Təhsil tariximiz üçün müstəsna əhəmiyyət daşıyan “Məktəbəqədər və ibtidai təhsil” jurnalı elmin təbliği və təşviqi missiyasını müasir dövrümüzdə də həyata keçirməkdədir. Ötən 50 il ərzində oxucu bu jurnalın səhifələrində təhsilin ən aktual problemləri, müasir məktəb və müəllim təcrübəsi, valideyin-məktəb əməkdaşlığının sosial-psixoloji tərəflərinin elmi-metodiki təhlili ilə tanış ola bilib. Jurnal məktəbəqədər və ibtidai təhsil pilləsinin elmi-nəzəri əsaslarının, metodiki bazasının yaradılmasında mühüm mənbəyə çevrilib. Müvafiq sahə üzrə aparılan tədqiqatlar məhz “Məktəbəqədər və ibtidai təhsil” jurnalının səhifələrindən həyata vəsiqə qazanıb, jurnal zaman-zaman “elmi-tədqiqat məktəbi” rolunu oynayıb. Azərbaycanın nüfuzlu alimlərinin elmi məqalələri ilə zəngin tədqiqat nəşri kimi tanınıb “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. Bu gün jurnal müasir zamanın elmi nəşr ənənələrini əxz etməklə, yeni format, dizayn və müasir mövzularla oxucuların görüşünə gəlir. Tədqiqatçılar jurnalın müasir istiqamətini yüksək qiymətləndirirlər. Bunu jurnala daxil olan məqalələrdən də görmək mümkündür. Hesab edirəm ki, tutduğumuz yol oxucu məmnunluğunun təmin olunmasına imkan yaradacaq, zəngin tarix yeni ənənələrin meydana gəlməsi üçün əsas rolunu oynayacaq.