İBTİDAİ SİNİFLƏRDƏ YENİ TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏNİN PEDAQOJİ MƏSƏLƏLƏRİ
Annotasiya. Məqalədə ibtidai siniflərdə yeni təlim texnologiyalarından istifadənin pedaqoji məsələlərindən bəhs olunur. Azərbaycanda təhsil islahatlarının həyata keçirildiyi müasir dövrdə ümumtəhsil sisteminin yenidən qurulması istiqamətində müəyyən işlər görülür. Ümumtəhsil məktəblərinin ümumi mənzərəsini və strukturunu dəyişmək, xüsusilə onun məzmununu müasir didaktikanın prinsiplərinə uyğunlaşdırmaq vacib şərtlərdən biri hesab olunur. Buna görə də ibtidai təhsil də daxil olmaqla, bütün təhsil səviyyələrində əhəmiyyətli dəyişikliklər etmək, strategiya və yeni qiymətləndirmə mexanizmlərini yaratmaq üçün addımlar atılır. Bu islahatyönümlü tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilir. Qeyd olunur ki, məzmun standartlarına və onlardan irəli gələn təlim məqsədlərinə nail olmaq üçün şagirdləri təlim prosesinə təşviq edən müxtəlif materiallardan, metodlardan istifadə olunmalıdır. Əsas məqsəd şagirdlərə məzmun standartlarının tələb etdiyi bacarıqları öyrətməkdən ibarətdir. Dərslər inteqrativlik, nəticəyönümlülük, şagirdyönümlülük, şəxsiyyətyönümlülük və təlimin fərdiləşdirilməsi prinsipləri əsasında qurulmalıdır.
Açar sözlər: ibtidai siniflər, təlim, təhsil, şagird, təlim texnologiyaları, təhsildə məzmun komponentləri, davranış qaydaları, şagirdin intellektual inkişafı.