamil Vəliyev və Ramiz Əskər “Kutadqu biliy”i Azərbaycan dilinə tərcümə edərək, geniş ön sözlə “Yusif Balasaqunlu. Qutatğu-Bilig – xoşbəxtliyə aparan elm” adı ilə elmi ictimaiyyətə təqdim ediblər. Bu, Azərbaycanda “Kutadqu biliy”in gələcək araşdırmaçıları üçün baza rolunu oynayıb. Müəlliflər əsəri Türkiyə və özbək türkcəsindən istifadə etməklə, xaqaniyyə türkcəsindən Azərbaycan dilinə çeviriblər. Kitab 2006-cı ildə yenidən nəşr edilib. Tədqiqat işində təhlilə cəlb olunan beytlər məhz bu əsərdən götürülmüşdür. Xalq şairi Xəlil Rza Ulutürk “Kutadqu biliy”in poetik tərcüməsini həyata keçirib. Tədqiqat zamanı müraciət etdiyim digər Azərbaycan mənbələrindən pedaqogika üzrə elmlər doktoru Kamal Camalovun “Balasaqunlu Yusif Xas Hacibin “Qutatqu Bilig” əsərində ailə qurmaq və ailə tərbiyəsi məsələləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Məmmədovun “Yusif Balasaqunlunun “Qutatqu Bilig” əsərində Tanrı və Törə” adlı məqalələrini də göstərmək olar. “Kutadqu biliq” əsərinin araşdırılması tarixinə diqqət yetirdikdə görmək olar ki, Türkiyə və Orta Asiya, eləcə də qərb, Çin, Amerika, Rusiya tədqiqatçıları bu əsəri yüksək qiymətləndirərək, onu fərqli cəhətlərdən araşdırıblar. Əsər qeyd etdiyim coğrafiyalarda mənəvi-əxlaqi, sosial-pedaqoji, ictimai siyasi, ədəbi-bədii, eləcə də dilçilik, publisistik və s. baxımdan təhlil olunub, eyni zamanda müxtəlif dillərə tərcümə edilib. Bütün bunlar, şübhə yoxdur ki, zəngin türk mədəniyyəti haqqında geniş məlumatların dünyaya yayılmasında önəmli rol oynayıb, eyni zamanda türk dünyası tarixinin, mədəniyyətinin, elminin, adət-ənənələrinin yeni-yeni araşdırmalarına istiqamət verib. “Kutadqu biliq” əsərinin məzmununu əhatə edən əxlaqi məsələlər müasir dövr üçün aktualdır və insanın kamillik yolu kimi görünən bu məsələlərin müasir dövrün insanlarına təqdim olunması vacibdir. Əsərdə yer alan əxlaqi fikirlər, “Kutadqu biliq”in tədqiqatçısı Rəşit Rəhməti Aratın yazdığı kimi, quru nəsihətlərdən ibarət deyil, insan həyatının mənasını, onun dövlət içindəki vəzifəsini təhlil və təyin edən həyat fəlsəfəsidir. Məhz bu konsepsiyaya istinad edərək “Kutadqu biliy”in məzmunundakı elm, bilik, təhsil, əxlaqi dəyərlər üzərində qurulmuş zəngin ideyaları öz nöqteyi-nəzərimizdən təhlil etməyə, mənəvi dəyər ehtiva edən fikirlərin ruhunu araşdırmağa başladıq. “Kutadqu biliq” əsərinin mənəvi potensialı orada yer alan qəhrəmanların ideya və fikirlərinin dərin sosial-ictimai, əxlaqi-mənəvi dəyəri ilə qiymətləndirilir. Geniş tədqiqat işinin bir hissəsi olan məqalədə bu məsələlərə diqqət yetirilir.

