MƏKTƏBƏQƏDƏR YAŞLI DİZARTRİYALI  UŞAQLARIN KORREKSİYA İŞLƏRİNDƏ RİSKLİ  AİLƏLƏRİN ROLU Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Naxçıvan Dövlət Universitetinin doktorantı

MƏKTƏBƏQƏDƏR YAŞLI DİZARTRİYALI UŞAQLARIN KORREKSİYA İŞLƏRİNDƏ RİSKLİ AİLƏLƏRİN ROLU

Annotasiya. Məqalədə müasir dövrdə məktəbəqədər yaşlı uşaqlarda dizartriyanın yaranma səbəblərindən bəhs olunur. Qeyd edilir ki, həmin  səbəbləri meydana gətirən əsas amillərdən biri valideynlərin bu xəstəlik  haqqında məlumatsız olmalarıdır. Deməli, tərbiyəçi-müəllimlərlə yanaşı, ailələrin də bu prosesin mahiyyətini dərindən dərk etmələri zəruridir.  Tərbiyəçi-müəllimlərin dizartriyalı uşaqların yaş dövrünə uyğun pedaqoji və psixoloji biliklərə malik olmaları, valideynlərin maariflənməsinə  və uşaqlarda daha mürəkkəb nitq qüsurlarının yaranmasının qarşısının  alınmasına xidmət edir. Nitq qüsurlu uşaqlarda inkişafın ləng getməsini  nəzərə alaraq, ailələrin sağlam mühit yaratması, gələcək üçün yüksək intellektual bacarıqlara malik gənc nəslin yetişməsinə şərait yaratmalıyıq.

Açar sözlər: məktəbəqədər yaşlı uşaq, riskli ailələr, nitq qüsurları, məktəbəqədər dövr, inklüziv təhsil, dizartriyanın elementləri.

Giriş / Introduction

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzası ilə təsdiqini tapan “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri inklüziv təhsilin məzmununun yaradılmasından ibarətdir [Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası. 24 oktyabr, 2013]. İnklüziv təhsilin yaradılması işinə qüsurlu uşaqların təhsili, təlimi, tərbiyəsi, həm də onların qüsurlarının aradan qaldırılması, profilaktikası daxildir. Bunun üçün inklüziv təhsilin bütün tərkib hissələri üzrə işlərin məqsədyönlü, planlı və mütəşəkkil olaraq yerinə yetirilməsi vacib sayılır. İnklüziv təhsilin tərkib hissələrindən biri də dizartriyalı uşaqlarla həyata keçirilən işlərin elmi-pedaqoji əsaslarının düzgün müəyyənləşdirilməsidir. Ona görə ki, məktəbəqədər və kiçik məktəb yaşlı qüsurlu uşaqların nitq pozuntularının aradan qaldırılması müasir dövrdə qarşıda duran təxirəsalınmaz vəzifələrdən hesab olunur. Bu vəzifələrin müvəffəqiyyətli həlli üçün dizartriyalı uşaqların inteqrasiyasına nail olmaq lazım gəlir. Müasir dövrdə ailələrdə pedaqoji işin müxtəlif səbəblərə görə zəifləməsi tez-tez müşahidə olunur. Demək olar ki, bir sıra ailələrdə valideyn itkiləri, işsizlik, əmək qabiliyyətindən məhrum olmalar, boşanmalar, xəstəliklərə yoluxma halları və alkoqola, narkotik maddələrə aludəçilik kimi pis vərdişlər səbəbindən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların psixikasının pozulması hallarının çoxalması diqqəti cəlb edir.

