KONFUTSİÇİLİK FƏLSƏFƏSİNƏ AİD MƏDƏNİ YÜKLÜ SÖZLƏRİN ÇİN DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PROBLEMLƏRİ: KONFUTSİNİN “SÖHBƏTLƏR VƏ MÜHAKİMƏLƏR” KİTABI ƏSASINDA TƏHLİL
Annotasiya. Məqalədə konfutsiçilik fəlsəfəsinə aid mədəni yüklü sözlərin Azərbaycan dilinə tərcüməsi zamanı seçilmiş tərcümə metod və strategiyaları təhlil olunur. Tərcümə metodlarının tətbiqi və real nəticələr konkret nümunələr əsasında təqdim edilir. Məqalədə həmçinin konfut siçilik fəlsəfəsi, mədəni yüklü söz kimi anlayışların geniş izahı verilir. Hazırda konfutsiçilik fəlsəfəsinə aid məhdud sayda mətnlər Azərbaycan dilinə tərcümə olunmuş, bu sahədə demək olar ki, heç bir sistemli araşdırma aparılmamışdır. Konfutsinin ən tanınmış kitabı olan “Söhbətlər və mühakimələr”in (Kitab Konfutsinin tələbələri tərəfindən tərtib edilmişdir.) orijinal Çin dilindən Azərbaycan dilinə tərcümə prosesi zama nı yüzə yaxın mədəni yüklü sözün Azərbaycan dilinə tərcüməsi həyata keçirilmişdir. Məqalədə tərcümə metodlarına geniş yer ayrılmış, tanınmış tərcümə nəzəriyyəçilərinin tədqiqatlarına istinad edilmişdir. Bununla yanaşı konfutsiçilik təliminin mərkəzi ideyalarını təşkil edən bir çox mədəni yüklü sözün tərcüməsi və tərcümə prosesi izah olunmuş, eləcə də mədəniyyətlərarası dialoq kontekstində mədəni yüklü sözlərin düzgün tərcüməsinin əhəmiyyəti vurğulanmışdır.
Açar sözlər: Konfutsiçilik, mədəni yüklü söz, tərcümə metodu, tərcümə strategiyası, Azərbaycan dili, Çin dili, “Söhbətlər və mühakimələr”.