Əsas hissə

“Kutadqu biliq” türk xalqlarının pedaqoji fikir tarixinin, mənəvi-əxlaqi dəyərlərinin, mədəniyyətinin, təhsilinin, elminin qədim köklərə bağlandığını, onların türk insanının kamilliyindən bəhrələndiyini göstərən ən qiymətli mənəviyyat abidələrindən biridir. Bu əsərin ehtiva etdiyi dəyərlərlə tanışlıq onu deməyə əsas verir ki, onlar yalnız türk xalqlarına məxsus düşüncənin, təfəkkürün dərinliklərindən süzülüb gəlir. Əsər 6645 beytdən ibarətdir. Başlanğıcda müəllifə aid olmayan, sonradan əlavə edilmiş 38 sətirlik nəsr və 77 beytlik mənzum iki əlavə, sonunda isə 6425 beytdən ibarət, müəllifin öz dövrünü anladan bir fəsil, nəhayət, müəllifin nəsihətləri yer alır. Bu beytlərin hər biri özündə dərin mənəvi-əxlaqi, ictimai-sosial, psixoloji-pedaqoji məna daşımaqla, türk insanının, türk cəmiyyətinin malik olduğu dəyərlərin zənginliyindən soraq verir. Əsərin əvvəlində müəllif kitabın məziyyətlərindən bəhs edərkən vurğulayır ki, bu əsər hamı üçün faydalıdır. Kitabla tanış olduqca müəllifin bu fikirlərinin təsdiqi ilə qarşılaşırıq. “Kutadqu biliq” özündə ehtiva etdiyi elmi biliklərlə həyatın ən vacib suallarına cavab verir. Onun təhlil etdiyi ən mühüm məsələ isə insan şəxsiyyəti, onun əxlaqı, mənəvi tərbiyəsi, əqli, fiziki inkişafı ilə bağlıdır. Müəllifin təbirincə desək, bu kitab bir çox məmləkətləri gəzmiş, ağıllı, zəkalı insanların dərin rəğbətini qazanmışdır. Bu rəğbətdən irəli gələrək, hər ölkədə ona fərqli adlar vermişlər. Yusif Balasaqunlu bu ehtiramı belə ifadə edir: Çinlilər ona “Ədəbül-müluk” adı verdilər. Maçin məliklərinin həkimləri onu “Ayinül-məmləkət”, moşriqlilər “Zinətül-üməra” dedilər. İranlılar “Şahnameyi-türki”, bəziləri də “Pəndnameyi-müluk” adlandırırlar. Turanlılar isə “Qutatğu bilig” dedilər. (“Qutatğu-Bilig”, 2006) Tədqiqatçılar – professor Kamil Vəli Nərimanoğlu və Ramiz Əskər tərcümə etdikləri “Kutadqu biliq” əsərinə yazdıqları ön sözdə əsərin məzmununu təhlil edərkən vurğulayırlar: “Gündoğdu adlı bilikli, fəzilətli, adil bir hökmdar var imiş. Aydoldu adlı zəkalı, ədalətli bir adam tərifini eşitdiyi Gündoğdunun yanına gəlib, onun xidmətində dayanmaq istədiyini bildirir. O, bu işi görərək xidməti və fəziləti sayəsində Gündoğdunun vəziri olur. Hökmdarla vəzir arasında həyat, dövlət, idarəçilik haqqında söhbətlər gedir. Bu dialoqlarda anlaşılır ki, Gündoğdu – ədalət (eyni zamanda, yüksək səviyyədə bilikli şəxsiyyət kimi xarakterizə olunur. B.M. – “Ağılın qiymətini ağıllı bilər, Alimin satdığı biliyi ağıllı adam alar. (“Qutatğu Bilig”, 2006”), Aydoldu – səadət, xoşbəxtlik rəmzidir. Təəssüf ki, hər bir səadətdə olduğu kimi, Aydoldunun da ömrü uzun deyil. Vəzir xəstələnib vəfat edir. Vəfatından əvvəl oğlu Öydülmüşə nəsihət edir. Vəzir dövləti və xalqı ədalətlə idarə etməyin yolları haqqında nəsihətlərini yazıb hökmdara təqdim edir. Var-dövlətini xalqa dağıdıb dünyadan köçən Aydoldunun böyük dövlət vəzifəsini oğlu Öydülmüş yerinə yetirməyə başlayır. Gündoğdu və Öydülmüş arasındakı söhbətlər ağıl, elm, zövq, bəylik, ədalət, mərdlik və siyasət haqqındadır. Hökmdar və onun ətrafı, vəzirin şəxsiyyəti, sərkərdələrin kim olması haqqında dialoq-məsləhətlərdə elçi, qapıçı, katib, xəzinədar, hətta aşpazın belə vəzifələrindən söhbət gedir. Dövlət və idarəçiliyi təfərrüatı, detalı ilə izləyən bu dövlət başçıları gündəlik, müasir həyatı deyil, dövlətə əbədiyyət qazandıran dəyərləri təhlil edirdilər. Söhbət əsnasında ağıl rəmzi olan Öydülmüş qohumu Odqurmuşdan bəhs edir. Adi bir zahid olan Odqurmuş qənaət və gözütoxluq rəmzidir”. [“Qutatğu-Bilig, 2006”]. Professor, dr. Sait Başer “Kutatqu biliq”in araşdırılması sahəsində zəngin təcrübəyə malikdir. S.Başer ““Kutadgu-Bilig”də Kut və Törə” adlı kitabında türk mədəniyyətinin qaynaqlarına baş vuraraq, “Kutatqu biliq” əsərini kültürün zəngin mənəvi dünyasından süzülüb gələn qiymətli bir mənbə kimi təhlil edir. O yazır: “Kutadgu-Bilig”də dörd qəhrəman var. Onlardan birincisi Törədir. İkincisi Kut, üçüncüsü Ögdülmüş (ağıl), dördüncüsü Aqibət, müasir anlamda ifadə etsək, İrfandır. Yusif Balasaqunlu min il öncə bu mücərrəd anlayışlarla fikir bina etmək, mücərrəd anlayışlara insani don geyindirərək onları qarşılaşdırmaq, danışdırmaq yolu ilə mükəmməl bir əsər yaratmışdır. “Kutadgu-Bilig”dən sonra Şeyx Qalibin “Hüsnü-aşk” əsərində belə bir süjet xətti ilə qarşılaşırıq. “Kutadgu Bilig”də Törə (Törənin əsl mənası Tanrının qoyduğu nizam deməkdir). Törə ilahi nizam olduğu üçün Tanrı insana öz nizamına uyğun kut verməkdə, yəni onu özünə yaxınlaşdırmaqda, törə istiqamətindəki davranışlarının mükafatı olaraq, xeyirxahlıqla təltif etməkdir. Beləcə, Tanrının kut verməsi insanı sağlam bir həqiqətə qovuşdurur. “Kutadgu Bilig”də Kut, Ağıl və İrfan anlayışları arasındakı münasibətlər təhlil edilir. Bu təhlillərdə məqsəd nədir? Məqsəd Törəni tanıtmaqdır. “Kutatqu biliq” kut qazanmaq bilgisidir. Kut qazanmaq bilgisi nədir? Bu, Törədir. “Kutadgu bilig” 1069–1070-ci illərdə adət-ənənələrin yox olması təhlükəsi baş qaldırdığı üçün məşhur Qaraxanlı hökmdarı Tavğac Buğra xanın göstərişi ilə yazılmış, yəni adət-ənənələrin yaddaşlarda özünə yer tutması üçün qələmə alınan bir əsərdir. Əsərin mayasında türk millətinin adət-ənənələri dayanır. Y.Balasaqunlu o dövrdə cəmiyyətdə mövcud olan adət-ənənələri qələmə almışdır. Yusif Balasaqunlunun yerli və əcnəbi tədqiqatçıları, təəssüflər olsun ki, adlandırmaya diqqət etmədən qəhrəmanların şəxsləndirilmiş rolları üzərindən, “Kutadgu bilig”də hökmdarın özəllikləri deyə qələmə alırlar, vəzir, yaxud digər adlardan bəhs edirlər. Əslində isə belə deyil. “Kutatgu bilig”də vəzir dedikləri ya kutdur, ya da ağıldır. Digər bir xüsus isə bundan ibarətdir ki, Y.Balasaqunlu qəhrəmanlarına bu adları verərkən, anlayışları seçərkən onlara