Əsas hissə / Main part

Uşaqların psixikasının pozulması onlarda bir sıra nitq qüsurlarının yaranmasına səbəb olur. Məhz bu səbəbdən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar içərisində psixikası pozulanların sayının artması müşahidə olunur. O cümlədən, psixikası pozulan belə uşaqların nitqinin, tələffüzünün pozulmaları, bütövlükdə, onların nitq aparatının innervasiyasının orqanik üzvi çatışmazlığı ilə bağlı anomaliyaların sayı artır. Uşaqların nitqinin tələffüz cəhətdən pozulması səbəbindən inteqrasiya aparatının innervasiyasının orqanik çatışmazlığı dizartriya adlanır [Dostuzadə D., 2017]. Müxtəlif anomaliyalar zamanı onların erkən diaqnozunun qoyulması nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması istiqamətində xüsusi önəm kəsb edir. Belə ki, uşaqlarda məktəb yaşı dövründə və ya məktəbə daxil olduqdan bir müddət sonra nitq qüsurlarının olduğu aşkarlanarsa, bu hal həm korreksiya işlərinin müddətinin uzanmasına və çətinləşməsinə, həm də təlim materialının öyrənilməsində geriliyin yaranmasına gətirib çıxara bilər. Uşaqların körpəlik və ya məktəbəqədər yaş dövründə nitq qüsurlarının vaxtında müəyyənləşdirilməsi, ilkin tibbi imkanlardan istifadə etməklə və pedaqoji korreksiya işlərinin həyata keçirilməsi ilə məktəb təliminə qoşulmasını məqsədəuyğun hesab etmək olar. Uşaqların inkişafdan geri qalmasının erkən aşkar edilməsi, birinci növbədə, yüksək riskli ailələrdə aparılır. Yüksək riskli ailələrə aşağıdakılar aiddir: 1. qüsurlu uşağın sayına görə (bir və daha artıq uşaq) müəyyənləşən ailələr; 2. atada, anada və ya hər ikisində şizofreniya, əqli gerilik kimi psixi pozulmaların olduğu və ya eşitmə qüsurlu uşaqların olduğu ailələr; 3. kəskin yoluxucu xəstəliklər keçirən və ya anaların doğuşdan əvvəl, hamiləlik zamanı ağır toksikoz keçirdiyi ailələr; 4. bətndaxili oksigen aclığı yaşayan, dünyaya gəldikdən sonra asfiksiya, zədələnmə və ya neyroinfeksiya keçirmiş, ömrünün ilk aylarında kəllə-beyin travmalarına məruz qalmış uşaqların olduğu ailələr; 5. alkoqollu içkilərin aludəçisi olan valideynlərin olduğu ailələr; 6. narkotik maddələrin aludəçisi olan valideynlərin olduğu ailələr [Qasımov S., 2006]. Bir və birdən artıq qüsurlu uşağı olan ailələr ona görə riskli ailələr qrupuna daxil edilir ki, dizartriya elementləri belə ailələrdə tərbiyə olunan məktəbəqədər yaşlı uşaqlarda daha çox özünü göstərir. Valideynlərin birində və ya hər ikisində əqli gerilik, şizofreniya halları, eşitmə qüsurları müşahidə edilən ailələrdə yaşayan məktəbəqədər yaşlı uşaqlarda dizartriya halları özünü göstərir. Alkoqollu içkilərə və narkotik maddələrə aludə olan valideynlərin uşaqlarında da dizartriya xüsusiyyətləri müşahidə edilir. Profilaktikası aparılan nitq inkişafının pozulmaları zamanı uşaqların dispanzerizasiyası xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda məktəb mühitinin imkanları, ailə üzvlərinin səmimiyyəti də nitq qüsurlarının istər qarşısının alınmasında, istərsə də aradan qaldırılmasında mühüm amillərdəndir. Məhz bu baxımdan, həm ailələrin, həm də uşaq müəssisələrinin ən mühüm vəzifəsi uşaqlarda nitqin inkişafına diqqət yetirməklə düzgün nitq bacarıqlarına malik nəslin yetişdirilməsini təmin etmək və ümumi inkişafa, yüksək mədəniyyətə malik şəxsiyyətlərin formalaşmasına nail olmaqdır. Qeyd olunan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün pedaqoji imkanlardan geniş istifadə etməklə uşaqlarda müşahidə olunan nitq qüsurlarının korreksiyasına nail olmaq və onların qarşısını əvvəlcədən almaq lazımdır. “Psixoloji cəhətdən qorunmayan və təsirlərə məruz qalan uşaqlar əsəbi olur, aqressivlikləri ilə seçilir və beləliklə, korreksiya prosesində qazanılanların hamısını itirmiş olurlar” [Sadıqov F., 2018]. Vurğulamaq lazımdır ki, ümumiyyətlə, nitq qüsurları özündə müxtəlif xüsusiyyətləri əks etdirən, müxtəlif formaları olan və xüsusi kliniki əlamətləri daşıyan anomaliyadır, hər hansı amorf qrup deyil. Bu sahəni araşdıran tədqiqatçılar nitq qüsurlarından bəzilərini qruplaşdıraraq, müalicəvi tədbirlər həyata keçirmək üçün pedaqoji cəhətdən təsnifat işlərinə meyil göstərmişlər. “1860-cı ildə ilk dəfə həkim Şultess nitq qüsurlarını 2 qrupda təsnif etmişdir. I qrupa bütün səs tələffüz qüsurlarının növlərini (pəltəklik, dislaliya) aid etmiş, II qrupa isə nitq ritminin və surətinin pozulması, nitqdə iştirak edən əzələlərin qıc olması ilə müşayiət olunan, nitq qüsurunu (kəkələmə) daxil etmişdir. Sonralar bu bölgü digər tədqiqatçılar tərəfindən daha da təkmilləşdirilmiş, hər bir qrupun özü yarımqruplara ayrılmışdır” [Əzizova Z., Cəfərova R., İsmayılov Ş., 2008]. Qeyd etmək lazımdır ki, nitq qüsurlarının başlanğıc mərhələsində qüsurların aradan qaldırılması istiqamətində müəyyən vasitələr müəyyənləşdirilmiş, metodlar işlənib hazırlanmışdır. Kliniki təsnifat üzrə nitq qüsurlarının aradan qaldırılması prosesindən istifadə olunmasına başlanıldı, lakin simptomatik xarakter daşıyan, prosesin təsvirinə daha çox yer verən bu təsnifat nitq qüsurlarının lazımi mexanizmini izah edə bilmədi. Qeyd olunan simptomun başlanğıc mərhələsində ali sinir