Baş redaktor Şəxsi bloq

Baş redaktor

Böyükağa Mikayıllı 25.05.1972-ci ildə Azərbaycan Respublikası Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Ailəlidir, iki qızı var. 
1993-cü ildən mətbuat sahəsindədir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Elmi jurnalı”nda müxbir-redaktor (1993-1995), “Vaxt” (1998-2000), “Kür-Xəzər” (2000-2002), “Körpü” (2002-2004), Respublika Təhsil Şurasının orqanı “Təhsil və zaman” qəzetində (2002-2018) redaktor, informa.az elmi analitik portalının şöbə redaktoru vəzifəsində çalışıb. 1995-1998-ci illərdə hərbi xidmətdə olub. Ukrayna Çap Akademiyasının Beynəlxalq jurnalistika və nəşriyyat-redaktə işi fakültəsini bitirib. Azərbaycan Respublikası Təhsil nazirliyinin “Azərbaycan məktəbi” elmi-nəzəri jurnalının müxbir-redaktoru, şöbə redaktoru (2018-2020) vəzifələrində işləyib. Hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının məsul katibidir. Jurnalın baş redaktoru vəzifəsini müvəqqəti icra edir, nəşrin redaksiya heyətinin üzvüdür.  Azərbaycanda Yanuş Korçak Akademiyasının rəhbəridir. Elm və təhsil jurnalistikası sahəsində xidmətlərinə görə UNESCO Beynəlxalq Mərkəzi tərəfindən mükafatlandırılıb. Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi tövsiyə olunub. Ukraynada “Sülh missiyası” Beynəlxalq Elmin, Təhsilin, Mədəniyyətin, İncəsənətin təbliği təşkilatının həmsədri seçilib. “Təhsil dünyası” qəzetinin təsisçisidir. 
  
Dövlətin təhsil siyasətinin həyata keçirilməsinə, dünya ölkələrinin, Azərbaycanın təhsil təcrübəsinə, dünya xalqlarının adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin tədqiqinə, Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin, Azərbaycanın, eləcə də dünyanın görkəmli elm, təhsil, mədəniyyət, tibb xadimlərinin, tarixi mədəniyyət abidələrinin, Azərbaycanın ermənilər tərəfindən işğal faktının, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın diaspor təşkilatlarının, xaricdə elm, təhsil, mədəniyyət sahəsində fəaliyyət göstərən soydaşlarımızın fəaliyyətinə həsr olunmuş 1200-dən artıq elmi, publisistik, metodiki məqalənin, müsahibənin, oçerkin müəllifidir. Məqalələri ingilis, türk, rus və Ukrayna dillərinə tərcümə olunub. 2006-cı ildə  ingilis dilində hazırladığı, Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Kür-Xəzər” qəzetinin xüsusi buraxılışı Belçikanın paytaxtı Bürüssel şəhərində yerli əhaliyə və qonaqlara minlərlə nüsxə paylanmışdır. B.Mikayıllının təşəbbüsü ilə UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının, UNESCO Beynəlxalq Mərkəzinin dəstəyi ilə 2018-ci ilin mart ayında Bakıda uşaq və gənclər üçün Beynəlxalq festival təşkil olunmuşdur. Bu festivalda dünyanın 12 ölkəsindən 800-ə yaxın uşaq distant, Azərbaycanlı uşaqlar isə əyani şəkildə iştirak etmişlər. Bununla yanaşı, yüzlərlə istedadlı uşaq və gəncin yaradıcı işi beynəlxalq festivallara göndərilmiş, xarici qəzet və jurnallarda dərc olunmuşdur.  
Respublika Təhsil Şurasının Ukraynada və Gürcüstanda keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi konfransda, Quzey Kıbrısda təşkil olunan “Təhsildə liderlər forumu - 2018” beynəlxalq forumunda (2014, 2016, 2018) Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər və elmi-pedaqoji mətbuatın mövcud durumundan, ölkədə təhsilin, elmin, mətbuatın inkişafı istiqamətində həyata keçirilən işlərə həsr olunmuş məruzələrlə çıxış edib. Təhsil Şurasının “Təhsildə beynəlxalq təcrübə mübadiləsi”, “Pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması”, “İbtidai sinif müəllimlərinə fəal təlim metodlarının öyrədilməsi” layihələrinin koordinatoru olub. “Pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması” layihəsi çərçivəsində “Övladınız məktəbə hazırlaşırsa”, “Övladınızın dünyasına bələdsinizmi?” adlı vəsaitlər hazırlayıb. Təşəbbüs irəli sürərək Amerikada fəaliyyət göstərən “Qarabağ” fondu ilə birlikdə Bakıda “Qarabağ həqiqətlərinin böyüyən nəslə öyrədilməsinin elmi-metodiki əsasları” mövzusunda beynəlxalq konfransın gerçəkləşdirilməsinə nail olub. Azərbaycan müəllimlərinin birinci və ikinci, Məktəbəqədər təhsil işçilərinin birinci forumlarının, “Təhsil və zaman” mövzusunda seminarların, diskussiyaların, dəyirmi masaların təşkilat komitəsinin rəhbərlərindən olub. Konfranslarda, seminarlarda Azərbaycanda təhsil jurnalistikasının mövcud durumundan, mətbuat-təhsil müəssisələri əlaqələrinin fəaliyyət istiqamətlərindən bəhs edən çıxışlar edib. Təhsil Şurasında “Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsinə rəhbərlik edib. Bu layihə çərçivəsində 200 qabaqcıl müəllimin iş təcrübəsi təhlil olunaraq elmi pedaqoji mətbuat vasitəsilə  ictimaiyyətə çatdırılıb. “Təhsil və zaman” qəzetində “Ən yaxşı pedaqoji məqalə” müsabiqəsinin ideya müəllifi və təşkilatçısı olub. 