ayrıca adlar vermişdir və demişdir : “...sözümü Törə, Kut, Ağıl və İrfan üzərindən söylədim. Törəyə Gündoğdu, Kuta Aydoldu, Ağıla Öydülmüş, İrfana (həqiqət bilgisi) Odqurmuş adı verdim. Əsərdə bu adlarla danışırlar, anlayışlar bu adlarla təmsil olunur.” [S. Başer, 1990]. Yusif Balasaqunlunun təvəllüdü, əsas etibarı ilə, 1018-ci il göstərilir. [S.Dönmez, Ş.Koçak, 2018]. O, Qaraxanilər dövlətinin mədəniyyət mərkəzlərindən biri olan Balasaqun şəhərində, əsl-nəcabətli bir ailədə dünyaya göz açıb. A.Dilaçar yazır: “İslama inam bağları güclü olan ata-anası Yusifin doğru yolda formalaşmasına çalışırdılar. Çalışqan olduğu qədər də ağıllı olan oğulları hər şeyə maraq göstərib, qısa bir zamanda ensiklopedik biliklərə sahib oldu. Ana dilindən, ərəbcədən, farscadan, məmləkətində hələ də danışılmaqda olan orta fars dillərindən, soğdakcadan başqa, geniş dil və yazı bacarıqları əldə etdi. Firdovsinin “Şahnaməsi”ni, Fərabinin və İbn Sinanın ərəbcə fəlsəfə kitablarını oxudu, əfsanələrlə maraqlandı, əruz vəzninə, bəlağət sənətinə, kəlama, islam bilgilərinə, türk atalar sözlərinə, folkloruna, dövlət quruluşuna, fəlsəfəyə, buddizmə, əxlaqa, sosiologiyaya, riyaziyyata, astronomiyaya, tibb elminə, yuxu təfsiri sənətinə yiyələndi. Bunlarla yanaşı, oxatma, ovçuluq, quşçuluq kimi türk idman növlərini də öyrəndi, şahmat və çövkən oyunlarına da biganə qalmadı”. Bütün bunların həqiqət olduğunu “Kutadgu-Bilig”i oxuyarkən dərk etmək mümkündür. Dünyagörüşü, düşüncəsi, xüsusi strateji baxış tərzi olan Y.Balasaqunlunun öyrənmə mənbələrini dəqiq bilməsək də, onun əxlaq, fəlsəfə və sosiologiya sahəsində müasiri olan iki türk filosofunun fikir və düşüncələrini diqqətlə oxuyub mənimsədiyini söyləmək mümkündür. Bunlardan biri Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi (870?–950), digəri isə Buxaranın Efşenə kəndində doğulmuş Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli İbn Sina (980 –1037) idi. Yusif Balasaqunlu dünyaya gəlməzdən 50–60 il əvvəl Fərabi dünyadan köçmüşdü. İbn-Sina isə hələ yaşamaqda olub, Yusifin doğulduğu zaman, yəni 1018-ci ildə Xəzər dənizinin cənub-şərq hissəsində, İranın Curcan şəhərində yaşayırdı. Yusif Balasaqunlunun həqiqətən də İbn-Sinanın şagirdi olub-olmadığını bilməsək də, onun Fərabinin yazılarını oxuması və onların görüşlərini mənimsəməsinə şübhə yeri yoxdur”. “Fuat Köprülü də “Kutadgu-Bilig”də ciddi şəkildə İbn-Sina təsiri olduğunu vurğulayır. [Gulnisa Jamal, 2016]; [A.Dilaçar, 1995]. A.Dilaçarın fikrincə, Yusif Balasaqunlu “Kutadgu-Bilig”i türk xaqanına təqdim etdiyi zaman sağlamlığı sarsılmış, gözləri zəifləmiş, yaşı əllini keçmişdi. Onun bundan sonra çox yaşamadığını güman etmək olar. Xaqan Hasan Buğra xanın 1103-cü ilə qədər hakimiyyətdə olduğunu nəzərə alsaq, deyə bilərik ki, Yusif Balasaqunlu məhz onun hakimiyyəti dövründə dünyasını dəyişmişdir. Onun Kaşğarda, yaxud məmləkəti Balasaqunda dəfn edildiyi bəlli deyil. [A.Dilaçar, 1995]. “Kutadqu biliq” haqqında fundamental araşdırmalar aparmış, Türkiyədə bu əsərin ən yaxşı tədqiqatçısı kimi tanınan Rəşit Rəhmeti Arat yazır: “Yusif inanclı bir şəxsiyyət olmuşdur. O, Allahın varlığına və birliyinə könüldən inanmışdır. Yusif zəmanəsinin ən böyük alim və mütəfəkkiri səviyyəsinə yüksəlmişdir”. [Rəşit Rəhmeti Arat, 2005]. “Kutadqu biliq” əsərinin adı, bu adın mənası haqqında yazılan fikirlərə diqqət yetirək. Bu fikirlərin müəlliflərinin hər biri əsərin elm və biliyin vacibliyi ideyası üzərində üzərində qurulduğunu vurğulamaqla, Y.Balasaqunlunun məhz elmin və biliyin insana xoşbəxtlik, səadət gətirdiyinə inandığını qeyd edirlər. Tədiqatçılar Kamil Vəliyev və Ramiz Əsgər yazırlar: “Qut – türkcə səadət, xoşbəxtlik, uğurlu tale deməkdir. “Qutatgu bilig” xoşbəxtliyə, səadətə aparan elm, bilik deməkdir (qut – xoşbəxt, ad – etmək mənalı, adlardan feil düzəldən şəkilçi, gu – feildən isim düzəldən şəkilçidir; bil (mək) felin kökü, ig – feildən ad düzəldən şəkilçidir).” [Kamil Vəliyev, Ramiz Əsgər, 2006]. “Yusif Balasaqunlu XI əsrin böyük dilçi, lüğətçi alimi Mahmud Kaşğarinin müasiri və həmyerlisidir. Y.Balasaqunlunun “Kutadqu biliq” əsərinin adını dilimizə “səadət biliyi”, “bəxtiyarlıq sənəti”, “xoşbəxtliyə aparan elm” kimi çevirirlər. “Kut” səadət, xoşbəxtlik deməkdir. “Əsər kaşqar-xaqaniyyə ləhcəsində yazılmışdır. “Qutatgu bilig” Qaraxanilərin hakimiyyəti illərində dövlət dili kimi sabitləşməyə başlayan ədəbi dilin kamil örnəyi kimi diqqət çəkir. Bu yeni Orta Asiya türk ədəbi dili qrammatik sabitliyi və normativliyi ilə, lüğət tərkibinin dolğunluğu, zənginliyi ilə meydana çıxır. Bu epik əsər türk dilinə şüurlu münasibəti ilə seçilən əsərlərdən biridir. Əsərdə dogma dilə, dövlət dilinə o qədər böyük bir sevgi var ki, heyrətlənməyə bilmirsən və istər-istəməz anlayırsan ki, dövlət və Vətən sevgisi elə ana dilindən başlayır. Ana dilinə dövlətçilik ölçüləri ilə yanaşma, dəyərləndirmə milli təfəkkürün başında gəlir”. [Kamil Vəli Nərimanoğlu, 1998]. Əsərə türk tədqiqatçılarının verdikləri adlar da diqqət çəkir və “Kutadqu biliq”in malik olduğu məna yükünün açıqlanması baxımından onların bəzilərinə diqqət yetirməyi vacib hesab edirəm. “Kutatgu Bilik sözünün mənasını “saadetli kılan bilgi” və ya “dövlet qazandıran bilgi” kimi başa düşə bilərik. [Silahdaroğlu U., 1996]. “Bu durumda Kutatgu Bilik– xoşbəxtlik verən elm anlamına gelir. Yerinə görə, xoşbəxt edən elm, məsud edən elm, ikbal və dövlət sahibi yapan bilgi, sürəkli rifah bəxş edən elm, gönenç (firavanlıq) yollarını göstərən elm ve biraz fərqli bir ifadəylə “mutluluk bilgisi” anlamlarına gəlməkdədir. [Çağbayır Y., 2003]. Kutatgu Bilik, qısaca, kutluluk bilgisi [Silahdaroğu U., 1996], “Ketli bilgelik və ya devlet yönetme bilgisi diyə açıqlana bilir. [Küken G, 2001]. “Kişileri her iki