fəaliyyəti (beyin sisteminin ali funksiyası olan nitq) və sinir sisteminin fizioloji məsələləri kifayət qədər öyrənilməmişdir. Nitq qüsurlarının qruplaşdırılaraq öyrənilməsini ilk dəfə olaraq akademik İ.P.Pavlov müəyyənləşdirmişdir. Onun elmi araşdırmaları, xüsusilə beyinin böyük yarımkürələri üzrə etdiyi yeniliklər neyrofiziologiyada inqilab kimi qiymətləndirildi. Akademikin həyata keçirdiyi eksperimentlər nəticəsində həm heyvanların, həm də insanların ali sinir sisteminin qanunauyğunluqlarının mexanizmi və fəaliyyəti öyrənilmişdir. İ.P.Pavlovun fikrinə əsasən, dərketmənin reallaşması, siqnallar sistemində fizioloji mexanizm kimi prosesin həyata keçirilməsi, məhz bu prosesdə yalnız insana məxsus olan II siqnal sisteminin olması təsdiqlənmişdir [Hüseynov Ə., Babayev M., 2002]. Daha sonrakı araşdırmalarda beyinin ən dərin mexanizmi olan beyin gövdəsinin retikulyar formasiyasının əhəmiyyəti haqqında, əsəb fəaliyyətinin və nevrozların digər pozulmaları kimi, nitq patologiyasının ayrı-ayrılıqda formalarının xüsusiyyətlərini daha dərindən araşdırmaq imkanları yarandı və diferensial diaqnostikanın təkmilləşməsi, eyni zamanda nitq qüsurlarının təsnifləndirilməsi üçün geniş fürsətlər açıldı. Müasir dövrün imkanları baxımından, nitqin hərtərəfli öyrənilməsi və araşdırılması daha da genişlənmişdir. Xüsusi elmləri qarşılıqlı şəkildə əlaqələndirərək tədqiqat aparılması, eyni zamanda linqvistika, pedaqogika, fiziologiya nöqteyi-nəzərindən nitq qüsurlarının öyrənilməsi, bu sahədə yarana biləcək anomaliyaların profilaktikasında və həlli istiqamətində əhəmiyyətli dərəcədə irəliləyişlərə səbəb olmuşdur. Tərbiyəçi-müəllim nitq qüsurlarının patologiyasını öyrənmək üçün valideynlərə uşağın normal inkişafında nitqin formalaşma mərhələlərinin ardıcıllığına nəzarət etməyi izah etmək lazımdır. Deyək ki, yaş yarımlıq uşaq danışa bilmir, bunun normal hal və ya patologiya olduğu müəyyənləşdirilməli, uşağın dilaçması, səslərdə, sözlərdə, ilk olaraq, nələri ifadə edəcəyi barədə valideynlərə məlumat verilməlidir. Bu, valideynlərə müəyyən bilgilər verər və onlar həm övladlarının nitq qüsurlarının düzgün diaqnostikasında, həm də nitqin inkişafına əsaslanan, qanunauyğun biliklərin qazanılmasında səmərəli şəkildə iştirak edə bilərlər. “Valideyn karandaş, rəsm albomu almaqla yanaşı, uşağın ondan istifadəsinə də kömək etməli, nöqsanları birlikdə aradan qaldırmalıdır” [Mərdanova R., 2020]. Üç yaşlı uşaqlarda yaranan nitq qüsurları nəzərə çarpan zaman mütəxəssislər loqopedə müraciət edilməsini tövsiyə edirlər, lakin aparılan müayinələr göstərir ki, nitq inkişafı normal gedir. Məhz həmin yaş dövründə bəzi səslərin tələffüzündə səhvlər müşahidə olunsa da, bu, nitqin normal inkişafına əngəl törətmir. Bu prosesə əsasən, artikulyasiya aparatının istənilən səviyyədə formalaşmaması, fizioloji meyarlara uyğun olaraq, keçici pəltəklik vəziyyəti kimi qiymətləndirilir. Ona görə də valideynlərə məktəbəqədər yaşlı uşaqların nitqinin inkişafında özünü göstərən fərqlər barədə, pedaqoji və psixoloji cəhətdən tövsiyələr vermək lazım gəlir. Unutmaq olmaz ki, gec danışan, nitqində çatışmazlıqları olan uşaqları dizartriyalı uşaqlar kimi qeydə almaq düzgün hesab olunur. Bəzi ailələr uşaqlara düzgün olmayan vərdişlər aşılayırlar ki, bu zaman körpələri təqlid edərək, onlarla “uşaq dilində” danışırlar, məsələn: “Düdüdə minib, oppaya cidəy”, “Bu cici nə dəşəydi”, “Qaqa gəysin, üfə yesin” və s. Uşaqlara şeir parçalarını çox çətin əzbərlətmək də təsadüf edilən hallardandır. Yaşa uyğun tələffüzün möhkəmləndirilməsinə çalışmaq nitq mexanizminin fizioloji inkişafı nəticəsində baş verir. “Ailələrdə dizartriyalı uşaqlar olduqda, ilk növbədə, valideynlərə nitqin anatomik quruluşu barədə məlumat vermək lazım gəlir, ona görə ki, nitqin anatomiyasını bilmədən, nitqdə, danışıqda baş verən istər ağır, istərsə də yüngül qüsurların fizioloji əsaslarını öyrənmədən belə uşaqlara kömək etmək olmaz” [Sadıqov F., 2018]. Tərbiyəçi-müəllimlər nitqin formalaşması prosesinə rəhbərlik etməklə bərabər, nitqin inkişafına da xüsusi əhəmiyyət verməlidirlər. Məşğələ saatlarında tərbiyəçi-müəllimlər uşaqların səlis və aydın danışmalarına, rejim və gəzintilər zamanı nitqin formalaşmasına nəzarət etməlidirlər. Uşaqlar üçün təşkil olunan oyun və məşğələlərdə diksiyanın, düzgün tələffüzün qaydalarının formalaşmasına xüsusilə diqqət yetirmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, dil və dodağın hərəkətlərini izləmək nitq prosesində həmsöhbətinin üzünə baxmaq alışqanlığı yaradır və dəqiq artikulyasiyaların inkişafını təmin etmiş olur.  Uşaqlarda gələcəkdə fonematik qavramanın inkişafını təmin etmək üçün eşitmə diqqətini formalaşdırmaq çox vacibdir. Öz növbəsində, düzgün səs tələffüzü fonematik qavrama keyfiyyətinın daha da yaxşılaşmasına xidmət edir ki, bu da düzgün tələffüzün tənzimlənməsinə, səslərin eşitmə yolu ilə dəqiq qavranılmasına şərait yaradır. Beləliklə, uşaqlarda səlis nitqə, səslərin düzgün tələffüzünə nail olmaq, nitq qüsurlarının qarşısını almaq üçün ardıcıl, məqsədyönlü və sistemli işlərin aparılması lazımdır.

