İBTİDAİ SİNİFLƏRDƏ MÜSTƏQİL İŞİN TƏŞKİLİ ZAMANI ŞAGİRDLƏRİN YAŞ VƏ FƏRDİ XÜSUSİYYƏTLƏRİNİN NƏZƏRƏ ALINMASI
Annotasiya. Tədqiqatda ibtidai siniflərdə müstəqil işlərin təşkilinin nəzəri-pedaqoji əsasları araşdırılmış, şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin təlim prosesinə təsirləri təhlil edilmişdir. Qeyd edilir ki, müstəqil işlərin səmərəli təşkili kiçik məktəb yaşlı uşaqların idrak fəallığının, müstəqil düşünmə bacarıqlarının və öyrənmə motivasiyasının inkişafında mühüm rol oynayır, psixoloji və idrak inkişaf xüsusiyyətləri, diqqətin qeyri-sabitliyi, konkret-obrazlı təfəkkürü, emosional həssaslığı və oyun fəaliyyətinə üstünlük vermələri müstəqil işlərin məzmununa, formasına və təşkilinə birbaşa təsir göstərir. Eyni zamanda diferensiallaşdırılmış və fərdiləşdirilmiş tapşırıqların tətbiqi, əyani vasitələrdən və oyun elementlərindən istifadə, müəllimin istiqamətləndirici rolu müstəqil işlərin səmərəliliyini artıran əsas amillər kimi əsaslandırılmışdır. Tədqiqatın nəticələri göstərir ki, şagirdlərin inkişaf səviyyəsinə uyğun planlaşdırılmış müstəqil işlər onlarda məsuliyyət hissinin, yaradıcı təfəkkürün, özünənəzarət bacarıqlarının və öyrənmə marağının inkişafına müsbət təsir göstərir. Təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu elmi-praktik yanaşmaların ibtidai sinif müəllimlərinin pedaqoji fəaliyyətində tətbiqi məqsədəuyğun hesab olunur.
Açar sözlər: ibtidai təhsil, şagird, müstəqil iş, yaş xüsusiyyətləri, fərdi yanaşma, diferensial təlim, idrak fəaliyyəti, pedaqoji texnologiyalar.