dünyada saadete eriştirmeye yarayan bilgi [Silahdaroğlu U., 1996], “mutlu olma bilgisi” də deyilə bilir”. [Dönmez S., 2018]. Professor, dr. İbrahim Kafesoğu “Kutatgu Bilig və Kültür tariximizdəki yeri” kitabında əsərin adı ilə bağlı araşdırmalara bir qədər geniş aspek tdə yanaşır: “Kutadgu Bilig” adının mənası üzərində də tam bir fikir birliyinə varılmamışdır. Müəllif Y. Balasaqunlu “Kitaba “Kutatgu Bilig” adını koydum, oxuyanı kutlu etsin və ona yol göstərsin” deməklə kifayətlənmiş, əsərin adı ilə bağlı başqa bir məlumat verməmişdir. Bilig – bilgi deməkdir. Kut+ad+gu = “kutlu olma” deməkdirsə də, sözün kökündəki “kut”un mənası açıq deyildir. Vambery, Radloff, V.Tomson “kut” sözünü “səadət” deyə qeyd etmişlər. Bartholda görə, Kutatgu Bilig “xoşbəxtlik elmi”, “şahlara layiq elm” mənasında olub, “səadət” və “bəxt”, “kut” ifadəsi bu əsərdə “majeste” (haşmetmeab, əzəmətli – B.M.) anlayışını bildirməkdədir. M.M.Köprülü də kutadgu bilig ifadəsini “səadət verən”, “şahlara layiq” kimi açıqlamışdır. R.R.Aratın fikrincə, adın mənası “kutlu və xoşbəxt olmaq” olub, “əsər hər iki dünyada səadət nəsib etmək yolunu getmək üçün insana istiqamət vermək məqsədi ilə qələmə alınmışdır. Pedaqogika üzrə elmlər doktoru Kamal Camalov əsərin adına azərbaycanlı tədqiqatçıların yanaşmalarını ümumiləşdirərək yazır: ““Qutatğu bilig” əsərinin sətri tərcüməsi müxtəlif ədəbiyyatlarda müxtəlif şəkildə izah edilir. Məsələn, mötəbər ədəbiyyat sayılan ASE-nin I cildində “Kutadqu biliq” (“xoşbəxtlik bəxş edən elm”), “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə (toplayanı və tərtib edəni Əziz Mirəhmədov) “Kutatqu biliq” – “xoşbəxtlik bağışlayan kitab”, akademik Hüseyn Əhmədovun “Avrasiya xalqlarını məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” adlı dərsliyində “Qutatqu bilik” – “xoşbəxtlik verən elm”, Rüfət Hüseynzadənin “Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir” dərsliyində “Kutatqu bilik” –“xoşbəxtlik verən bilik” və ya “xoşbəxtliyə aparan elm”, Fərrux Rüstəmovun “Pedaqogika tarixi” dərsliyində “Kutatqu bilik” – “xoşbəxtliyə, səadətə aparan elm” kimi tərcümə edilmişdir”. [Kamal Camalov, 2021]. Göründüyü kimi, Azərbaycan alimlərinin hər biri əsərin adına yanaşmada eyni mövqe, eyni fikir nümayiş etdirmişlər. Filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun “Kutadqu biliq” adı ilə bağlı qələmə aldığı bir xatirə də diqqət çəkir: “Bir dəfə Türkiyədə mənə “Qutatqu biliy”in son tərcümələrindən birini bağışlamışdılar. Və mən əlimdə kitab dayandığım zaman böyük türk alimi, mərhum Bahəddin Ögəl əlimdəki kitabın adını soruşdu. Mən dedim: “Qutatqu bilik” – “Xoşbəxtliyə aparan kitab”. O, gülümsəyərək dedi: – Yox, oğlum, o kitabın adı “Dövlət kitabı”dır. Türk dövləti fəlsəfəsi, düşüncəsi haqqında ən böyük söz də bu kitabdadır. Azərbaycanın bu kitaba ehtiyacı çoxdur. Müdrik alimin sözlərindəki həqiqəti inkar etmək mümkün deyil”. [Kamil Vəli Nərimanoğlu, 2003]. Görkəmli türk aliminin ifadə etdiyi kimi, “Dövlət kitabı” –“Kutadqu biliy”in adı ilə bağlı ən sərrast ifadələrdən biri kimi qəbul edilə bilər, çünki əsərdə bir dövlətin formalaşması üçün lazım olan bütün amillərlə bağlı fundamental fikirlər irəli sürülür. Elm insanı xoşbəxt edə, bilik insanı səadətə çatdıra bilər, lakin bunların hər biri dövlətin səadəti üçündür. Dövlətin səadəti olarsa, onun vətəndaşlarının da xoşbəxtliyi, səadəti olacaqdır. Deməli, insanlar səadətə çatdıqca dövləti, dövlət səadətə çatdıqca insanları yüksəldir. “Kutadqu biliq”in adının ifadə olunması ilə bağlı Bahəddin Ögəlin yanaşması tamamilə fərqlidir. O, “Kutadqu biliy”in iç dünyasından çıxış edərək onu “Dövlət kitabı” adlandırır. Gözəl olan hikmətin rununda yaşayan mənadır. Dibsiz dəniz olan insan könlünün dərinliyinə dalıb, oradakı inciyə varmaqdır kuta çatmaq... “Kutadqu biliq” məhz həmin dərinliyə dalmaq elmidir. Hələ 1870-ci ildə H.Vambery yazırdı: “İlk dəfə olaraq bizə türklərin içtimai və idari durumlarına nəzər salmaq imkanını verən əsər” deyə təqdim olunan “Kutadqu biliq” əsərinə hakim olan ruh, böyük ölçüdə islam mülahizələri, yaxud şərq düşüncəsini özündə ehtiva etmək baxımından türk anlayışının yer aldığı bir əxlaqi təlimdir. Vaxtilə əsərin Çin və ya fars dilində bir kitabdan tərcümə, yaxud uyğunlaşdırma edildiyini düşünmüşdüm. Fəqət yaxından incələdiyim zaman onun türk məhsulu olduğu nəticəsinə vardım.” [İbrahim Kafesoğlu, 1980]. Tədqiqatçıların fikirlərindən “Kutadqu biliy”in xoşbəxtlik, səadət aşılayan kitab olduğu anlaşılır və əsərlə tanış olduqda da bu qənaətə gəlmək mümkündür, yəni əsərin adı onun məzmununu tam ifadə etməklə, insanlara elmin, biliyin əldə olunması yollarını göstərir və xoşbəxtliyin elmdə, bilikdə olduğu fikri aşılanır. Fikrimcə, “Kutadqu biliq” ruhun, insanın iç dünyasının elmlə zənginləşməsi missiyasını daşıyır. Bu əsər ədəbi abidə olmaqla, həm də ruhun tərbiyə olunması haqqında kitabdır. Kutlanmaq ruhun tərbiyəsi ilə mümkün olduğu üçün Y.Balasaqunlu bu kitabı kuta doğru gedən elm yolu kimi qələmə alıb. Nəticə etibarı ilə ruha xoşbəxtlik gətirən əsər meydana gəlib. Yusif Balasaqunlu türk insanını mənəviyyatca inkişaf etmiş bir şəxsiyyət kimi görmək istəyirdi. Onun fikrincə, cəmiyyətə faydalı olan insan elmi, təhsili, mədəniyyəti, əxlaqı ilə bərabər, özündə sosial bacarıqları da birləşdirməlidir. İnsanın elmi onun ünsiyyət mədəniyyəti ilə daha da zənginləşir. “Kutadqu biliy”ə daxil olan bəhslərin məzmunundan da bunu görmək mümkündür. Elmə, biliyə sahib olmaq, əcnəbi dil öyrənmək, gözəl danışmaq, bir sözlə – dünyəvi elmlərə malik olmaq, müəllifin fikrincə, şəxsiyyət zirvəsinə ucalmaq deyil. “Kutadqu biliy”in təlqin etdiyi ən mühüm ideya elm, biliklə yanaşı, saf mənəviyyata da malik olmaqdır. Saf mənəviyyat insanın şəxsiyyət kimi