Əsbət Teymurova


TEXNOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ MÜASİR DƏRSƏ VERİLƏN TƏLƏBLƏRİN TƏTBİQİ

Annotasiya. Məqalədə texnologiya fənn kurikulumu üzrə bu fənnin məqsəd və vəzifələri, ümumi təlim nəticələri, onun məzmun xətləri, təlim standartları, müəllim, şagird fəaliyyətləri, qiymətləndirmə prinsiplərindən və s. söhbət gedir. Texnikanın inkişaf etdiyi, elektron və informasiya texnologiyalarının rolunun artdığı müasir dövrdə bu fənn ümumtəhsil məktəb şagirdlərinin texnoloji bacarıqlarının formalaşmasına, onların texnoloji təfəkkürünün inkişafına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün lazımi biliklərə yiyələnmələrinə xidmət edir. Məqalədə qeyd olunur ki, müasir dövrdə şagirdlərə texnoloji mədəniyyətin, bilik və bacarıqların aşılanması çox əhəmiyyətlidir. Resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət göstərdiyi bir vaxtda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır. Texnologiya fənninin ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, bu səbəbdən irəli gəlir və şagirdlərə həyati bacarıqların mənimsədilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, elm və texnikanın sürətlə inkişafı, texnologiyaların durmadan yenilənməsi də texniki peşə və ixtisaslara tələblərin artmasını vacib edir.

Açar sözlər: texnologiya fənni, texnoloji bilik və bacarıqlar, şagird, təlim prosesi, tərtibat, modelləşdirmə, metodlar

Yüklə Öncəki səhifə