Müəllifi olduğu kitablar: “Azərbaycanın təbiət abidələri” (Azərbaycan, ingilis, rus dillərində), “İşıq” (sənədli roman), “Yaradıcılıq axtarışları, “Müasir dərs, yeni yanaşmalar”, “Bir ömrün simfoniyası”, “Bir səma altında” (Azərbaycan, rus və Ukrayna dillərində), “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” (Azərbaycan, türk, ingilis dillərində), “Yanuş Korçak” (Görkəmli Polyak pedaqoqu haqqında, Azərbaycan, rus, Ukrayna və ingilis dillərində), “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Stiven Hokinq – təslim olmayan adam”, “Övladınız məktəbə hazırlaşırsa”, “Övladınızın dünyasına bələdsinizmi?”, “Ruhunun əbədi məskəni məktəb”. 


Məqalələri rus, Ukrayna, türk və ingilis dillərinə tərcümə olunaraq müxtəlif qəzet və jurnallarda dərc olunub, saytlarda yayımlanıb.  Berlin Humboldt adına Universitetdə, Berlin Texniki Universitetində, Berlin Tibb Məktəbində, Düsseldorf Henrix Heyni adına Universitetdə, Düzburq Essen Universitetində, Praqada Karlovı Universitetində, Pilzendə Qərbi Çexiya Universitetində, Krakovda Yagellon Universitetində, Krakov Pedaqoji Universitetində, Krakov Texniki Universitetində, Lyublində Mariya-Küri Skladovskaya Universitetində, Pşemışlda Qərbi Polşa Universitetində, Berlində Mozaika müəllif məktəbində, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasında, Təhsil Menecmenti İnstitutunda, Ukrayna Çap Akademiyasında, Lviv Step Akademiyada, Ukrayna Katolik Universitetində, İvan Franko adına Lviv Milli Universitetində, Lviv Politexnik Universitetində, Quzey Kıbrısda Girnə Amerikan Universitetində, Kıbrıs Amerikan Universitetində, Quzey Kıbrıs Beynəlxalq Final Universitetində, Doğu Akdeniz Universitetində araşdırmalar aparıb, innovativ universitetlər haqqında geniş məqalələr hazırlayaraq Azərbaycan ictimaiyyətinə təqdim edib. 
Məqalələri “Körpü”, “Təhsil və zaman”, “Kür-Xəzər”, “Olaylar”, “Türküstan”, “Həftə içi”, “Azərbaycan müəllimi”, “Kredo”, “Vaxt” qəzetlərində, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, «Склянка Часу*Zeitglas», «Сузір’я Фест», «Країна талантів» (Ukrayna) elmi, ədəbi jurnallarında dərc olunub, bir sıra saytlarda yayımlanıb. 
B.Mikayıllı Azərbaycan Jurnalistlər Birliyinin, Ukrayna Milli Jurnalistlər Birliyinin,  UNESCO Beynəlxalq Mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının üzvüdür.    
 

Baş redaktordan mesaj