kimliyini müəyyənləşdirir, insanı öz soy-kökünə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə bağlayır, onu törəsindən ayrı düşməyə qoymur. Ey Elik, dinlə gör, biliyi dəniz nə deyir: Biliklə hərəkət et, üzün gülsün. (5199) Bu gün hamının yaxşı olmasını istəsən, Birinci özün yaxşı ol, ey ölkə hakimi. (5200) Bütün bulanıqları durultmaq istəsən, Öz ruhunu təmizlə, onda xalq da durular. (5201) Yusif Balasaqunlu bu beytlərdə mühüm əxlaqi, ictimai-sosial problemlərə toxunur. İnsanlar tərbiyə üçün öz şəxsi nümunələrini seçdikdə, daha effektiv nəticə almağa nail olurlar. Əgər insanınn özünün əxlaqi keyfiyyətləri olmasa, başqalarına əxlaqi dəyərlər barədə danışması tamamilə qeyri-real görünəcək. Bu, tərbiyə olunanda ikrah hissi yaradacaq, bununla yanaşı, o insanları sonradan inandırmaq və tərbiyədə səmərəli nəticə əldə etmək çətin olacaq. Yetişməyən meyvə, çiy qida orqanizmə zərərli olduğu kimi, kamil olmayan söz də insanın ruhuna ziyan verir. Bulanıqlıq – hələ kamilləşməmək deməkdir. İnsan kamilləşəndən sonra fikirləri, məqsədləri, hərəkətləri aydınlaşır, cəmiyyət üçün faydalı fərdə çevrilir. Ağac böyüyəndən, insan isə kamilləşəndən sonra bar verir. Yusif Balasaqunlunun fikrincə, cəmiyyətin yaxşı insanlardan təmsil olunmasının başlıca yolu hər kəsin öz ruhunu təmizləməsidir. Cəmiyyətin mənəvi saflığının açarı ayrı-ayrı insanların mənəvi saflığındadır. İnsanlar mənəviyyatca saflaşdıqca, cəmiyyətin mənəvi ab-havası təmizlənir. “Kutadqu biliy”in ideyası elm və təhsilin bütün zamanlarda aktual olduğunu aşılamaqdır. Y.Balasaqunlunun elm, bilik və təhsilə yanaşması həyatımızın bütün sahələrində elm və təhsilin əhəmiyyətini əsaslı şəkildə meydana qoyur. Böyük mütəfəkkir insanın təxəyyülünü və məntiqi gücünü yüksək qiymətləndirir, elmin köməyi ilə insanın həqiqətə doğru addımlayacağına inanır və ona uyğun olan yolu göstərirdi. Xoşbəxtlik və səadət də buradadır. Məhz buna görə də, müəllif elmi həqiqətlərdən bəhs edən ədəbi abidəsini “Kutadqu biliq” adlandırır. Bu bilik insanın mənən saflaşması yolu ilə ruhuna, zehninə yazdığı, bununla insanlığa, bəşəriyyətə faydalı ola biləcəyi bilikdir. “Kutatqu biliy”in özündə ehtiva etdiyi konsepsiya saxtakarlığı, riyakarlığı, şəxsi mənfəət güdənləri qəbul etmir. O, mənəvi saflığı əks etdirən fikri, düşüncəni “öz bətnində yoğuraraq dünyaya gətirir”. “Kutadqu biliq” insanın mənəvi yüksəkliyini onun elmi, zəkası ilə nail olduğu ucalıqda görür. Törənin nizamı ilə biliklənib kuta çatmış insan durulmuş su kimidir. Əsərin baş qəhrəmanlarının – dövlət rəhbərlərinin Günəşə, Aya bərabər tutulması rəhbər şəxslərə, eləcə də bilikli, ağıllı insanlara cəmiyyətin verdiyi yüksək dəyər kimi səciyyələndirilə bilər. “Kutadqu biliq” böyük şərq mütəfəkkirinin elmi, fəlsəfi, ədəbi, pedaqoji görüşlərinin məhsulu olsa da, bəşəriyyətin arzu və istəklərini, mənəvi qayğılarını ifadə edən bir abidədir. Onun özündə ehtiva etdiyi ideyalar qərb, şərq, ümumilikdə insanlıq üçün hər zaman aktualdır. Bu aktuallıq, xüsusilə onun elm və təhsilə, ailəyə, mənəvi dəyərlərə yanaşmasında daha çox diqqəti cəlb edir. Yusif Balasaqunlu əsərdə ədaləti, səadəti, elm və təhsili, irfanı bəşəri dəyərlərin təməli kimi xarakterizə edərək insanlığın, həyatın mənəvi mahiyyətini açır. O, ədaləti dünyanı aydınlaşdıran günəş kimi görür və hesab edir ki, əgər ədalət olmazsa, insanlar arasında münasibətlər sistemi pozular, bəşəriyyətin mənəvi məhvəri dağılar, həyat öz mənasını itirər. Ədalət yüksək mənəvi dəyər olmaqla yanaşı, ayrı-ayrı fərdləri və bütünlükdə cəmiyyəti yaşadan, insanlığa “nəfəs verən” qüvvədir. Ədalətli, mərhəmətli, humanist hökmdar obrazı insanların düşüncəsində hər zaman mövcud olub. İnsanlar ədalət arzuladıqları, ədalət sorağında olduqları üçün təxəyyüllərində ədalətli rəhbər obrazı yaradıblar. Bu obraz təxəyyüldən süzülərək bədii yaradıcılıq nümunələrində yer alır. Yusif Balasaqunlu əsərdə ədalətliliyi dövlətin nizamının qorunmasında mühüm, əhəmiyyətli amil hesab edərək qəhrəmanının dilindən yazır: Sən bu qədər xalqın yükünü çəkirsən, Ayıq ol, qafil olma, düşünüb hərəkət et. (5163) Bir sürü ac qurd ətrafına yığılıb, Ey qəhrəman Elik, qoyunları yaxşı qoru. (5164) Ölkədə bir adam bir gecə ac qalsa, Tanrı onu səndən soruşacaq, gözünü aç. (5165) Yusif Balasaqunlu hökmdarı qəflət yuxusundan oyanmağa çağırır. Onun dövlətin idarə olunmasında yol verdiyi kiçik bir səhvin belə böyük fəlakətlərə yol aça biləcəyindən narahatlığını ifadə edir. Hökmdarın səhvi dövlətin və insanların faciəsi ilə nəticələnə bilər, bu, labüddür. Ədalət hissini heç vaxt itirmək olmaz. Ədalətli olmaq idarə edənin bəzəyidir, onun mənəvi simasını gözəlləşdirmək üçün ən mühüm yoldur. Müdrik alim hökmdara tövsiyə edir: dövlətin işləri elə nizamlanmalıdır ki, heç kəs, bir gün də olsa, ac qalmasın. Burada hökmdarın ədalətliliyi özünü göstərir. Ədalət – əxlaqın bir üzüdür. Əgər sənin ədalətin varsa, sənin idarə etdiyin dövlətdə heç kəs ac qalmayacaq. Deməli, sən törəyə əməl edirsən və sənin kutun tamamlanıb. Fikrimcə, Yusif Balasaqunlu “ac qalmaq” ifadəsini yalnız insanın yemək, içmək, qida ehtiyaclarının ödənilməsi mənasında işlətmir. Onun bu ifadə ilə anlatmaq istədiyi həqiqət daha böyükdür. Böyük mütəfəkkir hökmdara izah edir ki, insanların ruhunun, mənəvi dünyasının ac olmasına yol vermək olmaz. İnsanın ruhunun, mənəvi dünyasının qidası elm və bilikdir. Doğrudur, insanların maddi ehtiyaclarının ödənilməsi də vacibdir, amma mənəviyyatsız toxluq insanın heç də həmişə ruhən diri olması demək deyil. Yusif Balasaqunlu vurğulayır ki, dövləti yaxşı idarə etməyin yollarından biri də doğruluqdur. “Bəyliyin təməlini möhkəmlətmək istəsən, hökm edərkən həmişə doğruluq yolunu tut” (5172). Doğruluq əxlaqın digər bir üzüdür. O, ədalətli qərar vermək