Nəticə / Conclusion

Beləliklə, qeyd etmək lazımdır ki, ölkəmizdə inklüziv təhsil istiqamətində aparılan genişmiqyaslı işlər, həm ailələrin, həm məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçi-müəllimlərin, həm də ibtidai sinif müəllimlərinin bu istiqamətdə mütəşəkkil formada maarifləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə valideynlərin nitq qüsurları və onların aradan qaldırılması yolları ilə bağlı biliklərə əvvəlcədən yiyələnmələri uşaqlarda daha böyük nitq qüsurlarının yaranmasının qarşısını alır, nitqin düzgün formalaşmasına şərait yaradır. Qeyd olunur ki, fonematik qavramanın inkişafını təmin etmək üçün uşaqlarda eşitmə diqqətini formalaşdırmaq vacibdir. Sözlərin düzgün tələffüzü fonematik qavramanın keyfiyyətinın yaxşılaşdırılmasına xidmət edir və bu, düzgün tələffüzün tənzimlənməsinə, səslərin dəqiq qavranılmasına yol açır. Məqalədə qeyd olunur ki, tərbiyəçi-müəllimlər nitqin formalaşması prosesinə rəhbərlik etməklə bərabər, nitqin inkişafına da xüsusi əhəmiyyət verməlidirlər. Məşğələ saatlarında tərbiyəçi-müəllimlər uşaqların səlis və aydın danışmalarına, rejim və gəzintilər zamanı nitqin formalaşmasına nəzarət etməlidirlər. Beləliklə, dizartriyalı uşaqlarla aparılan korreksiya işlərini məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirməklə haqqında danışılan problemin müvəffəqiyyətli həllinə nail olmaq mümkündür.

