DAUN SİNDROMLU ŞAGİRDLƏR ÜÇÜN İNKLÜZİV SİNİFLƏRDƏ TƏTBİQ OLUNAN MODİFİKASİYALAR
Annotasiya. Tədqiqat Daun sindromlu şagirdlərin ümumi təhsilə səmərəli şəkildə inteqrasiyasını təmin etmək məqsədilə inklüziv siniflərdə tətbiq olunan pedaqoji modifikasiyaları sistemli şəkildə təhlil edir. Daun sindromlu şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alan adaptiv təlim strategiyalarının effektivliyi və bu yanaşmaların inklüziv təhsildə tətbiq olunma formaları məqalənin əsas tədqiqat mövzularından biridir. Tədqiqat, fərdi öyrənmə ehtiyaclarını ödəməyə yönəlmiş strategiyalara, o cümlədən öyrənməyə dəstək texnikalarına, gündəlik fəaliyyətlərdə iştirak imkanlarının artırılmasına və sosial qarşılıqlı əlaqələrin təşviqinə əsaslanır. Sinif mühitinin fiziki və metodoloji baxımdan uyğunlaşdırılması, tədris resurslarının diferensial şəkildə istifadəsi, kurikulum dəyişiklikləri və qiymətləndirmə yanaşmalarının fərdiləşdirilməsi kimi əsas elementlər üzrə aparılan təhlillər də tədqiqatın müzakirə obyektidir. Tədqiqat, mövcud yerli və qlobal elmi mənbələrə əsaslanaraq, inklüziv təhsil mühitində səmərəli tətbiq oluna biləcək modellər və praktik tədris yanaşmaları vasitəsilə Daun sindrom lu uşaqların həm akademik göstəricilərinin, həm də sosial iştirak səviyyəsinin artırılmasına yönəlmiş sistematik strateji çərçivə təqdim edir.
Açar sözlər: Daun sindromu, inklüziv təhsil, modifikasiya, əməkdaşlıq, inklüziv təhsil təcrübələri, sistemli yanaşma, müqayisəli təhlillər.