üçün təməl rolunu oynayan amillərdən biridir. Doğru, dürüst insan olmasan, ədalətli ola bilməzsən. Odur ki, Gündoğdu Aydolduya deyir: Doğru ər odur ki, Düşündüyü ilə söylədiyi bir olsun. (862) Onun içi dışı kimi, dışı isə içi kimidir, Doğru və dürüst insan belə olur. (863) İnsan könlünü çıxarıb ovcuna qoyaraq, Adamların qarşısında utanmadan gəzə bilməlidir. (864) Səadətin yüksəlməsi üçün insana doğruluq lazımdır, İnsanlıq doğruluğun adıdır, buna inan. (865) İnsan nadir deyildir, insanlıq nadirdir, İnsan az deyil, doğruluq azdır. (866). Bu beytlərdən belə qənaətə gəlmək mümkündür ki, Yusif Balasaqunlu insanın mənəvi yüksəlişinin zirvəsində dayanan amillərdən biri kimi doğruluğu görür. Söz, əməl, fikir, əqidə bütövlüyü insanın şəxsiyyətində ən böyük dəyərdir. Doğruluq kut qapısının açılmasında insanın ən böyük yardımçısıdır. “Kutadqu biliq”də doğruluq insanlığın təməl prinsiplərindən biri kimi təqdim olunur. Cəmiyyət onu təmsil edən insanlara bənzəyir. Doğru, dürüst insanların sayı artdıqca insani münasibətlərin mənəvi prinsiplər üzərində qurulmasına daha çox inam yaranır. Odur ki, müasir dövrdə də məktəblərdə uşaqlara doğru danışmaq, düzgün qərar qəbul etmək kimi vərdişlərin aşılanmasına, səmimiyyət hissinin formalaşmasına diqqət yetirilir, lakin şübhəsiz ki, bu hisslərin təməlləri uşaqlara ailədə, kiçik yaşlarından aşılanmalıdır. Yusif Balasaqunlu yazır: Göy doğruluq üzündən ayaqda durur, Yerdə sabitliyi üzündən ot-ələf bitir. (5600) Türklər onlara qarşı ədalətsizlik edənlərə qarşı həmişə mərhəmət nümayiş etdiriblər. Bu amil ədəbi nümunələrdə də öz əksini tapıb. “Kitabi – Dədə Qorqud” dastanlarında Bamsı Beyrək obrazını yada salaq. Türk dünyasının tarixi ədalətli hökmdarlarla zəngindir. Ədalətli cəmiyyət mənəviyyatca saf insanlar formalaşdırır. Ədalətli mühitdə formalaşan, təhsil alan gəncin ədalətli olacağı şübhə doğurmur. Yusif Balasaqunlunun min il əvvəl irəli sürdüyü ədalət konsepsiyası müasir dövr üçün də aktualdır. Ədalətli, humanist, mərhəmətli insan tərbiyəsinin təməlləri ailədə və məktəbdə atılır. Mustafa Kamal Atatürk “Ədalət mülkün təməlidir” deyirdi. Odur ki, ailə və məktəb mühiti, ümumilikdə təhsil sistemi kamilliyə malik insanın tərbiyəsi konsepsiyasına sahib olmalıdır. Bu konsepsiya ürəkdən, ruhdan, qandan, daxildən qaynaqlanmalı, həyatın qanunları haqqında bilikləri özündə ehtiva etməlidir. Əks təqdirdə tərbiyədə köklərə, ənənələrə söykənmək mümkün olmayacaq. Köklərə söykənməyən tərbiyənin nəticəsi qeyri-müəyyəndir. “Kutadqu biliq” məhz bu konseptual dəyərləri özündə cəmləşdirir və kamil insanın tərbiyə olunmasının yollarını göstərir. Gündoğdu, ədalətli olmaqla yanaşı, yüksək səviyyədə elm, irfan sahibidir. Onun ədaləti elmindən, elmi isə ədalətindən qaynaqlanır. Yusif Balasaqunlu Gündoğdunun şəxsiyyətini və elmini belə ifadə edir: Bir bəy vardı bu dünyada, hakim və bilgə baş idi, Bəylik içində uzunca bir ömür yaşadı. (405) Bu, Gündoğdu bəydir. Adı bəllidir, Şöhrəti dünyaya yayılmış, iqbalı bəllidir. (406) Əməli doğru, feli-rəftarı düz idi, Sözü bütöv, gözü-könlü tox idi. (407) O, bilikli, ağıllı və sərvaxt bir bəy idi, Pis üçün od idi, yağı üçün bəla idi. (408) Eyni zamanda, cəsur, ürəkli, xoşəxlaq idi, Bu keyfiyyətləri onu gündən-günə ucaltdı. (409) Bu belə bəy idi, işini biliklə nizamlamışdı, Həmişə belə etdi, belə yaşadı. (410) Siyasətdə şəxsi meyillərdən izaq idi, Himmət yalnız insaniyyətlə vəhdətdə gözəl olur. (411) Yusif Balasaqunlu əsərin əsas qəhrəmanının şəxsiyyətində yüksək əxlaqi keyfiyyətləri cəmləşdirib təqdim etməklə, cəmiyyətin və insanların əmin-amanlıq içində yaşamalarının ictimai-sosial, mənəvi-əxlaqi formulunu göstərir. İnsanın mənəvi yüksəliş yollarının onun əxlaqından və elmindən keçdiyi qənaətinə gəlir. Gündoğdu elə bir ali rəhbər obrazında təqdim olunur ki, onun bütün fəaliyyətinin əsasında qanun, ədalət və elm dayanır. Bu konsepsiyada müasir dövrümüz üçün də önəmli çağırışlar mövcuddur. Tələsik qəbul edilən qərarlar, elmi əsaslara söykənməyən layihələr, şəxsi mənafenin ictimai mənafedən üstün tutulması, bir sözlə – elmlə nizamlanmayan fəaliyyətlər elmin, təhsilin, texnologiyanın, nəhayət insanın inkişafı istiqamətində gözlənilən nəticələrin əldə edilməsinə maneələr törədir. Yusif Balasaqunlu cəmiyyəti təməlindən sarsıdan bu kimi naqisliklərin baş verməməsinin yalnız bir yolunu görürdü – ədalət. Odur ki, deyirdi: İstər oğlum olsun, istər yaxın, istər uzaq, İstər yolçu olsun, istərsə qonaq. (817) Qanun qarşısında hamısı birdir, Hökm verəndə heç biri məni fərqli görməz. (818) Bu bəyliyin təməli doğruluqdur, Bəylər doğru olsa, dünya aram tapar. (819) Müdrik adam buna bənzər bir söz deyib, Kim ona qulaq assa, işi düz gedər: (820) “Bəyliyin təməli ədalətdir, Ədalət yolu bəyliyin əsasıdır. (821) Bəy ədalətli olsa, ölkəni belə idarə etsə, Bütün arzu-diləyinə qovuşacaq. (822) Burada “Kutadqu biliq”də ədalətli rəhbər obrazının təzahürünü, ədalət sorağında olan insanlığın arzu və istəklərinin inikasını görürük. İnsanlara, onların sosial vəziyyətlərinə, irqinə, milliyyətinə fərq qoymadan yanaşmaq, qərar qəbul edərkən yalnız ədalətə, vicdana, haqqa söykənmək insanın yüksək əxlaqının nümunəsidir. Gündoğdu öz övladını belə başqalarından fərqləndirmir. Şübhə yoxdur ki, rəhbərin bu mövqeyi cəmiyyətdə də öz əks- sədasını verəcəkdir. Ədalətli yanaşma təhsil almaq, elm qazanmaq, işləmək, vəzifəyə təyin olunmaq imkanlarının əlçatanlığı deməkdir. Yalnız yüksək mənəviyyata – kuta qovuşmuş insan ədalətli cəmiyyətdə yaxşını-pisi, doğrunu-yalanı, haqqı-nahaqqı yerinə qoya bilər. Ədalət kutlu insanın işidir. Öz mənfəəti üçün yaşayan insanın ədaləti olmaz. Belə insan yalnız fiziki cəhətdən mövcud olan insandır. Ədalətlilik insanın ruhunu daim güclü və inamlı saxlayır.