Məqalənin aktuallığı. Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarda nitq qüsurlarının aradan qaldırılması günün aktual problemlərindən biridir. Məktəbəqədər yaş dövründən etibarən, valideynlər dizartriyalı uşaqlar haqqında biliklərə yiyələnməlidirlər ki, nitq qüsurlarını yaradan amillərin ilkin göstəricilərini müəyyənləşdirməyi bacarmaqla, ümumilikdə daha mürəkkəb nitq qüsurlarının qarşısının alınmasına nail olunsun. Bu istiqamətdə müsbət göstəricilərə nail olmaq üçün korreksiya işlərinin məqsədyönlü, sistemli şəkildə həyata keçirilməsi lazımdır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, dizartriyalı uşaqlarda korreksiya işlərinin həyata keçirilməsində, məktəbəqədər və ibtidai təhsil sahəsində  çalışan tərbiyəçi-müəllimlərlə, fənn müəllimləri ilə yanaşı, valideynlərin də üzərinə xüsusi məsuliyyət düşür. Nitq qüsurlarının aradan qaldırılmasında, fizioloji, psixoloji və pedaqoji amillərin təsiri ilə yanaşı, ailə vəziyyətinin də müəyyən rolu vardır. Müasir dövrdə ailələrin psixoloji və pedaqoji imkanlarını öyrənməklə, uşaqların sağlam mühitdə böyümələri istiqamətində valideynlərin dizartriya haqqında biliklərə yiyələnmələri yenilik kimi qiymətləndirilir.

Məqalənin praktik əhəmiyyəti. Yerli və xarici ədəbiyyatdan götürülmüş tövsiyə və məsləhət xarakterli məlumatlar məqalənin praktik əhəmiyyətini artırır. Tərbiyəçi-müəllimlər, ibtidai sinif müəllimləri, valideynlər məqalədə məktəbəqədər və kiçik məktəb yaşlı dizartriyalı uşaqlarla korreksiya işlərinin aparılması ilə bağlı verilmiş faydalı məlumatlardan yararlana bilərlər. Məqalədən, eyni zamanda doktorant və dissertantlar, magistrlər, dizartriyalı uşaqlarla işləyən mütəxəssislər faydalana bilərlər.

İstifadə olunmuş ədəbiyyat / References

1. Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı. (1999). Azərbaycan Respublikası Prezidentinin 15 iyun, 1999-cu il tarixli Sərəncamı. Bakı, “Təhsil”, 65 s.

2. Dostuzadə D., Sadıqov F. (2017). Dizartriya. (dərslik). Bakı, ADPU, 206 s.

3. Dostuzadə D.Ə. (2012). Uşaqlarda nitq qüsurları və onların aradan qaldırılması yolları. Bakı, TPİ-nin Elmi əsərləri, №4, s.165–168.

4. Əzizova Z., Cəfərova R., İsmayılov Ş. (2008). Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat. (dərs vəsaiti). Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Pedaqogika və psixologiya» bölməsinin 19 dekabr, 2008-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № 15). Mingəçevir şəhəri, 202 s.

5. Hüseynov Ə., Babayev M. (2002). Məşhur biologiya alimləri. Bakı, “Maarif”, səh.82.

6. Qasımov S., Kərimova E., Sultanova İ., Ağayeva T. (2006). İnklüziv təhsil. Bakı: “Oka Ofset” nəşr., 163 s.

7. Mərdanova R. (2020). Hər uşağın öz dünyası: məni tanı, anla və sev. Uşaq psixologiyası. Bakı, “Şərq-Qərb”, 233 s.

8. Sadıqov F. (2018). Korreksiya pedaqogikası. Bakı, “Maarif”, 300 s. 9. Sadıqov F. (2018). Ümumi pedaqogika. Bakı, “Maarif”, 800 s.