Nəticə

Elm, təhsil, mədəniyyət, mənəvi dəyərlərə sahiblik hissinin tərbiyə olunması insan şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. İnsanın mənəvi dünyasında bu hisslərin formalaşdırılması onun cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, kamillik zirvəsinə yüksəlməsi üçün təməl rolu oynayır. “Kutadqu biliq” insanların düşüncəsinə, idrakına məhz bu kimi hissləri aşıladığı, həyatın nə olduğunu öyrətdiyi, özü “həyat müəllimi” zirvəsində olduğu üçün böyük mənəviyyat, əxlaq abidəsi kimi qiymətlidir. Araşdırma işində əsərin daha çox bu aspektinə – insanın mənən tərbiyə olunmasına, ruhi harmoniyasının formalaşmasına, onun şəxsiyyət kimi kamilləşməsinə yönəlmiş zəngin ideyaların, fikirlərin təhlilinə üstünlük verilmişdir. Bu mənada, məqalədə “Kutatqu biliq”in yol göstərən, maarifləndiricilik, tərbiyəedicilik xüsusiyyətlərinin meydana çıxmasına əhəmiyyətli amil kimi diqqət yönəldilmişdir. Məqalədə vurğulanan məqamlardan biri də budur ki, əsərin tərbiyəvi xisləti uşaqdan böyüyə, sadə vətəndaşdan hökmdara qədər hər kəsi əhatə edir. Əsərin daşıdığı əxlaqi ideyanı kamil insan tərbiyəsi konsepsiyasının təməlinə qoymaqla bu mühüm vəzifəni yerinə yetirmək mümkündür. Bir şərtlə ki, tərbiyə edən özü də ruhən, mənən inkişaf etmiş insan olsun. Şəxsi nümunə olmadan tərbiyədə arzu olunan nəticəni almaq mümkün olmayacaq. “Kutadqu biliq” kamilliyi insanın elmi, biliyi, əxlaqı sayəsində kut zirvəsinə yüksəlməsi ilə əlaqələndirir. Kutlu insan həqiqət yolunu tapmış, ona çatmış insandır. Yusif Balasaqunlunun fikrincə, bəşəriyyət məhz kuta çatmış insanların sayəsində öz həyatını davam etdirir, insanlığın varlığı belə insanların varlığına bağlıdır.

Məqalənin aktuallığı. Bu gün müasir dünyanın elmi dairələrində “Kutadqu biliy”ə maraq böyükdür. Bunun başlıca səbəbi mənəvi tərbiyə məsələlərinin getdikcə daha çox aktuallıq kəsb etməsidir. Müşahidələrimiz deməyə əsas verir ki, mənəvi tərbiyə məsələlərinin diqqətdən kənarda qalması cəmiyyətdə müxtəlif problemlərin yaranmasına yol açır. Məqalədə “Kutadqu biliq” əsərində mənəvi tərbiyə məsələlərinə diqqət yönəltməklə, tərbiyənin vacibliyi bir daha vurğulanır. Mənəvi tərbiyə məsələlərinin Azərbaycan oxucusuna, onun yazılması tarixinin, müəllifinin həyat və yaradıcılığının, adının mənasının, tədqiqatçıların nöqteyi-nəzərlərinin təhlili fonunda təqdim edilməsi mövzunun aktuallığını artırır. Cəmiyyətdə tərbiyə məsələlərinə diqqət artdıqca, onun saflaşmasına, eləcə də həyatın müxtəlif sahələrinin inkişafına zəmin yaranacaqdır. “Kutadqu biliq” elmi, biliyi tərbiyə ilə cilalayıb təqdim etdiyi üçün onun səmərəliliyi daha da artır. Məqalədə əsərin bu aspektdən, yəni təlim-tərbiyənin vəhdətdə səmərəliliyi aspektindən araşdırılması da onun aktuallığına dəlalət edən amillərdəndir.

Məqalənin elmi yeniliyi. “Kutadqu biliq” cəmiyyətin mənəvi mühitinin saflaşmasına, insanların mənəvi tərbiyəsinin qurulmasına yönəlmiş ideyalarla, ibrətamiz, nəsihətamiz fikirlər, ifadələr, atalar sözləri ilə zəngindir. Məqalədə oxucu bu ideyaların, fikirlərin əsasında dayanan, böyük mütəfəkkirin anlatmaq istədiyi həqiqətlər təhlil edilir, müasir dövrümüzlə əlaqələndirilərək təqdim olunur. Bu təhlillər “Kutadqu biliy”in məzmununda yer alan ideyaların daha aydın şəkildə anlaşılmasına yol açır. Yusif Balasaqunlunun “Kutadqu biliq” dəki deyimləri bir həyat dərsi təsiri bağışlayır. Müəllif bu “dərslərin” mahiyyətinə baş vuraraq, onun məzmunundan doğan həqiqətləri nəzərdən keçirir. Beytlərin təhlilindən yaranan fikirlər müəllifin öz yanaşması olduğu üçün yenilik kimi dəyərləndirilə bilər.

Məqalənin praktik əhəmiyyəti. Tədqiqat işində təhlil edilən problemlər mənəvi tərbiyə məsələlərini əhatə etdiyi üçün geniş dairədə istifadə edilməsi labüddür. Xüsusilə orta məktəb müəllimləri məqalənin bu cəhətlərindən faydalana bilərlər. Ümumiyyətlə, tərbiyə problemi hər kəs üçün vacibdir və harada tərbiyəvi bir ifadə, ibrətamiz bir məsələ varsa, o, cəmiyyət üçün faydalıdır və insanların ondan bəhrələnməsi lazımdır. Məqalədə “Kutadqu biliy”in qələmə alınması, tədqiq olunması, əsərin adının daşıdığı mənadan bəhs edilməsi, bu məqsədlə Azərbaycan və xarici ölkə müəlliflərin tədqiqatlarından yeri gəldikcə istifadə edilməsi bu əsərin gələcək tədqiqatçıları üçün müəyyən imkanların yaranmasına yol açır.

İstifadə olunmuş ədəbiyyat

1. Camalov K. (2019). Balasaqunlu Yusif Xas Hacibin “Qutatğu Bilig” əsərində ailə qurmaq və ailə tərbiyəsi məsələləri. “Tarix, insan və cəmiyyət” jurnalı, 2(25), s. 144-150.

2. Nərimanoğlu K. (2003). Dövlətçilik haqqında, böyük kitabın tərcüməsi haqqında söz. “Qutatqu Bilik”, “Gənclik”. Bakı

3. Vəliyev K., R. Əsgər. (2006). “Qutatgu-Bilig” – Xoşbəxtliyə aparan elm”. Avrasiya press. Bakı

4. Başer S. (1990). “Kutatgu Bilig”de Kut ve Töre. Kültür Bakanlığı yayınları, Ankara

5. Çağbayır Y. (2001). Kutadgu Bilig. Ankara, Türkiye Diyanet Vakfı.

6. Dilaçar A. (1995). “Kutatgu-Bilig” incelemesi. Yüksek Öyretim Kurulu, Ankara.

7. Dönmez S., Koçak Ş. (2018). “Kutatgu-Bilig”de Çoçuk egitimi. Akra Kültür Sanat ve Edebiyat Dergisi 6 (15), 145-192.

8. Gulnisa Jamal. (2016). Muhammet Savaş Kafkasyalı. “Kutatgu Bilig araştırmaları tarihi”.

9. Kafesoğlu İ. (1980) “Kutatgu-Bilig” və Kültür tarihimizdeki yeri. Kültür Bakanlığı yayınları.

10. Küken G. (2001). Ortaçağda egitim felsefesi. Akademik Kitap Kulübü 11. Reşit Rahmeti Arat. (1991). “Kutatgu-Bilig”, Türk Dil Kurumu.

12. Silahdaroğlu U. (1996). Günümüz Türkçesi ile Kutatgu-Bilig uyarlaması. TC Kültür Bakanlığı yayınları.